“… Rüşvətsiz və
tapşırıqsız oxumaq mümkündür”
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİNİN REKTORU, PROFESSOR ƏDALƏT MURADOV: “NEQATİV HALLARIN QARŞISINI ALMAQ ÜÇÜN DİGƏR ALİ MƏKTƏBLƏRDƏN VƏ XARİCİ ÖLKƏLƏRDƏN TƏLƏBƏ KÖÇÜRÜLMƏLƏRİNİ QADAĞAN ETDİK”
Ölkə
iqtisadiyyatının və biznesin vəziyyəti həm də
burada çalışan kadrlardan - iqtisadçılar, maliyyəçilər
və menecerlərdən, onların bilik və
bacarıqlarından asılıdır. Ölkədə
iqtisadi kadrların hazırlandığı əsas mərkəz
- Azərbaycan Dövlət İqtisad Universitetidir (ADİU).
İlyarım əvvəl universitetin rəhbərliyi
dəyişdirilib, burada yeni komanda
formalaşdırılıb. Bu dövrdə
İqtisad Universitetində baş verən yeniliklər,
onların ilkin nəticələri və planlar barədə
Fins.az-ın suallarına ADİU-nın rektoru, professor Ədalət
Muradov cavab verir.
- Ədalət müəllim, Azərbaycan Dövlət
İqtisad Universiteti uzun illər “Narxoz” adı ilə
tanınıb və müəyyən qədər mənfi
imicə də malik olub. Bu vəziyyəti dəyişmək
üçün uniersitetdə nə işlər
görülür? Başlayaq müəllim-tələbə
münasibətlərindən...
- Bəli,
bizim ilk işimiz müəllim-tələbə münasibətini
kökündən dəyişmək oldu. Əvvəla, biz tələbələrə
sərbəstlik verdik, amma biz bu sərbəstliyi çərçivəyə
salmışıq. Məsələn, biz tələbələrin
özünün iştirakı ilə intizam qaydalarını
hazırladıq. Qaydaların layihəsini
universitetin saytında yerləşdirdik, rəylər
toplandı, müzakirə olundu və qaydalar təsdiqləndi.
Artıq bəllidir ki, tələbəyə nə
olar və nə olmaz. Qaydaları
kitabça formasında çap edib bütün tələbələrə
vermişik. Tələbə bilir ki,
bunları pozarsa onu nə gözləyir. Məsələn,
pozuntulara görə, ötən il bir tələbəni
4-cü kursda universitetdən kənarlaşdırdıq.
-
ADİU-da ilk yeniliklərdən biri tələbə-rektor
layihəsi oldu. Onun işi nədən ibarətdir?
- Bəli,
biz tələbə-rektor layihəsinə başladıq. Mən rektor təyin ediləndən
bir ay sonra
artıq tələbə-rektor seçildi. O da
bütün günü mənimlə qəbullarda iştirak
etdi, görüşlərə qatıldı, hətta tələbələrlə
birlikdə görüş də keçirdik və s. 2015-ci ilin fevralından etibarən
isə biz bir il ərzində fəaliyyət
göstərəcək tələbə rektor layihəsinə
başladıq. Onun ayrıca kabineti var, istənilən
vaxt qəbuluma gəlib mənimlə görüşə bilər.
Tələbələr müraciətlərini
ona çatdırırlar, o da mənə
çatdırır. Mən özüm də
“Facebook” səhifəmi açmışam və tələbələrlə
birbaşa ünsiyyətdə oluram.
- Sizin
“Facebook”da şəxsi profiliniz var?
- Əlbəttə, özümün şəxsi profilim
var və tələbələrin də suallarına
özüm cavab verirəm. Tələbələr də buna kifayət qədər
maraq göstərirlər, suallar verirlər. Biz iqtisadçı tələbələrə dəstək
QHT-si də yaratmışıq. İdeyanı
bizim 1-ci kurs tələbəmiz Səməd Məmmədov irəli
sürdü, biz də onu dəstəklədik, artıq bu təşkilat
Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilib. Məqsəd imkansız tələbələrə,
valideyn himayəsindən məhrum olmuş uşaqlara
qayğı göstərmək və sairdir. Təşkilat çox fəaldır. Bir qədər əvvəl bizim bir tələbəmiz
müalicə olunurdu, böyük aksiyalar keçirildi ona dəstək
üçün. Burada öz
uşaqlarımızın konserti keçirildi, biletlər
satıldı, yığılan pul ona verildi.
“Test
suallarının cavabını tələbələrə
payladıq”
- Müəllim-tələbə
münasibətində ən mühüm məsələ,
ümumiyyətlə indiyədək əsas problem, tələbənin
biliyinin düzgün qiymətləndirilməsi idi. Bu problemi necə həll etdiniz?
- Biz bu
sahədə çox böyük yenilik etdik. Hətta
inanmazsınız -test imtahanının suallarını tələbərə
verdik.
Əvvəlcədən
bütün tələbələr test suallarının
düzgün cavabları ilə tanış
ola bildilər. Belə qərara gəldik ki, kim
oxumaq istəyirsə, qoy öyrənib gəlib imtahan versin. İndi dövlət imtahanı da, qiyabiçilərin
imtahanları da testlə keçirilir. Hər
şey şəffaflığın artırılması
üçündür.
- Deməli,
bütün imtahanlar testlə keçirilir?
- Bəli.
Doğrudur, mən şəxsən hesab edirəm ki, ali məktəbdə tələbənin
biliyinin testlə qiymətləndirilməsi düzgün deyil.
Biz hətta ötən il yazılı
imtahan da tətbiq etdik, amma bu çox neqativ hallara səbəb
oldu. Bəzi müəllimlər yenə müxtəlif
üsullara əl atmağa başladılar. Nəticədə
obyektivliyi təmin etmək üçün bundan imtina edib
yenidən test üsuluna qayıtmalı olduq. Başqa
sözlə, seçim qarşısında
qalmışdıq ki, nəyi seçək - keyfiyyəti,
yoxsa obyektivliyi, qərar verdik ki, obyektivliyi seçək.
İndiki mərhələdə obyektivliyi təmin
edək, tələbələrin şüurunu dəyişək.
Onlar görsünlər ki, rüşvətsiz və
tapşırıqsız oxumaq mümkündür. Yalnız bundan sonra keyfiyyəti qaldırmaq barədə
düşünək.
- Neqativ
halların qarşısını almaq üçün
başqa hansı tədbirlər görülüb?
- Neqativ
halların qarşısını almaq üçün digər
ali məktəblərdən və xarici
ölkələrdən tələbə
köçürülmələrini qadağan etdik. Bizim Dərbənd şəhərində
filialımız var. Bura gələn kimi Dərbənd
filialına qəbulu dayandırdıq. Ötən il də dayandırdıq, bu il də olmadı.
Səbəbləri var. İstəyirik ki, orda
normal sistem quraq, məhz bundan sonra işləsin. Hamı da görsün ki, hər şey
qaydasındadır.
“Müəllimlərin
maaşları 3 dəfə artıb”
- Ədalət müəllim, neqativ halların qarşısının
alınması üçün sınanmış reseptlərdən
biri də maaşların artırılmasıdır. ADİU-da
bununla bağlı nə işlər görülüb?
- Biz
universitetdə təmirə demək olar ki, pul xərcləmirik.
Qazandığımız pulu əsasən
müəllimlərin əmək haqqına yönəldirik.
İndiyədək, yəni bizim burada işlədiyimiz
ilyarımda maaşlar 3 mərhələdə
artırılıb.
- Müəllimlərin
maaşları necə artıb?
- Burada fəaliyyətə
başlayanda universitetdə pedaqoji heyətin orta aylıq əmək
haqqı 576 manat idi, indi bu rəqəm 985 manatdır.
Professorun maaşı 661 manatdan 1300 manata, kafedra müdirinin
maaşı 968 manatdan 1500 manata qalxıb. Dosentlərin
əmək haqqı 583 manat idi, indi olub 880 manat. Baş
müəllimin maaşı 610 manatdan 760 manata, müəllimin
əmək haqqı isə 535 manatdan 680 manata qalxıb. Bundan
başqa, dekanların vəzifə maaşları 1400 manat idi,
indi olub 2000 manat, dekan müavininin maaşı isə 737
manatdan 1200 manata, yəni 63% artıb.
“Müəllim
heyəti dəyişəcək”
-
Bütün bunlar neqativ halların qarşısını
almağa kömək edib?
- Mən
düşünürəm ki, hə. Amma əsas
məsələlərdən biri də müəllim heyətinin
yenilənməsi və cavanlaşmasıdır. Bu birmənalıdır, qaçılmazdır.
Universitetimizdə yaşlı müəllimlər
çoxdur.
- Demək istəyirsiniz yaşlı
müəllimlər gənclərlə əvəz
olunmalıdır?
- Bəli.
Bizim təcrübəli müəllimlərə
böyük hörmətimiz var. Onların təcrübəsini
və bilik-bacarıqlarını yüksək qiymətləndiririk.
Amma həyat öz işini görür - heyət
cavanlaşmalı və daha müasir tələblərə
cavab verməlidir. Biz müəllim heyətinin
cavanlaşması üçün yaşı böyük
olan müəllimlərin pensiyaya getməsini təşviq
edirik. Məsələn, qərar
vermişik ki, yaşı 75-dən yuxarı olan müəllimlər,
könüllü olaraq pensiyaya gedərlərsə, biz onlara
bir illik əmək haqqını öncədən veririk.
-Yaşlı
müəllimlər bundan istifadə edirlər?
- O qədər
də yox. Təsəvvür edin ki, bir ilə
yaxındır qərar vermişik, amma bu günə qədər
cəmi 5 nəfər müraciət edib.
- Bəs
gənc müəllimləri haradan cəlb edəcəksiniz,
necə seçəcəksiniz?
- Gənc
kadrları hazırlamaq üçün bir neçə layihəmiz
var. Birincisi hələ ötən ildən “Gənc professor”
layihəsinə başlamışıq. Mahiyyəti
odur ki, yaşı 40-a qədər olan fəlsəfə
doktorlarını elmlər doktoru dissertasiyası yazmaq
üçün doktoranturaya qəbul etmişik. Burada hər
bir professorun iki elmi rəhbəri var - biri Türkiyədən, biri bizdən. Hələlik
bunların sayı 6-dır. Onlar bu il
Türkiyənin müxtəlif universitetlərində tədqiqat
aparıblar. Gələcəkdə bunu 15-ə
çatdırmaq istəyirik.
Başqa layihəmiz var - “Gənc müəllimlər”
layihəsi. Yaşı 30-a qədər olan və həyatını
pedaqoji işə həsr etməyə hazır olan və tələbələrlə
işi sevən yaşı 30-a qədər olan tələbələri
dəvət etdik. Bizə bir ayda 411 nəfər müraciət etdi. Bunardan 111-ni seçmişik 11 nəfərini də
artıq müəllim kimi işə qəbul etmişik.
Bunlar kifayət qədər müasir və
savadlı gənclərdir.
“Müəllimlərin
reytinqi hesablanacaq”
- Bəs
dərsin keyfiyyətini artırmaq üçün nə etmək
fikrindəsiniz?
-
Oktyabrın 1-dən ölkədə ilk dəfə olaraq
ADİU-da müəllimlərin reytinq sistemi işə
düşüb. Müəllimlərimizin əmək
haqqı diferensiallaşdırılmış olacaq, yəni
reytinqdən asılı oacaq. Məsələn,
tutaq ki, müəllimin maaşı 100 manatdır,
diferensiallaşdırılmış əmək haqqı
sistemində 1-ci 100-lüyə daxil olan müəllimlərə
müəyyən əmsallar tətbiq olunacaq. Məsələn, ilk 10-luğa daxil olan müəllimə
2 əmsalı tətbiq ediləcək. Bu
o deməkdir ki, bu gün müəllim 1000 manat alırsa, o
alacaq 2 min manat.
-Əmsallar nəyə əsasən hesablanacaq?
- Orada həm
tədris, həm elmi fəaliyyət, həm də
özünü inkişaf nəzərə alınacaq. Ümumiyyətlə isə bu
üç blok üzrə müəllimlərin
fəaliyyətini qiymətləndirmək üçün
100-dən çox indikator var. İndi biz bunu elektronlaşdırırıq.
- Tədris
göstəricisi deyəndə yəqin ki, müəllimin dərs
dediyi tələbələrin göstəricisi nəzərdə
tutulur, eləmi?
-Tələbələrin
nəticələri bu göstəricilərdən biridir. Eyni zamanda tələbələr arasında məmnunluq
sorğusu da keçiriləcək. Düzdür,
bu sorğunun ümumi nəticəyə təsir imkanı 5%
olacaq. Bu Azərbaycanda ilk dəfə olacaq
və biz bunu panetləşdirmək istəyirik. Proqram təminatını da ultra şirkəti
hazırlayıb.
“Elektron
universitet” yaradılıb
- İqtisad Universitetində yeniliklərdən biri də
“Elektron universitet” layihəsidir. Bu nə deməkdir?
- “Elektron universitet” - tədris sisteminin tam
elektronlaşdırılmasıdır. Buna ilk
növbədə əsas korpusdan başlamışıq.
Əsas korpusda 53 auditoriyamız var. Onların
hamısında proektor və virtual tribuna
quraşdırılıb.
Buradakı kompüter də proektora
qoşulub. Kağız jurnal yoxdur, hər
şey elektrondur. Məsələn, müəllim
tələbəyə “qayıb” yazanda, o avtomatik olaraq mərkəzi
kompüterə ötürülür. Bildiyiniz
kimi, qayıbda 25% limit var. İmtahan zamanı sistemdən
avtomatik məlumat çıxır ki, bu tələbə
limiti keçib ya yox, yəni imtahana buraxıla bilər, ya
yox. Tələbənin seminar balları da
avtomatik olaraq mərkəzi kompüterə
ötürülür.
İmtahana başlayanda onun orta balı
avtomatik ortaya çıxır. Bundan başqa,
sistemdə müəllimin işçi kabineti var - müəllim
bütün dərs materiallarını orda toplayır. Dərsdə də kompüteri qoşur,
işçi kabinetinə daxil olur, hansı mövzuda təqdimatı
və ya digər dərs materialı varsa, nümayiş
etdirir. Dərs cədvəlləri, müəllimlərin
dərs yükləri də sistemə yerləşdirilib.
Tələbələrin hər birinin
özünün də işçi kabineti var.
- Bu nə
üçün lazımdır?
- Məsələn,
tələbə qiymət vərəqəsi almaq istəyir.
Bu gəlir dekanın yanına, dekan onu
harasa göndərir və s. İndi bütün bunların
heç birinə ehtiyac yoxdur. Tələbə
özü işçi kabinetinə daxil olmaqla qiymət vərəqəsini
çap edə və istədiyi yerə göndərə bilər.
Orda hətta tələbələrin və
müəllimlərin ad günlərini də qeyd etmişik. Ad günündə hər
bir tələbəyə və müəllimə sistem tərəfindən
avtomatik təbriklər göndərilir. Bu
da dərs prosesinə bir müsbət elementdir.
“Qoy tələbələrimiz
bizneslə də məşğul olsunlar”
-Universitetinizdə
innovativ biznes inkubator da yaradılıb. İstəyirsiniz
tələbələr elə indidən bizneslə məşğul
olsun?
- Bəli, biznes inkubatoru ötən ilin oktyabrında, yəni 1 il əvvəl yaratmışıq. Fikirləşdik ki, tələbələrin ideyaları varsa, onların reallaşdırılmasına şərait yaradaq. Biznes inkubator 4 ofisdən ibarətdir. Tələbələr ideyalarını gətirir, biz də onlara məsləhət veririk. Məqsədəuyğun layihəni inkubatora göndəririk və tələbələr onu icra etməyə başlayırlar. Bizim universitetdəki “Özünü sına” layihəsi də bu startaplardan biridir. Bunu tələbələrimizdən biri fikirləşdi, biz də dəstəklədik. Kim istəsə bu proqrama daxil olub biliyini qiymətləndirə və imtahana hazır olub-olmadığını bilə bilər. Qiyməti də cəmi 20 qəpikdir. Bu layihənin müəllifi indi universitetimizin ən çox qazanan tələbəsi, bəlkə də buradakı ən imkanlı şəxsdir. Ümumiyyətlə, tələbələri biznesə də həvəsləndiririk, hazırda biznes inkubatorda əlavə 7 startap layihəsi də həyata keçirilir.
- Onların arasında maraqlı layihələr varmı?
- Bəli,
hazırda daha bir layihə reallaşdırılır. Biz baxdıq ki, mobil telefonlar dərs prosesinə mane
olurlar. Dərs zamanı zəng və ya
mesaj gəlir və s. Bu startap layihəsinin də mahiyyəti
ondan ibarətdir ki, dərsə giriş zəngi vurulanda
bütün telefonlar avtomatik olaraq səssiz rejimə keçəcək.
Əvvəl istədik ki, telefonları
ümumiyyətlə söndürək, amma
düşündük ki, bu istehlakçıların
hüquqlarının pozulmasıdır. Ona
görə də səssiz rejimi seçdik. Hesab edirəm ki, bunu reallaşdırsaq, bu layihə
bütövlükdə Azərbaycanın təhsil sistemində
reallaşdırıla bilər.
“ADİU-da
struktur islahatları olacaq”
- Ədalət müəllim, İqtisad Universitetində
struktur islahatları olacaqmı?
- Bəli,
ADİU-da struktur islahatları olacaq. Hələlik
detallarını açıqlamırıq. Amma söhbət
yeni fakultə və yeni kafedraların yaradılmasından, eləcə
də bəzi strukturların birləşdirilib və ya
parçalanmasından gedir. Bütövlükdə
biz universitetin “yüngülləşməsini” istəyirik.
Yəni bu dəyişikliklərin fəlsəfəsi
ondan ibarətdir ki, konkret ixtisasa görə məsuliyyəti
bir struktur daşısın. Biz də lazım gəlsə
bu strukturdan soruşmalıyıq ki, niyə bu ixtisasa tələbə
az gəldi, və ya niyə bura gələn
tələbələrin keçid balı azdır və s.
Bugünkü struktur ona imkan vermir. Dəyişikliklər
isə təhsilin keyfiyyətini artırmaqda müsbət rol
oynayacaq.
525-ci
qəzet.- 2015.- 10 oktyabr.- S.14-15.