Tehranda Habil
Əliyev yad edilib
Tehranda İranın
Mədəniyyət və
İslami İrşad
Nazirliyinin və "Niyavaran" Mədəniyyət
Mərkəzinin təşkilatçılığı
ilə Azərbaycanın
kamança ustadı,
Xalq artisti Habil Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Seyidabbas Səccadi belə bir tədbirin
keçirilmə təşəbbüsünün
İran İslam Respublikası Mədəniyyət
və İslami İrşad nazirinin müavini Əli Muradxanidən gəldiyini və rəhbərlik etdiyi mərkəz tərəfindən məmnunluqla
dəstəkləndiyini söyləyib.
S.Səccadi Habil Əliyevin
İranda da tanınan və sevilən sənətkar olduğunu, onun İranın müxtəlif
konsert salonlarında,
o cümlədən, Tehranın
"Vəhdət", "Rudəki" zallarında
proqramlarla çıxış
etdiyini və tamaşaçıları tərəfindən
böyük məhəbbətlə
qarşılandığını xatırlatıb.
Sonra Mədəniyyət
və İslami İrşad nazirinin incəsənət məsələləri
üzrə müavini
Əli Muradxani çıxış edərək
Habil Əliyevin İrana səfərləri
zamanı onunla bağlı xatirələrini
bölüşüb.
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Cavanşir Axundov çıxışında tədbirin təşkilatçılarına təşəkkürünü bildirib, Habil Əliyevin təkcə Azərbaycan deyil, həm də İran və ümumiyyətlə bütün dünyada dahi sənətkar kimi tanındığını vurğulayıb. H.Əliyevin sənətinin daim yüksək qiymətləndirildiyini diqqətə çatdıran səfir bundan sonra da onun ölməz sənətinin yaşayacağına ümidini ifadə edib.
Tədbirdə İranın çoxsaylı məşhur kamança ustaları - Əmir Yusifi, Əli Əkbər Şikarçi, habelə Azərbaycandan gəlmiş sənətkarlar Elşən Mansurov və İsmayıl Həmidov kamançada muğam və təsniflər ifa ediblər.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, musiqişünas Zümrüd Dadaşzadə-Axundova çıxış edərək Habil Əliyev sənəti ilə bağlı fikirlərini bölüşüb. Z.Dadaşzadə qeyd edib ki, H.Əliyev dahi sənətkar olmaqla yanaşı, sadəliyi ilə seçilən bir şəxs idi. Xanım Dadaşzadənin sözlərinə görə, bir sıra tanınmış Avropa musiqiçiləri H. Əliyevi "kamançanin Paqaninisi" adlandırsalar da, o müasir dövrün "Paqanini"lərindən daha üstün olub, onun sənəti qarşısında ən dahi sənətçilər, ifaçılar baş əyyiblər.
Tədbirdə iştirak edən Habil Əliyevin nəvəsi Əli Əmirəliyev çıxış edərək təşkilatçılara və iştirakçılara babasının sənətinə göstərdikləri ehtirama görə təşəkkürünü bildirib.
Daha sonra H.Əliyevin nəvəsinə və H.Əliyevlə İranda bir səhnəni paylaşmış sənətçi, muğam ifaçısı Şəcərianın nəvəsinə Mədəniyyət və İslami İrşad Nazirliyi və "Niyavaran" Mədəniyyət Mərkəzi adından xatirə hədiyyələri təqdim olunub.
Tədbirdə iranlı şairlər Xosrov Sərtipi, Əli Savalan Habil Əliyevə həsr etdikləri şeirlərini oxuyublar.
Sonda İranın tanınmış sənətkarı Vədad Müəzzinzadə Ərdəbilinin azərbaycanlı kamança ifaçılarının müşayiəti ilə səsləndirdiyi "Rast" muğamı tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 15 oktyabr.- S.7.