Vətənin doğulması

 

 

(Kitabi-Dədə Qorqud və Nibelunqlar dastanları əsasında)

 

Hər xalqın eposu olmur. Qəhrəmanların şəninə çox nəğmələr qoşulsa da, nağıllar, dastanlar söylənsə də, bu, hər zaman epos səviyyəsinə qədər qalxmır. Dastanlar məhz bir millətin vətəninin doğulmasının və qorunmasının, torpağı vətənə çevirib sevdirən qəhrəmanların tarixi olanda eposluq səviyyəsinə ucala bilir. "Dastanların ilk, ibtidai oxunuşunun verə biləcəyi informasiyanın və dərindəki informasiyanın" arasında neçə sirlərin saxlana biləcəyini vurğulayan Kamal Abdullanın yazdığı kimi,belə dastanlarda "qəhrəmanların bir-birini sevməsinin, bir-birinə hər hansı münasibətinin, düşməndən qorunmasının, ata-ana məhəbbətinin, dost sədaqətinin arxasında yeni qurulmaqda, təbiətin vəhşi məngənəsindən çıxıb mədəniləşməkdə  olan bir cəmiyyətin yenicə doğulan normalarının formalaşmasını görmək mümkündür". Məhz belə eposlar ümumbəşəri irs hesab olunur. Çünki həmin eposlarda elə gizli kodlar var ki, onları açmaqla sanki zəngin bir xəzinənin açarını əldə edirsən və bu "var-dövləti" hər kəslə paylaşmaq istəyirsən. Kitabi- Dədə Qorqud kimi.

 

Kitabi-Dədə Qorqudu və Nibelunqlar dastanını ilk dəfə müqayisə edəndə bilərəkdən yurd, vətən hissəsini sonraya saxladım. Bu barədə ayrıca yazmaq istəyirdim. Sonra iş elə gətirdi ki, Multikulturalizm Mərkəzində Dədə Qorqud dastanındakı məkanlar haqqında bir sənədli filmə ("Tarixin Xocavənddəki izi və Qaraca çobanın qəbri") baxmaq qismət oldu və anladım ki, bu "xəmiri" hələ çox yoğurmalıyam. Bu mövzuda sanballı müəlliflərin müxtəlif tədqiqatlarını oxudum, çıxışları dinlədim. Və yeni bir müqayisə çıxdı ortaya, sadəcə fəlsəfi müstəvidə.

 

Dörd divar, yoxsa azad ruh

 

Hər iki eposda verilmiş məskən - yurd təsvirindən insanda maraqlı bir sual yaranır: insanmı daşa-divara zinətdir, yoxsa, daş-divarmı insanı şərəfləndirir? İnsanmı torpağı dəyərləndirir, yoxsa torpaq özümü dəyərlidir və ona ayaq basan hər kəs bu dəyərdən pay alır və dəyər qazanır?  Cavab birmənalı olmadı.

 

Dədə Qorqudda yurd, oba təsvirinə çox az rast gəlinir. Bəzən bu təsvir Oğuz bəyinin var-dövlətini göstərir. Məsələn, Salur Qazanın, yaxud başqa bir Oğuz bəyinin yurdu barədə oxuyuruq: "Toksan başlu ban evlərin qara yerin üzərində dikdirmişdi. Toksan yerdə ala qalı-ipək döşəmişdi". Bəzən məskən Oğuz bəyinə olan münasibəti də əks etdirir - qızılı çadırda qız atasını, çadırda oğul atasını, qara çadırda övladsız birisini oturtmaqla. Ancaq ən vacibi odur ki, bütün Oğuz elinin əsas üstünlüyü onun açıq məkanda, təbiətlə iç-içə olmasıdır.

 

Qovm-qəbilə mənim quma yurdum,

Qulanlı sığın-keyikə qonşı yurdum.

 

Hətta yağılarla qonşu olsalar da, Oğuz elində nə divar var, nə səngər. Məsələn, Dədə Qorqudda belə bir ənənə təsvir olunur: evlənən gəncin gərdəyini qurmaq üçün bəy ox atarmış: ox hara düşsə, bəylik çadırı - gərdəyi orada qurularmış. Deməli, ox çatan yer həmin igidin qoruya bildiyi, namusunu etibar edə biləcəyi məkandır. Nə qədər cürətli, biləyi güclü igid olarsa, bir o qədər oxu uzaq məsafəyə uçar və yerə daha möhkəm sancılar!

 

Əsl Avropa mədəniyyətinin incisi hesab edilən Nibelunqlar dastanında nisbətən fərqli mövqe var. Burada iki xalqın vətəninin təsviri var - bir dastan daxilində iki fərqli təfəkkür və mənəviyyat üz-üzə gəlir. Bir tərəfdə german xalqının - qərblinin vətəni, digər tərəfdə hunların - şərqlinin vətəni.

 

Qədim german şəhərinin möhtəşəmliyi, səliqə-sahmanı ilk dəfə bura gələn, meşədən başqa yer görməyən gənc dəmirçi Ziqfridin gözləri ilə təsvir edilir: "Uzaqdan şəhər çox əmin-aman görünürdü, ustalıqla layihələnmiş küçələr şəbəkəsi təxəyyülü heyran edirdi. Dörd insan boyu qədər ucaldılmış divar evlərdən ibarət ümmanı əhatə almışdı, onun düz qəlbində isə kilsə ucalmışdı, elə bil şəhər tikililərini ətrafına yığmışdı". Sonradan da məlum olur ki, həqiqətən, məhz bu dörd divar arasında yaşayan əhali əmin-amanlıqda, dövlətin qorumasındadır, çünki güc burada cəmləşib, uca divar buraya çəkilib. Bu mənzərəyə erkən orta əsrlərdə demək olar ki, əksər Avropa şəhərlərində rast gəlinir: düşməndən qoruyan uca divarlar və bu dörd divar arasındakı həyatın kənardakı həyatdan fərqlənməsi.

 

Etzelin (Attilanın) ilk şəhəri Qran isə hunları həmişə özünə düşmən bilib onlardan qorxan burqundların şahzadəsi Krimhildanın gözləri ilə təsvir olunur. Təmtəraqlı saraya alışmış xanımın ilk təəccüb elədiyi şey divarların yoxluğu, uca binaların olmaması, evlərin sadəcə təməlinin daşdan olub, üstünün yenə də çadırdan qurulması, küçələrin, yolların palçıq olması idi: "Burada küçə yox idi, idarə və mərkəz də yox idi. Çadırlar anlaşılmaz bir nizamla qurulmuşdu, bəzi yerlərdə kobud kəsilmiş taxtalardan komalar görünürdü. Bəzi tikililərdə dəri çəkilmiş taxta çərçivədən istifadə olunmuşdu. Burada evə bənzər bircə təməllər idi". Qadın bunlara təəccüblənsə də, vəhşi dedikləri bu xalqın başqa bir keyfiyyətini görə bilir: "Mənim burda gördüyüm - səmimiyyətdir. İnan mənə, donuzlar mərmər zallarda da yaşayır". Bu təsvirlərdən oxucu daha bir vacib anı da duyur: ruhu azadlığa, genişliyə öyrənmiş "çöl döyüşçüləri" dörd divar arasına - bağlı məkana sığa bilməzlər!

 

İstər Oğuz bəylərinin, istərsə də hunların yurdundan belə məlum olur ki, Şərq şəhərlərində divar tikmək ənənəsi nisbətən gec yaranıb. Qərbli bəlli bir məkanı "hasara alır", mənimdir deyib qurur, düzəldir, qoruyur. Şərqli oxu-kamanı əlində "bu dünya mənimdir", - deyib, atını hər yerə çapır, qarşısına çıxan hasarı, onun azad gərdişinə mane olan hər şeyi vurub-dağıdır, heç bir divara, səddə ehtiyac duymur, çünki öz qılıncına, biləyinə güvənir.

 

Meydan cürət, cəsarət meydanıdır. Düzdür, bir qərbli üçün bu vəhşilik kimi görünə bilər, amma dörd divar arasında xoşbəxtlik və azadlıq axtaran şəxs azad ruhlu birisini necə anlaya bilər ki? Bu təsadüf deyil ki, silahların ən yeni növləri, "yeni nəsilləri" məhz Qərbdə yaransa da, şərqlinin azad ruhu onu həmişə xof içində saxlayıb. Amma bu da mütləq qeyd olunmalıdır: düşməndən qorunmaq üçün şərqli bir divar çəkdi, nə ucu oldu, nə qulağı, Çin səddi deyə dünya möcüzəsinə çevrildi.

 

Bu müqayisədə daha bir maraqlı məqam ortaya çıxır: qərbli daha rasional düşünüb, fikrini daha konkret ifadə edib, daha real nəticə əldə elədiyi halda, şərqli irrasional düşüncəyə meyllidir, emosiyalar, hisslər aşıb-daşır, ən ciddi məsələlər belə yüksək metafora, pafosla deyilir. Səlahəddin Xəlilov təsadüfən demir ki, "Şərq təfəkkürü təəssüratçılıqla, Qərb təfəkkürünü isə təfərrüatçılıqla səciyyələnir". Bəli, qərbli bir fəlsəfi problemin həllinə bir-iki traktat həsr edib, bütöv sistem qurub, fəlsəfi məktəb yaratdığı halda, şərqli həmin problemi nəzmə çəkib tərənnüm edir. Düzdür, hər xalqın tarixinin erkən dövründə nəzm, poeziya üstün olub, elit hesab edilib. Lakin zamanla Qərbdə nəsr üstünlük qazanıb, Şərqdə isə poeziyanın "dominantlığı" davam edib. Bu, kiminsə, üstünlüyü, kiminsə nöqsanı sayıla bilməz, çünki hər şey özü kimi, orijinalda gözəldir. Şərqlidən qərbli təfəkkürü tələb eləmək bir növ azad quşu qəfəsə salıb ondan gözəl nəğmə gözləməyə oxşayır. Axı, dörd divar arasında sıxılan Qərb özü də ruhunun azadlığını "hiss eləmək" üçün Şərqə üz tutur. Təsadüfi deyil ki, amerikan şairi Ezra Paund Nobel mükafatı alan Rabindranath Tagora məhz "Qərb həyatının xaosu içərisində unudulan müdrik həqiqətləri bir daha xatırlatdığına görə" xüsusilə böyük dəyər verir.

 

Atadan oğula keçən miras

 

Vətən nəsildən-nəslə keçən ən müqəddəs mirasdır. Atalar nə qazanır, nə qurursa, oğullar onu qoruyur, onun uğrunda canından keçir, daş üstünə daş qoyur. Nibelunqlarda maraqlı bir səhnə var: Etzelin atası Muncuk əhalidən tələb edir ki, evlərin özü olmasa da, təməli daşdan olsun. Muncukun oğlu isə artıq atasından aldığı mirasın - bu təməlin üzərində quracağı şəhərdən, gələcək planlarından və vətənindən danışır. Etzel artıq şəhər ənənəsi olan bu diyarlarda məskunlaşdığına görə onların "ənənəsinə" uyğunlaşmağı vacib bilir - özünə vətən bildiyi sonsuz çöllərdən, düzlərdən sadəcə bəlli bir yerdə kök salıb, dövlət qurmaq və sərhəddin içini vətən adlandırmaq. Öz niyyətini gələcək həyat yoldaşı Krimhildaya belə izah edir: "Biz vəhşi və məğrur xalqıq. Bizim ruhumuz əvvəllər ancaq səfərləri tanıyıb, səfərlərin nəticəsini yox. Mənim atam hunlara vətən vermək istəyirdi. Qran əlbəttə nə Roma deyil, nə Konstantinopol, ancaq bu, artıq dövlətin başlanğıcıdır. Bizim zəbt elədiyimiz krallıqlara baxmayaraq, heç vaxt xəritədə hunların krallığı qeyd olunmayıb". Etzelin bu kiçik izahı bir növ vətən anlayışının Şərqdən Qərbə gəlməklə necə dəyişdiyini əks etdirir.

 

Nibelunqlar dastanında bir torpaqda çox qanunların hökm sürdüyü dönə-dönə vurğulanır: "o qədər də xırdaçı olmayan" qədim tanrıların qanunları, çox ciddi və hər şeyə nəzarət edən yeni dinin - xristianlığın qanunları, saray və hakimiyyətin tələbləri, nəhayət gözə görünməyən, ancaq bunların hamısına sirayət edən, istədiyi səmtə döndərən qızılın - var-dövlətin tələbləri. Çox vacib anlardan biri budur ki, dövlətin başçısı hər şeydən əvvəl öz taxtı qarşısında məsuliyyət daşıyır. Taxt isə dövlətin, vətənin, xalqın rəmzidir. Burada da varislik prinsipi hakimdir: taxt atadan oğula əmanət qalır. Yəni Qərbdə vətən müəyyən mənada elə dövlət özüdür. Məsələn, Ziqfrid illər sonra qılıncın gücünə də olsa öz haqqı kimi gedib atasının taxtında oturur. Burqundiyada məhz kral oğlu olduğuna görə taxt zəif Günterə qismət olur. İslandiyada isə  "materikdəki krallıqlardan fərqli olaraq, kral qanı haqq kimi yox, borc kimi qəbul edilir. Taxta çıxmaqla kral xalqın rifahı naminə öz həyatını verir". Taxt xalqın xidmətindən çıxıb hakimiyyətin və gücün göstəricisinə, var-dövlətin rəmzinə çevriləndə isə onun uğrunda mübarizə də elə dörd divar arasında getməyə başladı - xalq, millət, məsuliyyət unuduldu. Belə olan halda isə taxt və xalq arasında uçurum yarandı. Necə ki, burqundların sonuncu varisi deyir: "Taxt yaxşı insanların ruhunda şər oyadır". Belə olanda isə sual yaranır: dövlət hələ də vətənin rəmzi olaraq qalırmı? 

 

Kitabi-Dədə Qorqudda dəmir qapı Dərbənddən tutmuş türkmən ellərinə qədər gedib çıxan "24 sancaqlı oğuz elinin" öz qanunları əks olunub. Burada da Nibelunqlarda olduğu kimi, bir tərəfdən, qədim totemlərə inancların izləri görünür, digər tərəfdən, təktanrıçılığın - İslam dininin qanunları yayılmaqda, hökm sahibi olmaqdadır. Hətta Oğuz elində "varıban Peyğəmbərin yüzünü görən, gəlübəni Oğuzda səhabəsi olan" "bığı qanlu Bügdüz Əmən" də yaşayır. Lakin buraların daha möhkəm bir qanunu da var: Dədə Qorqud nəsihəti. "Oğuzun ol kişi tamam bilicisiydi. Nə dersə, olurdı. Qayibdən dürlü xəbər söylərdi. Hak Taala anın könlünə ilham edərdi". Qorqud ata bir tərəfdən, bütün Oğuz elini öz ətrafında birləşdirən müdrikdir, ağsaqqaldır, digər tərəfdən, burada formalaşan cəmiyyətin, dövlətin sanki nəzərə təməlidir. Əsərin əvvəlindəki boylamasında o, oğul-ata, qız-ana münasibətlərindən tutmuş, insanın şəxsi keyfiyyətlərinə, ədəb-ərkanına, yüksək mənəviyyatına, eyni zamanda, düşmənlə üz-üzə gələndə şücaətinə, ağılla istifadə olunmalı olan gücünə qədər hər məsələyə toxunur.

 

Çalub kəsər uz qılıcı müxənnətlər çalınca, çalmasa, yey,

Çala bilən yigidə od ilə qılıcdan bir çomaq yey.

Qonuğı gəlməyən qara evlər yıqılsa, yey,

At yeməyən acı otlar bitincə, bitməsə, ye. 

 

Dədə Qorqud obrazında maraqlı bir detal da diqqəti cəlb edir. Ayrı-ayrı məqamlarda (namaz qılması, Məhəmməd peyğəmbərə, Əli b. Əbu Talibə mədh oxuması) onu bir müsəlman kimi tanısaq da, onun məsləhətlərində bilavasitə Qurani-Kərimə istinadlar yoxdur. Bu müdrik insan məhz Oğuz elindəndir və öz igidlərinə bu yerlərin ənənəsinə uyğun məsləhət verir. Necə ki, Muncuk öz oğluna o yerlərin ənənəsinə uymağı öyrədir - xəritədə çəkiləcək bir dövlət arzulayır. Dədə Qorqud Oğuz igidlərini at belində, baş kəsən, dəmir qapı dələn görüb və nəsihətlərində də bunları deyir: 

 

Qarşu yatan qara qarlu dağlardan aşar olsa,

Allah Taala sənin oğluna aşut versin!

Qanlu-qanlu sulardan keçər olsa, keçit versün!

 

Vətən həqiqətən də atadan oğula qalan mirasdır. Kimsə bunu taxt-tac şəklində verir, kimsə də milli ruh şəklində. Bəli, Nibelunqlardakı hunlar kimi, Oğuz elinin də xəritədə bir dövlət kimi xəritəsi yoxdur. Əcəba, vətənin sərhəddi olurmu? 

 

Hər qorunan torpaq vətəndirmi?  

 

Nibelunqlar dastanında insanlar dörd divar arasında qurduqları firavan həyatlarını, qurub-tikdiklərini, əkib-biçdiklərini qoruyurlar. Ən vacibi isə, taxtı - dövləti qoruyurlar. Bu divarlar nicat yeri, Vətənin sipəridir. Bunun naminə təbii ki, son damla qanlarına qədər vuruşmağa hazırdırlar. Lakin bir də bu rahatlığı, təmtərağı yaratmaq və öz üstlüyünü təmin eləmək üçün lazım olan qızıl, var-dövlət faktoru var. Bu qızıl dost-qardaş tanımır, sevgi-sədaqət, haqq-ədalət qəbul eləmir. Bu qızılın kəsmədiyi baş, əl atmadığı hiylə, tapdalamadığı dəyər yoxdur. Nəticədə burqundların vətəni olan o rahat, firavan həyat o möhkəm divarların arasındaca çökür. Deməli, insanların bir-birinə, daha da qorxulusu, Vətənə xəyanəti içdən gələndə, divarlar onu qoruya bilmir.

 

Diqqət çəkən daha bir əhəmiyyətli məqam: bir məkanı abadlaşdırmaqla, dörd divara almaqla, qorumaqla o məkan Vətən olurmu? Əgər erməni öz havadarına səbəb Qarabağı zəbt edibsə, bu gün orda evlər tikib, əkib-becərirsə (əkib becərdiyi çətənə kolları ola belə), öz hesabına görə azərbaycanlılardan müdafiə edirsə, Qarabağı erməninin vətəni hesab etmək olarmı? Yaxud Göyçə-Zəngəzur torpağına daha azərbaycanlıların ayağı dəymirsə, Borçalı Azərbaycan dövlətinin sərhədlərinin hüdudlarında deyilsə, ora artıq Vətən sayılmır? Deməli, həqiqətən, Vətən divarlar arasına sığmır, onu xəritədə çəkmək olmur.  Cavabı bir də Etzelin - Attilanın məkanında axtaraq.

 

Onun vətəni hər yerdir: qılıncı çatan, atının dırnağı dəyən hər yer. Və bu hərbi səfərlər Etzelin dediyi kimi, "gözəl gözlər uğrunda deyil", böyük krallığının sərhədlərini daha da böyütmək üçündür. Lakin dediyimiz kimi, o da artıq vətəninin "sərhədlərini" bəlirləmək istəyir. Başqa ölkələrin "hasarlarını" gördükcə o da öz hasarını tikməyə qərar verir və bunu yenə də öz azad ruhuna uyğun bir şəkildə edir: "Düşünürəm ki, atam öz məzarını çöllərdə tapan sonuncu hun kralı idi. Mən də başqa xalqlar kimi, öz ölülərimizi dəfn eləməyi öyrənmək istəyirəm. Yəqin ki, öz yeni şəhərlərində hunlar da hər hansı bir mərasim tapacaqlar bunu eləməyə". Bəli, Etzel torpaqda kök salmaqla - əcdadını bu torpaqlara verib, onu şərəfləndirib, özünə də bu şərəfi qorumaq məsuliyyətini verməklə öz sərhədlərini - vətənini təyinləşdirir. Doğrudan da, sonralar Şərqdə də divar-qalalar tikildi. Amma Attilanın ruhundan qopan o istək daha möhkəm oldu. Və bu istəyin təsiridir ki, Hələbdə Nəsimi, Kərbəlada Füzuli olduğuna görə, oralar bizə doğma Vətən qədər əziz görünür. Buna görədir ki, uzaq ellərdə türk kurqanları tapılanda həmin yerlər doğmalaşır bizə. Səlahəddin Xəlilov yazır: "Xalq başqa imperiyaların işğalı altında qaldıqda, başqa əqidələrin rəsmi təsir dairəsinə düşdükdə milli ruhu öz şəxsi həyatı bahasına, diri-diri yandırılması, dərisinin soyulması hesabına da olsa yaşadan və bir əmanət kimi yeni nəsillərə ötürən həqiqi ziyalılar estafeti öz əllərinə almalı olurlar". Qərib ellərdə qalan doğma ruhlar, eləcə də doğma yerlərdə qəribliyə məhkum ruhlar - vətən əmanətini daşıyan şəxslərdir və sərhəddindən asılı olmayaraq olduğu torpağı vətənləşdirir.

 

Xammal, yoxsa azad ruh..?!

 

Maraqlıdır, vətəninə münasibət şərqli və qərblinin bu günündə də özünü göstərir: şərqli öz kökünə, keçmişinə, tarixinə qədər bağlıdırsa, qərbli də bir o qədər qurduğu mədəniyyətinə, sivilizasiyasına və ... onu inkişaf etdirmək üçün əlavə gəlirə bağlıdır. Qərb inkişaf naminə hər şeyi, mənəviyyatı belə satışa çıxardıb "vətəninin" divarlarını genişləndirdiyi, möhkəmləndirdiyi vaxtlarda, Şərq uzaq illərdə qalan əcdadının xatirəsinə məqbərələr tikdi, ulu babasının müzakirə elədiyi məsələlərə dönə-dönə qayıtdı, şərhlər yazdı, yad divarlar arxasında qalan qərib vətəninə nəğmələr dedi. Qərb "divarlarının" arasındakıları qoruyub, kənarda qalanları "xammal" əvəzinə istifadə elədiyi bir vaxtda, Şərq azad ruhunun yolunu kəsən divarlardan boylana-boylana qaldı, çünki güc artıq biləkdə deyildi. Sanki həll yolu kimi bu gün artıq o "divarlar" az qala müqəddəs elan edilib və hamı o divarların arasına düşmək üçün Qərbin alverinə qoşulub: satan-satana. Hər kəs inanır ki, əmin-amanlıq o divarlar arasındadır və çalışır o divardan içəri keçsin. Buna hətta vətənindən didərgin düşüb çöllərə səpələnən və Qərbin lal divarlarının önündə diz çökən, elə həmin divarın dibində canını tapşıran şərqli miqrant da inanır.

 

Bəli, hər xalqın eposu olmur. Amma bir millət eposa sahibdirsə, onda o, Allahın ona göndərdiyi həmin  gizli kod-ismarıcı tapmalı, anlamalı, əməl etməlidir. Axı eposlar doğrudan da, özlərində gizli kodlar daşıyırlar.

 

 

Könül Bünyadzadə

fəlsəfə elmləri doktoru

525-ci qəzet.- 2015.- 14 oktyabr.- S.2;4