Yazıçılar Birliyində Fazil Güneyin 70 illiyi qeyd olunub

 

Ötən gün Azərbaycan Yazıçılar Birliyində (AYB) tanınmış yazıçı, publisist, şərqşünas alim Fazil Güneyin 70 illik yubileyi keçirilib.

 

Tədbiri AYB-nin katibi Rəşad Məcid açaraq yubilyarı təbrik edib: "Fazil müəllimi uzun illərdir tanıyıram. Mən hələ gənc olanda, Fazil müəllim "Kirpi" jurnalının əməkdaşı idi. Fazil Abbasov elə o vaxtdan tanınmış imza, kəsərli söz sahibidir.  Sonralar müstəqillik illərində Azərbaycanın ilk agentliyi olan "Assa-İrada" agentliyini açdı, ona rəhbərlik elədi. Azərbaycanın ilk ingilisdilli qəzeti "Azernyus" qəzetini yaratdı. Fazil Güneyin dəyərli bədii əsərləri var. "Qara qan" romanında Qarabağ hadisələri, insanların taleyində baş verən fəlakətlər öz əksini tapıb. Fazil müəllimin sanballı araşdırmaları var, mətbuatda mütəmadi çıxış edir. Fazil müəllim həm çox yaxşı yol yoldaşıdır, onunla bir yerdə neçə ölkədə səfərdə olmuşuq. Ərəbin məğribini bilir, məşriqini ".

 

Professor Nizaməddin Şəmsizadə yubilyarla dostluq tarixçəsindən danışıb: "Həmişə demişəm ki, şəxsiyyəti olmayanın heç nəyi yoxdur. Fazil bəy şəxsiyyətli adam olduğu üçün mən ona çox bağlıyam. Bu gün biz həddindən artıq təvazökar bir insanla görüşüb onun 70 yaşında iştirak edirik. Bu il həm onun yaradıcılığının 50 illiyidir".Yazıçının "Qara qan" əsəri haqqında danışan professor "Yalanın gerçəkliyi" kitabından da söz açıb: "Satirik ruhda qələmə alınmış sanballı bir əsərdir. Burada çox maraqlı epizodlar var. İnsanın öz başına gətirdiyi faciələri Fazil Güney satira vasitəsilə təqdim edib. Onu digər qələm adamlarından fərqləndirən amil kimi vurğulayardım ki, Fazil Güney Azərbaycan gülüş mədəniyyətini qoruyub saxlayan onu silah kimi işlətməyi bacaran yazıçıdır. Fazil Güney həm çox yaxşı şərqşünas, ərəbşünasdır". 

 

Professor Qulu Məhərrəmli F. Güneyin yaradıcılığından ətraflı bəhs edib: "Fazil Güneyin güclü müşahidə qabiliyyəti var. O, həm obraz yaradır, həm müşahidə əsasında qeydlər, sənədli materiallar yazır. Azərbaycanda informasiyaya ehtiyac duyulan ağır bir zamanda "Assa-İrada" agentliyi yaratmaq çox əhəmiyyətli addım idi. Fazil Güneyin bədii publisistik yaradıcılığı haqqında danışarkən demək istərdim ki, o yazmağa başlayanda Əziz Nesin sayağı formalardan istifadə edə bilir. Onun hekayələrində obrazlar, dil, xarakter, situasiyadan doğan gülüş çox yaxşı təqdim edilir. Mənim aləmimdə Fazil Güney bütün bu pillələrdən keçib bədii sözün zirvəsinə "Qara qan" əsəri ilə ucalıb. Hesab edirəm ki, "Qara qan" yaxşı kino materialıdır. Hadisə, dramaturgiya, konflikt, parlaq ideya gözəl obrazlar var. O baxımdan düşünürəm ki, bu əsər oxunmağa ekranlaşdırılmağa layiq əsərdir".

 

"Fazil müəllimlə uzun illərdir tanışam. Universitetə qəbul olandan onun ədəbiyyat, publisistika yaradıcılığını izləyirdim. O vaxtdan dostluğumuz yarandı. Fazil Güney çox yaxşı şərqşünasdır. Onun dissertasiyası Suriyada qadın yazıçı şairlərin yaradıcılığına həsr olunub. Fazil müəllimin fəaliyyəti çoxsahəlidir. "Qara qan" romanını yaxşı bir rəssama versələr, orada yazılanları çəkib çox böyük bir sənət əsəri ortaya çıxara bilər. Fazil Güney əsl kişiyə xas bütün insani keyfiyyətlərə malikdir. Onun şəffaf enerjisi, müsbət aurası var". Bu fikirləri tədbirdə professor Rafiq Əliyev səsləndirib.

 

Xalq şairi Sabir Rüstəmxanlı keçirilən yubiley tədbirini dost məclisi adlandırıb yubilyarla bağlı səmimi düşüncələrini dilə gətirib, F. Güneyin bədii publisistik yaradıcılığından, yüksək vətəndaşlıq insani keyfiyyətlərindən danışıb.

 

Tədbirdə dosent Vəfa Əliyev Bakı Xoreoqrafiya Akademiyasının rektoru, professor Timuçin Əfəndiyevin təbrik  məktubunu oxuyub.

 

Şair Çingiz Əlioğlu Fazil Güneyi yüksək əxlaqi keyfiyyətləri, mədəni səviyyəsi olan yazıçı, publisist kimi səciyyələndirib, yaddaşa son dərəcə etibarlı adam, dəyərli dost kimi xarakterizə edib.

 

Tədbirdə çıxış edən Ramiz Məmmədzadə, Asif Rüstəmli başqaları da yubilyarın həyat yaradıcılıq yoluna nəzər salıblar, yubilyara xoş arzularını çatdırıblar.

 

Sonda çıxış edən Fazil Güney tədbirin təşkilatçılarına qonaqlara minnətdarlığını bildirib.

 

S. ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 14 oktyabr.- S.7.