"Körpüdə ümid" - sirraçar

 

 

 

Gənc yazıçı Natiq Məmmədlinin "Körpüdə ümid" romanı ümidini itirmiş insanların nicat tapacağı, xilas olacağı, günahlardan qurtulacağı bir sözün axtarışına həsr olunub. O söz bir kəndi, bir şəhəri bütövlükdə bəşəriyyəti xilas edəcək yeganə açar sözdü...

 

Yeni, uğurlu əsər ədəbiyyat, mənəviyyat, ruh hadisəsidir. İllərin toz basmış sükutunu, adətə çevrilmiş pis vərdişlərini, ətalətini dağıdıb gerçəkləri bizə göstərir.

 

"Körpüdə ümid"ə keçmək üçün mütləq zamanın, tarixin, nəsillərin körpüsündən keçməlisən üzərində dayandığın körpünün bir gün uçub dağılmaması üçün öz körpünün memarı özün olmalısan.

 

... İndi mənim üçün Yer üzündə Ümidqovan adlı ümidi sapdan asılmış bir kənd var. Hərdən bu kənd böyüyüb-böyüyüb Yer kürəsi boyda olur...

 

Bu kəndin bütün pirlərə bənzəyən, əslində bənzəməyən Ümid Piri var ki, əli hər yerdən üzülən yönünü bu səmtdən salır. Şərq də, elə Qərb də...

 

Ümidqovan kəndinin adamlarının özəl bir qəribəliyi də hər kəslə öz ləhcələrində danışmalarıdır. Səbəbi məlum...

 

Ümid Pirinin adamlarının ürəyini oxuyan dəlisi - Pirdəlisi var. Keşkə bütün kəndin camaatı dəli olaydı, onda bu kəndin adamları nə ümidini itirərdi, nə də ümid axtarardı...

 

Bu kəndin adamlarının dürlü-dürlü ayamaları var: Qırmızı Xudu, Yoğun Minə, Qız Telli, Qələm Bəkir, Burun Qasım... Kimin hünəri var ağzını açıb yekə-yekə danışsın, ayəmələri qaranlıq keçmişlərinə güzgü tutacaq..

 

birbu pirə üz tutanlar arasında boğazında söz, özüdoğru söz qaldığından danışa bilməyən 12 yaşlı çəlimsiz uşağın üç gecəlik sirri var...

 

- Allaha şükür, çatdıq.

 

Roman belə başlayır.

 

Yüz illərdi dərdinin çarəsini Ümid Pirində axtaranlar zəncirvari həlqələrlə pirin başına dolanır. Bu dəfə pirə pənah gətirənlər arasında Nənə, Nəvə, bir uşağın Atası var. Başlarına gəlib,atası elə bu Ümid Pirinə nəzir-niyaz verib illərlə gözlədiyi qulluğa girər-girməz uşağın dili tutulub.

 

Çarə Ümid Pirinədi. Bu pir elə-belə pir deyil, tarixi olan bir pirdi bu tarixin özü elə bir tarixdi.

 

Hər şey əslində elə bu pirin tarixindən başlayır.

 

Pirin bərəkəti zaman-zaman Ümidqovanı günə çıxarıb. Sonradan nəzir qutusu ümidqovanların gözünü bağlayıb. Dünyaya ümid qutusunun gözü ilə baxanlar Ümid Pirinin işığını görə bilməyib. Bu pir get-gedə əli hər yerdən üzülənlərin yox, ürəyi, ruhu kirlənənlərin zəhlətökən istəklərinin əsirinə çevrilib.

 

Hər kəs Ümid Pirinə öz dərdiylə üz tutur, hər kəs öz nicatını onda axtarır. Ümid Piri istəklər, sifarişlər, xahişlərlə dolu "poçt şöbəsi"nə çevrilir. Pir yazılı "müraciətlər"dən təngə gəlir. Pirə gələnlərdən yalnız biri - ölümünü gözləyən qarı şəxsi istəklərini bir kənara qoyub Pirə son istəyini yazır: "Ümid Piri, Qarabağ amanatı..."

 

Roman Ümidqovan kəndinin üç günlük həyatından bəhs edir. Üç gün üç gecə. Heç kimin diqqətini çəkməyən çəlimsiz uşaq, illərdi onun yolunu gözləyən pirin dəlisi - Pirdəlisi, Ümidqovana meydan oxuyan Qırmızı Xudu, pirə ziyarətə gələn insanların taleyi, xırım-xırda dərdləri gerçək boyalarla əsərdən boylanır.

 

Natiq Məmmədli zamandan-zamana, hadisədən-hadisəyə keçid edərək insanın, insan hisslərinin rəngli mənzərəsini yaradır.

 

Romanda baş, müsbət qəhrəman kimdi sualının birmənalı cavabı yoxdu. Əslində hər obraz pisiylə-yaxşısıyla, hissiylə, duyğusuyla, keçmişiylə, indisiylə bir qəhrəmandı. Sadəcə Pirdəli fərqli bir obrazdı. Ömrü boyu axına qarşı gedən, həqiqətin tərəfində dayanan bunun ucbatından cəmiyyətdən uzaqlaşdırılan, təcrid olunan Pirdəli pirə gələn uşağın diaqnozunu düpbədüz qoyur. Uşağın boğazında söz, özü doğru söz qaldığını deyir. Dəlinin sözünə kimsə inanmır, Pirdəli illərlə gözlədiyi uşağın qəlbini oxuyur, onları qəlb yaxınlığı, ruh təmizliyi birləşdirir.

 

Üç gecədə Ümid Pirinin başına dolana-dolana Pirdəliylə uşağın ürək söhbətləri zamanın alt qatlarını üzə çıxarır, bu "lal söhbətlər" deyilməyən dərdləri, mətləbləri, gerçəkləri gün işığına çıxarır.

 

Yüz illərin tarixi, ağrıları, acıları, zamanın sərt küləkləri, döngələri üç gecədə 12 yaşlı uşağın yaddaşına yüklənir, "körpü üstündəki girovlar" nicatını ondan gözləyir...

 

Romanda Şərqlə Qərbin toqquşması Ümidin yuxusuna girir. Bu min il əvvəlki, əslində yüz min illərdi davam edən qovğadı və zərbəsi gec-tez Ümidqovana dəyir. Şərqdən gələn Mitridat və Qərbdən gələn Qney Pompey! Seçim kim olacaq, körpüdə nə baş verəcək, körpüdəkilərin aqibəti necə olacaq? Bir yığın sualın cavabı ləngiyir.

 

Ümidqovanı dəyişmək üçün seçilən Ümidin yuxusu yaddaş yuxusudu, olumla ölüm arasındakı cəhddi. Seçim necə olacaq: Qərb, yoxsa Şərq.

 

"Körpüdə Ümid" ümidlə başladığı kimi ümidlə də başa çatır. Əsrlər boyu insanların ümid bağladığı, müqəddəs bildiyi pir, sonda müqəddəsliyini itirib azad olur.

 

Ümidin dili açılır, nəzir-niyaz verib qulluğa girən atası qapılarında quruyub kötüyə dönən armud ağacının yenidən zoğladığını deyir. Roman gözlənilməz ümidli sonluqla bitir.

 

- Deyirsən, kötük cücərib hə?..

 

"Körpüdə Ümid" bu il Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl Kəlmə" Ədəbi Mükafatına layiq görüldü və mənə elə gəlir ki, "Körpüdə ümid" ədəbiyyatımızda yeni roman "əsri"nin başlandığını xəbər verən sözün bütün mənalarında ümidli bir romandı. O ki qaldı bütövlükdə bəşəriyyəti xilas edəcək açar sözə, "Körpüdə ümid"i oxuyun!

 

Təranə VAHİD

525-ci qəzet.- 2015.- 15 oktyabr.- S.7.