Fikrət Qoca gecəsi
OKTYABRIN 12-DƏ MÜSLÜM MAQOMAYEV ADINA AZƏRBAYCAN DÖVLƏT FİLARMONİYASINDA XALQ ŞAİRİ FİKRƏT QOCANIN 80 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏNTƏNƏLİ YUBİLEY GECƏSİ KEÇİRİLİB
Fikrət Qocanın bir neçə doğum
günü var. Biri - rəsmi sənədində
yazılmış gündü, biri - rəhmətlik
anasının yadında qalandı deyəsən, biri də...
Bu "ad günlərini" bir-bir izah eləmək,
yadda saxlamaq qəliz məsələdi. Amma məncə
Fikrət müəllim özü məhz may ayının 8-də
anadan olmasına inanır. Hə, 1992-ci il
may ayının 8-nə kimi buna inanırdı. Amma Şuşa işğal olandan sonra bu inamı zəiflədi,
azaldı, itdi. Çünki Fikrət Qoca ruhlu,
düşüncəli, əqidəli şair
üçün Şuşanı itirdiyimiz gün heç kim və heç nə yarana, doğula bilməz.
Hətta o özü belə... Ancaq ürəyi
titrədən, adamı iliyinəcən təsirləndirən
şeir yazıla bilər. Fikrət Qocanın şeirləri
kimi!
Fikrət
Qoca vətənpərvərdi! Filarmoniyada keçirilən
yubiley gecəsində bütün çıxış edənlərin
əsas vurğuladığı fikir bu oldu... Hələ tədbir
başlamamış, rəsmən açıq elan edilməmiş
Xalq yazıçısı Anar səhnəyə
çıxıb mikrafona yanaşır: "Bir azdan gecənin
rəsmi hissəsi başlayacaq, amma buna qədər mən
dostum Fikrətin bir xahişini sizlərə çatdırmaq
istəyirəm..." Zalda yüngülvari təlaş
yaranır, yəni yubilyar tədbirdə iştirak eləmir?!
Amma Anar müəllim kiçik müraciəti oxuyunca hər
şey aydın olur:
"Bu gün mənim günümdür. Mənim
yubileyimə yığışmışıq. Ona görə ürəyimdə göynəyən
sözü burda deməyə yalnız mənim səlahiyyətim
çatır. Lakin bu sözü deməyə nə səsimin
qüdrəti, nə
də ürəyimin dözümü çatmaz. Ona görə
Xalq yazıçımız, əlli beş
illik ürək dostum Anardan xahiş etdim, ədəbi-bədii
gecəyə başlamazdan əvvəl, vəhşi terrorun
törətdiyi faciənin bu üçüncü
günündə qardaş türk xalqına bir dəqiqə
sükutla başsağlığı verək. Xalqlarımız
bütün sınaqlardan vüqarla, zəfərlə, şərəflə
çıxıb. Həyat davam edir... "
Ayağa qalxıb Ankaradakı terror qurbanlarını bir
dəqiqəlik sükutla yad edirik. Və bir azdan tədbirin
rəsmi hissəsi başlanır. Əslində, ən
maraqlısı budur ki, Fikrət Qoca özü azad, sərbəst,
oxucusuna və indiki halda qonaqlarına məhrəm adam olduğu üçün ona həsr edilmiş
tədbirin rəsmi hissəsi də "qeyri-rəsmi", bədii
alınır.
Mədəniyyət
və turizm nazirinin müavini Ədalət Vəliyev
çıxışına şairin valideynləri haqda
sözləriylə başlayır, bu gün onların hər
ikisini - üzlərini görməsə belə -
düşündüyünü söyləyir: "Yəqin
ki, 1935-ci ildə Göyüş kişinin ailəsində o
zaman hələ körpə Fikrət dünyaya gələndə
onun böyük şair olacağını fikirləşmirdilər.
Amma körpənin xoşbəxtliyi haqqında
düşünürdülər, bunu arzulayırdılar.
Bu gün 80 yaşlı Fikrət Qoca həm
böyük şairdi, həm də xoşbəxtdi. Böyük şair olmasını hər birimiz
bilirik, onu oxuyuruq, duyuruq. Amma xoşbəxtdi
ona görə ki, bu cür sevilir, ailəsi, övladları
var, nəvələrinin, oxucularının, onu sevənlərin
əhatəsindədi. Amma bu xoşbəxtlik
də, şöhrət də, kitablar da, mükafatlar, ordenlər
də gərgin əməyin, zəhmətin nəticəsidir.
80 illik yolçuluqda minlərlə misra
şeir, onlarla kitab, yüzlərlə görüş, tədbir,
xarici ölkələrə səfərlər şairin bir
növ "yol yoldaşı" olublar. Və
mən tədbirdən əvvəl bütün bunlar haqda
düşünəndə Fikrət Qocanın valideynlərinin
xoşbəxt insanlar olmalarını da fikirləşdim.
O zaman, 1935-ci ildə onlar körpə övladlarına nə arzulaya bilərdilərsə,
Fikrət müəllim bu arzuları yüzqat artıq həyata
keçirdi, gerçəkləşdirdi. Yəqin
ki, onların ruhu bu gün şaddır!"
Çıxışının sonunda Ədalət Vəliyev
Fikrət müəllimlə 35 illik
tanışlığından, birgə səfərlərindən
danışır və lap axırda kiçik bir pauza
edib:"Var ol, Fikrət Qoca!" - deyir.
Ədalət müəllimin söylədiyi kimi, Fikrət
müəllim geridə qalan illərdə istedadı və zəhmətsevərliyi
sayəsində çox şeylər qazanıb. Amma elə bu
tədbirdə də əsas görünən odu ki, Fikrət
Qocanın ən böyük qazancı onun dostlarıdı.
Və heç şübhəsiz ki, bu
qazancının da arxasında zəhmət durur, sadəcə
şairdən ötrü Qasım bəy Zakir demiş,
"dost yolunda cəfa çəkmək, can üzmək"
də xoşdu.
Fikrət Qocanın ən yaxın dostu, həmdəmi,
sirdaşı Anar çıxır səhnəyə. Bayaqki gəlişinin
hüznü və dostunun xoş, şad gününün
nikbinliyi duyulur danışığından: "Fikrət
Qocanın 80 yaşı tamam olur. Amma o bu
yaşında da min cavana dəyən gəncdi. Fikrətin cavanlığı, onun
poeziyasının, ruhunun, qələmə aldığı əsərlərin
cavanlığıdı. O, Azərbaycanın
istiqlalı uğrunda öz qələmiylə, poeziyasıyla
ən böyük mübarizə aparan şailərimizdən
biridi. Fikrət Qoca Kubadan da, Vyetnamdan da, Afrikadan
da, onların azadlıq, istiqlal uğrunda mübarizəsindən
yaza bilərdi. Amma bütün bu şeirlərində
qəsd elədiyi Azərbaycanın müstəqilliyi, Azərbaycanın
azadlığıydı. Çünki o zaman ölkəmiz
azad deyildi və Fikrət öz şeirlərində bu dərdi
müxtəlif
xalqların dərdi kimi ifadə edirdi. Fikrətin
şeirlərinə səmimilik, yumor, bir az
da kədər xasdı. O, müxtəlif vəznlərdə
yazır - hecada da, əruzda da, sərbəstdə də
şeirləri var. Amma bütün bu şeirləri birləşdirən
cəhət onların yüksək poetik siqlətidir, yüksək
poetik çəkisidir. Bu gün Fikrət
bütün xəstəliklərə şeiriylə qalib gəlib,
şeiriylə onları tapdalayıb, üstündən
keçib, oxucularının, onu sevənlərin
qarşısında, arasındadır. Mən
də əziz qardaşımı ürəkdən təbrik
edirəm, gün o gün olsun ki, onun doğum günlərindən
növbətisini də doğma Şuşamızda keçirək".
Anar çıxışında Fikrət Qocanın
azadlıq aşiqi, istiqlal mücadili olmasını söyləyincə
şairin müxtəlif şeirlərindən misraları
yadıma salıram. Düzü mənə belə gəlir
ki, Fikrət müəllimin bu məsələlərə
yanaşması da özünəməxsusdu. Yəni xarakterinə xas olan təvazökarlıq, fərqlilik,
həlimlik bu mövzularda şeirlərində də
özünü göstərir. Fikrət Qoca yumruğunu
tribunanın kənarına döyəcləyib
"azadlıq", "istiqlal" - demir. Bu
barədə düşünməyə
çağırır. Və əslində
hər şeydən vacib olan da budur. Axı
bütün böyük, gözəl işlər elə
düşüncədən başlanır.
Qarsia
deyindi ki:
-Hava
yağış, yer palçıq,
Elə
bil qəhət olub
Bu
günlər, aylar, illər;
Heç
belə havada da
Adam
güllələyərlər?..
Zabit dedi - xoşbəxtsən.
Sən
deyinə bilirsən,
Biz qanunun lalıyıq.
Sənə
nə var, biz hələ
Geri qayıtmalıyıq.
Məhz yazımın bu yerində "Qarsia Lorkanın
son anları" şeirini yada salmağım əbəs
deyil. Anar müəllimin də dediyi kimi, Fikrət Qoca kimdən,
nədən, hardan yazır yazsın, özümüz
üçün yazır. Millətinin
düşüncəsinə, əqidəsinə, intellektinə
təsir edir. Və azadlıqdan
danışanda bu şeiri xatırlamamaq
mümkünsüzdü. Poeziyamızda azadlıq fəlsəfəsini,
müstəqillik məhfumunu bu cür orijinal şəkildə
ifadə edən az sayda şeir olar. Axı doğrudan da, hansı daha azaddı?
Güllələnməyə aparılan, amma deyinə,
sözünü deyə bilən Lorka, ya "qanunun
lalı" olan zabit?! Fikrət Qoca poeziyasında yüzlərlə bu cür fərqli,
dərin fəlsəfi məqamları, insanı saatlarla
düşündürəcək məsələləri
qabardan, üzə çıxaran şeirlər var. Həm də
qısa, az qala iki - üç misralıq şeirlər.
Biri
qaçaq olub, mərd olub,
Biri qoçaq olub, mərd olub.
Biri kasıb olub, mərd olub.
Bəs bu
namərdlər hardandır,
Bax, bu mənə
dərd olub...
Milli Məclisin Mədəniyyət komitəsinin sədri,
AMEA-nın müxbir üzvü Nizami Cəfərov bu
yuxarıda gətirdiyim misraları oxuyanda zal sürəkli
alqışlayır. Tamaşaçıların məhz bu
şeirə belə reaksiya verməsi maraqlıdı, fikirləşmək
üçün mövzudu. Çox güman ki, əsas
səbəb az sözlə çox şey
demək, həm də bu cür dəqiq deməkdi... Nizami Cəfərov
da məhz bunu vurğulayır: "Baxın, kiçik bir
şeirdə həm babalarımızdan danışır
şair, həm də nəvələrimizdən. Eyni zamanda da tərbiyə edir oxucusunu". Nizami müəllim 60-cı illərdə
poeziyaya gələn şairin qələminə illərin
heç təsir etmədiyini də söyləyir: "Fikrət
Qoca 60-cı illərdə necə enerjiylə, ruhla,
şövqlə işləyirdisə, indi də o cür davam
edir, o səviyyədə yazır. Bu
yaxınlarda "Azərbaycan" jurnalında yeni şeirlərini
oxudum və peyğəmbərlərə həsr olunmuş
şeiri mənə çox təsir elədi. Və bir daha anladım ki, Fikrət müəllimin qələmi
korşalmayıb, əvvəlkindən də itidir".
Nizami Cəfərov şairlə səfərlərindən də
danışır, Fikrət müəllimin səxavətli
olmasını, yol yoldaşı kimi diqqətini
vurğulayır: "Sonuncu Paris səfərimizdə Fikrət
müəllimdən daha gənc biri kimi ona qulluq eləmək
istəyirdim, amma o buna imkan vermirdi. Hər yerdə
qabağa düşürdü, hesabı ödəyirdi".
Şairin
başqa bir dostu, Moskvadan məxsusi bu tədbirə qatılmaq
üçün təşrif buyurmuş Azərbaycanın
Rusiyadakı səfiri, tanınmış müğənni və
bəstəkar Polad Bülbüloğlu isə birgə işlərindən,
yazdıqları mahnılardan söz açır: "Fikrət
Qoca yüzlərlə mahnı mətninin müəllifidir. Mənimlə də xeyli işləri var. Və onu
deyim ki, bəstəkar üçün onunla işləmək
rahatdı, gözəldi. Onunla ən
uğurlu mahnılarımız indi şənliklərdə,
toylarda çalınır, hətta xalq mahnıları kimi qəbul
olunur. Bir sənətkar üçün bundan gözəli
ola bilməz". Polad Bülbüloğlu
təbrikini mahnı ilə, "Gəl, ey səhər"lə
yekunlaşdırır:
O gözlər
kimi
Hər tərəf
qara...
Xalis Fikrət Qoca qələmidir, deyilmi? Hər tərəf zülmətə bürünsə də, qara olsa da "o gözlər kimi" qaradı. Axı gözlərin qaralığı, zülməti içində həm də böyük işıq var, nur var. Fikrət Qoca sözü də belədi. Orda zil-zülmət qaranlıq ola bilməz. Gözün işığı, nuru həmişə o sözün canında, qanındadı! Və o SƏHƏR də mütləq açılır, hər səhər açılır. Şairin öz həyatındakı qaranlıqlardan - xəstəliklərdən sonra açılan al-əlvan səhərlər kimi. Polad Bülbüloğlu ifasından sonra səhnəyə çıxan yubilyar bu al-əlvan səhərinə - oxucuları, onu sevənləri qarşısında sağ-salamat durduğuna görə minnətdarlıq borcunu ifadə edir: "Mən səhnəyə öz təşəkkür borcumu söyləməyə çıxdım. İllər öncə ciddi xəstələnmişdim və həyata yenidən qayıtmışdım.
Rəhmətlik Heydər Əliyevin bu işdə həssaslığını, köməyini hər kəs bilir. Bir də bu ilin əvvəlində növbəti belə təhlükə yaşadım. Əgər bir insanın, möhtərəm prezidentimiz İlham Əliyevin qayğısı, dəstəyi olmasaydı, bugünki tədbir başqa cür də keçə bilərdi. Səhnədə sadəcə şəklim asılardı, övladlarım zalda gözüyaşlı oturub haqqımda deyilənlərə qulaq asardılar. Amma məhz ölkə başçısının sayəsində ən yüksək səviyyədə müalicəmi aldım, sağaldım. Təsəvvür edirsiz, bütün bunlar azmış kimi, hələ üstəlik mənə "Şərəf" ordeni də verdi. Bütün bunlara görə minnətdarlığımı bildirirəm. Sizləri bura gətirən ürəkləriniz var olsun. Burda iştirak edən dostlarıma, onların ailələrinə də təşəkkür edirəm".
Fikrət müəllim həyatındakı ciddi zəlzələni o qədər rahat, yüngül, yumor qataraq danışır ki... Görünür, bu da təkcə özünün yox, həm də 80 rəqəminin "xasiyyətidir". İllər çox şeyə ironik, üstdən, rahat baxmağa kömək edir. Xalq artisti Mələkxanım Əyyubova "Küsüb məndən" oxuyur. Ramiz Mirişlinin bəstəsidir.
Dinlədikcə uzaq, soyuq Bişkek axşamını xatırlayıram. Azərbaycandan bir neçə nəfərlik heyətlə Anar müəllimin qırğız oxucularıyla görüşünə getmişdik. Elə ilk axşam, hələ tədbirlər başlamamış kiçik restoranların birində şam edirdik. Mələkxanım Əyyubova heyranlıqla, minnətdarlıqla Fikrət müəllimin mahnı mətnlərindən danışırdı. Hamımızın xahişiylə məhz "Küsüb məndən" mahnısından bir-iki ağız oxudu da. Məclisdəkilərin sevgisini, sözünə heyranlığını duyan Fikrət müəllimin sadəcə gözləri parıldayırdı, ayrı bir nəsə demirdi. Elə bil bu qədər sevilməyinə görə utanırdı da bir az...
...Çox güman ki, bu yubiley gecəsi boyu da Fikrət müəllimin üzündə oxşar ifadə olub. Müxtəlif müğənnilər sözlərinə yazılmış mahnıları oxuyanda, aktyorlar şeirlərini səsləndirəndə, dostları, ədəbiyyatşünaslar çıxış edəndə...
...Və yəqin ki, 80 ildi, onun ətrafında, dövrəsində fırlanan, "Vals" oynayan zamanı da düşünüb. Yazımın bu yerində Fikrət Qocanın zamanla "Vals"ının hələ çox-çox illər davam etməsini, şairin yorulmamasını, sağlam, uzun yaşamasını arzu edirəm. 80 yaşın mübarək, şair!
PƏRVİN
525-ci qəzet.- 2015.- 14 oktyabr.- S.7.