Eşq, elm və bir alim
Hurufilər hərf, rəqəm və şəkillərdən
mənalar çıxararaq dünyanın sirrini
açmağa çalışırdılar. Hurufi düşüncəyə
görə, insan ilahinin surəti və həqiqətin
açarıdır; Allah hər zərrəcikdə mövcud
olduğu kimi insanın üzündə rəmzlərlə ( burun, göz, dodaq, qaş, kiprik və s.) dərin mənalar
ifadə edir.
İnsan
doğrudan da təbiətin dilini anlamağa
çalışdıqca ondan bir məna çıxarmaq istəyir;
bir gül gördüyündə sevgini, bir qatar
gördükdə ayrılığı, qürbətdə
bir vətən, xalq mahnısı eşitdikdə həsrəti
xatırlayır. Mən bir qaraağac
gördüyümdə həmişə atam yadıma
düşür, hətta bu mövzuda bir yazı da
yazmışdım. Çünki atam kənddəki
tarlalarımızın hamısına bir-bir qaraağac əkmişdi.
Əkmişdi ki, o ağacların kölgəsində insanlar
oturub dincəlsin və bütün insani gözəlliklərlə
masmavi göy üzünə baxsınlar...
Mənim nəzərimdə qaraağac sərinliyin, ənginliyin
və sonsuz maviliyin timsalıydı və hara getsəm
qaraağacların sərinliyi atamı yanıma gətirərdi. Bilirsiniz,
şəkillər, mənzərələr, işarələr,
mahnılar da daim insanın içində min bir duyğu və
xatirə oyadır. Məsələn,
"Sarı gəlin" mahnısı haqqında nə
yazırlarsa yazsınlar, mən onu həmişə dinlədiyimdə
ilk dinlədiyim yer yadıma düşür. Ahıl babam həyətdə ərik
ağacının altında qurulu taxtında yarıyatar halda
oturub sakitcə bu mahnını söylərdi. Bəlkə
də iyirmi il öncə itirdiyi Şəkər
nənəni xatırlar və ağlardı. Aradan illər
keçsə də nə o mahnını unuda bilirəm, nə
də ərik ağacının altında o mahnını
söyləyən yaşlı babamı...
"Apardı sellər Saranı" mahnısı da, nədənsə
mənə Hocam İsa Həbibbəylini xatırladır. Mən bu mahnını ondan
dinləməmişdim, amma ilk tanış
olduğumuz günlərdə Naxçıvanda
Haçadağına baxmış və Arpaçayın kənarında
keçən uşaqlığından həyəcanla
danışmış və o çayın üzərindəki
asma körpüdən necə qorxmadan keçdiyini
anlatmışdı. Onun kəndinin harda olduğunu da
sormamışdım, amma Arpaçay deyincə dilimə
aşağıdakı misralar musiqi qarışıq gəlmişdi:
Arpaçayı
aşdı-daşdı
Sel
Saranı aldı qaşdı
Üç
bacının gözü yaşlı
Apardı
sellər Saranı
Bir uca
boylu balanı...
Üç
bacının nazlı, yaralı bacısı Sara... Uca boylu
gözəl Sara..Və hər
acının ardından mahnılar ,
dastanlar, bayatılar söyləyən gözəl
xalqımız...
Arpaçay
istər Muğanda, istərsə də Danzikdəki Saranı,
Sara kimi gözəl qızları aparsın, bu duyğular və
onun izləri, təəssüratları həmişə
eynidir... Bəlkə də bu nədənlə Hocam İsa Həbibbəyli
yaradıcılığının ən yaxşı
vaxtında qələmə aldığı 845 səhifəlik
dev əsəri "Nuhçıxandan Naxçıvana"
adlı kitabında da bu duyğulara nahaqdan yer verməmiş və
Sara mahnısının hekayəsini o əsərdə məhəbbətlə
anlatmışdır.
İsa Həbibbəyli - deyə yazarkən içimdən
həmişə onu akademik, millət vəkili, hoca, alim təyinlərindən
uzaq tutmaq gəlir. Onu xalqın içindən
çıxmış, Azərbaycanın uzaq bir kəndində
doğularaq öz əməyilə müəyyən yerlərə
gəlmiş bir insan olaraq xatırlamaq istəyirəm. Sadəcə İsa Həbibbəyli
üçün deyil, bütün tanıdığım
dostlarımı hər cür sifətdən ayırınca
ürəyimdəki yeri fərqli olur. Belə
bir portret nədənsə mənə daha yaxın, daha isti və
daha doğma gəlir.
Universitet
dostlarından biri ilə onun haqqında danışdığımızda "İsa həm səmimi
bir dost, həm də qurucu, yaradıcı insandır",-
demiş, sonra da əlavə etmişdi: "Bir işi ona ver və
gözlə... Bir müddət sonra o işin əvvəlindən
sonuna qədər necə nizam və intizamla qurulduğunu
öz gözlərinlə gör".
Onun əsərlərini də bu quruculuğun bir
parçası olaraq görmək lazımdır; məsələn,
Cəlil Məmmədquluzadə haqqında apardığı
tədqiqatlar, məncə, Azərbaycanda bu mövzuda
yazılmış araşdırmaların ən
yaxşısıdır. Bunun əsas səbəbi də yəqin ki,
gördüyü işə sevgidir... Sevgi və sənət
sözləri yan-yana gəlincə bir hocamdan eşitdiyim və
heç zaman unutmadığım bir söz yadıma düşür. O
deyərdi ki, "Bir işi əl ilə görərsən
işçi, əl və ağılla görərsən
usta, əl, ağıl və ürəklə görərsən
sənətkar olarsan..."
Məncə,
İsa Həbibbəylinin əsərlərində
gördüyü də budur; eşqi, sevgini içində
əritmiş bir elm...Bu sevginin onun hayatında,
araşdırmalarında yeri çoxdur, lap çox. Viktor Andriyanov və Hüseynbala Mirələmovun
2007-ci ildə birlikdə yazdıqları "Görkəmli
adamların həyatından" seriyasından
buraxdıqları kitabın 125-ci səhifəsində onun
çalışmalarını necə sevgi və həyəcanla
apardığı çox gözəl ifadə edilib.
Yazarlar ona, onun ən əziz gününün hansı
olduğunu sorduqlarında aldıqları cavab "15 yanvar 1991-ci il"
olmuşdur. Səbəbini soruşduqda belə cavab verib: 'O
gün Naxçıvan Milli Məclisinin sədri cənab Heydər
Əliyevin qəbuluna getdim. Ona Cəlil Məmmədquluzadənin
nəvəsi Teymurun Tehranda yaşadığını öyrəndiyimi
və ora getmək istədiyimi söylədim.
Cənab
Əliyev "Yaxşı, get, gör",-
deyincə də İsa Həbibbəyli
həyəcanından ağlayaraq bayıra
çıxmışdır.
Yada
salın o tarixi, Azərbaycanın ən çətin,
ağrılı vaxtlarıdır; müharibə, siyasi
böhran, blokada, pulsuzluq... Buna rəğmən,
bir alim ömrünü əsərlərinə
bağladığı bir yazarın izində bir fakt
tapar-tapmaz hər şeyi buraxıb bunun ardınca
düşüb həqiqəti ortaya çıxarmağa
çalışır. Və o
günü də həyatının ən əziz
günü olaraq yaddaşına yazır. Bu
sevgi deyil də nədir?! Belə bir
sevginin əllə, ürəklə birləşərək sənətə
dönüşəcəyi də şübhəsizdir.
Yuxarıda adını çəkdiyim son
"Nuhçıxandan Naxçıvana" kitabı da elm, zəhmət
və sevginin bir-birinə qarışdırılaraq
yazıldığı bir əsərdir. O əsərin hər səhifəsində
onun yurduna, ocağına , kəndinə və orda yaşayan
insanından tutmuş ağacına, böcəyinə qədər,
hər canlıya olan bağlılığın və sevginin
saysız işarətləri var. O kitabda əfsanələrdən
gerçəkliyə, duyğulardan gülməcələrə
qədər hər şey vardır. Hər
daşın, hər qayanın, hər nağılın, hər
çayın və hər gölün hekayəsi
anladılarkən, o torpaqların yetişdirdiyi sənətçilər,
maarifçilər, yazarlar, şairlər, siyasətçilər
də unudulmaz. O əsərdə, o torpaqların
yetişdirdiyi mərd, cəsur insanların şahidlikləri
tarixə düşmüş ən önəmli hadisələri
özündə yaşadır. Bunlardan sadəcə birini
yazım: 1918-ci il azərbaycanlılara
qarşı soyqırım törədənlərdən biri
Adronikin yüzüncü yaşı münasibətiylə
Lenin mükafatı sahibi Marietta Şaginyanın 1966-ci ildə
mərkəzi mətbuatda müxtəlif məqalələri dərc
edilir. Şaginyan
Adroniki bir xalq qəhrəmanı olaraq göstərmək
və onun anadan olmasının 100 illiyini təntənəylə
qeyd edilməsini istəmişdir. Naxçıvandan
cəsur bir qələm buna "dur"- demək
üçün hər şeyi göz önünə
alır. Bu cəsur qələm tarix elmləri
namzədi Əli Əliyev idi. O vaxtın yönəticiləri
Şıxəli Qurbanov və Moskvadakı liderlərə məktublar
göndərərək Andronikin gerçək sifətini,
mahiyyətini ifşa edir. Düşünün,
dönəm sovetlərin ən ehtişamlı dönəmidir.
Sənin qarşı
çıxdığın insan isə o vaxtın ən
yüksək mükafatı olan Lenin mükafatı sahibi və
rusların sayğı bəslədikləri bir elm
adamıdır. Kitabda o məktubları
oxuyarkən xalqımızın içindəki cəsur
ürəklərlə qürur duymamaq olmur. Bəlkə də İsa Həbibbəyli bu cəsarəti,
bu səmimiyyəti özünə yaxın bildiyi
üçün bu iki önəmli məktubu tapıb
çap edərək elm aləminə təqdim etmiş və
öz torpağından çıxmış bir elm
adamının da ruhunu şad etmişdir.
Əslində bu yazımda Hocam İsa Həbibbəylinin
əsərlərini deyil, insani və dostluq tərəflərini
oxucularımla bölüşmək istədim. Amma onun hər dost söhbəti
məni istər-istəməz əsərlərinə,
yaradıcılığına da aparır. Əlim
hər sözü yazmağa uzandığında onun əsərlərindəki
şövq və həyəcandan ayrılmıram. Son yazdığı əsərində uzun-uzun
anlatdığı doğulduğu Danzik kəndindən bəhs
etdiyində ona Polşada da bir Danzik şəhəri
olduğunu söyləmişdim. Gülümsəmiş,
eynən belə demişdi:
- Onlar da
bizim buralardan köçmüşlər.
Bu zarafat
gələnəyi bir az da Nəsrəddin
hocamız kimi dünyanın mərkəzini öz
doğulduğu yerlər olaraq görmək deyil bəs nədir?
İstanbulda sərin bir payız günündə bu sətirləri
yazarkən gözlərimin önündən axıb gedən
xatirələrdə hey onu məşğul və tələsən
görürəm. Rahat və uzun söhbətləri
heç cür ağlıma gəlmir. Bir
dəfə Ədəbiyyat İnstitutundakı otağına
getmişdim. Məni qapıda
qarşıladı və dərhal da otaqdan
çıxdıq. Pilləkənlərdən
sürətlə enərək onu gözləyən
maşına mindik.
-
Vaxtın varsa Elmlər Akademiyasına gedək, yolda söhbət
edərik, -dedi, Rəyasət Heyətinin binasını nəzərdə
tuturdu. Mən, Ədəbiyyat İnstitutunda işim
olduğunu söyləyincə, yolda söhbət edərik,
sonra mən səni göndərərəm,-
dedi.
Maşınına mindik.
- Bilirəm,
günorta vaxtıdır, acsan, mən də acam, amma
vaxtımız yoxdur,-dedi. Yanındakı bir
paketdən türk pidəsi çıxartdı və bir
parça qırdı, sonra mənə uzatdı. Yol boyu söhbət etdik və o pidəni yeyib
bitirdik. Mənə görə Azərbaycanda
yediyim ən ləzzətli yeməklərdən biri idi.
İki il öncə Bakıya önəmli vəzifəyə
gəldiyini eşitdiyimdə onu tanıyan bəzi dostlarla
söhbətimiz olmuşdu. Dostlar onun Elmlər
Akademiyasındakı yüksək vəzifəsindən məhəbbətlə
danışmışdı. Mənsə
daha çox onun duyğularından söz etmişdim. Çünki onun da mənim kimi
düşündüyündən əmin idim. Bakı onun üçün vətən də olsa,
mənim fikrimcə, sanki qürbətə gəlmişdi.
İğdır necə mənim burnumda göynəyirsə,
bilirdim ki, Naxçıvan da hər an onun burnunun ucunu göynədir
və oranın havasını, suyunu, rüzgarını
özləyir. Çünki
doğulduğu məkanları sevgiylə sevən insanları
təsəlli edən ən gözəl söz yenə
sevgilinin, yəni o məkanın adıdır. Bu nədənlə Naxçıvan nə zaman
ağlıma gəlsə, öz gördüklərimdən
daha çox onun coşğu ilə anlatdıqları gözlərim
qarşısına gəlir. Möminə Xatın
türbəsi, Əshabi-kəf, Haçadağ, Xan
sarayı...
Son olaraq onunla bir ay öncə
görüşmüşdük. Daha o gəlmədən onun tələbələri
İman Cəfərov, Hikmət Mehdi və Bakıdan opponent
olaraq gəlmiş dostum professor Bədirxan Əhmədovla
Naxçıvanın "Söyüdlü"
restoranında türk dünyası, Azərbaycan və ədəbiyyat
üzərinə maraqlı bir söhbətə
başlamışdıq. Söhbətimiz
zamanı onun adı keçincə tələbələri
sevinclə parlayan gözləriylə onun keçmişdə
Naxçıvan Universitetində necə bir sevgilə işlədiyini,
onlara rəhbərlik etdiyini anlatdılar. Gecə
yarısına qədər davam edən fasiləsiz
çalışmalar və gecənin bir yarısında onun mərhum
vəfalı həyat yoldaşının hamı
üçün evdən göndərdiyi yeməklərlə
sona çatan yorğun gecələr... Hikmət Mehdi o günləri belə
anlatmışdı: "Dəlilər kimi işləyirdik. Sonra İsa müəllim gecə yarısı məni
evə göndərirdi. Evdə "yeməyə
nə varsa, verin"- deyərdim və mərhum xanımı
nə hazırlamışsa qucağıma doldurub gətirərdim.
Universitetə gələr və hamımız
bir süfrə başında toplaşaraq gülə-oynaya yeməklərimizi
yeyər, yorğunluğumuzu unudardıq". Söhbətimizə son nöqtəni
Bədirxan bəy qoymuşdu: "İndi belə onun iş
sürətinə heç birimiz çata bilmirik,"
-demişdi.
Ertəsi
gün Hocam Naxçıvana gəldi, bir yerdə universitetə
getdik, "Hər binanın tikildiyi, ağacın və gülün əkildiyi
tarixi belə bilirəm"- dediyi universitetin həyətində
gəzərkən bir qrup qızlı-oğlanlı gənc
sayğıyla onun ətrafına yığışdılar,
keçmiş tələbələriydi. Hər
birinin ayrı-ayrı dərslərini soruşdu, necə
oxuduqlarını öyrənmək istəyirdi. Gənclər
böyük bir sayğıyla ona qulaq asır, suallarına cavab verirdilər. Sonra Hoca mənə
döndü: -Bunlar birinci kursda olarkən mən burdan getdim,- dedi.
Aradan
üç il keçmişdi, amma nə gənc
tələbələr onu, nə də o gəncləri
unutmuşdu. Bağlılıq, məhəbbət,
vəfa və bilgi beyində, könüldə bir-birini
tamamladıqca ortaya adəta yaxşı bir musiqi bəstəsi
çıxar. Bunu bilən və
uyğulayan hocalar həmişə uğur qazanırlar.
Hocalığı sadəcə bilik vermək olaraq görən
insanlar isə əsla hoca ola bilməzlər
və tələbələri tərəfındən tez
unudulub gedərlər. İsa Həbibbəyli
biliyini, savadını müntəzəm təzələyən,
həyəcana və sevgiyə bələyən bir Hoca
olmuşdur. Ona bir dəfə Tolstoyun
İslam üzərinə yazdığı məktubların
Türkiyədə dərc olunduğunu demişdim. Dərhal həyəcanlanmış, Tolstoy azərbaycanlı
biriylə də məktublaşmış, əgər o məktublar
da o kitabda varsa, o kitabı mənə tap göndər,
-demişdi. Elmə, biliyə doymayan bir Hocanın
portretini tamamlayan ən gözəl obraz bu deyilmi!?
Mənim
bir il boyu Berlində Məhəmməd Əsəd bəy
(Qurban Səid) haqqında apardığım araşdırmanın da səbəbkarı o
olmuşdur. O günə qədər əsərlərindən
sadəcə heyranlıqla bəhs etdiyim Məhəmməd
Əsəd bəyi onun təşəbbüsüylə daha
yaxından tanımış və məlum olmayan məqalələrini
tapmış, dilimizə tərcümə etmişdim. İsa bəyin Məhəmməd Əsəd bəyə
olan heyranlığı və sevgisi, şübhəsiz, onun
böyük bir yazar olmasından daha çox, həm də Azərbaycan
təəssübkeşliyindəndi. Çünki
ona görə onun vətənindən biri olan bir insanın
öldükdən sonra belə ruhuyla vətəninə
dönməsi gərəkirdi və bizlər onun əsərlərini
dərc etdikcə bunu həyata keçiririk.
İsa Həbibbəylinin
Azərbaycanda çox bilinməyən bir özəlliyi də
onun mənim
kimi iğdırlı olmasıdır. İnanmadınız
deyilmi?! Mən inanmanızı tövsiyə
edirəm. Çünki hər
iğdırlı, həqiqətən də, onun
İğdırdan Naxçıvana getdiyi düşüncəsindədir.
Hər hansı bir iğdırlı Azərbaycana
getmək istədiyində, "orda bir tanıdığın
varmı"- deyə soruşarlar. O da "İsa Həbibbəyli
var", -deyə cavab verər. Onun telefon
nömrəsi hər iğdırlının cibində var və
Azərbaycanda dara düşdüyündə mütləq onu
axtarar. Bu da onun öz insanına necə
qol-qanad gərdiyinin ən böyük göstərcisidir.
İsa Həbibbəyli bu gün yaş pilləkənində
yeni bir basamağa addım atır. Bu basamağın daha
kamil olduğunu çox yaxşı bilirəm. Bu nədənlə bu yazıyı qələmə
alarkən özümü əsla zorlamaq istəmədim.
Sadəcə vaxtını gözlədim.
Zamanı gəlincə də balkonda oturdum, saatımı
qolumdan çıxarıb önümə qoydum və
İstanbulun mavi göy üzünə baxaraq çaydan
içib tam iyirmi beş dəqiqədə
bu yazını bitirdim. Sətirlərimə tək
kəlməlik sünilik qatmadım. Çünki
kamillik pilləkəninə gəncliyindən ayaq basan bir
alimin sünilikdən, boş öygüdən və həyəcansız,
səmimiyyətsiz bir yazıdan nifrət etdiyini çox
yaxşı bilirəm.
Təbriklər,
əziz Hocam! Neçə belə mutlu və
sağlıqlı illərə...
Orxan ARAS
525-ci qəzet.- 2015.- 16 oktyabr.- S.7.