Azərbaycan cazı Vyanada səslənib

 

 

Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü dəstəyi ilə Vyanada "Porgy & Bess" klubunda Azərbaycanın tanınmış caz pianoçusu Elçin Şirinovun rəhbərlik etdiyi Azərbaycan-Britaniya-İtaliya caz triosu konsert verib.

 

Vyananın ən tanınmış caz məkanı sayılan "Porgy&Bess" caz klubunda toplaşan musiqisevərlərə "Elçin Şirinov Trio"sunun ifasında Azərbaycan milli musiqisi bəstəkarlarının əsərləri Qərb caz sənətinin incə ritmik çalarları ilə ahəngli sintezindən ibarət möhtəşəm konsert təqdim olunub. Elçin Şirinovun aranjemanında görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" operettasından "Deyirlər ki, toy olacaq" mahnısı Qara Qarayevin "Yeddi gözəl" baletindən vals, "Sarı gəlin" xalq mahnısı, eləcə onun öz bəstələri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

 

Elçin Şirinovla uzun illərdən bəri birgə çalışan Andrea Di Biase (bass) Deyv Hamblett (zərb alətləri) konsertdə öz yüksək məharətlərini nümayiş etdiriblər.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 14 oktyabr.- S.7.