Yeni nəşrlər: "Şəhidlik
zirvəsi"
Bu günlərdə şair
publisist Xanəli Kərimlinin tərtibatı
ilə işıq üzü görən
"Şəhidlik zirvəsi"
kitabı oxucu ünvanına yol aldı.
Kitabda Azərbaycanın
ərazi bütövlüyünün
müdafiəsi zamanı
şəhid olmuş kapitan Ceyhun Orucəliyevin ömür və hərbi xidmət yoluna bir işıq tutulub.
Dörd bölmədən ibarət
kitabda rəsmi materiallar, məqalələr
və poetik nümunələr toplanıb. Bir Azərbaycan igidinin Vətənə xidmət
yolunda şəhidlik zirvəsinə ucalması bu
vətənin dəyərini,
varlığını elə
bil ki, özündə
ehtiva edir. Ömrünün allı-güllü vədəsində Vətən
uğrunda hər zaman canından keçməyə hazır
olduğunu məğrur
baxışı ilə
dünyaya car çəkən
Ceyhun haqqında yazılanları oxuduqca elə bil ki,
vətənin şəhid
övladının qüruru,
yenilməzliyi oxucunu öz ağuşuna alır. Ceyhun sanki şəhid olacağını duyubmuş
kimi çıxışlarında
həmişə qəhrəman olmağın şərəfini onu dinləyənlərə təlqin
etmək istəmişdir:
Övladsız bir vətən
Vətən deyil ki,
Bir parça səmadır, torpaqdır, daşdır,
Oğul
nəfəsini duydumu,
bil ki,
Onun hər daşı da bir vətəndaşdır.
Həmyerlimiz böyük Məmməd Arazın sanki "Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı"
poetik fikrinin nə qədər doğru-dürüst olduğunu
Ceyhun əməli ilə, xidməti ilə, amalı ilə sübuta yetirməyə çalışdı. Hələ
1999-cu ilin oktyabr ayının 13-də Azərbaycan
Respublikasının Prezidenti
olan ümummilli liderimiz Heydər Əliyevin Cəmşid Naxçıvanski adına
Hərbi Liseyin Naxçıvan filialının
və onun Tədris Korpusunun təntənəli açılış
mərasimində iştirakı
zamanı kursantlar adından çıxış
edən Ceyhun Orucəliyev söz vermişdi ki, təhsil müddətində
hərbi biliklərə
dərindən yiyələnəcək,
vətəninə, xalqına
şərəflə xidmət
edəcək və cənab Ali Baş Komandanımıza layiq zabit olacaq. Sonra
da möhtərəm Heydər Əliyevə həsr olunmuş şeirlə çıxışını
bitirmişdir:
Nurlu bir aləmsən günəşə bənzər,
Şöhrətin dünyada, dillərdə
əzbər,
Qoşa
addımlayır səninlə
zəfər,
Övladı Sən olan vətən
basılmaz.
Ceyhun mərdliyi,
mübarizliyi, qorxmazlığı
ilə verdiyi sözə sadiq olduğunu, övladsız
bir vətənin vətən olmadığını
sübuta yetirdi. Yüzlərlə Azərbaycan şəhidindən
biri olan Ceyhun da məqamı
çatanda ölümün
gözünə dik baxa bildi. Onun haqqında bir hərbçi olaraq Əsgər Hüseynovun böyük ürək yanğısı ilə "Şərəfli ömür"
adlı məqaləsində
Ceyhunun necə bir ürək sahibi olduğunu, onun böyük arzularla yaşadığını qələmə
alıb. Amma alın yazısının
onu şəhidlik zirvəsinə ucaltması
arzularını yarımçıq
qoyduğunu təəssüf
hissi ilə qələmə alıb.
"Şəhidlik zirvəsi"
kitabında yer alan həmin
məqalədən: "O, 31 yaşında 7 aprel
2014-cü ildə vətənin
bütövlüyü uğrunda
döyüş tapşırığını
yerinə yetirərkən
qəhrəmancasına həlak
oldu, şəhidlik zirvəsinə yüksəldi.
Naxçıvanski adına Hərbi Liseyin "qırmızı"
attestatını Muxtar
Respublika Ali Məclisinin
Sədri cənab Vasif Talıbov ilk kursantlardan biri olan Ceyhun Orucəliyevə
təqdim etmişdir..."
Sözsüz ki, qəhrəmanlıq bir anın bəhrəsi
deyil. Xarakterin, tərbiyənin, mənəvi yaddaşın
gücü ilə diktə olunan keyfiyyətdir. Onun mahiyyətində
təsadüf adlanan heç nə yoxdur. Qəhrəmanlıq bir anın içində doğulur.
Ceyhun da bir anda
qəbul etdiyi qərarla hərbi tapşırığı yerinə
yetirmək üçün
ölümün meydan
suladığı bölgəyə
yollandı. Özü də
bilirdi ki, gedər-gəlməz yolun
yolçusudur. Ancaq
onu da bilirdi
ki,
Şəhid olmaq-bu torpağı
ürəyində qucaqlamaq,
Vətən daşın xəzinətək
varlığıyla ovuclamaq.
Şəhid olmaq-mən demədən,
vətən deyib,
Sinəsini bu torpağa sipər edən bölümsüzlük.
Şəhid olmaq-ölmək deyil,
Dünya boyda ölümsüzlük.
Ceyhun yoldaşları Nəvai və Novruzla birgə düşmən hiyləsinin qurbanı olsalar da, vətən qarşısındakı borclarını şərəflə yerinə yetirə bildilər. Döyüş tapşırığını başa çatdırmışlar. Belə bir Vətən övladı haqqında deyilənləri, yazılanları "Şəhidlik zirvəsi" kitabında cəm edib oxuculara təqdim etməklə Xanəli Kərimli bir şəhidin "oxuduğu" şəhidlik nəğməsini ellərə yaydı.
Əbədi kəfənin olan
o bayraq,
Canından, qanından güc alır hər an.
Dünən bir ananın oğlu idinsə,
Bu günsə anandır
bu Azərbaycan.
Ceyhunun qısa
ömür yolu onu əsirlərin, qərinələrin yaddaşına
yazılacaq qəhrəmanlıq
alovundan keçirdi.
Vətəndaşlığın ən yüksək amal yolçusu olan Ceyhun bir
hərbçi kimi böyük vətən sevgisi ilə şəhidlik zirvəsini
fəth etdi. Bu dünyaya yadigar qalan Duyğu və Aylinin ömür yolunda bir cığır açdı. Zaman-zaman qəhrəmanlıq
dastanı kimi oxunacaq, qürur verəcək bir ata kimi öz
adı ilə atasının, anasının
borcundan çıxaraq
onların başını
uca elədi.
"Şəhidlik zirvəsi"
kitabında qəhrəmanlığı,
ölməzliyi, dönməzliyi
haqqında qürurla söhbət açılan
Ceyhun Orucəliyevin timsalında vətən uğrunda şəhid olan qəhrəman Azərbaycan oğullarını
anırıq. Ancaq bir arzu ürəyimi həmişə
göynədir. Kaş ki,
bu oğulların ürəyinin heykəlini
yarada bilərdim.
Ona baxan hər kəs görərdi ki, bu ürək Vətən həsrəti
ilə döyünüb,
Vətən torpağında
vüsala yetib...
Xanəli müəllim isə şəhid oğullarımızdan biri olan Ceyhunu onu tanımayanlara tanıtmaqla bir vətəndaş borcunu boynundan götürdü. Allah şəhidlərimizə rəhmət eyləsin!
Şəhla NƏBİYEVA
525-ci qəzet.- 2015.- 15 oktyabr.- S.8.