Repressiya qurbanı
olmuş qələm sahiblərimiz
VƏ YA BÖYÜK MÜSİBƏTİN QISA XRONOLOGİYASI
1920-ci ildən başlayan və 1937-ci ildə milli fəlakət
və faciə şəklində bütün respublikanı
bürüyən repressiya qurbanlarının sayı dəqiq
məlum deyil.
Lakin o aydındır ki, bəzi istisnalar nəzərə
alınmasa, güllələnənlərin, sürgün edilənlərin,
həbsxana divarları arasında min bir işgəncə ilə
qətlə yetirilənlərin böyük əksəriyyəti
Sovet rejimi, kommunist ideologiyası və mövcud quruluşa
qarşı real və ciddi təhlükə yarada biləcək
güc və zəka sahibləri idi.
Bu qəbildən olan bir çox ziyalının,
şair, yazıçı, publisistin həyat və
yaradıcılıq yolu tədqiq edilsə də, bu problemlə
bağlı kitab və məqalələr yazılsa da,
fikrimizcə, hələ görüləcək işlər
çoxdur.
Nə qədər
ağır və acı olsa da, bizdə olan məlumata görə,
vaxtı ilə müvafiq instansiyalara müraciət edilmədiyindən
Azərbaycan ədəbiyyatı və mətbuatı tarixində
misilsiz xidmətlər göstərmiş bir çox repressiya
qurbanı üzərindən hələ də qərəzli
məhkəmə qərarı götürülməmiş və
onlar bu gün də rəsmən bəraət
almamışlar.
Ölkə
arxivlərində müxtəlif illərdə ayrı-
ayrı mövzular üzrə araşdırmalar apararkən
eyni zamanda 1937-ci
ildə repressiya olunan qələm əhlinin qısa tərcümeyi-halı,
əsərləri barədə də məlumatları
toplayırdım.
Xalq yazıçısı Elçinin tövsiyəsi və
təşəbbüsü ilə gördüyüm bu
işin nəticəsində 57 nəfərdən ibarət
yazıçı, şair, publisist, naşir, mühərrirdən
ibarət siyahı alındı.
Fikrimcə,
bu material oxucular üçün maraqlı, tədqiqatçılar
üçün faydalı ola bilər.
(Əvvəli
ötən sayımızda)
28.
İsmayıl Katib - şair.
1898-ci ildə Qazax qəzasının Qıraqkəsəmən
kəndində anadan olmuşdur. Ağdaş Qəza
partiya komitəsinin birinci katibi, Azərbaycan Dövlət Nəşriyyatında
direktor vəzifələrində
çalışmışdır. 1938-ci
ildə güllələnmişdir.
29. Eminbəyli
İbrahim - tənqidçi.
1894-cü ildə anadan olmuşdur. SSRİ Ali Məhkəməsi
12 oktyabr 1937-ci ildə keçirilən səyyar Hərbi
Kollegiyasının hökmü ilə güllələnməyə
məhkum edilmişdir. SSRİ Ali Məhkəməsinin Hərbi
Kollegiyasının 10 dekabr 1955-ci il tarixli
qərarı ilə İ.Eminbəyliyə bəraət
verilmişdir.
30.
Salamzadə Əbdüləziz (1907-1937) - tənqidçi,
tarixçi.
1907-ci ildə Nuxada anadan olmuşdur. SSRİ Ali Məhkəməsi
Hərbi Kollegiyasının 11 oktyabr 1937-ci ildə keçirilən
səyyar Hərbi Kollegiyasının hökmü ilə
güllələnməyə məhkum edilmişdir.
SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının
28 noyabr 1956-cı il tarixli qərarı ilə
Ə.Salamzadəyə bəraət verilmişdir.
31. Hüseynov Mikayıl Namaz oğlu - tənqidçi.
1900-cü ildə anadan olmuşdur. AK(b)P-nın
təbliğat şöbəsinin müdiri vəzifəsində
işləmişdir (1930-cu illər). SSRİ Ali Məhkəməsi
Hərbi Kollegiyasının 19 oktyabr 1937-ci il
tarixli hökmü ilə güllələnməyə məhkum
edilmişdir. SSRİ Ali Məhkəməsinin Hərbi
Kollegiyasının 1 sentyabr 1956-cı il
tarixli qərarı ilə M.N.Hüseynova bəraət
verilmişdir. 32. Ağaməmməd Aslanov - publisist.
33.
Nemanzadə Ömər Faiq - yazıçı, publisist.
1871-ci ildə Gürcüstanın Axaltsıx rayonu Azqur
kəndində anadan olmuşdur.
1937-ci
ilin 16 iyulunda Tbilisi şəhərində, Axaltsıx rayon
prokuroru Odabaşyanın sanksiyası ilə o, növbəti dəfə
həbs edilmiş və oktyabr ayının 19-da
üçlüyün əmri ilə güllələnmişdir.
34.
Trinç Əhməd Bedi oğlu - publisist.
1893-cü ildə anadan olmuşdur. Sovet hakimiyyətinə
qarşı təbliğat aparmaqda ittiham olunaraq həbs
edilmişdir. 8 iyul 1937-ci ildə
Ə.Trinç saxlanıldığı kamerada intihar edərək,
özünü asmışdır. 1930-cu
illərdə "Azərnəşr"də direktor işləmişdir.
35.
Samçızadə Əli Razi Yəhya oğlu - şair,
publisist.
1880-ci ildə Gəncə şəhərində anadan
olmuşdur.
SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının səyyar
sessiyasının 7 yanvar 1938-ci il tarixli
hökmü ilə güllələnmişdir. SSRİ Ali Məhkəməsinin
Hərbi Kollegiyasının 13 may 1958-ci il
tarixli qərarı ilə Ə.Y.Samçızadəyə bəraət
verilmişdir.
36.
Şamilov Seyfulla Əli oğlu - nasir, publisist.
1902-ci ildə
Qazax rayonunun Tapı
lı kəndində
anadan olmuşdur. SSRİ DİXK-in yanında Xüsusi
Müşavirənin 9 iyun 1939-cu il tarixli qərarı
ilə cəzasını islah-əmək düşərgəsində
çəkməklə, 5 il müddətinə azadlıqdan məhrum
edilmişdir. 11 fevral 1943-cü ildə
azadlığa buraxılmışdır. SSRİ Ali Məhkəməsinin
cinayət işləri üzrə məhkəmə
kollegiyasının 9 may 1955-ci il tarixli qərarı
ilə Ə.Şamilova bəraət verilmişdir. 1974-cü il dekabrın 25-də S.Şamilov vəfat
etmişdir.
37.
İbrahimov Əlisəttar (1896-1937) - şair-publisist.
1896-cı ildə anadan olmuşdur. SSRİ Ali Məhkəməsi
Hərbi Kollegiyasının 8 yanvar 1938-ci il
tarixli hökmü ilə güllələnməyə məhkum
edilmişdir. SSRİ Ali Məhkəməsinin Hərbi
Kollegiyasının 11 aprel 1956-cı il
tarixli qərarı ilə Ə.İbrahimova bəraət
verilmişdir.
38. Qədirbəyova Gülarə İbrahim Xəlil
qızı - publisist, ictimai xadim.
1905-ci ildə anadan olmuşdur. SSRİ DİXK-in yanında
Xüsusi Müşavirənin 9 iyun 1939-cu il tarixli qərarı
ilə cəzasını islah-əmək düşərgəsində
çəkməklə, 5 il müddətinə azadlıqdan məhrum
edilmiş, Sibirə sürgün edilmişdir. Azərbaycan
SSRİ Ali Məhkəməsinin cinayət işləri
üzrə məhkəmə kollegiyasının 30 oktyabr
1957-ci il tarixli qərarı ilə
G.İ.Qədirbəyovaya bəraət verilmişdir.
39.
Sadıxova (Rəsulzadə) Ümmülgülsüm
Əbdüləziz qızı - şairə, nasir.
1900-cü ildə Bakı şəhərində anadan
olmuşdur.
SSRİ DİXK-in yanında Xüsusi Müşavirənin 9
aprel 1938-ci il tarixli qərarı ilə cəzasını
islah-əmək düşərgəsində çəkməklə,
8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan
Respublikası Prokurorluğunun 14 mart 1990-cı il
tarixli rəyinə əsasən Ü.Ə.Sadıxovaya bəraət
verilmişdir.
40. Məmmədov Cabbar Abbas oğlu.
1882-ci ildə İrəvanda anadan olmuşdur. Xalq təsərrüfatı
İnstitutunda Dilçilik kafedrasında müəllim işləmişdir
(dilçi, pantürkist). SSRİ Ali Məhkəməsi
Hərbi Kollegiyasının 2 yanvar 1938-ci ildə keçirilən
səyyar sessiyasının hökmü ilə güllələnməyə
məhkum edilmişdir. Hökm 3 yanvar
1938-ci ildə yerinə yetirilmişdir. SSRİ Ali Məhkəməsinin
Hərbi Kollegiyasının 25 iyul 1957-ci il
tarixli qərarı ilə C.A.Məmmədova bəraət
verilmişdir.
41. Cəfərov
Əkrəm Səftər oğlu - dilçi.
1905-ci ildə İsmayıllı rayonunun Lahıc kəndində
anadan olmuşdur. Filologiya elmləri namizədi, ADU
Dilçilik kafedrasının dosenti işləmişdir.
SSRİ DİXK-in yanında Xüsusi Müşavirənin 5
sentyabr 1942-ci il tarixli qərarı ilə
islah-əmək düşərgəsində saxlanılmaqla,
8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan
Respublikası Baş Prokurorluğun 16 yanvar 1989-cu il tarixli rəyinə əsasən Ə.S.Cəfərova
bəraət verilmişdir.
42. Həsənov
İdris Məşədi Zaman oğlu - dilçi.
1897-ci ildə İrəvanda anadan olmuşdur. SSRİ DİXK-in yanında
Xüsusi Müşavirənin 9 aprel 1939-cu il
tarixli qərarı ilə 8 il müddətinə azadlıqdan
məhrum edilmişdir. 1949-cu il dekabrın
21-də yenidən həbs olunmuş, SSRİ DTN yanında
Xüsusi Müşavirənin 8 aprel 1950-ci il tarixli qərarı
ilə Krasnoyarsk vilayətinə sürgün edilmişdir. Azərbaycan
SSRİ Ali Məhkəməsinin cinayət işləri
üzrə məhkəmə kollegiyasının 27 sentyabr
1957-ci il tarixi qərarı ilə İ.M.Həsənova
bəraət verilmişdir.
43. Bağırov Qulam Kərim oğlu - dilçi.
1904-cü ildə İranın Mərənd rayonunun Dizə
kəndində anadan olmuşdur.
21 iyul
1939-cu ildə 8 il müddətinə
azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSRİ Ali Məhkəmə
kollegiyasının 18 aprel 1956-cı il
tarixli qərarı ilə Q.K.Bağırova bəraət
verilmişdir.
44. Dəmirçizadə
Əbdüləzəl Məmməd oğlu.
1909-cu ildə Nuxa şəhərində anadan
olmuşdur. 9
mart 1937-ci il tarixində Dəmirçizadə
həbs edilmişdir. İstintaq zamanı əməllərində
cinayət tərkibi olmadığından Ə.Dəmirçizadə
8 iyul 1937-ci ildə azadlığa buraxılmışdır.
Professor Ə. Dəmirçizadənin 20-dən
çox kitabı, 200-dən artıq elmi və elmi- metodik məqaləsi
çap olunmuşdur.
45. Ələkbərov
Ağadadaş ("Dərviş" ləqəbli) Hənəfi
oğlu.
1867-ci ildə Bakı şəhərində anadan
olmuşdur.
Azərbaycanın mərsiyəxan şairlərindən biri
olub (dini təbliğ edən əsərlər
yazdığına görə 16 dekabr 1937-ci il
tarixində həbs edilib). Azərbaycan SSRİ DİXK
üçlüyünün 31 dekabr 1937-ci il
tarixli qərarı ilə güllələnməyə məhkum
edilmişdir. 16 yanvar 1938-ci ildə hökm icra
olunmuşdur. Azərbaycan SSRİ Ali Məhkəmə
kollegiyasının 27 oktyabr 1958-ci il tarixli
qərarı ilə A.H.Ələkbərova bəraət
verilmişdir.
46.
İsmayılzadə Cəfər Balaəmi oğlu - şair, ədəbiyyatşünas,
tərcüməçi.
1905-ci ildə Bakı şəhərinin Mərdəkan
kəndində anadan olmuşdur. 22 iyun 1935-ci ildə Azərbaycan SSR
CM-nin 73-cü maddəsinə əsasən (sovet hakimiyyətinə
qarşı təbliğat) 3 il müddətinə
azadlıqdan məhrum edilmişdir.SSRİ DİXK yanında
Xüsusi Müşavirənin 21 avqust 1943-cü il tarixli qərarı
ilə Qazaxıstan SSR-nin Şimali Qazaxıstan vilayətinə
5 il müddətinə sürgün edilmişdir. Azərbaycan
SSRİ Ali Məhkəməsinin cinayət işləri
üzrə məhkəmə kollegiyasının səyyar
sessiyasının 7 iyul 1956-cı il tarixli
qərarı ilə C.İsmayılzadəyə bəraət
verilmişdir. 1985-ci ildə SSRİ
Yazıçılar İttifaqının üzvü
olmuşdur.
47.
Qasımov Ənvər Yusif oğlu, tərcüməçi,
publisist.
1914-cü ildə Yevlax şəhərində anadan
olmuşdur. "Kommunist", "Kirovabad bolşeviki" qəzetləri
redaksiyasında, 1937-ci ildən isə Azərbaycan SSR XKS-də
tərcüməçi işləmişdir. SSRİ
DİXK yanında Xüsusi Müşavirənin 25 sentyabr
1943-cü il tarixli qərarı ilə
Qazaxıstan SSR-nin Şimali Qazaxıstan vilayətinə 5 il
müddətinə sürgün edilmişdir. Azərbaycan
SSRİ Ali Məhkəməsinin cinayət işləri
üzrə məhkəmə kollegiyasının 20 yanvar
1955-ci il tarixli qərarı ilə
Ə.Qasımova bəraət verilmişdir.
48. Nəcəfov Rzaqulu Ələkbər oğlu - ədəbiyyat
işçisi, tərcüməçi, müəllim.
1885-ci ildə Naxçıvanda anadan olmuşdur. Azərbaycan SSR DİXK
üçlüyünün 21 oktyabr 1937-ci il
tarixli qərarı ilə güllələnməyə məhkum
edilmişdir. Hökm 29 noyabr 1937-ci ildə yerinə
yetirilmişdir. Azərbaycan SSRİ Ali Məhkəməsinin
cinayət işləri üzrə məhkəmə
kollegiyasının səyyar sessiyasının 18 avqust
1956-cı il tarixli qərarı ilə N.Rəcəbova
bəraət verilmişdir.
49. Axundov
Mirzə Məhəmməd - "Molla Nəsrəddin"çi,
şair, alim, xalq müəllimi.
1875-ci ildə Gəncədə anadan olmuşdur. Azərbaycan Fövqəladə
Komissiyasının 17 dekabr 1920-ci ildə keçirilən
iclasında alınmış qərara əsasən,
müsavat hökuməti və partiyasına qulluq etdiyinə
görə günahlandırılmış, cəzasını
ağır işlər görülən düşərgədə
çəkməklə 1 il müddətinə
azadlıqdan məhrum edilmişdir. 1923-cü ildə
vəfat etmişdir.
50. Mir Cəfərov
Mir Məhəmməd Kərim Mir Cəfər oğlu - tərcüməçi,
yazıçı, jurnalist, Bakı qazısı.
1872-ci ildə Bakının Mərdəkan kəndində anadan olmuşdur. Azərbaycan SSR DİXK üçlüyünün 2 mart 1938-ci il tarixli qərarı ilə güllələnməyə məhkum edilmişdir. Azərbaycan SSRİ Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasının 15 iyul 1960-cı il tarixli qərarı ilə M.M.Mir Cəfərova bəraət verilmişdir.
51. Abdullayev Zülfüqar Həsən oğlu - filoloq, "Azərnəşr"də tərcüməçi.
1898-ci ildə Şuşada anadan olub. Azərbaycan SSR DİN
qoşunları Hərbi Tribunalının 22 sentyabr 1942-ci il tarixli qərarı ilə güllələnməyə
məhkum edilmişdir. Azərbaycan SSRİ Ali Məhkəməsinin
cinayət işləri üzrə məhkəmə
kollegiyasının 12 sentyabr 1966-cı il
tarixli qərarı ilə Z.H.Abdullayevə bəraət
verilmişdir.
52. Qafarov
Hüseyn Cəfər oğlu - Azərbaycan SSR EA-nın Nizami adına Ədəbiyyat İnstitutunda
baş elmi işçi, filoloq.
1908-ci ildə Bakıda anadan olmuşdur. Azərbaycan SSR DİN
qoşunları Hərbi Tribunalının 22 sentyabr 1942-ci il tarixli qərarı ilə 10 il müddətinə
azadlıqdan məhrum edilmişdir.
53. Muradov
Şirməmməd Əhməd oğlu - Nizami adına
Ədəbiyyat İnstitutunda lüğətlər
şöbəsinin müdiri.
1898-ci ildə Bakıda anadan olmuşdur. Azərbaycan SSR DİN
qoşunları Hərbi Tribunalının 22 sentyabr 1942-ci il tarixli qərarı ilə güllələnməyə
məhkum edilmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin
cinayət işləri üzrə məhkəmə
kollegiyasının 12 sentyabr 1966-cı il
tarixli qərarı ilə Ş.Ə.Muradova bəraət
verilmişdir.
54.
İbrahimbəy Musabəyov - maarifçi, nasir.
1880-ci ildə Qəbələ (Qutqaşen) rayonunda anadan
olmuş, 1937-ci ildə repressiyaya məruz qalmış, 1942-ci
ildə Karaqandada həlak olmuşdur.
55. Teymur
bəy Bayraməlibəyov - folklorşünas, tarixçi.
1862-ci ildə Masallıda anadan olmuş, 1937-ci ildə
repressiyaya məruz qalmışdır. Folklorşünas
və tarixçi kimi bir çox əsərlərin müəllifidir.
56.
Əbasəlt Rizai (1902-1938) - şair-tərcüməçi.
1938-ci ildə güllələnmişdir.
57. Yusif
Hacızadə (1909-1973) - şair, tərcüməçi.
1937-ci ildə Sibirə sürgün edilmişdir.
11.08. 2015
Abid Tahirli
525-ci qəzet.- 2015.- 16 oktyabr.- S.6.