Pillə-pillə ucalırdı...
İnsan var ki, ömür boyu həmişə sakit bir
guşə, rahat həyat arzulayır. İnsan da var ki,
ömrün dolaylarında çırpınır, işin
çətinindən yapışır, müşkülləri
asan etməyə çalışır. Əziz
rəfiqəm, tələbə yoldaşım, istedadlı qələm
sahibi Rəhilə Gülgün kimi.
Rəhilə haqqında həmişə xoş sözlər
danışsam da, onu səciyyələndirən, xarakterini
açan cəhətləri dilə gətirsəm də, barəsində
yazmaq fürsətim olmayıb. Bundan ötrü bir
imkan, məqam da yaranmayıb.
Qələmi
ələ alıb fikirlərimi çözələyərkən
hiss etdim ki, əməlli-başlı düşünüb-daşınmalı,
mülahizələrimi, necə deyərlər, ələkdən
keçirməli olacağam. Axı bu, özgəsi
deyil, canım qədər sevdiyim, həyatına, ailəsinə
və ən nəhayət, yaradıcılığına bələd
olduğum Rəhilə Gülgündü.
Unudulmaz tələbəlik
illəri
Bizi erkən gənclik çağlarından - 70-ci illərin
əvvəllərindən nə az-nə çox, düz 40
illik zaman kəsiyi ayırır. 1973-cü ilin
sentyabrın 1-i idi. Metronun "Bakı
Soveti" (indiki İçərişəhər)
stansiyasından üzüyuxarı qalxan Kommunist (indiki
İstiqlaliyyət) küçəsində qələbəlikdi,
necə deyərlər, iynə atsaydın, yerə düşməzdi.
Burada yanaşı yerləşən ali məktəblərin
tələbələri ilk dərs gününün fərəhini
yaşayırdı.
Azərbaycan Dövlət Universitetinin (indiki BDU)
Jurnalistika fakültəsinə qəbul olunmuş,
köksündə böyük arzular, ümidlər
çağlayan əlli gənc ilk mühazirəni 37-ci
auditoriyada dinləyirdi. 630 və 632-ci qruplar "potok" şəklində
birləşmişdi. Həmin gün filologiya elmləri
doktoru, professor Vaqif Vəliyevin bizlə
bölüşdüyü maraqlı, həm də baməzə
söhbətlərini bu gün də həvəslə
xatırlayırıq. Sonralar
dünyasını dəyişən professorun bir fikrini
heç unutmadıq. O demişdi: "Siz universitet tələbəsi
kimi şellənib, bu küçə ilə
yeriyəndə elə bilirsiniz ki, dünya-aləm sizə
baxır. Əslində isə sizi hələ
heç kəs tanımır, sevinciniz də özünüzə
bəllidir. Sizi yaxşı mütəxəssis
olanda tanıyacaqlar". Sırğa edib
qulağımızdan asmışdıq bu fikirləri.
Ustad
jurnalist Nəsir İmanquliyev, Mir Cəlal Paşayev, Qulu Xəlilli,
Nurəddin Babayev, Şirməmməd Hüseynov, Famil Mehdi, Nəriman
Zeynalov, Tofiq Rüstəmov, Yalçın Əlizadə kimi
sevimli müəllimlərimizdən dərs alıb
jurnalistikanın incəliklərinə yiyələnirdik.
Rəhilə ilə həmişə bir yerdəydik. Auditoriyada
birinci sırada, eyni masa arxasında otururduq. Tez-tez bizə gəlir, seminar məşğələlərinə,
semestr imtahanlarına birgə hazırlaşır, kurs işi
yazırdıq.
Rəfiqəmin
hələ lap gənclik illərindən şux, gülərüz,
deyib-gülən, həyat eşqi coşub-daşan bir qız
kimi tələbə yoldaşlarımızın
yaddaşında qaldığından əminəm. İndi də xətrini çox istədiyimiz tələbə
qızlarımız mənlə rastlaşanda hal-əhval tutub
soruşduqlarından biri bu olur ki, "əziz bacın necədir,
əvvəlki nikbinliyi yerindəmi?"
Bu sarışın, alagöz, yaraşıqlı
qızın səmimi, ünsiyyətcil, zarafatcıl
olması, xoş rəftarı ona rəğbət
qazandırmış, qrupumuzun sevimlisinə çevirmişdi. Həmişə
düşünürdük ki, onu heç nə ilə ruhdan
salmaq olmaz. Ən çətin anlarda belə
yumor hissi və hazırcavablığı ilə vəziyyətdən
çıxmağı bacarırdı.
Oxuduğumuz 632-ci qrupun sinif nümayəndəsi idim. O, bununla da qürrələnir,
zarafatla "nə problemim ola bilər,
qrupun "ağası" öz adamımızdır"
deyirdi.
Rəhilə Zərdab rayonunun Salahlı kəndində
sadə ailədə dünyaya göz açıb. Qızlarımız
onun yaxşı oxuması ilə yanaşı, gözəl,
müasir dəblə geyinməsinə də qibtə edir,
"elə bil heç kənddə-kəsəkdə
böyüməyib" deyirdilər. Qrupumuzun
oğlanlarından biri isə onu zarafatla "kənd
burjuaziyasının nümayəndəsi"
adlandırmışdı.
Tənəffüsdə zarafatlaşır, bir-birindən
hal-əhval tutur, olub-keçənləri çözələyirdik. Rəhilə və ətrafındakı
bir neçə tələbə yoldaşımız o biri
qrupun "adlı-sanlı" nümayəndələrini
söz atəşinə tutmuşdu:
- Sizin
divar qəzetiniz "Çeşmə" yamanca quruyur, ondan
heç sısqa bulaq da qalmayacaq... Bizim qəzetimiz
"Zirvə" isə, görürsünüz, daim ucalarda,
zirvələrdədir.
Digər
qrupun təəssübkeşi isə:
-
"Çeşmə"nin əsas
yazarları qrupumuzdakı şairlərdir və biz sizdən fərqli
olaraq, ilham almağı bacarırıq. Doğma yurddan, təbiətdən,
məhəbbətdən, dostluqdan...
Rəhilənin sözü isə bu oldu ki, nicat yolu
kompromisə getməkdir. Yoxsa, gur çeşmədən qaynaqlanan
yaradıcılıq zirvələrə yüksəlməz.
Dil-boğaza qoymayan Rəhiləyə söz
çatdırmaq olardı? Onun su səpən,
barış yaradan bu sözlərini hamı
alqışladı.
Tələbə
qızlarımız - Şəfiqə, Afaq, İradə,
Lumuxanım, Məsudə və Sevillə, həmçinin tələbə
oğlanlarımız - Qüdrət Piriyev, Vaqif Bəhmənli,
Qulu Məhərrəmli, Ələddin Əsədov, Cəfər
Sadiq, Məsaim Abdullayev, Çingiz Aslanov, İlham Mazanlı,
Zülfüqar Şahsevənli və Kamil Muradovla, habelə
adını çəkə bilmədiyim neçə-neçə
qələm dostumuzla birgə təhsil illərimizi, həyatımızın
o mənalı çağlarını unutmuruq.
Rəhilə tələbə yoldaşımız, hələ
o vaxt incə ruhlu şeirlər yazan Vaqif Bəhmənli ilə
ailə qurdu.
Vaqif Bəhmənli sonralar bir müsahibəsində deyəcəkdi:
"Tale elə gətirdi ki, istəkli kurs yoldaşım Qulu
Məhərrəmli ən ağıllı tələbə
qızlarımızdan biri olan Zemfira ilə ailə həyatı
qurdu. Mən də onun ən yaxın rəfiqəsini
"ələ keçirdim". Tələbəlik
dostluğu ailə dostluğuna çevrildi".
Radioda
uşaq proqramlarının müəllifi
Əziz, unudulmaz tələbəlik illərimiz arxada
qalmış, təyinat alıb müxtəlif ünvanlara - qəzet
və jurnal redaksiyalarına, televiziya və radio
proqramlarına, informasiya agentliklərinə və nəşriyyatlara
səpələnmişdik. Rəhilə Azərbaycan
radiosunun müxbiri kimi fəaliyyətə
başlamışdı. O, radionun Uşaq verilişləri
baş redaksiyasında çalışır, məktəbəqədər
və məktəbyaşlı uşaqların təlim-tərbiyəsi,
təhsili, ahəngdar inkişafı, asudə vaxtının təşkili
ilə bağlı silsilə proqramlar hazırlayırdı. Verilişlərini balacaların başa
düşdüyü, anladığı dildə, çox
vaxt öz yapışıqlı səsi ilə
çatdırırdı. Bütün
yazılarında uşaq dünyasına olan marağı,
sevgisi duyulurdu.
Hazırladığı proqramlar peşəkarlığı,
Azərbaycan ədəbi dilinə sayğısı,
ehtiramı, mübarizliyi ilə fərqlənirdi. Çiyin-çiyinə
çalışdığı həmkarları Rəhilə
Gülgünü məhz bu keyfiyyətlərinə görə
dəyərləndirirdilər.
Bir müddət sonra o, radiodakı işindən
ayrılaraq, "Humanitar" qəzetində
çalışmağa başladı. Burada da öz
nəcib missiyasına sadiq qaldı. R.Gülgün
imzası ilə bu qəzetdə xüsusi qayğıya
ehtiyaclı, valideyn himayəsindən məhrum, kimsəsiz
uşaqların taleyi, saysız-hesabsız problemləri ilə
bağlı silsilə yazıları dərc olunurdu. Həmkarım öz cəsarətli məqalələri,
analitik materialları ilə məsələ qaldırır, əlaqədar
təşkilatların diqqətini nisgilli uşaqların,
küçələrə atılmış
azyaşlıların çətinliklərinə, problemlərinin
həllinə yönəldirdi. Onun həmin
dövrdə "Ümid yeri" uşaq
sığınacağında çalışması da həyatının
ən mənalı səhifələrindəndir. Əsl
ana mehri-ülfəti ilə bu qəbildən olan uşaqlara
qayğı göstərir, "Ümid yeri"nə
sığınmış binəsib balaların valideynlərini
bu uşaq təşkilatının rəhbəri, jurnalist həmkarımız
Nigar Mənsimli ilə birlikdə axtarıb tapır,
onların bioloji ailələrinə qayıtmasına kömək
edirdi.
"Xəbərin rəngi" necə ərsəyə
gəldi?
Rəhilə Gülgünün söz-sənət sərraflarına,
tanınmış ədəbiyyat və incəsənət
xadimlərinə həsr etdiyi, müxtəlif illərdə qələmə
aldığı kitablar maraqla oxunur. Milli mədəniyyətimizin tarixində,
müasir jurnalistikamızda özünəməxsusluğu,
xeyirxah əməlləri ilə dərin və silinməz izlər
buraxmış ustad jurnalist Nəsir İmanquliyevin
yaradıcılıq yolu barədə tədqiqatlarının
nəticəsi olaraq yazdığı "Xəbərin rəngi"
kitabı istedadlı qələm sahibinə rəğbət
qazandırdı. Qeyd etmək lazımdır ki,
bu kitab ustad sənətkarla bağlı yazılmış ən
etibarlı qaynaqlardan biridir. Bu əsərdə milli mətbuatımızın
N.İmanquliyev fenomeninin izahı verilmiş, XX əsr Azərbaycan
jurnalistikası və ictimai fikir tarixində görkəmli yer
tutan, otuz il müddətində ölkənin ən populyar mətbu
orqanlarına - "Bakı" və "Baku" qəzetlərinə
rəhbərlik edən tələbkar redaktor və naşirin
həyat və yaradıcılığından bəhs
olunmuşdur.
Müəllif bədii-publisistik üslubda yazdığı bu kitabda təpədən-dırnağa jurnalist olan sənətkarın yaradıcılıq məziyyətlərini, onun çağdaş mətbuatımıza örnək sayılan meyarlarını diqqətə çatdırmışdır. R.Gülgün vaxtilə ona dərs demiş Nəsir müəllimin gözünün nuru, ürəyinin odu ilə ərsəyə gətirdiyi həmin axşam qəzetlərinin yaradıcılıq məktəbi kimi neçə-neçə ziyalının püxtələşməsində əvəzsiz rol oynadığını önə çəkmişdir. Müəllif sağlam budaqların sağlam köklərdən su içib ucaldığını, bu qəzetlərin "şinelindən çıxmış" qələm sahiblərinin bu gün həyatın müxtəlif sahələrində çalışaraq xalqımıza fayda verdiyini nəzərə çatdırmışdır.
Rəhilə Gülgün az sonra Xalq yazıçısı Mir Cəlal Paşayevin həyat və yaradıcılığı haqqında "Göylər adamı" kitabını və tanınmış psixoloq Elmira Mirzəyevanın bir alim kimi portret cizgilərini əks etdirən "Zərifliyin gücü" əsərini qələmə almışdır.
lll
Bu gün 60 yaşını qeyd edən Rəhilə Gülgün ləyaqətli ziyalı ömrünü yaşayır. O, gözəl, mehriban anadır. Ömür-gün yoldaşı, tanınmış şair-publisist, Mədəniyyət Nazirliyinin şöbə müdiri Vaqif Bəhmənli ilə birgə üç övladının - Xəyyam, Şəms və Gülgünün layiqli vətəndaş kimi yetişməsində böyük zəhmət sərf edib. Daim yazıb-yaradan bir şairin ömür-gün yoldaşı olmaq isə elə də asan deyil.
Nəvələrinin dünyaya gəlişi ilə sanki ömürlərinin yeni mərhələsi başlayıb. Nəvə görmək ülvi bir istəkdir. Rəhilə xanım deyir ki, nəvələrimiz həyatımızı bəzəyir. Bu şirinlikdə ikinci bir duyğu təsəvvür etmək çətindir.
Zemfira
MƏHƏRRƏMLİ
525-ci qəzet.-
2015.- 13 oktyabr.- S.8.