Repressiya qurbanı olmuş qələm
sahiblərimiz
VƏ YA BÖYÜK MÜSİBƏTİN QISA XRONOLOGİYASI
1920-ci ildən başlayan və 1937-ci ildə milli fəlakət
və faciə şəklində bütün respublikanı
bürüyən repressiya qurbanlarının sayı dəqiq
məlum deyil.
Lakin o aydındır ki, bəzi istisnalar nəzərə
alınmasa, güllələnənlərin, sürgün edilənlərin,
həbsxana divarları arasında min bir işgəncə ilə
qətlə yetirilənlərin böyük əksəriyyəti
Sovet rejimi, kommunist ideologiyası və mövcud quruluşa
qarşı real və ciddi təhlükə yarada biləcək
güc və zəka sahibləri idi.
Bu qəbildən olan bir çox ziyalının,
şair, yazıçı, publisistin həyat və
yaradıcılıq yolu tədqiq edilsə də, bu problemlə
bağlı kitab və məqalələr yazılsa da,
fikrimizcə, hələ görüləcək işlər
çoxdur. Nə
qədər ağır və acı olsa da, bizdə olan məlumata
görə, vaxtı ilə müvafiq instansiyalara müraciət
edilmədiyindən Azərbaycan ədəbiyyatı və mətbuatı
tarixində misilsiz xidmətlər göstərmiş bir
çox repressiya qurbanı üzərindən hələ də
qərəzli məhkəmə qərarı
götürülməmiş və onlar bu gün də rəsmən
bəraət almamışlar. Ölkə arxivlərində
müxtəlif illərdə ayrı- ayrı mövzular
üzrə araşdırmalar apararkən eyni zamanda 1937-ci ildə repressiya olunan qələm
əhlinin qısa tərcümeyi-halı, əsərləri
barədə də məlumatları toplayırdım. Xalq yazıçısı Elçinin tövsiyəsi
və təşəbbüsü ilə gördüyüm bu
işin nəticəsində 57 nəfərdən ibarət
yazıçı, şair, publisist, naşir, mühərrirdən
ibarət siyahı alındı. Fikrimcə, bu material
oxucular üçün maraqlı, tədqiqatçılar
üçün faydalı ola bilər.
1. Axundzadə
Əhməd Cavad Məmməd oğlu - şair.
1892-ci ildə (bəzi sənədlərdə 1893-cü
ildə göstərilmişdir) Şamxor rayonunun Seyfəlli kəndində
anadan olmuşdur. SSRİ Ali Məhkəməsinin səyyar Hərbi
Kollegiyasının Bakı şəhərində
keçirilmiş qapalı məhkəmə iclasının
12 oktyabr 1937-ci il tarixli hökmü ilə
güllələnməyə məhkum edilmişdir. 17 dekabr 1955-ci ildə SSRİ Ali Məhkəməsinin
Hərbi Kollegiyasının qərarı ilə Ə.Cavada bəraət
verilmişdir.
2.
İsmayılzadə Mikayıl Müşfiq Mirzə
Əbdülqədir oğlu - şair.
1908-ci ildə Bakı şəhərində anadan
olmuşdur.
SSRİ Ali Məhkəməsinin səyyar Hərbi
Kollegiyasının 4 yanvar 1938-ci il tarixli
hökmü ilə güllələnməyə məhkum
edilmişdir. 23 may 1956-cı il tarixində
SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarı
ilə M.İsmayılova bəraət verilmişdir.
3.
Hacı Kərim Sanıyev ( Sanılı)
- şair.
1878-ci ildə Qazax rayonunun Çaylı kəndində
anadan olmuşdur.
Dəfələrlə həbs edilmiş və
günahı sübuta yetirilmədiyinə görə istintaq
zamanı buraxılmışdır. 4 iyun 1937-ci ildə
növbəti dəfə həbs olunmuş, istintaq zamanı
işgəncə verilərək
öldürülmüşdür. Azərbaycan SSR
Prokurorluğunun 12 iyun 1957-ci il tarixli qərarı
ilə H.Sanılıya bəraət verilmişdir.
4. Əsgərov
(Əsgərzadə) Salman Mümtaz Məmməd Əmin
oğlu - ədəbiyyatşünas, şair, mətnşünas.
1884-cü ildə Nuxa şəhərində anadan
olmuşdur.
SSRİ Ali Məhkəməsinin 9 yanvar 1938-ci ildə
keçirilən səyyar Hərbi Kollegiyasının
hökmü ilə 10 il müddətinə
azadlıqdan məhrum edilmişdir. 17 noyabr
1956-cı ildə SSRİ Ali Məhkəməsinin qərarı
ilə S.M.Əsgərova bəraət verilmişdir.
5. Xuluflu Vəli Məmmədhüseyn oğlu - ədəbiyyatşünas,
publisist.
1894-cü ildə Şamxor rayonunun Dəllər kəndində
anadan olmuşdur. SSRİ Ali Məhkəməsinin Hərbi
Kollegiyasının 12 oktyabr 1937-ci il tarixli
hökmü ilə güllələnməyə məhkum
edilmişdir. SSRİ Ali Məhkəməsinin Hərbi
Kollegiyasının 17 noyabr 1956-cı il
tarixli qərarı ilə V.M.Xulufluya bəraət
verilmişdir.
6. Əfəndiyev
Qafur (Qantəmir) Sədrəddin oğlu - yazıçı.
1888-ci ildə Göyçay mahalı Potu kəndində
anadan olmuşdur. SSRİ DİXK-in 21 iyun 1939-cu il
tarixli Xüsusi iclasının qərarı ilə cəzasını
islah-əmək düşərgəsində çəkməklə,
8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan
SSRİ Ali Məhkəməsi cinayət işləri üzrə
məhkəmə kollegiyasının 30 iyul 1956-cı il tarixli qərarı ilə Q.S.Əfəndiyevə
bəraət verilmişdir.
7. Rasizadə Hüseyn Cavid Abdulla oğlu - şair.
1882-ci ildə
Naxçıvan şəhərində anadan
olmuşdur.SSRİ DİXK-in yanında Xüsusi Müşavirənin
9 iyun 1939-cu il tarixli qərarı ilə islah-əmək
düşərgəsində saxlanılmaqla, 8 il müddətinə
azadlıqdan məhrum edilmişdir. 5 dekabr 1941-ci
ildə İrkutsk vilayətinin Tayşet rayonunun
Şevçenko kəndi yaxınlığında vəfat
etmişdir. Azərbaycan SSRİ Ali Məhkəməsi 6
mart 1956-cı il tarixli qərarı ilə
H.Rasizadəyə bəraət verilmişdir.
8. Əhmədov
Əliabbas (Müznib) Mütəllib oğlu - şair,
publisist.
1883-cü ildə Bakı şəhərində anadan
olmuşdur.
SSRİ DİXK-in yanında Xüsusi Müşavirənin 27
avqust 1937-ci il tarixli qərarı ilə cəzasını
islah-əmək düşərgəsində çəkməklə,
8 il müddətinə azadlıqdan məhrum edilmişdir. 28 avqust 1938-ci ildə Vladivostokdakı xüsusi məntəqədə
vəfat etmişdir. Azərbaycan SSRİ Ali Məhkəməsinin
hərbi kollegiyasının 10 fevral 1959-cu il
tarixli qərarı ilə Ə. Əhmədova bəraət
verilmişdir.
9.
Mahmudzadə Əli Nazim Mahmud oğlu - tənqidçi.
1906-cı ildə İranın Təbriz şəhərində
anadan olmuşdur. SSRİ Ali Soveti Hərbi Kollegiyasının səyyar
sessiyasının 13 oktyabr 1937-ci il tarixli qərarı
ilə 10 il müddətinə azadlıqdan məhrum
edilmişdir. 23 avqust 1941-ci ildə həbsxanada
vəfat etmişdir. SSRİ Ali Məhkəməsinin Hərbi
Kollegiyasının 19 sentyabr 1957-ci il
tarixli qərarı ilə Ə.Mahmudova bəraət
verilmişdir.
10.
Sadıxzadə (Sadıxov) Seyid Hüseyn Mir Kazım oğlu -
yazıçı, tənqidçi.
1887-ci ildə Bakı şəhərində anadan
olmuşdur.
1937-ci il iyul ayının 11-də 709
saylı orderə əsasən həbs edilmişdir. SSRİ Ali Məhkəməsinin 5 yanvar 1938-ci ildə
keçirilən səyyar Hərbi Kollegiyasının qərarı
ilə güllələnməyə məhkum edilmişdir.
Hökm 5 yanvar 1938-ci ildə Bakı şəhərində
icra olunmuşdur. 6 oktyabr 1956-cı ildə
SSRİ Ali Məhkəməsinin qərarı ilə
S.Sadıxzadəyə bəraət verilmişdir.
11. Zeynallı Hənəfi Baba oğlu - folklorçu, mətnşünas, ədəbiyyatşünas.
1896-cı ildə Bakı şəhərində anadan olmuşdur. SSRİ Ali Məhkəməsinin 12 oktyabr 1937-ci ildə keçirilən hökmü ilə güllələnməyə məhkum edilmişdir. 30 mart 1957-ci ildə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının qərarı ilə H.Zeynallıya bəraət verilmişdir.
12. Ələkbərli Məmməd Kazım Ələkbər oğlu - tənqidçi.
1905-ci ildə Dərbənd şəhərində anadan olmuşdur. SSRİ Ali Məhkəməsinin səyyar sessiyasının Hərbi Kollegiyasının 12 oktyabr 1937-ci il tarixli hökmü ilə güllələnməyə məhkum edilmişdir. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 7 aprel 1956-cı il tarixli qərarı ilə M.Ələkbərliyə bəraət verilmişdir.
13. Vəzirov (Çəmənzəminli) Yusif Baba oğlu - yazıçı.
1887-ci ildə Şuşa şəhərində anadan olmuşdur. SSRİ DİXK-in nəzdində olan Xüsusi Müşavirənin 11 iyun 1940-cı il tarixli qərarına əsasən cəzasını islah-əmək düşərgəsində çəkməklə, 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSRİ Ali Məhkəməsinin 28 fevral 1956-cı il tarixli qərarı ilə Y.Vəzirova bəraət verilmişdir.
14. Nəzərli Hacıbaba Ələsgər oğlu - nasir.
1895-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. SSRİ Ali Məhkəməsinin 8 yanvar 1938-ci ildə keçirilən səyyar Hərbi Kollegiyasının hökmü ilə güllələnməyə məhkum edilmişdir. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 6 oktyabr 1956-cı il tarixli qərarı ilə H.Nəzərliyə bəraət verilmişdir.
15. Şahbazov Şahbazi Tağı (Simurq) Abbas oğlu - yazıçı, publisist.
1892-ci (bəzi sənədlərdə 1889-cu il yazılmışdır) ildə Bakı şəhərində anadan olmuşdur. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının səyyar sessiyasının 2 yanvar 1938-ci il tarixli qərarı ilə güllələnməyə məhkum edilmişdir. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 28 iyul 1956-cı il tarixli qərarı ilə Ş.T.Şahbazova bəraət verilmişdir.
16. Əfəndiyev
Sultan Məcid - maarifçi, publisist.
1886-cı ildə anadan olmuşdur. SSRİ Ali Məhkəməsinin
keçirilən Hərbi Kollegiyasının 21 aprel 1938-ci il tarixli hökmü ilə güllələnmişdir.
SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 10
dekabr 1955-ci il tarixli qərarı ilə
S.Əfəndiyevə bəraət verilmişdir.
17. Talıblı Böyükağa Mirqasım oğlu -
yazıçı, publisist.
1897-ci ildə Salyan şəhərində anadan
olmuşdur.
SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 12
oktyabr 1937-ci il tarixli hökmü ilə
güllələnmişdir. SSRİ Ali Məhkəməsi Hərbi
Kollegiyasının 25 iyun 1957-ci il tarixli qərarı
ilə B.Talıblıya bəraət verilmişdir.
18. Həbib
Cəbiyev - siyasi dövlət xadimi, publisist.
1899-cu ildə Bakı şəhərində anadan
olmuşdur. 1922-1923-cü illərdə Moskvada "Qızıl
Şərq" jurnalının, 1923-1930-cu illərdə
"Kommunist" qəzetinin baş redaktoru olmuşdur.
Repressiyaya məruz qalaraq 21 aprel 1938-ci il
tarixində güllələnmişdir. Stalinin
ölümündən sonra bəraət almışdır.
19.
Əhmədov Əmin Abid Mütəllib oğlu - tənqidçi,
şair.
1898-ci ildə Bakı şəhərində anadan
olmuşdur.
Azərbaycan SSRİ DİXK üçlüyünün 19
oktyabr 1938-ci il tarixli qərarı ilə
güllələnməyə məhkum edilmişdir. Zaqafqaziya
Hərbi Tribunalı hərbi dairəsinin 21 dekabr 1962-ci il tarixli qərarı ilə Ə.Əhmədova
bəraət verilmişdir.
20. Qənizadə
Sultan Məcid - nasir, tərcüməçi.
1868-ci ildə Şamaxı şəhərində anadan
olmuşdur.
Azərbaycan SSRİ DİXK üçlüyünün 14
mart 1938-ci il tarixli qərarı ilə
güllələnməyə məhkum edilmişdir. Azərbaycan
SSRİ Ali Məhkəməsinin cinayət işləri
üzrə məhkəmə kollegiyasının 29 oktyabr
1956-cı il tarixli qərarı ilə S.Qənizadəyə
bəraət verilmişdir.
21. Çobanzadə Bəkir Vahab oğlu - dilçi,
şair.
1893-cü ildə Krım quberniyasının Simferopol qəzasının
Qarasubazar kəndində anadan olmuşdur. SSRİ Ali Məhkəməsinin
Hərbi Kollegiyasının səyyar sessiyasının 12
oktyabr 1937-ci il tarixli hökmü ilə
güllələnməyə məhkum edilmişdir. SSRİ
Ali Məhkəməsinin Hərbi Kollegiyasının 6 iyun
1957-ci il tarixli qərarı ilə
B.Çobanzadəyə bəraət verilmişdir.
22.
Qubaydullin Qazis (Əziz) Salihoviç - tarixçi.
1887-ci ildə anadan olmuşdur. SSRİ Ali Məhkəməsi Hərbi
Kollegiyasının 12 oktyabr 1937-ci il tarixli
hökmü ilə güllələnməyə məhkum
edilmişdir. SSRİ Ali Məhkəməsinin cinayət
işləri üzrə məhkəmə Kollegiyasının
16 mart 1957-ci il tarixli qərarı ilə
Q.Qubaydullinə bəraət verilmişdir.
23. Axundov
Ruhulla Əli oğlu - ədəbiyyatşünas
.
1 yanvar 1887-ci ildə Bakı şəhərində
anadan olmuşdur. SSRİ Ali Məhkəməsi Hərbi
Kollegiyasının RSFSR CM-nin 58-5, 58-7, 58-8 və 58-11-ci maddələrinə
əsasən güllələnməyə məhkum
edilmişdir. SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının
10 dekabr 1955-ci il tarixli qərarı ilə
R.Axundova bəraət verilmişdir.
24. Qasımov Pənah Ələkbər oğlu -
maarifçi, publisist.
1881-ci ildə anadan olmuşdur. 29 aprel 1939-cu ildə Bakı DİXK-in 1 saylı həbsxanasında vəfat etmişdir. Azərbaycan SSRİ Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasının 9 noyabr 1955-ci il tarixli qərarı ilə P.Qasımova bəraət verilmişdir.
25. Mustafa Quliyev - ədəbiyyatşünas, tənqidçi və publisist.
1893-cü il mayın 24-də Şəki şəhərində anadan olmuşdur. "Maarif və mədəniyyət", "İnqilab və mədəniyyət" jurnallarının məsul redaktoru vəzifəsində işləmişdir. 1938-ci ildə cəza tədbirləri dövründə həbs edilib ölümə məhkum olunmuşdur.
26. Rəsulzadə Ağahüseyn - Yazıçılar İttifaqının məsul katibi.
1884-cü ildə Bakının Balaxanı kəndində anadan olub. SSRİ XDİK yanında Xüsusi Müşavirənin 5 iyun 1939-cu il tarixli qərarı ilə cəzasını islah-əmək düşərgəsində çəkməklə, 5 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSRİ Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasının 15 fevral 1956-cı il tarixli qərarı ilə A.Rəsulzadəyə bəraət verilmişdir.
27. Musaxanlı Atababa Daşdəmir oğlu - tənqidçi, ədəbiyyatşünas.
1905-ci ilin mart ayının 25-də Bakı şəhərində
anadan olmuşdur. Azərbaycan SSRİ DİXK
üçlüyünün 31 dekabr 1937-ci il
tarixli qərarı ilə güllələnməyə məhkum
edilmişdir. Hökm 8 fevral 1938-ci ildə icra
edilmişdir. SSRİ Ali Məhkəməsinin cinayət
işləri üzrə məhkəmə Kollegiyasının
4 iyul 1956-cı il tarixli qərarı ilə
A.D.Musaxanlıya bəraət verilmişdir.
(Ardı
var)
Abid
Tahirli
525-ci qəzet.- 2015.- 15 oktyabr.- S.6.