"Ürəyimdir
yazanım"
"Sözü nə qədər ki, deməmişəm o mənim
qulumdur, elə ki, dedim, oldu ağam".
Bəli,
sözünün qulu
olmaq da, ağası sayılmaq da jurnalist, şair,
yazıçı taleyidir.
Bu taleyi qəbul edən S.Vurğun demişkən "...əmrə
peşiman ola
bilməz". Əli Nəcəfxanlı
da taleyinə, Allahın verdiyi istedada qaildir, şükür-sənalıdır. Söz onunçun ən qiymətli sərvətdən
dəyərlidir, parlaqdır,
nurludur, ürək rahatlığıdır. Çünki kamalın bəzəyi
dil, dilin bəzəyi sözdür.
İnsan öz əqli ilə məsləhətləşib
sözə başlayanda
nitqi rəvan, sözü kəsərli,
inandırıcı, cəmiyyət
üçün faydalı
olur. Yazdığı əsərlərin oxucular tərəfindən
qəbul olunması da Əlidə istedadın, özünəsadiqliyin,
sözə ürəyiaçıqlığın
bəhrəsidir.
"Hər zaman
sözünün bil məqamını" aforizminə
söykənc olan yazıları yaşanmış
ömrün salnaməsini
yaradır, bu günümüzün əks-sədasıdır,
ritmini canlandırır,
bir-birindən fərqli
və oxşar saatların, dəqiqələrin,
göy qurşağının
ilməsini, naxışını
vurur. Həyatın gah sakit, gah
təlatümlü, dağ
çayı kimi coşqun nəbzi qələmini bərk-bərk
"qucaqlayan" barmaqları
altında döyündükcə
zamanın həqiqətləri
açılır, mətləblərə,
olaylara aydınlıq
gəlir.
Oxucu ilə ürək-ürəyə, göz-gözə
oturub danışanda fikirlərini, qənaətini
böləndə müəllif
özünü təsdiq
edir, imzasının etibarını artırır. Əgər qəlbini
oxucu qəlbinin döyüntüsünə kökləyə
bilirsə, yazdığı
sahibini tapır.
Kitabını "müəllifi mənəm, sahibi-sizlər..."
sözönü ilə
başlayan Ə.Nəcəfxanlı
müqəddəs "Qurani
Kərim"dən xeyir-dua
götürür. Qələmin
tükənməz qədir-qiymətini
verən Yaradanın bəşərə göndərdiyi
"And olsun qələmə
və qələmə
alınanlara!" mesajı
sözün ucalığıdır,
böyüklüyünün görüntüsüdür.
Bütün bunların fövqündə
jurnalist öz söz ömrünü səhifələyir. İlk sözünə etinasızlıq göstərilməsindən
danışır, uşaq
çağlarında "Azərbaycan
pioneri"qəzetinə yazdıqlarına
ögey münasibəti
giley-güzarla xatırlayır.
Belədə deyirlər
ki, saqqalım yox idi, sözüm
ötmürdü...
Elə həmin
narazılıq özü
ilə böyüyür,
inadına söykənib,
qəlbinin çağırışına
qoşulub "tələblərə
uyğun yazılar"
yazıb tanınan jurnalist olur. Sözünün pərvanəsinə dönür.
Pərvanə kimi alovu, yanğını vücuduna,
qəlbinə yaxın
buraxır ki, "yaxını-uzağı gəzib
öz ömrünün
reportajını yazsın".
Kitabın "Vətənimiz-canımız və
tənimiz" hissəsində
toplanan mövzular qələm müqəddəsliyinin
davamı, uğurlu axarıdır. "Ata-babamızın əyildiyi
canamaz, alnını qoyduğu möhürdü
Vətən!" Türbətdi,
tutiyadı Vətən
torpağı! Vətən arxalı
olanlar ata arxalıdır. "Məmməd
Araz demiş: "Vətən mənə oğul desə, nə dərdim?.." -Dedi eee, intəhası bizim hay verən səsimiz zəif çıxdı..."
Sözü tez-tez Azərbaycanın
ağrılı yerinə
gətirir: "Sayaq ki, hesab dərsi
- hesabat vaxtıdı:
Olsa da Vətənin sərhədi bəlli,
Yaddadı torpağın yarısı,
yadda...
Qəliz
bir tənlikdi üç-dörd əməlli:
Vurursan,
bölürsən, üstə
gəlirsən -
Yarısı yazılır, yarısı
yadda...
Əlbir olaq, həll eləyək!"-deyir. Müəllifin fraqmental duyğularından
ibarət olan yazısında nikbin bir ruh var
ki, bütün xalqımızın inamıdır.
"Ali Baş Komandan bundan (Qarabağdan-R.R.) ötrü
əlindən gələni
edir. Dünyaya sülh niyyətimizi,
eləcə də ərazi bütövlüyümüzün
bərpasından ötrü
işğalçıları kürüyüb atmaq əzmimizi bəyan edir".
Jurnalistin ürəyi Vətən sevgisinin ümmanı ilə çalxalanır. Vətəndaşlıq qüruru göyərən
qəlbində güllü,
gülüstanlı əbədi
bahar lövbər salıb. "Vətən vəfadarımız"
deyərək bildirir ki, "Üzeyir bəyin "Koroğlu"su,
Soltan bəyin "Karvan"ı ürəyin
qapısını döyür
ha, bax, onda vətən eşqi alovlanır. Köhlən at görəndə qanın
qaynaması, kövşən
ətri duyanda hissin başdan çıxması vətənpərvərlikdir".
Onun fikrincə, Milli Qəhrəman Mübariz İbrahimovun, Ramil Səfərovun hünəri,
cəsarəti, rəşadəti
Vətəndir! Ölümlə cəzalanan Ramilin Azərbaycana ekstradisiya olunandan sonra azad edilərək dövlət təltifinə
layiq görülməsi
köksümüzü qabardır.
Bu, Azərbaycan Prezidentinin
böyük vətən
sevgisindən qaynaqlanır,
onun hər bir vətəndaşa arxa-dayaq olması, müdrik rəhbər amalıdır...
"Yataq otağının qapısı açıq"
sərlövhəli yazıda
"Qanlı şənbə"-20
Yanvar hadisələri,
Qarabağ nisgili, Şuşa, Laçın,
Kəlbəcər dərdi,
uzun zaman torpağımıza, şəhər
və kəndlərimizə,
sevincimizə, fərəhimizə,
xoşbəxt yaşayışımıza
qısqanclıqla baxmış,
mədəni dəyərlərimizi:
abidələrimizi, xalq
musiqimizi, rəqslərimizi,
folklorumuzu, milli mətbəximizin ağız
dadına dönən
xörəklərini, adət-ənənələrimizi
oğurlayıb öz
adına çıxan
xəbis qonşular, az qala Şuşanı
Şuşanik adına
oxşarlığına görə
özününkü bilib.
"Şuşanik"lər
kirvəmizin yerli-yataqlı
xalasıdır ki, bəylərimizin, xanlarımızın
məclisini rövnəqləndirib
xeyli zəhmət (xeyli də ləzzət)
çəkməli olublar.
Kitabın şəhər və rayonlarımıza həsr olunan hissəsini oxuyanda oxucunun qəlbi genişlənir. Uşaqlıq xatirələrinin "əlvan səhifəsi" adlandırdığı Yardımlı və onun "əyrim-üyrüm, qabağına yüyürüm" yollarının qanadında "quşuçuşu məsafəyə" müəlliflə birlikdə oxucu da qalxır.
"Yardımlı - sıldırımlı" yazısında soykökünə sadiq olan, qohumluqda, ata-qardaşlıq münasibətində qayım-qədim , duz-çörəyə sədaqətli olanlar barədə, əsrlərin sınağından çıxan dostluq haqqında ibrətamiz misallar, həyat olayları verməklə "bizi Yardımlıdan bir köynək" də uzaqlaşdıran əhvalatlar da qələmə alınır: "İlahi, hardandır bizimkilərdə bu soyuqluq? Özü də bu, zirvə qarının deyil, dərə quzeyinin soyuqluğu idi, deyəsən. Belədə adam lap iliyinə üşüyür".
Əlbəttə, bu, təbiətdən gələn soyuqluq yox, cəmiyyətdən gəlmə münasibətin buzu, donuşluğu, sükutudur...
"Son illərdə özünün intibah dövrünü yaşayan Masallı ölkəmizin ən gözəl guşələrindən birinə çevrilir. Burada görülən işlər doğrudan-doğruya göz-könül sevindirir" sözləri Masallıda son illər görülən abadlıq işlərinin təsdiqidir. Daha sonra Masallının mədəni dəyərlərindən bəhs edən müəllif yazır: "Cənub bölgəsinin hər tərəfində qədim xalq yaradıcılığının mayası qədirbilənliklə qorunur". 2012-ci ildə "Masallının Azərbaycanın folklor paytaxtı" elan edilməsindən sonra rayonda keçirilən üç beynəlxalq festivalı, orada hər dəfə 20 ölkənin iştirakını göstərir. Festival iştirakçılarının Masallıda xalqımıza xas olan qonaqpərvərlik və istiqanlılıqla, qəlb açıqlığı ilə qarşılanmasından danışılır. Göstərilir ki, "termal sularla zəngin İstisuda sərin havalı yaşıl "ada"da cənub mətbəxinin ləziz təamları təqdim edildi".
"Ürəyimdir yazanım"da Masallıda xalq sənətkarlarının, bacarıqlı əl sahiblərinin zəngin əl işləri olduğu vurğulanır: yerli rəssamların əsərləri, rayon tarix-diyarşünaslıq muzeyinin eksponatları, xalq tətbiqi sənət nümunələri, qədim dulusçuluq məişət əşyaları, milli kulinariya nümunələri, həsir nümunələri, papaqçılıq, misgərlik və xalq məişətində işlənən digər əşyalar həmişə insanların marağına səbəb olur.
"Məqamında deməsək" başlığı altında toplanmış yazılarda Sumqayıt hadisələri erməni təxribatının tərkib hissəsi kimi açılır, təhlil olunur, həmin günlərin bütün olaylarını günbəgün izləmiş sumqayıtlı müəllifin olaylara münasibəti ifadə olunur. Əli Nəcəfxanlı ümumiləşdirmə aparıb göstərir ki, Ermənistan böyük bir oyunda alətdir. "Xalq qəzeti"nin 1-2 mart 2015-ci il tarixli nömrələrində dərc olunan "Sumqayıt hadisələri - erməni təxribatının tərkib hissəsi" yazısında çox mətləblər açılır. Müəllif yazır: "...Vladimir Jirinovski SSRİ-nin çökməsinin başlanğıcı olan Sumqayıt hadisələrində, ilk növbədə, Mixail Qorbaçovu müqəssir sayaraq bildirmişdi ki, o, ABŞ-ın casusudur. Jirinovski açıq şəkildə deyib ki, "Sumqayıt faciəsində Qorbaçovla yanaşı keçmiş SSRİ DTK-si, Hərbi Sənaye Kompleksi də məsuliyyət daşıyır... Ermənistanın tanınmış siyasi xadimlərindən Paruyr Ayrikyan da etiraf edirdi ki, "Sumqayıt hadisələri Moskva tərəfindən təşkil olunmuşdu". Bu hadisələri Moskvanın törətməsini SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin o vaxtkı sədri N.Kryuçkov da etiraf etmişdi".
Kitabdakı "Həqiqət ayaqqabılarını geyinməmiş", "Əttökənlik sindromu", "Mahnı mətnləri, yoxsa mənasız söz yığını?" yazılarında həyatımızın bir sıra problemləri: "rəngli yalanların yığılıb üzü qara etməsi"..., qeybət, dedi-qodu, xeyrə mane olma, həddi aşma..., ədəbi zövqdən kənar, sözün məsuliyyəti duyulmayan, bəsit, "əndrəbadi" mahnı mətnləri kəskin tənqid olunur.
"Tanımayan tanısın", "Sərraf gözüm görən kimi tanıdı" bölümlər də böyük maraq doğurur. Əli Nəcəfxanlı əsl söz adamları olan rəhmətlik Məmməd Aslan, Novruz Nəcəfoğlu, Əşrəf Veysəlli, Ofelya Babayeva, Əvəz Mahmud Lələdağ, Sabir Yusifoğlu, İbrahim İlyaslı, Arif Fərzəli, İlqar Həsənov, İlqar Rüstəmov, Nurəddin Ədiloğlu, Həzi Həsənli, Rafiq Salmanov, Vaqif Bayramov, Əliağa Aslan və Feyzi Mustafayev yaradıcılığına, həmçinin istedadlı müğənnilər Zakir Əliyevlə Ruzə İbişovanın oxularına özəl münasibət bildirir, misallar gətirir.
Jurnalist ömrünün salnaməsi, həyatının izi, mənəviyyatının güzgüsü, gördüklərimizin əks-sədası olan "Ürəyimdir yazanım" kitabı, inanıram ki, oxucular tərəfindən maraqla qarşılanacaq, dönə-dönə oxunacaq.
Rəsul RZAYEV
"Yeni həyat" (Masallı) qəzetinin əməkdaşı
525-ci qəzet.- 2015.- 16 oktyabr.- S.8.