"Dalğa"nın yeni
və fərqli dalğasında...
Çingiz Mehdipur... Bu ad mənə
tanış deyildi. Bu insan
saza yaraşıq verməyin ustasıdır.
Mən belə deyərdim. İlk təəssüratım, ilk tanışlığım
belə oldu. Solo ifasının və rəhbərlik etdiyi qrupun timsalında
sazın pərdələrinə
necə rəng qatmaq, səsə - həm də aşıq sənəti kimi köklü-soylu bir səsə - müasir zehnin estetik duyumunca necə anlam yükləmək mümkünmüş,
şahidi oldum.
Cənubi
Azərbaycan aşıqlarının
Rəşid Behbudov adına Dövlət
Mahnı Teatrında keçirəcəyi konserti
eşidəndə Milli
Kitabxanaya getdim və sözügedən bölgənin aşıq
ədəbiyyatıyla yaxından
tanış olmaq üçün ciddi bir material axtardım. "Tebriz aşıklık
geleneği ve aşık edebiyatı".
Türkiyə türkcəsindəki bu kitabın cənublu qonaqlarımızın
sözünün, səsinin,
ruhunun məxəzini açmaqda mənə böyük köməyi oldu. Səhifələri varaqladıqca Aşıq
Ələsgərin, Aşıq
Abbas Tufarqanlının
şeirlərinə qoşulmuş
nəğmələri düşündüm.
Ancaq Çingiz Mehdipurun nəfəsini qatdığı
nəğmələri eşidəndə
sənətkarın aşıq
ədəbiyyatına kitab
qədər yeni baxış, yeni iz həkk edə
biləcəyini gördüm.
Kulisi arxada buraxmış dalğalı pərdənin
qarşısında on-on beş nəfərdən
ibarət bir qrup bizə yurdun ilk nəğmələrindən
danışır. Və bu,
didaktik məruzə yox, səslə sazın ruha nüfuzudur. Bəlkə də
genetik səyahət adlandırmaq olar. Çünki bu musiqi aləti, yəni saz folkloru canlandırmağın
ilkin üsuludur.
Bu qrup isə
"Dalğa" Musiqi
Qrupudur. Qrup 1990-cı ildə Çingiz Mehdipurun rəhbərliyi ilə yaradılıb.
Azərbaycanla yanaşı, Türkiyə,
ABŞ, Orta Asiya və Yaxın Şərqin bir sıra ölkələrində
konsert proqramları ilə çıxış
edib.
Aşıq Çingiz Mehdipur Güney azərbaycanlıdır. 1961-ci ildə Güney Azərbaycanın Qaradağ
bölgəsində dünyaya
gəlib. Uşaqlıqdan musiqini sevib və əmisi Aşıq Eynullahın yanında aşıq və qopuz sənətini
öyrənib. 1977-ci ildə
Tehrana gəlir və burada Azərbaycan türkcəsindəki
aşıq nəğmələri
ilə tanış
olur. 1983-cü ildə Tehran Çəng
musiqi məktəbində
musiqi yazmağı öyrənir və aşıq musiqilərini notlara köçürməyə
başlayır. Daha sonra
Təbrizə qayıdır
və burada ustad Yəhya İsmayılzadədən aldığı
dərslərlə musiqi
sənətini daha dolğun mənimsəyir.
1990-cı ildə, rəhbərlik etdiyi "Dalğa" Musiqi Qrupunu yaradır. İki ildən sonra isə Rövşən Musiqi Məktəbini qurur. Bununla yanaşı, Çingiz
Mehdipur "Qopuz məktəbi və onun elmi öyrənməsi"
kitabının müəllifidir.
Sənətkarın sənətini görmək
haqqında eşitməkdən
daha maraqlıdır. Çünki sənətə bələd
olmağın ümdə
və ən uyğun yolu budur. Doğrusu, aşıq sənətinin,
xüsusilə, sazın
əhatə dairəsinin
azlığından da
şikayətlənmək olar.
Bir gənc kimi etiraf edə
bilərəm ki, maraqlarımızın çox
az hissəsi
aşıq ədəbiyyatı
və aşıq sənətiylə uzlaşır.
Halbuki aşıq ədəbiyyatının
milli, ilahi və ibtidai mistik bütünlüyünü
qeyd etmək olar. Zövq və seçim, lazımlı və önəmli saymaq isə görünür, bir az da təbliğat və təqdimat məsələsindən asılıdır.
Aşıq Çingiz Mehdipuru
və onun "Dalğa" Musiq Qrupunu, məncə, sazın müasir çalarla üzvi vəhdətindəki təqdimatına
görə alqışlamağa
dəyər.
Konsertdə "Qoşa yarpaq",
"Kərəm gözəlləməsi",
"Qarabağın dərdi",
"Paşa köçdü",
"Sulduzu", "Orta
duraxam", "Bayatı
gülü" kimi aşıq musiqiləri səsləndirildi. Ancaq məni
ən çox təəccübləndirən Ramiz Rövşənin
"Qara paltarlı qadın" şeiri əsasında yaranan bəstənin ifası oldu. Bəlkə də, bu, təəccüblü deyil.
Yəni, sazın pərdələrində Dədə
Qorquddan, Aşıq Ələsgərdən Ramiz
Rövşənə, Zəlimxan
Yaquba qədər uzun bir tarix,
uzun bir səs eşitdik. Ancaq Çingiz Mehdipur aşıq musiqisini ilk dəfə nota köçürüb
yayan, aşıq sənətinə, belə
demək mümkündürsə,
yeni motiv gətirən şəxsdir.
Bu baxımdan, "Dalğa" Musiqi Qrupunun "Qara paltarlı qadın" nəğməsini ifa etməsi sazın yeni təqdimatının xüsusi özəlliyi kimi yadda qalır.
Mən bunu sənətin strukturuna əlavə olunmuş yeni naxış kimi qeyd edərdim.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun və Beynəlxalq Avrasiya Araşdırmalar İnstitutu
İctimai Birliyinin dəstəyi ilə təşkil olunmuş konsert proqramını tamaşaçılar rəğbətlə,
sevinclə qarşıladılar. Və bu
tədbir cənublu qardaşlarımızla növbəti
görüş kimi əsl təntənəyə
çevrildi.
Müşfiq ŞÜKÜRLÜ
525-ci qəzet.-
2015.- 13 oktybar.- S.7.