Natəvan Dəmirçioğlu
yaradıcılığı və Azərbaycançılıq
ideyası
Natəvan Dəmirçioğlu imzası hələ tələbəlikdən mənə
tanış idi. Odlar Yurdu Universitetinin
böyük akt zalında keçirilən
Beynəlxalq konfransların
birində bu qiyabi tanışlığın
əyaniyə çevrildiyi
o unudulmaz gün qəlbimdə hələ
illər sonra da xoş bir
təəssürat kimi
yaşayacaq.
Sonra onu həm də AzTV-nın Beynəlxalq Radiosunda şöbə müdiri, BDU-nun Jurnalistika
fakültəsinin müəllimi
və eyni zamanda ailəsinə, övladlarına son dərəcə
qayğıkeş, işgüzar
bir ana kimi
də daha yaxından tanıdım. Onun, əsl Azərbaycan qadınına xas olan xanımlığı,
səmimiyyət təcəlla
edən saf çöhrəsi bir daha onu deməyə
əsas verdi
ki, Natəvan Dəmirçioğlu bizim
milli-mental təfəkkürümüzün
axtarıb tapmaq istədiyi bütün ali məziyyətlərə
sahib olan bir şəxsiyyətdir.
Yazıçının "Birinci kitab" (povest və hekayələr ) adlı əsərlər toplusundan cəmi bir neçə günə böyük həvəslə oxuduğum
bir-birindən orijinal
"Səbət", "Yetim", " Üç
nöqtə", "Avey
əfsanəsi" kimi
maraqlı əsərlərində
müəllifin dili axıcı, zəngin və rəngarəngdir. Şübhəsiz ki, bu əsərlər barədə
kitabın girişində
ön söz yazmış AMEA-nın müxbir üzvü, professsor Nizami Cəfərovdan sonra söz söyləmək xeyli çətin və məsuliyyətlidir.
Lakin bir qələm əhli olaraq düşündüklərimi yazmağı
özümə borc bilirəm. Natəvan
Dəmirçioğlunun yaradıcılığını
hərtərəfli özündə
birləşdirən bircə
söz var:
AZƏRBAYCANÇILIQ. Böyük hərflərlə yazılan
və əsərlərin
ruhunu, mayasını təşkil edən bu kəlmə müəllifin yaradıcılığından
qırmızı xətlə
keçərək vətənpərvərlik,
xalqına, millətinə,
vətəninə sadiqlik
kimi ali
keyfiyyətləri özündə
ehtiva edir.
"Səbət"də müəllif səbət
sözünün bir neçə mənasını
açıqlayır, dilimizin
zənginliyinə işarə
edir. Səbət əsərdə həm ruzi, bolluq-bərəkət rəmzi
kimi qavranılır, eyni zamanda özünü
lovğa aparanın
"göydən səbətlə
düşmək" kimi
məcazı ilə təzadlaşdırılır. Müəllif adi məişət
əşyası olan səbəti əsərdə
elə simvolizə edir ki, səbət
insanın yaşam tərzinin göstəricisinə
çevrilir. İnsanın
həyatında səbət-
yəni dolanışıq
hansı mahiyyəti kəsb edir? Eyni zamanda insanın
mənəvi dünyası,
onun maddiyyatı ilə bir arada
ən müxtəlif aspektlərdən təqdim
olunur. Əsərdə Səbət həm
də geniş anlamda Yer kürəsini
simvollaşdırır. Əsərin personajları
- kişi -"İşgüzar
adam", qadın
-"Gözəlim" ümumiləşdirilmiş
obrazlardır.
Əsərdə bolluca folklor nümunələri, bayatılar,
el deyimləri, inanclar,
sınamalar yer alıb. Görünür, xalqımızın əsrlərdən bəri
qoruyub saxladığı
şifahi söz boğçası milli-məfkurəli
müəllifi daha çox cəlb edib və bu
əsərlərin məna
tutumuna bir qədər əlvanlıq
qatıb. Daha bir diqqətçəkən məqam
odur ki, müəllif yeri gəldikcə gah obrazlar vasitəsilə, gah da təhkiyənin
dili ilə oxucuya həm də tərbiyəvi, əxlaqi-didaktik lövhələr
təqdim edərək
bəzi vacib psixoloji məsələləri
işıqlandırır. "...Lovğalanma,
dostundan artıq görünməyə çalışma,
düşmənə yanıq
vermə, üzünə
təriflənməkdən qorx, inamlara inam gətir. Deyir üzərlik köməkdir,
bil ki, köməkdir.
Başına duz fırlayıb
suya atmaq qoruyur, bil ki,
qoruyur. Bir də özündən xoşun gələndə
"şeytana lənət
de"...
Göründüyü kimi müəllif insan xatakteri ilə təbiət hadisələri arasındakı
oxşar və fərqli cəhətləri
əks etdirərək,
maraqlı məqamların
bədii paralellərini
təqdim edir.
"Yetim" povestinə,
hələlik, Natəvan
Dəmirçioğlunun şah
əsəri hesab etmək olar. Bədii tutumu,
məna dərinliyi, obraz yeniliyi ilə diqqət çəkən əsər,
süjet baxımından
da olduqca maraqlıdır. Əsərdə obrazların təsviri ilə əhvalatların gedişi müəyyən
bir harmoniya, ahəngdarlıq təşkil
edir. Natəvan Dəmirçioğlunun dininə, dilinə, tanrısına qəlbən
bağlılıq kimi
keyfiyyətləri, təmiz,
saf türkçülük
ruhu və soykökünə, milliliyinə
sadiqlik hissi "Yetim"də də özünü qabarıq
büruzə verir.
"Yetim" əsərində müəllifi
düşündürən ən böyük faciə isə insanın Allahdan yetim qalmasıdır.
Ayıqdüşüncəli, həssas müəllif məhz "Yetim" əsərində olduqca bəşəri bir mövzuya toxunmaqla, bütün dövrlər üçün aktual olan ümumbəşəri məsələ qaldırıb: Şərin, şeytanın qarşısında yenilməmək, daxili gücünə və Tanrısına tapınmaq. "Özündən yetim qoyma məni!" nidası ilə təkrarən Tanrısına xitab edən müəllif bütün oxucularını, bütün gəncliyi bu çağırışa qoşulmağa səsləyib. Müəllifin nida dolu, hiss-həyəcan dolu bu çağırışında təbiiliklə yanaşı həm də gərgin bir ciddilik vəhdət təşkil edir. Əlbəttə, simvolik məna daşıyan "Yetim" əsəri həm də ikiqatlı, ikiplanlı təqdim olunur. Üst qatda dediyim kimi adi bir yetimdən bəhs olunsa da, ikinci qatda "Allahdan yetim qalmağın" xofu müəllifi dinc buraxmır. Müəllif əsərdə yenə də humanizm prinsiplərinə söykənərək gah müdrik bir insan kimi çıxış edir, öyüd-nəsihət verir, yol göstərir, gah təbillikdən, sadəlikdən danışır, gah da təcrübələrini oxucu ilə bölüşür: "Molla Feyzullah eşitdirmişdi ki, subay qocalan adamın günah yükündən onun ətrafındakılara, qohumlara da pay düşür. Subayları evləndirin. Ata-babalarımızın dərdini çəkməyin. Ən böyük kefi onlar görüblər. Ətrafla heç bir əlaqəsi, ünsiyyəti olmayan qadın, yığılmış enerji, xərclənməmiş emosiya deməkdi. Bizim ata-babalarımız bax, buna sahib olublar".
Müasirliklə milliliyin qovuşağında yaranan "Yetim" əsəri dil zənginliyi, təsvir və ifadə bolluğu ilə də diqqəti çəkir: "Qarını büküb beş yaşlı uşağın qucağına vermək olardı". (metonimiya) "Səni görüm ölmüyəsən, quruyub-quruyub quşca ətinə dönəsən", "Kəlağayı doqqazın eşik tərəfində, mafənin üstündə yellənirdi...Neçə yas görmüşdü bu baş örtüyü. Yiyəsinin ağladığı qədər duzlu göz yaşları udmuşdu ucları". "Dərd odur ki, bir millət Allahdan yetim qala"və s. Povestdə müəllif "Qəlp mal yiyəsinindir", "Allah səni göylər kimi dirəksiz saxlasın", "El içində, öl içində", “Erməni qan gördü!", "Müsəlmanın sonrakı ağlı", "İslanmışın yağışdan nə qorxusu" və sair bu kimi el deyimlərindən də yerli-yerində istifadə edib. Ara sözlər, dialekt və şivələr də əsərin bədii tutumuna əsla xələl gətirmir, əksinə onu bir az da rəngarəng və oxunaqlı edir.
Müasirləşmək, avropalaşmaq, sərbəst yaşamaq azadlıq anlamı kimi yozulsa da Natəvan Dəmirçioğlu əsla belə düşünmür. Görünür, avropalaşmaq sindromunun gənclər arasında bu qədər geniş yayılmasının daha hansı faciələrə yol açacağı müəllifi narahat edir. "Yetim "əsəri sanki bu boşluğu doldurmağa xidmət edir.
Sevindirici haldır ki, Natəvanın "Yetim" əsəri həm də qonşu, qardaş Türkiyədə də böyük maraqla qarşılanıb və kitab şəklində nəşr edilib.
Turançılıq, tanrıçılıq, totemist görüşlər, mifoloji düşüncə tərzi Natəvan Dəmirçioğlunun əsərlərinin əsas qayəsidir.
Qazaxda məşhur Avey dağının yaranması ilə bağlı yarı tarixi, yarı əfsanəvi rəvayətlər "Avey əfsanəsi" əsərinin süjetini təşkil edir. "Kəlağayı"nı isə müəllif Azərbaycan qadınlarının abır-həya, ismət, xanımlıq rəmzi kimi dəyərləndirib.
Natəvan Dəmirçioğluya uğurlar arzulayaraq bundan sonra da onun daha böyük layihələrə imza atacağına, seviləcəyinə və oxunacağına inanırıq.
Leyla
FƏRHADQIZI
Doktorant
525-ci qəzet.- 2015.- 14 oktyabr.- S.8.