Qaytar ata borcunu
Qonaqkənd məktubları
YURD
DƏRDİ
Qonaqkənd rayonunun kəndləri uzun illər ərzində boşalır,
artıq bir neçə evdən ibarət kəndlərin sayı çoxalır.
Gedənlərin nisgili, qalanların qayğısı üzündən
oxunur. Yurd sevgisi, yurd dərdi insanları danışdırır.
Hər dövrün
öncül çətinlikləri
olur. Bu çətinliklərin
həll edilməsi dövlətin, hökumətin
qarşısında duran
məsələyə çevrilir.
Yaradıcı insanlarımız problemin həlli üçün xalqın
diqqətini o sahəyə
yönəltmiş olur.
Yazıçı, şair cəmiyyətin ağrılı proseslərini
tez görür və hamını səfərbər etməyə
çalışır.
Bu baxımdan şair
Tofiq Nurəlinin yaradıcılığında özünü qabarıq
şəkildə göstərən
məsələ ötən
əsrin səksəninci
illərindən sonra tənəzzül edən
dağ kəndlərimizin
dağ dərdləridir. Babadağın
ətəklərində yerləşən
Yerfi kəndindən olan şair Tofiq Nurəlinin yaradıcılığında yurd sevgisi, yurd
dərdi aparıcı
bir xətt kimi davam edir:
Ata yurdlarına ağılar deyən,
Son kəndli şairi mənəm, bəlkə də...
Oğullar ata yurdlarını atıb gedirlər. Təkcə yurdumu?
Xeyr, atanı da, ananı da, onların boya-başa çatdırdıqları oğulları
haqqında arzularını
da. Doğrudanmı bu gedənlər
hamısı çörək
qazanmaq üçün
gedib?
Bəs onların
ata-babaları burda çörəyi necə
tapıb, necə yaşayıb? Onlar ata-babalarının yaşayış tərzini
bəyənmədilər, daha
çox qazanmaq, şan-şöhrət, var-dövlət
arzusu ilə baş götürüb getdilər. Bu balaca qara balıqlar
çox vaxt balinalara yem oldular. Kimi istəyinə çatdı,
kimininsə bəxti yatdı. Şəhərdə də dincliyə
yetişmədi, bütün
ömrü boyu çabaladı, axırda
kasıb gecəqondusunda
ömrünü başa
vurdu.
Cavanlar bu kəndi atıb
getdilər,
Şəhərlər səsləyib onları bir-bir...
Müqəddəs tutaraq ata yurdunu,
Atalar bu yurddan ayrıla bilmir.
Şair öz ata yurdunun
misalında həmyaşıdlarına
sözünü deyir. Ata mülkündən üz döndərənlərin diqqətini
doğma yerlərə
yönəldir. Tənha
qalmış evin, dağılmış hasarların,
alaq basmış bostanın, insan əlinə həsrət həyət-bacanın, boş
qalmış evin günahkarı kimi özünü danlayır:
Elə hönkürürdü bağlı
qapılar,
Havam çatışmırdı,
qəhər içirdim.
Bir xeyli oturub səkinin
üstdə,
İlk dəfə könlümdən
ölüm keçirdim...
Kənddə qalanlara elə gəlir ki, şəhərdəkilər kefdədir. Düzdür, maddiyyat, pul çox şeydir, amma hər şey
deyil. İnsan əlində olanın
qədrini bilmir.
İtirəndə dərk edir
ki, nələri itirmişdir. Şəhərə
gedən kəndli də çox gec - qocaldıqda başa düşür ki, o, pul qazanmağa
gəlmişdi, bu pulu qazandıqca özünün mənəvi
azadlığını, paklığını,
kəndin saf havasını, suyunu, torpağını, insanlarını,
ən başlıcası
Ata yurdunu, öz həyət-bacasını itirmiş,
əvəzində bir
gecəqondu, yaxud betondan hörülmüş
qutu evini qazanmışdır.
Eh, gör bir nələri
vermişəm bada..,
Gedən ki, qayıtmır, ha yan, ha qorul.
Mənim
bir adım var indi dünyada
-
Ata ocağını söndürən
oğul.
"Perspektivsiz ərazi" damğası vurulmuş bu torpaqlar ildən-ilə
boşalır, boş
qalan yurdları gördükcə şair
əlac axtarır:
Ay məndən böyüklər,
məndən kiçiklər,
Siz də yaşıdlarım, qayıdaq
geri.
Gəncliyi insana qaytarmaq olmur,
Bu kəndin gəncliyin qaytaraq geri...
Amma şöhrət, vəzifə,
var-dövlət eşqi
ilə şəhərə
üz tutmuş bu adamların az bir qismi öz imarətində
arxayın (guya) yaşayır, ata mülkünü aylarla, illərlə yada salmır. Oğlunun ərköyünlüyünə
görə on min, iyirmi
min xərcləyən ata,
doğulub boya-başa
çatdığı ata
mülkünə iki qutu rəngi də qıymır. Şair sanki belələri üçün
deyir:
O kənd adamları nə deyir görən,
Nankor cərgəsinə
düşdümü adım?!
Xoşbəxtlik ardınca şəhərlərə,
xarici ölkələrə
üz tutanların heç də hamısı xoşbəxt
olmur. Atanı, ananı, yurdu qız-gəlin ümidinə
qoyub xarici ölkələrə gedən,
başqa xalqların qızlarına xidmət edən, onlara övlad bəxş edən, manqurtlaşan, pis vəziyyətə qaldıqda yurd yadına düşən
"kişilər" səhvlərini
başa düşdüklərini
etiraf edirlər.
Sanasan xoşbəxtlik
varmı dünyada?!
Ey ata ocağı - Ey mənim dərdim!
ÖZÜNƏ
GÖRƏ TİK
Şəhərə yaxın kəndlərin birinə köçmüş bir kişi yaşının
ahıl çağlarında
belə nağıl edirdi:
- Yaşadığım kəndlə
şəhərin arası
10-15 dəqiqəlik yol
idi. Kənddə özümə yaxşı
şərait qurmuşdum.
Bir oğlum var idi. Arzularım oğlumu oxutmaq,
evləndirmək, ömür
boyu çalışıb
bu yurda sahib və normal bir ailə başçısı
kimi bu dünyadan
köçmək idi.
İllər ötdü. Oğlumu oxutdum, şəhərdə
işə düzəltdik.
Nəhayət evləndirdim, özümü
xoşbəxt sanırdım.
Nəvəm də oldu.
Nəyim
çatmırdı?
Bir gün hiss elədim ki, oğlum işə gedəndə, işdən gələndə
çox kefsiz görünür. Narahat oldum.
Nəhayət, oğlum
mızıldandı:
- Ay ata, yoruluram, bezirəm. Hər gün dur çıx yola, avtobus gözlə, bəzən basabas düşür, axşam da elə.
Başa düşdüm. Oğlum xüsusi maşın
istəyirdi. O ili pul düzəldib
maşın aldıq.
Bir neçə il
də ötdü. İndi iki oğlan nəvəm var idi. Uşaqlar məktəb yaşına
çatırdılar. Bir gün də gördüm ki, oğlum gəlinlə gah evdə, gah həyətdə pıçhapıçdır. Özləri
də elə bil getdikcə evdən soyuyurlar. Dözmədim, söhbət
əsnasında oğlum
fikrini açdı:
-Ay ata, mən hər
gün gəlib-getməkdən
inciyirəm. Onsuz da mənim işim şəhərdədir.
Deyirəm, köçüm oturum şəhərdə,
bu get-gəl də qurtarsın. Sonra da uşaqlar məktəbə getməlidirlər.
Qoy şəhərdə oxusunlar.
Oğlum bəyənmədiyi kənd məktəbində oxuyub vəzifə sahibi olmuşdu. Başa düşdüm ki, gedəni saxlamaq olmayacaq. Məcbur eləsəm, evdə həmişə qanıqaraçılıq olacaq.
Şəhərdə ev kirayə edib yaşadılar. Mən öz arzularımla və qarımla qaldım yurdda. Hərdənbir kəndə gəlirdilər. Bir neçə il də keçdi. Bir gün oğlum xəbər verdi ki, ata, ev yeri üçün torpaq almışam, gəl bax, sən nə məsləhət edirsən?
Səhəri getdim. Gördüm böyük bir ərazi çəpərə salınıb, bina atılır, qum, daş gətirilir.Oğlum dedi:
- Hə, ata, evi ikimərtəbə tikdirəcəyəm. Evin iki girişi olacaq. Fikrim budur ki, uşaqlar üçün darısqallıq olmasın. Hərənin öz evi, öz həyəti olsun.
Dedim: - Oğul, mən də arzu edib ev tikmişdim, indi boş qalıb. Nahaq bu qədər xərc töküb, bu boyda bina tikmə. Allah qoysa, oğlanların da böyüyüb biri Rusiyaya, biri Türkiyəyə gedəcək, yurdda özün qalacaqsan.
Mənə qulaq asırsansa, özünə görə tik.
Bu gün ata-anasını, yurdunu qoyub qaçan oğullar bilməlidirlər ki, bir gün də onları qoyub qaçacaqlar. Ata-ananın övladı ilə bağlı arzularını çilik-çilik edən, ata-anaya xidmətdən qaçan, kənddə özü üçün işləmək istəməyib, gedib özgə üçün işləyən, söz düşəndə bol-bol anadan, yurddan danışanları gördükdə şair Əli Kərim yada düşür və hiddətlə demək istəyirsən:
- Qaytar ata borcunu, o borc sənin özünsən, özünü qaytar geri...
Tahir HƏSƏNLİ
Quba rayonu, Yerfi kəndi
525-ci qəzet.-
2015.- 14 oktyabr.- S.8.