Bilik Fondu Müəllimlər İnstitutunda Rəşad Məcidin tələbələrlə görüşü keçirib  

 

Ötən gün Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru, şair, publisist Rəşad Məcidlə tələbələrin görüşü olub.

 

Görüş Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun informasiya təminatı sektorunun layihəsi çərçivəsində təşkil edilib. Layihənin koordinatorları Xatirə Hüseynli Ramilə Qurbanlıdır.

 

Tədbiri AMİ-nin prorektoru Razin Məmmədov açaraq Rəşad Məcidi hazırkı ədəbi-ictimai mühitdə seçilən insan, dəyərli şair, publisist kimi səciyyələndirib. Prorektor  R. Məcidin gənc yazarlara qayğısından söz açıb bildirib ki, o, müasir Azərbaycan ədəbiyyatının bədii ictimai fikir tarixində görkəmli nümayəndəsi kimi öz əməyi, aktuallığı ilə seçilən orijinal əsərlərlə oxucuları heyrətləndirən qələm sahibidir:

 

"Rəşad Məcid istedadlı yazıçı, publisist olmaqla bərabər, həm iti müşahidə qabiliyyətinə tükənməz yaradıcılıq enerjisinə malikdir. Müasir dövrə aid elə bir mövzu yoxdur ki, Rəşad müəllim ona müraciət etməmiş olsun. Bu mənada da Rəşad müəllimdən öyrənməli çox şey var".

 

Bilik Fondunun məsləhətçisi Ramilə Qurbanlı çıxış edərək AMİ-nin rəhbərliyinə minnətdarlığını bildirib təmsil olunduğu fondun "İlboyu bilik" proqramı çərçivəsində "İmzalı görüş" layihəsi haqqında məlumat verib:

 

"Bu, artıq sayca ikinci görüşdür. Birinci görüş yazıçı Aqil Abbasla təşkil edilmişdi. Düşünürük ki, belə görüşlər tələbələrə çağdaş Azərbaycan ədiblərini tanıtmaq baxımından çox əhəmiyyətlidir".

 

Bilik Fondunun informasiya təminatı sektorunun müdiri Xatirə Hüseynova qeyd edib ki, görüş məhz tələbələrin israrlı xahişləri ilə reallaşıb:

 

"Bu layihənin mahiyyətində də gənclərdən gələn təşəbbüs, gənclərdən gələn sifariş durur. Gənclər bizə oxumaq istədikləri müasir yazıçı və şairlərin adlarını deyirlər. Sonra biz onlara arzuladıqları ədibin kitablarını təqdim edirik, daha sonra həmin əsərlərin müzakirəsi təşkil olunur". 

 

Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu ədəbiyyatın tərbiyəedici rolundan danışaraq  Rəşad Məcidin bədii, publisistik yaradıcılığının məziyyətlərindən söz açıb.   Tənqidçi Nərgiz Cabbarlı Rəşad Məcidin yaradıcılığından, xüsusilə poeziyasından bəhs edib:

 

"Rəşad Məcidin çox güclü müşahidə qabiliyyəti var. Bəzi yazılarında təqdim etdiyi xarici ölkələrin mətbuatı ilə bağlı maraqlı nüansları yaddaşımdadır.  Amma Rəşad Məcidi şair kimi, demək olar ki, yeni kəşf eləmişəm. Son bir neçə ildə onun şairlik yaradıcılığında bir sıçrayış baş verdi. Mənim üçün Rəşad Məcidin şeirləri oxuyub təəssüratında qaldığım, ruha yaxın olan şeirlərdəndir. Bəlkə misrası yadda qalmaya bilər, misrası ruhu tərpətməyə bilər, amma ümumilikdə o şeirlərin  təsiri, bəxş etdiyi ovqat o qədər davamlıdır ki, insan özü buna heyrət edə bilər. Səbəb ondadır ki, bu şeirlərdə çox güclü bir məhəbbətin ifadəsi var.

 

Sevgi bütün çalarları, bütün incəlikləri  ilə necə duyulub, necə yaşanıbsa, bütün mərtəbəsi ilə bu şeirlərdə öz əksini tapıb. Burada sevgi ilə bağlı hər bir pillə təsvir edilir. Rəşad Məcidin şeirlərində mənim üçün ən əhəmiyyətli məqam qadına bəslənən və onun ayağını yerdən üzən ilahi münasibətdir. Çağdaş Azərbaycan poeziyasında qadına bu cür ilahi varlıq kimi yanaşma tendensiyasına, demək olar ki, rast gəlməmişəm. Bu amil Rəşad Məcidin poeziyasını sevdirən başlıca məziyyətdir".  

 

Sonda Rəşad Məcid tələbələrin suallarını cavablandırıb.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 13 oktyabr.- S.7.