Mirzə Fətəli Axundzadə irsinin daha bir
maraqlı səhifəsi
BÖYÜK ƏDİBİN PARİSƏ GÖNDƏRDİYİ BİR TELEQRAMIN MARAQLI TARİXÇƏSİ VAR
(Əvvəli ötən sayımızda)
Əvvəlcə Nikolai barədə. Fransız diplomat bir müddət
İranın Rəşt
şəhərində Fransanın
baş konsulu kimi fəaliyyət göstərmiş, sonra Parisə çağırılaraq
Xarici İşlər
Nazirliyində çalışmışdı.
Bir müddətdən sonra yenidən İrana diplomatik korpusa göndərilmişdi. Məktublarından görünür ki, o,
1874-1875-ci illərdə Tehranda
yaşamışdı. Müsyö Nikolai ilə M.F.Axundzadə arasında təxminən üç
il (1872-1875) məktublaşma olub. Qiyabi şəkildə dostluq edən bu şəxslərin bir-birinə ünvanladıqları
məktublar AMEA Əlyazmalar
İnstitutunun arxivində
M.F.Axundzadəyə aid 2 saylı
fonda saxlanılır.
Məktublar fars
dilindədir və ədibin seçilmiş əsərlərinə də
daxil edilib. Müsyö Nikolainin M.F.Axundzadəyə
məktublarından aydın
olur ki, fransız diplomat Şərq
dillərini əla bilirmiş. 25 illik zəhmət hesabına
"Fransızca-ərəbcə-farsca-türkcə"
lüğət hazırlamış,
lakin onun çapı üçün
lazım gələn
25 min frank pulu tapa bilmədiyindən məqsədinə
nail olmamışdı. O, həmçinin
Xəyyamın rübailərini
fransızcaya tərcümə
edib, imperatorun fərmanı ilə dövlət mətbəəsində
çap etdirmişdi.
M.F.Axundzadənin Müsyö
Nikolaiyə 6 dekabr
1872-ci ildə yazdığı
birinci məktubundan aydın olur ki, onu fransız
diplomatla qiyabi tanış edən yaxın dostu, "Ruhül-qüds"
adlandırdığı Mirzə
Melkum xan olmuşdu. Müsyö Nikolainin M.F.Axundzadənin
birinci məktubuna 26 aprel 1873-cü ildə yazdığı cavab məktubundan görünür
ki, o, bizim ədibin daha bir dostu Mirzə
Yusif xanla da çox yaxın
münasibətdə olmuş,
dostluq etmişdir.
Məlumdur ki, Mirzə Melkum xan və Mirzə
Yusif xan M.F.Axundzadənin yeni əlifba siyasətinə böyük dəstək vermiş, "Kəmalüddövlə
məktubları"nın
Avropada çapı üçün çox ciddi səylər göstərmişlər. M.F.Axundzadəni
Müsyö Nikolai ilə
tanış etməkdən də əsas məqsəd "Kəmalıddövlə məktubları"nın
fransız və ümumiyyətlə, Avropa
dillərinə tərcüməsi
və çapı işinə fransız diplomatı cəlb etmək olmuşdur. Məktublardan görünür ki, Müsyö Nikolai bu işi məmnuniyyətlə
öz üzərinə
götürür, lakin
sonradan M.F.Axundzadə
Tiflisdə fransız dili üzrə mütəxəssis-tərcüməçi tapdığından əsəri
Parisə göndərəsi
olmur. Hər iki şəxs
arasındakı məktublaşmalar
bir çox cəhətdən diqqəti
cəlb edir. Həmin məktublar, hər şeydən əvvəl,
M.F.Axundzadənin müasirləri
ilə münasibətlərinin
ən səciyyəvi
cəhətlərini əks
etdirir. Burada məqsəd başqa
olduğundan təfərrüata
varmaq istəmirik.
Parisə göndərilən
teleqram isə bir-biri ilə qiyabi tanış
olan M.F.Axundzadə ilə Müsyö Nikolai arasında üç il ərzində ən səmimi münasibətlərin yarandığından
xəbər verir.
Teleqramda soyadları çəkilən
Nubarov və Yüzbaşov barədə. Onların hər
ikisi ermənidir və M.F.Axundzadə ilə eyni dövrdə
canişinlikdə tərcüməçi
işləmişlər. Ümumiyyətlə, M.F.Axundzadədən əvvəl və sonra da canişinlikdə
milliyyətcə ermənilər
çalışmışlar. A.Bakıxanovla bir yerdə
işləmiş Mirzəcan
Mədədov və Şamirxan Bəylərov da erməni idilər. Müxtəlif
elmi ədəbiyyatlardan,
eləcə də M.F.Axundzadəyə aid materiallardan
aydın görünür
ki, canişinlikdə ermənilərə xüsusi
isti münasibət olmuş, özləri sağlıqlarında ikən,
öləndən sonra
isə ailələri
hər cür qayğı ilə əhatə olunmuşlar. M.F.Axundzadənin Parisə göndərdiyi
teleqramın surətində
soyadı göstərilən
Nubarov belələrindən
idi. Bunu Tubu xanımın Qafqaz canişini vəzifəsini icra edən şəxsə 6
mart 1879-cu il tarixli ərizəsi də sübut edir. Tubu xanım
ərizədə artıq
borca düşdüyünü,
Brüsseldə oxuyan oğlu Rəşidə məhz aldığı borclar hesabına pul göndərə bildiyini, Baş İdarənin ona yardımdan imtina etdiyini qeyd etdikdən
sonra M.F.Axundzadəyə
canişinlikdən göstərilən
münasibəti vurğulayır:
"Bunu da əlavə edirəm ki, onunla (M.F.Axundzadə
ilə - Ş.Ş.) həmqatar
olanlardan - Məliknubarovun
ailəsinə əlavə
təqaüd təyin
olunmuş və hələ öz sağlığında beş
yüz desyatin ölçüsündə torpaq
ayrılmışdır ki,
bu da uşaqlarını
az-çox təmin etmişdir. Lakin belə bir mərhəmət
nə mənim ərimin sağlığında
ona, nə də onun vəfatından
sonra mənə göstərilmişdir..." M.F.Axundzadənin
ölümündən sonra
rəsmi dairələr
tərəfindən ailəsinə
göstərilən münasibətdən
bəhs edən tədqiqatçı İ.Yenikolopov
yazırdı: "Arxiv
materiallarına baxdıqda
məlum olur ki, Mirzə Fətəlinin qadını
Tubu xanımın öz ricasına görə, canişin
"həzrətləri" əmr "humayunu" ilə ona ildə 257 manat 50 qəpik pensiya əta buyurmuşdur. Bu 257 manat 50 qəpik tamamilə istehza demək deyilmi? Böyük ədibə qarşı o
vaxtlarda göstərilən
rəftar bundan ibarət idi". Təbii, belə rəftarın nəticəsi
idi ki, "baş idarədə müsəlmanlarla bağlı
tərcümələrdən baş çıxara bilməyən Nubarov və Yüzbaşov"un vəzifələrinə
toxunulmadığı halda,
M.F.Axundzadənin vəzifəsini
ləğv etmək barədə düşünürdülər...
Nəhayət, Nikolainin M.F.Axundzadəyə
kömək üçün
müraciət etməli
olduğu knyaz Muxranski barədə. Tarixi-hərbi mənbələrin verdiyi
məlumatlara görə,
Muxranski soyadı gürcü çar nəsli olan Baqrationilərə bağlıdır.
Bu nəsil içərisindən
xeyli tanınmış
şəxsiyyətlər və
hərbçilər çıxmışdır.
Onlardan iki nəfəri -
general-mayor Qriqori İvanoviç
Baqration-Muxranski (1787-1861) və
onun qardaşı oğlu, general-leytenant İvan Konstantinoviç Baqration-Muxranski (1812-1895) M.F.Axundzadənin
müasirləri olmuşlar.
Qeyd edək ki, İ.K.Baqration-Muxranski
general-leytenant Konstantin İvanoviç
Baqration-Muxranskinin oğludur.
M.F.Axundzadənin hər iki generalla - əmi və qardaşoğlu ilə tanışlığını
güman etmək olar. Bu barədə
ortada dəqiq fakt olmasa da,
məntiqi dəlillər
bunu söyləməyə
əsas verir. Çünki hər iki
general hərbi xidmətdə
olduğu dövrdə
M.F.Axundzadə Qafqaz qeyri-nizami ordusunun zabiti idi.
Əmi - Q.İ.Baqration-Muxranski (1787-1861) hərbçi ştabs-kapitan kimi 1822-ci ildə istefaya çıxsa da, 1826-cı ildə yenidən hərbi xidmətə qayıtmış, Rusiya-İran (1826-1828), Rusiya-Türkiyə (1828-1829) və dağlılara qarşı müharibələrdə iştirak etmiş, Kubana və Çeçenistana yürüşlərin iştirakçısı olmuşdur. 1848-ci ildə Stavropol qəzası müsəlman xalqlarının baş pristavı, 1850-ci ildə Car-Balakən dairəsi rəisinin köməkçisi təyin edilmişdir. 1850-ci ildə general-mayor rütbəsi almışdır. Knyaz Seretelinin qızı ilə evlənmiş, lakin uşaqları olmamışdır. Q.İ.Baqration Muxranski 26 fevral 1861-ci ildə vəfat etmişdir.
Qardaşoğlu - İ.K.Baqration-Muxranski əmisinin ali hərbi təhsil aldığı məktəbi bitirmiş, 1830-1881-ci illərdə yarıməsrlik bir dövrdə çar ordusunda xidmət etmişdir. İrəvan 13-cü leyb-qrenadyor polkunun, Qafqaz ehtiyat-qrenadyor briqadasının və 18-ci piyada diviziyanın komandiri olmuşdur. Dağıstanda Şamil hərəkatının yatırılmasında, Şeyx Şamilin sərkərdələri Daniel bəyə və Hacı Murada qarşı döyüşlərdə fəal iştirak etmiş və dəfələrlə imperiyanın ən ali mükafatları ilə təltif olunmuş, 1857-ci ildə 45 yaşında general-leytenant rütbəsinə layiq görülmüş, 1881-ci ildə istefaya çıxmışdır. İ.K.Baqration-Muxranski İmperator Rusiya Kənd Təsərrüfatı Cəmiyyəti Qafqaz Şöbəsinin əsasını qoyanlardan biri olmuşdur. 11 mart 1895-ci ildə vəfat etmiş və Msxeta şəhərində dəfn edilmişdir.
İndi isə M.F.Axundzadənin Parisə göndərdiyi teleqramdakı Muxranskinin məhz kimliyi barədə. M.F.Axundzadə Nikolaidən hansı Muxranskiyə, əmi - Q.İ.Baqration-Muxranskiyə, yoxsa qardaşoğlu- İ.K.Baqration-Muxranskiyə teleqram göndərməsini və özünün baş idarədəki vəzifəsində saxlanılmasını xahiş edirdi? Bu sualın cavabını tapmaq üçün M.F.Axundzadə ilə Müsyö Nikolainin məktublaşmaları bizə açar verir. Əmi Q.İ.Baqration-Muxranskinin 1861-ci ildə vəfat etdiyini, həmin dövrdə M.F.Axundzadə ilə Müsyö Nikolai arasında tanışlıq olmadığını nəzərə alsaq, teleqramda soyadı keçən Muxranskinin qardaşoğlu - general-leytenant İvan Konstantinoviç Baqration-Muxranski olduğu aydınlaşır. Əvvəldə qeyd etmişdik ki, Parisə göndərilən teleqramın surətində tarix yoxdur. Nəzərə alsaq ki, M.F.Axundzadə Müsyö Nikolaiyə ilk məktubunu 6 dekabr 1872-ci ildə yazmış, Müsyö Nikolaidən bizim ədibə Tehrandan göndərilən əldə olan sonuncu məktub isə 5 aprel 1875-ci il tarixinə təsadüf edir, deməli, M.F.Axundzadənin dostuna teleqramı 1875-ci ildən sonraya təsadüf edir. Çünki əldə olan məktublarda M.F.Axundzadənin çətin vəziyyətə düşməsi ilə bağlı heç nə yoxdur.
Beləliklə, ortada olan arxiv sənədlərinə və epistolyar irsə istinadən söyləyə bilərik ki, M.F.Axundzadə heç vaxt qulluğundan uzaqlaşdırılmamış, lakin belə bir təhlükə olduğu zaman dostu, fransız diplomat Müsyö Nikolaiyə ona yardım göstərməsi üçün teleqram göndərmişdi. Görünür, Müsyö Nikolai dostunun xahişini yerinə yetirmişdi...
Şahbaz ŞAMIOĞLU (MUSAYEV)
Filologiya üzrə fəlsəfə
doktoru, dosent
525-ci qəzet.- 2015.- 13 oktyabr.- S.6.