"Boy çiçəyi"
"Şuşa"da
XALQ YAZIÇISI İLYAS ƏFƏNDİYEVİN MƏŞHUR ƏSƏRİNİN YENİ SƏHNƏ YOZUMU BÖYÜK MARAQ DOĞURUR
Oktyabrın 13-də Rəşid Behbudov adına
Şuşa Dövlət
Musiqili Dram Teatrında
Xalq yazıçısı
İlyas Əfəndiyevin
"Boy çiçəyi" pyesi tamaşaya qoyuldu. Tamaşanın quruluşçu rejissoru Əməkdar
artist Loğman Kərimovdur.
Pyesdəki Həsənzadə obrazını Nazir Rüstəmov, Nargiləni
Zəhra Salayeva canlandırır, onun anası qismində Püstəxanım Zeynalova
və atalığı
rolunda Əməkdar
artist Azad Məmmədov çıxış
edir.
İlk dəfə əlli bir il öncə
- 1964-cü ildə səhnə
həyatı qazanan
"Sən həmişə
mənimləsən" yaxud
"Boy çiçəyi" pyesi, demək olar ki, hər
il teatrların repertuarında ən aktual tamaşalarından olur. Tamaşa başlamazdan əvvəl fikirlərini bölüşən
Xalq yazıçısı
Elçin Əfəndiyev
bu həmişəyaşarlığı
belə ifadə etdi: "Boy çiçəyi"
Sovet ideologiyasının
yox, insan ruhunun, qəlbinin, yaşantılarının məhsuludur.
Ona görə də bizdə psixoloji teatrın başlanğıcı
hesab edilir".
Maraqlıdır ki, pyesdə, Həsənzadənin dediyi
kimi, boy çiçəyi
quruyub xəzan olsa da, ətri
həmişə qalır. Necə ki,
İlyas Əfəndiyevin
bu pyesi hər dəfə tamaşaya qoyulanda izləyici auditoriyası əvvəlkindən daha böyük olur. Bu gün də
Musiqili Dram Teatrının
zalı tamaşaçıların
Nargilə sevdalı, Həsənzadə ideallı
gözləri ilə dolub-daşırdı.
Mövzusu müasir (hər zaman üçün) həyatdan alınan, məzmunca dolğun , ideyaca humanist, sədaqət və saflıq aşılayan və özündən sonrakı teatr nümunələri üçün cığır açan "Boy çiçəyi" ilk dəfə tamaşaçılara modern üslubda təqdim olundu. Yaradıcı heyət müəllifin ideya və fikirlərinə heç bir xələl gətirmədən, yeni yozumda maraqlı və baxımlı bir tamaşa hazırlayıb.
Səhnə əsərində Ağa Laçınlının şeirlərindən, Tomazo Albinoninin, Yanni Xrisomallisin, Nino Rotanın əsərlərindən və Rəşid Behbudovun ifasında "Küçələrə su səpmişəm" Azərbaycan xalq mahnısından istifadə olunub. Bir saat iyirmi dəqiqə davam edən tamaşada ifaçılar səhnədə deyil, izləyicilərin gözləri qarşısında, lazım gəldikdə onlarla yanaşı stullarda oturaraq rollarını ifa edirdilər. Sərbəstlik, reallıq, inandırıcılıq və təsirlilik baxımından bu yanaşma mükəmməldir. Avropa ölkələrində teatrlarda bu ənənənin tarixi uzun olsa da, Azərbaycan teatrı tarixində yeni hadisədir. Hər yenilikdə bir qüsur olmasına baxmayaraq, tamaşada kəskin nəzərə çarpan hər hansı bir təcrübəsizlik hiss olunmadı. Əvvəla ona görə ki, "Sən həmişə mənimləsən" pyesi ən çox estafet qazanan səhnə əsəridir. Digər tərəfdən rolların ifaçıları teatr təcrübəsindən uğurla keçmiş aktyor və aktrisalardır. Ən əsası, tamaşanın quruluşçu rejissoru Loğman Kərimov modern mövzuya məntiqi ardıcıllıqla postmodernist detallar əlavə edə bilib. Misal üçün, Həsənzadənin - "Bəs nə oldu?" (sevgilisini nəzərdə tutur) sualına Nargilənin ayaq jesti ilə cavab verməyi, yaxud qulaqcıqla musiqi dinləməyi və ilaxır məqamlar postmodernizmin teatrımıza bəlli ölçüdə sirayət etdiyini göstərir. Dram əsərinin forma, quruluş və məzmununa görə, qrim, geyim, məkanın dizaynı baxımından tamaşanın bu səpkidə - səhnədə deyil, tamaşaçıların yanında oynanılması əlverişli olmasa da, zamanla bu kimi səbəblərin aradan qalxacağını ümid edirik.
Ümumiyyətlə, cəmiyyətə ən güclü təsir vasitəsi teatrdır. Bu gün səhnə əsəri tamaşaçıların dövrəsində oynanılırsa, bu, həmin auditoriyanın gələcəkdə aktyor və ya aktrisa qismində ifaçılara qoşulacağına zəmin yaradır.
Xatırladım ki,
oktyabrın 6-da İlyas Əfəndiyevin
anım günü idi.
Görkəmli ədibin vəfatından 19 il ötdü. Elçin müəllimin təbirincə desək,
inanırıq ki, bu pyesin məhz Şuşa
Dövlət Musiqili Dram
Teatrında tamaşaya qoyulması Şuşaya qəlbən bağlı olan İlyas Əfəndiyevin
ruhunu şad etdi.
Rübabə SAHİB
525-ci qəzet.- 2015.- 15 oktyabr.- S.7.