Sanjay Ranan:"Azərbaycana
səfir təyinatını böyük
məmnunluqla qarşıladım"
"GƏLƏCƏKDƏ SƏFİR KİMİ FƏALİYYƏTIMDƏ ÜÇ ƏSAS PRİORİTETİM OLACAQ"
Müsahibimiz Hindistanın Azərbaycandakı
yeni səfiri Sanjay Ranandır. Qeyd edək ki, səfir Bakıya ötən həftə gəlib. Azərbaycanda ilk dəfə olduğunu
deyən diplomat daha əvvəl Maldiv adalarında çalışıb.
- Cənab səfir, Azərbaycanda
olduğunuz qısa müddət ərzində
ilkin təəssüratlarınız
nədən ibarətdir?
- Mən ötən həftə Azərbaycana iki övladım və həyat yoldaşımla gəlmişəm. Qeyd etdiyiniz kimi
baxmayaraq ki, qısa müddətdir Bakıdayıq, amma burada gördüklərimizdən
çox təsirləndik.
Ümumiyyətlə, şəhərin çox gözəl arxitekturası, müasir binaları var. Bakı dünyanın çox inkişaf etmiş şəhərlərindən biridir.
Ölkənizdə hər şey
var. İlk növbədə
isə mən çox mehriban, gülərüz, səmimi
və qonaqpərvər
insanlarınızı qeyd
etmək istəyirəm. Hər kəs bizi burada çox səmimi və gülərüzlə qarşılayır. Azərbaycanda bu il keçirilən ilk Avropa Oyunları barədə də eşitmişəm. Mən burada uzun müddət qalmağı
və işləməyi
səbrsizliklə gözləyirəm.
- Bildiyimizə görə, daha əvvəl Maldiv adalarında səfir kimi çalışmısınız. Azərbaycana
təyin olmağı
necə qarşıladınız?
- Mən
Azərbaycana səfir
təyinatını böyük
məmnunluqla qarşıladım. Çünki
artıq ölkəniz barədə
məlumatım var idi. Hindistan şirkətləri burda çalışırlar, biznes nümayəndələri
fəaliyyət göstərirlər.
Ölkələrimiz, insanlarımız arasında səmimi əlaqələr var. Hindistan
Azərbaycan əlaqələri
qədim tarixə əsaslanır. Azərbaycanlılar hindistanlıları tanıyır,
hindistanlılar isə
azərbaycanlıları tanıyır.
Ümumiyyətlə, Hindistanda Azərbaycana
qarşı böyük
bir maraq var. Şirkətlər Azərbaycanda
investisiya qoyuluşunu
artırmağa maraq göstərirlər. Ona görə
də Bakıya səfir təyinatını
eşidəndə çox
xoşbəxt oldum. İki ölkə arasında
qarşılıqlı olaraq
yüksək səviyyəli
səfərlər həyata
keçirilir. Bu yaxınlarda
digər yüksək
səviyyəli səfərlərin reallaşdırılmasını
gözləyirik. Azərbaycanın
Xarici İşlər
Nazirliyi ilə bununla bağlı müzakirələr aparmışıq,
yəni müəyyən
planlarımız var və gələcəkdə
bunlar baş tutacaq.
- Azərbaycanda çalışacağınız
müddət ərzində
əsas prioritetləriniz
nədən ibarət
olacaq?
- Mənim Azərbaycanda
gələcək fəaliyyətimdə
üç əsas prioritetim olacaq. İlk növbədə iki ölkənin siyasi
səviyyədə ələqələrinin
daha da inkişafı,
qarşılıqlı olaraq görüşlərin
keçirilməsinə çalışacağam.
Digər
tərəfdən xalqlar
arasında əlaqələrin
intensivləşməsi vacibdir.
Doğrudur, xalqlarımız bir-birini çox yaxşı tanıyır.
Amma düşünürəm ki,
bu əlaqələr daha da sürətlənməlidir.
Nəhayət, iqtisadi
sahə, xüsusilə
biznes imkanlarının inkişafı
diqqətdə olacaq.
- Siyasi və iqtisadi əlaqələrin
hazırkı vəziyyət
sizi qane edirmi?
- Qeyd etdiyim kimi
Bakıya yeni gəlmişəm və hazırda vəziyyəti öyrənməyə çalışıram.
Onu deyə bilərəm ki, iqtisadi ticarət sahədə əlaqələrimiz inkişaf edib. İki ölkə arasında
yüksək səviyyəli
səfərlər həyata
keçirilir. Xarici işlər
naziri Elmar Məmmədyarovla görüşdə
biz bu səfərlərin
intensivləşməsi məsələsini
müzakirə etdik. Onu da vurğulayım ki, Hindistanın ONGC Videsh
Limited neft şirkəti
Azərbaycana 1 milyard
dollar investisiya qoyub. Bundan əlavə, bu
ilin birinci yarısında maliyyə nazirimiz Arun Cetley Azərbaycana səfər edib. İki ölkə arasında
iqtisadi məsələlər
üzrə hökumətlərarası
komissiya fəaliyyət
göstərir və bu çərçivədə
də görüşləri
olub. 2013-cü ildə xarici işlər naziri Elmar Məmmədyarov Hindistana səfər edib. Mən öz fəaliyyətim
dövründə qeyd
edilən sahələrin
daha da inkişaf
etməsinə, xüsusilə
neft- qaz sahəsinə daha çox investisiya qoyulmasına çalışacam.
- Hindistan həm də turizm ölkəsi kimi tanınıb. Azərbaycan da turizm potensialına malik ölkədir. Bu sahənin inkişafını
necə görürsünüz?
- Azərbaycanla Hindistan
arasında turizm potensialı yüksəkdir. Əsasən
tibbi turizm inkişaf
edir Azərbaycandan Hindistana müalicə məqsədilə
çoxlu turistlər
gedir, orada onlar müalicə alır, əməliyyat olunurlar. Çünki qiymətlər
çox məqsədəuyğundur,
həkimlər də xəstələrə çox
yaxşı qayğı göstərirlər.
Bizim çox yüksək səviyyəli həkimlərimiz
var. İki ölkə
arasında tibbi turizm çiçəklənir
və bu sahənin böyük potensialı var.
- Turizmin inkişafı üçün birbaşa reyslərin olması da vacibdir. Birbaşa reyslərin açılması gözlənilirmi?
-Hindistan və Azərbaycan 2013-cü ildə hava xidmətinə dair müqavilə imzalayıb. Artıq müqavilə əsası mövcuddur. Amma birbaşa uçuşların həyata keçirilməsi aviareys şirkətlərinin öhdəliyindədir. Nə zaman bu, onlar üçün uyğun, əlverişli olacaq, onda uçuşlar həyata keçiriləcək. Mən də öz fəaliyyətim dövründə bunun təşviqinə çalışacam.
- Cənab səfir, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Hindistanın mövqeyi necədir?
- Biz çox maraqlıyıq ki, Azərbaycanla əlaqələrimiz bütün sahələrdə inkişaf etsin. Həmçinin Hindistan üçün ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və suverenlik prinsipləri çox vacibdir və biz bu prinsipləri dəstəkləyirik. Məhz bu səbəbdən də biz Qarabağ münaqişənin sülh və danışıqlar yolu ilə həll olunmasını istəyirik. Bu konteksdə ümid edirik ki, ATƏT-in Minsk qrupunun vasitəçiliyi münaqişənin sülh yolu ilə həllində faydalı olacaq.
- Bakıda növbəti
"Hindistan sərgisi"
açılıb. Hindistanda Azərbaycanla
bağlı belə bir sərginin açılması mümkündürmü?
- Əvvəlcə, sərgi ilə bağlı fikirlərimi bölüşmək istəyirəm. Bu sərgidə Hindistanın sənət nümunələri, əl işləri nümayiş olunur. Sərgiyə azərbaycanlılar tərəfindən maraq var. Amma istəyirəm ki, bu maraq daha böyük olsunlar. Onlar sərgiyə gəlsinlər, tanış olsun və və yararlansınlar. Biz qarşıdakı günlərdə başqa hind sərgiləri də keçirməyi düşünürük. Belə ki, 15 oktyabrda FİCCİ-Hindistan Ticarət və Sənaye Palataları Federasiyasının təşkil etdiyi sərginin şahidi olacağıq. Sərgi çərçivəsində Bakıya müxtəlif şirkətlər gələcək. Hindistanda da Azərbaycan mallarına çox böyük maraq var. Bunu nəzərə alaraq Hindistanda da Azərbaycan mallarının sərgisi keçirilə bilər. Biz istərdik ki, ikitərəfli ticarət münasibətləri genişlənsin.
Pərvanə
SULTANOVA
525-ci qəzet.- 2015.- 15 oktyabr.- S.5.