Biz üç
şair idik:
Əbülfət Mədətoğlu, Vahid
Əlifoğlu və mən...
Biz üç şair idik: Vahid Əlifoğlu
Füzulidən, Əbülfət
Mədətoğlu Qarabağın
Tuğ kəndindən,
mən İmişlidən.
80-ci illərin əvvəllərində Çingiz
Əlioğlu Vahidi, Əbülfəti və məni Azərbaycan Dövlət Televiziyasının
"Gənclik" verilişinə
çağırmışdı. Orda tanış
olduq. Vahid çəkilişdə şeir deyə bilmirdi həyəcanından.
Əbülfətlə mən onun sağ və sol tərəfində oturub sakitləşdirirdik.
Sonra Çingiz
Əlioğlu, sağ
olsun, hər üçümüzün şeirləri
haqqında "Ədəbiyyat
və İncəsənət"
qəzetinə yazdı.
Vahid sonralar Məmməd İsmayılın
"Gənclik" jurnalında
gen-bol çap olundu. Sonra Qarabağ müharibəsi
başladı, qaçqınçılıq
düşdü. Vahid İmişli
və Biləsuvar rayonlarının arasında
yerləşən çadır
şəhərciyində yaşadı
və günlərin birində doğulduğu kəndin ovuc içi kimi göründüyü yerə
yaxın olan Qayıdış qəsəbəsinə
köçdü. Orda
da ürəyi namərdlik etdi... Allaha qovuşdu.
Əbülfət Mədətoğlu Bakıya
gəldi. Əbülfət hamımızdan etibarlı
çıxdı. Son ana qədər o, bir anda olsa
Vahidi unutmadı, onunla daim əlaqə
saxladı, tez-tez Çadıra getdi, onun bütün şeirlərini qəzetlərdə
çap elədi.
Vahid dünyasını
dəyişəndən sonra
da onun arxivindəki
şeirlərini qədirbilən
oxuculara çatdırdı,
çap olunmayan yazılarını kitab etdi.
Əbülfət Mədətoğlunun ilk baxışda
çox sakit xarakteri olduğunu düşünmək olar. Amma belə
deyil, onun xarakteri yerlə-göylə
əlləşir. Onun Vahid
Əlifoğluna sədaqəti
də şairliyinin, xarakterinin bir cəhətidir. Səsi, baxışları,
hərəkəti mülayim
olan şair dostum Əbülfət Mədətoğlunda heç
vaxt pafoslu danışıq görməmişəm.
Onun bir dənə də olsun pafosla yazılan
şeiri yoxdur. Hamısı
pıçıltıdır (Musa Yaqub Əbülfətin
"Sevgi pıçıltıları"
kitabına ön sözündə bildirir ki: "Əbülfət şeiri demir, sadəcə pıçıldayır,
eşidənlər üçün").
Həqiqətən o, şeir deyəndə və yazanda bəziləri kimi qışqırmır, bəziləri
kimi Qarabağ dərdini reklam eləmir, sadəcə pıçıldayır və
pıçıltıda olub-
keçənlərin və
hal-hazırda nələr
baş verdiyinin şahidi olursan.
Hər dəfə
"Ədalət" qəzetinə
gedəndə Əbülfətə
dəyməmiş, onunla
söhbətləşməmiş geri dönə bilmirəm. İş otağı elə
bil meşədir.
Müxtəlif güllər, çiçəklər
otağı başına
götürüb.
Kimdənsə eşitmişəm, deyir
bir dəfə Bakının tən ortasında, iş otağında Məmməd
Araz qəflətən
stolun gözlüyündən
bir qom
təzə dərilmiş
baldırğanı götürüb
düz Məmməd Aslanın üstünə
atıb və deyir ki, çox
təbiət-təbiət deyirsən,
al bu da baldırğan. Əslində Məmməd Arazın
bu comərdliyi təbiətə və adaşı Məmmədə
sevgisindən irəli
gəlirdi. İndi
o möcüzəni mən
hər dəfə Əbülfətdən gözləyirəm
və hər dəfə onun iş otağına daxil olanda ağlıma
ilk gələn elə
bu olur.
Əbülfət heç vaxt yaradıcılığı haqqında
heç kəsə məlumat vermir, şeir necə olar - deyib, mənim
kimi əl-qolunu ölçmür, çıxan
kitablarını sadalamır,
sadəcə susur və günlərin bir günü qərara gəldim ki, elə mən
də Əbülfətin
yanında susum. İndi
az hallarda
şeirdən danışırıq.
Ancaq keçmişdən, işdən-gücdən
və övladlarımızdan,
şair demiş, lakonik söhbətlər eləyirik.
Və günlərin bir günü, bəlkə də, susduğuma mükafat olaraq Əbülfət mənə
bir şeirlər kitabını verdi,
adı da beləydi "Mənim kimi sevə bilsən". Bu kitabın
adında çox mətləblər gizlənir,
Qarabağdan tutmuş,
Vahid Əlifoğluna qədər hər şeyə işarə var bu kitabın
adında.
Mən kitab itirənəm, çünki
gün ərzində dəydiyim dostlar çox olur, Əbülfətin bu kitabını itirmədim,
görünür heç
vaxt da itirməyəcəm.
Açığını deyim ki, bizim
çoxumuz Əbülfət
Mədətoğlunu şair
kimi, yəni olduğu qədər çox yaxşı tanımırıq, onu dərindən dərk etmirik bəzən. O, tanınmış
şairdir, geniş oxucu kütləsi var, bunda sözüm
yox. Bu anormal
ədəbi mühitdə
ədəbi tənqid
onun yaradıcılığını
lazımi qədər
tədqiq etməyib.
Ağzına çullu dovşan
sığmayan şairlər
onun şeirlərini dərindən oxuyub dərk etsələr, onlar da lazmi
yerlərdə Əbülfət
Mədətoğlu kimi
susarlar. Çünki Əbülfət reklamdan çox uzaqdır. Hətta Bakıdan tutmuş öz kəndi Tuğa qədər uzaq. Əbülfət facebookda da ən yaxın dostumdu, məndən başqa minlərlə dostu var, hələ
bir dəfə onun öz şeirini
paylaşdığını görməmişəm. Saytlarda da
şeirlərini oxumamışam.
Burda bir gizli həqiqət
var, məncə, Əbülfət kitaba inanır, internet illüziyasına
yox. İşıqlar sönər, internet bağlanar və bir anda sənin
yazdıqların yoxa çıxar. Amma kitab
köhhə kişilərin
xasiyyəti kimi daimidir, həmişəlikdir.
Əbülfət Mədətoğlunun şeirlərində
tor kimi güclü bir qafiyə sistemi var. Hiss edirəm ki, Əbülfət bu qafiyələrin üzərində çox
işləyib, onu cilalayıb, araya-ərsəyə
gətirib. Çünki onun qafiyələri
asan tapılan deyil, düşüncə
qafiyəsidir, mənanın
içindən doğulur.
Bu məna isə
üzdə deyil, mahiyyətin bətnindədir.
Sevgini dilsiz edən,
Bir dil arzusundayam.
Sevgini nə dilsiz edib görəsən? Şair sevgiyə
dil axtarır. Elə bir dil ki,
bütün insanlar tərəfindən tərcüməsiz
başa düşülə
bilsin.
Şair aşağıdakı bənddə
səhərə nə
qədər vaxt qalmağını maraqlı
bir vaxt cihazı ilə ölçür və o səhərin gəlməyi
üçün yatmaq
lazımdır, amma yatmaq da olmur,
çünki yatmağa
qoymayan bir qəhər var.
Yataqda qovruluram,
Səhərə bir səhər var.
Gözlərimi yummağa,
Qoymayan bir qəhər var.
Tanınmış tənqidçi Rüstəm
Kamal haqlı olaraq Əbülfət Mədətoğlunun yaradıcılıq
sirlərinin birini də səslə bağlayır. Hər şeir bir səsdi. Ümumiyyətlə, bütün küllü-bəşər
tamamilə səsdən
ibarətdir. Bəzən
insan ağrıdan və ya sevincdən
affekt vəziyyətinə
düşəndə söz
demir, qəribə səslər ifadə edir. Səsin özü ilk dildir.
İnsanlar lap qədim zamanlarda dillə yox, səslə danışırmış. Səs insanın
daxili aləmini, onun psixoloji durumunu çox dəqiq ifadə edir.
Şair
bir şeirində deyir:
Ləçəklərdən şeh sorulub,
Süst düşübdü - meh
yorulub.
Təbiət elə qurulub,
Deyiləsi söz yeri var.
Bütün sözlərin yeri səsdir. Təbiətə, insana dəyən
səsdir.
Həsrət haqqında çox yazılıb, ta qədim zamanlardan bu günə kimi həsrəti bütün aspektlərdə
təhlil ediblər. Amma qədim
həsrətin hər
gün səhərlər
yenidən başlandığını
bilmirdim. Görün
nə qədər maraqlıdır:
Hər gün başdan yazılır,
Həsrətin varaq kimi...
Əbülfət Mədətoğlu hadisələrə
öz şair səciyyəsi ilə yanaşır, hadisələr
və əşyalar onda nostalji duyğular
yaradır. Adicə bir cüt göyərçin də.
Pəncərəmin önündə,
Qonan cüt göyərçinə
Elə həsədlə baxdım
-
Uçdular.
Dən səpdim dönmədilər,
Fit çaldım - dinmədilər.
Nə çəkdim, bilmədilər
-
Uçdular.
Bilməzdim qısqancdılar,
Baxışı qısqandılar.
Bir həsəd qazandılar
-,
Uçdular.
Vaqif Bayatlının çox maraqlı bir ifadəsi var: "Qəribik, şairim, qəribik". O qəribliyi
tamamilə ifadə edən şair Əbülfət Mədətoğludur.. Elə bir cüt göyərçin də
qəribdir, Əbülfət
də. Elə bil göyərçinlər
Əbülfətə neçə
illərdir tanış
imiş, ona dən səpibmiş. Burada şairin-insanın milyon illik təbiət yaddaşı oyanır.
Əbülfət Mədətoğlu heç
vaxt təbiət və cəmiyyət hadisələrini sözgəlişi
sadalamır, onun mahiyyətinə varır. Aşağıdakı misralardakı kimi.
Mən bir zalımla qaldım,
Adını da bilmədim.
Bizə qoyulan adlar şərtidir. Onu bu dünyada valideynlərimiz qoyub. Bəs mahiyyətdə bizim adımız nədir? Heç vaxt bunun fərqində deyilik. Bizim əbədi bir adımız və kimliyimiz var. Onun kimliyini bilmək bizə qadağandır. İstəsək də öyrənə bilmərik. Ora qədər idrakımız çatmır. Sadəcə bu dünyada müxtəlif adlarla işarələnmişik.
Hələ mürgülüdü bu qız,
Hələ yuxusu qaçmayıb.
Hələ kirpiyi şehlidi,
Meh də yaxasın açmayıb.
Əbülfət Mədətoğlu fiziki görüntünü, mənzərini həmişə daxili fikirlə bağlayır. Onun şeirlərində üzdə görünən hal-əhval ən çox için təzahürüdür. Bu bənd təmizliyin, bakirəliyin görüntüsüdür. M.P.Vaqifin "Yoxdur" qoşmasının "Var" cavabıdır.
Yenə deyirəm, Əbülfət Mədətoğlunun şeirlərinin metafizikası zəngindir, detallar, elementlər, hərəkətlər insanın daxili aləmi ilə həmahəngdir. Aşağıdakı misralarda olduğu kimi.
Baxıb şəkil çəkirəm,
Kirpiyimin ucuyla.
Əbülfət Mədətoğlu 80-ci illər ədəbiyyatının ən orijinal bir xəttidir. Qədim Tuğ kəndinin dünyaya çıxan poetik bir cığırıdır. Öz səsilə, nəfəsi ilə heç kəsə bənzəməyən görkəmli bir şairimizdir.
... Biz üç şair idik, Əbülfət Mədətoğlu, Vahid Əlifoğlu və mən.
Əbülfət Mədətoğlu indi susaraq danışır. O susur, mən də susuram - Vahid Əlifoğlunun xatirəsi önündə...
Qəşəm NƏCƏFZADƏ
525-ci qəzet.- 2015.- 15 oktyabr.- S.8.