Azərbaycanın sığorta-pensiya sistemi

 

AZƏRBAYCANIN SIĞORTA-PENSİYA SİSTEMİ ÖLKƏ ƏHALİSİNİN 45 FAİZDƏN ÇOX HİSSƏSİNİ ƏHATƏ EDİR

 

Prezident İlham Əliyevin uğurla reallaşdırdığı sürətli inkişaf strategiyası nəticəsində dayanıqlı makroiqtisadi sabitlik və davamlı iqtisadi artım təmin olunub, ölkəmizdə əhalinin rifah halının yüksəldilməsi və güclü sosial müdafiə sisteminin qurulması sahəsində əsaslı uğurlar qazanılıb. Bir çox ölkələrin iqtisadi böhran yaşadığı hazırki dönəmdə Azərbaycan iqtisadiyyatı sabit addımlarla irəliləyir ki, bu da sosial proqramların uğurla reallaşdırılmasına təminat verir.

 

Bu kontekstdə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərclərinin icrası, sığorta-pensiya sistemində beynəlxalq standartların tətbiqi və əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri 2015-ci ilin yanvar-sentyabr aylarında da uğurla davam etdirilib.

 

Azərbaycanın pensiya sistemi iqtisadi həyatın pensiyaçıların sosial müdafiəsi ilə uzlaşdırılmasını təmin edir

 

Azərbaycanın iqtisadi həyatı ilə pensiyaçıların sosial müdafiəsinin bazar iqtisadiyyatı prinsipləri əsasında əlaqələndirilməsi siyasətinin uğurlu icrası nəticəsində mövcud maliyyə imkanlarının ölkə əhalisinin 13,5 faizini təşkil edən pensiyaçılar arasında ədalətli bölgüsünə nail olunub və onların yoxsulluq problemi əsaslı şəkildə öz həllini tapıb. 2015-ci ilin 9 ayının nəticələrinə görə yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 195,6 manatdır və ölkə üzrə orta aylıq əmək haqqının 43 faizini təşkil edir ki, bu da beynəlxalq standartlara uyğundur. Hazırda pensiyaların orta aylıq məbləği pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələyir, halbuki 2003-cü ildə bu göstərici yoxsulluq həddindən 2 dəfə aşağı məbləğlə ifadə olunurdu.

 

Ölkəmizdə iqtisadi həyatın pensiyaçıların sosial müdafiəsi ilə uzlaşdırılmasının davamlı inkişaf tələblərinə cavab verən çevik modeli fəaliyyət göstərir ki, bu əsasda formalaşan Dövlət Sosial Müdafiə Fondunun büdcəsi makroiqtisadi sabitlik və iqtisadiyyatın dinamik inkişafı nəticəsində əldə olunan potensialın əhəmiyyətli hissəsinin pensiyaçıların sosial müdafiəsinə yönəldilməsi mexanizmini ifadə edir. 2015-ci ilin yanvar-sentyabr aylarında Fondun gəlirləri  ötən ilin müvafiq dövrünə nisbətən 31,5 mln. manat artaraq 2185,2 mln. manata yüksəlib. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1304,7 mln. manat təşkil edib ki, bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 5,0 faiz və ya 62,0 mln. manat çoxdur.

 

Pensiyaların və fərdi hesablara toplanan sosial sığorta kapitallarının inflyasiya nəzərə alınmaqla hər il indeksləşdirilməsi isə sistemin mənfi fiskal təsirlərdən səmərəli şəkildə qorunmasını təmin edir. Bu tədbir 2015-ci ildə də davam etdirilib və Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən cari ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 1,4 faizlik artım tətbiq olunub.

 

Qeyri-büdcə sahəsindən toplanan sosial sığorta haqlarının artımı nəticəsində dövlət büdcəsi transfertinin xüsusi çəkisi azalıb

 

2015-ci ilin 9 ayında sosial sığorta haqlarının 65,0 faizi və ya 847,9 mln. manatı qeyri-büdcə sektorundan daxil olub ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,4 faiz və ya 43,4 mln. manat artıqdır. Qeyri-büdcə daxilolmalarının artımı Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi genişmiqyaslı islahat tədbirləri nəticəsində ölkədəki orta aylıq əməkhaqqının artımı, daimi yeni iş yerlərinin yaradılması və əməkhaqlarının leqallaşdırılması dərəcəsinin yüksəldilməsinin birbaşa təsirinin göstəricisidir. Bu artım tendensiyası, eyni zamanda, dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fonduna ayrılan transfertin ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,5 milyon manat azalmasına səbəb olub.

 

Büdcədən maliyyələşən təşkilatlardan daxil olmuş sosial sığorta haqqının məbləği 456,7 mln. manat təşkil edib. Dövlət büdcəsinin transferti proqnozla nəzərdə tutulduğu məbləğdə, yəni 876,1 mln. manat həcmində Fondun hesabına daxil olub. Fondun sair gəlirlər (sanatoriya-kurort yollayışlarının qismən dəyərinin ödənilməsi və s.) üzrə daxilolmaları 4,5 mln. manat təşkil edib.

 

Sosial sığorta sistemində iş tirakçıların aktivliyi artırılır

 

Cari ilin yanvar-sentyabr aylarında sığortaolunanların fərdi uçot sisteminin qurulması tədbirləri davam etdirilib və 1 oktyabr 2015-ci il tarixə sosial sığorta nömrəsi verilmiş və fərdi hesab açılmış sığortaolunanların sayı 3 milyon 136 min nəfəri ötüb. Fərdi uçot sistemində qeydiyyata alınan sığortaolunanların sayı ilin əvvəlinə nisbətən 160,1 min nəfər artıb ki, bu da ölkədəki iqtisadi inkişafa uyğun olaraq daimi yeni iş yerlərinin yaradılmasının, habelə sosial sığorta sistemində təbliğat işlərinin gücləndirilməsi və iştirakçıların aktivliyinin artırılmasının göstəricisidir. Eyni zamanda, sığortaedənlərdən məcburi dövlət sosial sığorta haqları üzrə sığortaolunanlar haqqında məlumatların qəbulu prosesi aparılıb, Fondun internet saytında fərdi şəxsi hesablarda əks olunan məcburi dövlət sosial sığorta haqlarının məbləği barədə sığortaolunanların məlumatlandırılması xidməti fəaliyyətini davam etdirib.

 

Cari ilin 9 ayı ərzində Dövlət Sosial Müdafiə Fonduna daxilolmaların səviyyəsi pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib

 

Cari ilin 9 ayı ərzində Dövlət Sosial Müdafiə Fondu tərəfindən əhaliyə ödənişlərin məbləği 2152,9 mln. manat təşkil edib. Əhaliyə ödənişlərin 97,5 faizi və yaxud 2098,2 mln.manatı əmək pensiyaları ilə bağlı xərclərin maliyyələşdirilməsinə yönəldilib.  Məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər isə 54,7 mln. manat təşkil etməklə əhaliyə ödənişlərin 2,5 faizi həcmində olub.

 

Əldə edilmiş maliyyə imkanlarının nəticəsində əhaliyə pensiya və müavinətlərin ödənişinin hər ay qrafikdən əvvəl reallaşdırılması təmin olunub.

 

Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcə layihəsi pensiyaçıların sosial müdafiəsinin daha da gücləndirilməsinə istiqamətlənib.

 

Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il üçün proqnozlaşdırılan 3 milyard 78,6 milyon manat gəlirlərinin 64,3 faizini sosial sığorta daxilolmaları və digər gəlirlər təşkil edəcək, dövlət büdcəsi transfertinin xüsusi çəkisi isə 35,7 faiz olacaqdır. 2016-cı ildə dövlət büdcəsindən Fonda transfertin məbləği cari ildə olduğu kimi 1,1 milyard manat təşkil edəcək və gələn il üçün xərclər üzrə nəzərdə tutulan artım toplanan sosial sığorta haqları hesabına qarşılanacaqdır. Bu göstəricilər çətin proqnozlaşdırılan qlobal iqtisadi proseslər fonunda ölkəmizdə təmin olunan dayanıqlı inkişafın və əhalinin gəlirlərinin artım dinamikasının əyani təzahürü kimi sosial sığorta haqları üzrə proqnozlarda öz əksini tapır.

 

Fondun 2016-cı il üçün büdcəsi layihəsində xərclərin 3 milyard 11,2 milyon manatının əhaliyə ödənişlərə, 20,0 mln. manatının pensiya və müavinətlərin əhaliyə çatdırılması və bank əməliyyatlarının aparılması üzrə xidmət haqlarına, 19,1 mln. manatının sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdirilən xərclərə, 27,0 mln. manatının Fondun aparatının və onun yerli orqanlarının saxlanılmasına, 40 min manatının beynəlxalq təşkilatlara üzvlük haqlarına, 1,3 mln. manatının Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında 2004-cü il 23 sentyabr tarixdə imzalanmış və Azərbaycan Respublikasının Prezidentinin 2004-cü il 11 noyabr tarixli 518 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "İnkişaf üçün Kredit Sazişi"nə əsasən "Pensiya və sosial təminat" layihəsi üzrə kreditin qaytarılmasına yönəldilməsi nəzərdə tutulub. Əhaliyə ödənişlərin 97,1%-ni və ya 2 milyard 923,6 milyon manatını əmək pensiyalarının ödənilməsi üzrə xərclər, 2,9%-ni və ya 87,6 milyon manatını isə müavinət xərcləri təşkil edəcəkdir.

 

Dövlət Sosial Müdafiə Fondunun elektron xidmətlərindən istifadə sayı 2,2 dəfə artıb

 

Dövlət Sosial Müdafiə Fondu tərəfindən vətəndaşlara və təşkilatlara göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və bu xidmətlərin təqdim edilmə müddətinin azaldılması məqsədilə informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi nəticəsində bütün mövcud proseslərin, yəni həm məcburi dövlət sosial sığorta haqlarının toplanması və fərdi uçotunun qurulması, həm pensiyaların məbləğinin hesablanması, həm də pensiyaların ödənişinin avtomatlaşdırılması daha da inkişaf etdirilib. Hazırda Azərbaycanın sığorta-pensiya sistemi ölkə əhalisinin 45 faizdən çox hissəsini əhatə edir və Fondun məlumat bazasında 1 milyon 293 min pensiyaçı, 3 milyon 136 min sığortaolunan barədə müvafiq məlumatlar toplanıb.

 

Cari il ərzində Fond tərəfindən əhaliyə göstərilən elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi sahəsində ardıcıl tədbirlər davam etdirilib. 2015-ci ilin 9 ayı ərzində Fondun 3 yeni elektron xidməti aktivləşdirilərək "Elektron hökumət" portalına inteqrasiya edilib. Dövlət Sosial Müdafiə Fondu tərəfindən əhaliyə göstərilən xidmətlərin innovativ yeniliklər və müasir texnologiyalar əsasında səmərəli təşkili və təkmilləşdirilməsi işinin uğurla davam etdirilməsi nəticəsində "Elektron hökumət" portalının statistikasına əsasən Dövlət Sosial Müdafiə Fondunun göstərdiyi elektron xidmətlər ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutur.

 

2015-ci ilin yanvar-sentyabr aylarında Dövlət Sosial Müdafiə Fondunun öz saytı, "Elektron hökümət portalı" və "Elektron ödəniş portalı" vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 2 milyona yaxın istifadə sayı qeydə alınıb ki, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən 2,2 dəfə çoxdur. Dünya Bankının "Doing Business 2015" hesabatına əsasən, Azərbaycan məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sisteminin avtomatlaşdırılması nəticəsində 32 pillə irəliləyib. Bu, ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə ən yüksək göstəricidir.

 

Pensiyaların təyini və ödənişinin avtomatlaşdırılması sistemi daha da genişləndirilib

 

2015-ci ildə pensiya təyinatının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən "Mərkəzi Çağrı Sistemi" ("190-0" nömrəli telefon məlumat xidməti) vasitəsi ilə həyata keçirilməsi, habelə "ASAN xidmət" mərkəzlərində əmək pensiyalarının təyinatı xidmətinin təşkili işi daha da genişləndirilib. Hesabat ili ərzində pensiyaların plastik kartlarla ödənişinin kənd yerlərində yaşayan pensiyaçıları əhatə etməsi tədbirləri davam etdirilib. Hazırda pensiyaçıların 100 faizinin pensiyasının plastik kartlarla ödənilməsi, bu məqsədlə ümumilikdə 881, o cümlədən, kənd və qəsəbələrdə 210 bankomatın istifadəsi təmin olunub.

 

Elektron xidmətlərdən istifadənin təşviqi və maarifləndirmə tədbirləri nəticəsində vətəndaş müraciətləri əhəmiyyətli şəkildə azalıb 

 

Dövlət Sosial Müdafiə Fondunda vətəndaşlarla işin səmərəliliyinin daha da artırılması, fəaliyyətinin avtomatlaşdırılması və maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində 2015-ci ilin 9 ayı ərzində Fondun Aparatına vətəndaşlardan daxil olan müraciətlərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz azalıb.

 

DSMF müasir informasiya texnologiyalarından istifadə etməklə interaktiv və informativ elektron xidmətlər vasitəsilə əhalini maraqlandıran, sığorta-pensiya sisteminə aid bütün məsələlərə aydınlıq gətirir. Bu sahədəki fəaliyyətin gücləndirilməsi məqsədilə 2015-ci ilin 9 ayı ərzində çoxsaylı mərkəzi və regional təqdimatlar təşkil olunub. Bununla yanaşı "Fərdi uçot əsaslı sosial sığorta sistemində iştirakınız etibarlı pensiya  təminatınızdır" mövzusunda KİV arasında müsabiqə keçirilib. Həmçinin elektron xidmətlər mövzusunda xüsusi reklam çarxı hazırlanaraq televiziya kanallarında yayımlanıb. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin hesabatlarının elektron formada qəbulunu təmin etmək məqsədilə Fondun bütün yerli orqanlarında yardım masaları fəaliyyət göstərir. Vətəndaşların müraciətlərinə elektron qaydada baxılması üç istiqamət üzrə - Fondun saytında yerləşdirilmiş sual-cavab bölməsi, vətəndaşlar tərəfindən Fondun saytında birbaşa ünvanlanan məktub və 190 nömrəli "Çağrı Mərkəzi" vasitəsi ilə həyata keçirilir. Son təkmilləşdirilmə tədbirləri nəticəsində Fondun Çağrı Mərkəzinin fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları"nın tələblərinə uyğunlaşdırılıb və Çağrı Mərkəzi aprel ayından xüsusi avadanlıqla və avtomatlaşdırılmış sistemlə təchiz olunmuş müasir əsaslı yeni xidmət zalında fəaliyyət göstərir. Çoxkanallı avadanlıqlarla təchiz olunmuş Çağrı Mərkəzi ilə ölkə ərazisində bütün sabit və mobil telekommunikasiya şəbəkələrindən birbaşa əlaqə saxlamaq mümkündür. Dövlət Sosial Müdafiə Fondunun Çağrı Mərkəzi universal telefon məlumat xidmətinə inteqrasiya olunub və hazırda bu məlumat xidməti üzərindən zəng vuran sahibkarlara məcburi dövlət sosial sığortası və elektron xidmət bölmələri üzrə telefon məlumat xidməti göstərilməsi həyata keçirilir.

 

Azərbaycanın sığorta-pensiya sistemində aparılan islahatlar Beynəlxalq Sosial Təminat Assosiasiyasının diqqət mərkəzindədir

 

Dövlət Sosial Müdafiə Fondunun uğurlu fəaliyyət sahələrindən biri də beynəlxalq əməkdaşlıqdır. Bu istiqamətdə Beynəlxalq Sosial Təminat Assosiasiyası ilə əməkdaşlıq əsas prioritetlərdəndir. Qeyd edək ki, Azərbaycanın sığorta-pensiya modelinin nüfuzlu beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən yüksək qiymətləndirilməsinin nəticəsi kimi, 2004-cü ildə ölkəmiz Beynəlxalq Sosial Təminat Assosiasiyasının büro üzvü seçilib, 2007-ci ildən Assosiasiyanın Avropa Şəbəkəsi Rəhbər Komitəsinin üzvüdür və 2013-cü ildə təkrarən Rəhbər Komitəyə üzv seçilib. 2011-ci ilin iyun ayında Bakı şəhərində BSTA-nın Avrasiya regionu üzrə Əlaqələndirmə Mərkəzi açılıb. Azərbaycan Assosiasiya çərçivəsində yüksək səviyyəli qərarların qəbul edilməsində xüsusi rola malikdir. Ölkəmiz BSTA-nın bir çox beynəlxalq tədbirlərinə ev sahibliyi edib.

 

Fond BSTA-nın üzv təşkilatların bir araya gətirilməsi, sosial müdafiə sahəsində müasir prinsip və mexanizmlərin, texnologiyaların tətbiqi, biliklərin və ən yaxşı təcrübələrin yayılmasında mühüm rol oynayan müxtəlif tədbirlərində fəal təmsil olunur, pensiya təminatı üzrə beynəlxalq tendensiyalar və meydana çıxan aktual məsələlərə dair müzakirələrdə iştirak edir, könüllü sosial sığortalama və pensiya sistemində aktuar tədqiqatların aparılması və digər məsələlərlə bağlı dünya ölkələrinin təcrübəsini öyrənir.

 

Dövlət Sosial Müdafiə Fondu üzrə dövlət qulluğuna müsabiqə yolu ilə qəbul davam edir

 

Ölkəmizdə dövlət qulluqçularının ən çox çalışdığı orqanlardan biri də Dövlət Sosial Müdafiə Fondudur və onların arasında gənclər üstünlük təşkil edir. Fond dövlət qulluğu üçün kadrların müsabiqə və müsahibə əsasında seçilməsi sahəsində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə əməkdaşlıq edir. Təkcə cari ilin may ayı ərzində vakant yerlər üzrə müsabiqənin test və müsahibə mərhələlərində uğur qazanan 68 gənc aidiyyatı vəzifələrə təyin olunub. Fond gənc dövlət qulluqçularına dövlət idarəçilik təcrübəsinin öyrədilməsi və onların peşəkarlıq səviyyəsinin artırılması sahəsində ardıcıl işlər həyata keçirir.

 

Fond üzrə mövcud vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün növbəti müsabiqə cari ilin avqust ayında elan edilib. Hazırda davam edən müsabiqə çərçivəsində 193 yer üçün 687 nəfər ərizə ilə müraciət edib.

 

Sığorta-pensiya islahatları yeni mərhələdə

 

Ölkəmizdə vahid prinsiplər əsasında fəaliyyət göstərən və bütün işləyən əhalini əhatə edən, pensiyaların məbləğinin sistemə ödənilmiş sosial sığorta haqlarına bağlı olduğu, müasir çağırışlara çevik reaksiya verən sığorta-pensiya sisteminin inkişafı nəticəsində beynəlxalq təcrübədə pensiya sistemləri qarşısında qoyulan mühüm vəzifələrin həllinə nail olunub. Bütün bunlarla yanaşı, Azərbaycanda uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq məqsədilə milli pensiya sisteminin inkişafında beynəlxalq tendensiyaların nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması zəruridir. Qlobal çağırışların pensiya sistemləri qarşısına qoyduğu mühüm vəzifələr, eləcə də beynəlxalq təcrübədə iqtisadi inkişaf səviyyəsinə görə ayrı-ayrı ölkələrin pensiya sistemləri üzrə daha yüksək sosial hədəflərin həmin inkişafın yaratdığı bütün imkanlar cəlb olunmaqla əldə edildiyi nəzərə alınarsa, Azərbaycanda növbəti mərhələdə pensiya islahatlarının başlıca hədəfləri kimi:

 

birinci, şərti yığıma əsaslanan bölüşdürücü-həmrəylik sistemində uzunmüddətli dövr üçün maliyyə dayanıqlığına və sosial sığorta prinsiplərinin tam təşəkkül tapmasına nail olunması;

 

ikinci, vətəndaşlara əlavə pensiya təminatı imkanı verən mexanizmlərin formalaşdırılması gündəmə gəlir.

 

Bu sahədə mühüm vəzifələrin icrasını hədəfləyən və növbəti mərhələdə pensiya islahatının prioritet istiqamətlərini müəyyən edən "2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası"nda nəzərdə tutulmuş islahatların əsas məqsədini yaranmış yeni sosial-iqtisadi şəraitə uyğun olaraq pensiya təminatı sisteminin uzunmüddətli dövr üzrə maliyyə dayanıqlığına nail olunması, pensiya təminatının vətəndaşların sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etməsi təşkil edir. Bunlara nail olmaq üçün pensiya sistemində sığorta prinsiplərinin gücləndirilməsi və təyin olunan pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyinin təmin edilməsi, sığorta-pensiya sisteminin uzunmüddətli inkişafı üçün aktuar təhlillərə əsaslanan mexanizmlərin formalaşdırılması ilə yanaşı, əlavə pensiya təminatı imkanlarının yaradılması məqsədilə könüllü sosial sığortanın tətbiqi də islahatın əsas vəzifələri kimi çıxış edir.

 

Aktuar tədqiqatlara əsaslanan proqnozlaşdırma ilə bağlı müəyyən edilmiş vəzifənin icrası məqsədilə Fond tərəfindən müxtəlif strateji istiqamətlər üzrə kompleks tədbirlər həyata keçirilib və ölkədə mövcud pensiya sisteminə adaptasiya olunacaq aktuar modellərin müəyyənləşdirilməsi və tətbiqi ortamüddətli perspektivdə Fondun əsas strateji hədəfi kimi qəbul edilib. Ötən dövrdə Dövlət Sosial Müdafiə Fondu və Dünya Bankı arasında bu məsələ ilə bağlı geniş əməkdaşlıq edilib, qurumun mütəxəssisləri tərəfindən PROST modeli vasitəsilə müxtəlif pensiya sxemləri seçimlərinin simulyasiyaları əsasında ölkəmizin pensiya sisteminin mümkün inkişaf istiqamətlərinin proqnozlaşdırılması aparılıb.

 

Ölkəmizin pensiya təminatı sisteminin gələcək inkişafı ilə bağlı qarşıya qoyulan hədəflərin reallaşdırılması baxımından zəruri islahat tədbirləri sırasında mühüm əhəmiyyəti ön plana çəkilən üç başlıca istiqamət aşağıdakı kimidir.

 

Bunlardan birincisi pensiya təminatında sığorta prinsiplərinin gücləndirilməsini nəzərdə tutur və toplanan pensiya öhdəlikləri ilə yığılan maliyyə vəsaitlərinin balanslaşdırılmış tarazlığının təmin edilməsi, sistem iştirakçılarına münasibətdə ödənilən sosial sığorta haqlarının onun alacağı pensiya məbləğinə mütənasib olmasının gözlənilməsini təmin edən islahat tədbirləri ilə bağlıdır. Hazırda ödənilən cəmi sığorta haqqının yarısının fərdi hesablarda qeydiyyata alınması bu islahat tədbirini yüksək əməkhaqqından sosial sığorta haqları ödəyən şəxslərə münasibətdə daha aktual edir. Qeyd edilən halların aradan qaldırılması məqsədilə pensiya kapitalının formalaşmasında ödənilən sosial sığorta haqlarının tam məbləğdə nəzərə alınması kimi məsələlərə baxılması tövsiyə olunur ki, bu sosial sığorta ödəyicilərinə daha yüksək məbləğdə pensiya təyin olunmasına təminat verir.

 

İslahatların ikinci vacib istiqaməti dövlətin öhdəlikləri ilə pensiya sisteminin öhdəliklərinin maliyyə mənbələrinin fərqləndirilməsini əhatə edir. Belə ki, hazırda pensiya sistemində bir sıra ödənişlərin məcburi dövlət sosial sığorta haqları ilə bağlı olmaması pensiya sisteminin əlavə maliyyə öhdəliklərinin yaranmasına səbəb olub. Pensiya sistemi üzərində sığorta prinsiplərinə əsaslanmayan qeyd olunan  dövlət öhdəliklərinin maliyyələşdirilməsinə hər il büdcə transfertlərindən əlavə olaraq  sosial sığorta vəsaitləri də yönəldilir. Göstərilənlə əlaqədar, sığorta-pensiya sisteminin uzunmüddətli inkişaf dövrü üçün maliyyə dayanıqlığının daha da möhkəmləndirilməsi və bu sahədə səmərəliliyin  artırılması məqsədilə bölüşdürücü funksiya daşıyan şərti yığım sistemi çərçivəsində dövlətin öhdəlikləri ilə sığorta-pensiya sisteminin öhdəliklərinin fərqləndirilməsi zərurətə çevrilib. Bu tədbirin reallaşdırılması ilə sığorta-pensiya sisteminin əlavə sərbəst vəsaitlərə malik olması və bunun pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə yönəldilməsi hədəflənir.

 

Könüllü sosial sığortanın tətbiqi əsasında məcburi dövlət sosial sığortasından əlavə təminata imkan verən mexanizmlərin formalaşdırılması islahatların üçüncü vacib istiqamətini təşkil edir. Qeyd edilən islahat tədbiri əmək pensiyalarının könüllü yığım komponentinin fəallaşdırılması və qeyri-dövlət pensiya institutlarının inkişaf etdirilməsini, bununla da vətəndaşların pensiya təminatının gücləndirilməsinə əlavə imkanların yaradılmasını nəzərdə tutur. Könüllü sosial sığortanın tətbiqi mürəkkəb mərhələ olmaqla, ölkədə investisiya mühitindən, maliyyə və qiymətli kağızlar bazarının inkişafından və sığorta-pensiya sistemindən kənar digər amillərdən asılıdır və beynəlxalq təcrübə öyrənilməklə konseptual araşdırmaların aparılmasını zəruri etmişdir. Bu sahədə qəbul ediləcək qanunvericilikdə könüllü sosial sığorta haqlarının toplanması mexanizmləri, vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin fərdi uçotunun aparılması, idarəedici şirkətlərə olan tələblər, investisiya qaydaları, qeyri-dövlət pensiya fondlarının yaradılması və fəaliyyətinin təşkili, bu institutlarda öhdəliklərin yerinə yetirilməsi üçün adekvat və səmərəli təminat mexanizmlərinin formalaşdırılması və effektiv idarəetmə sisteminin tətbiqi, qeyri-dövlət pensiyalarının təyinatı, ödənilməsi, bu sahədə dövlət tənzimlənməsi və nəzarətinin əsas istiqamətləri və digər məsələlər öz əksini tapmalıdır. Bundan əlavə, könüllü sığortalanmanın stimullaşdırılması üçün bir sıra əlavə mexanizmlər tətbiq edilməlidir. Dövlət Sosial Müdafiə Fondunda reallaşdırılan layihə çərçivəsində beynəlxalq ekspertlər tərəfindən ölkəmizdə könüllü sosial sığortalanmanın tətbiqi sahəsində mütərəqqi dünya təcrübəsi əsasında hazırlanan normativ hüquqi bazanın yaxın vaxtlarda ictimaiyyətin müzakirəsinə təqdim olunması nəzərdə tutulub. "2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası"ndan irəli gələn vəzifələrin icrası məqsədilə Dövlət Sosial Müdafiə Fondunda xüsusi əlaqələndirmə komissiyası fəaliyyət göstərir və pensiya islahatları çərçivəsində zəruri tədbirlərin icrası fəaliyyət planına uyğun həyata keçirilməkdədir.

 

S.QULİYEVA

 

525-ci qəzet.- 2015.- 13 oktyabr.- S.4.