Dost haqqında
söz
Yaxud kimdir Əflatun
Amaşov?
Məncə ömrümüz bizim istədiyimiz, sevdiyimiz və bizi istəyən,
sevən insanların,
o cümlədən, dostların,
səmimi yoldaşların,
məsləkdaşların varlığı ilə tamdır. Yoxsa yaşamağın mənası və gözəlliyi olmazdı.
Bu sarıdan nə yaxşı ki tale məni Əflatun Amaşovla rastlaşdırdı!
Düz 36 ildir ki, onu tanıyıram...
Bakıda
keçən günlər:
Otağımızda bir
qutu asmışdı.
Kim danışığında
əcnəbi, yaxud qəbih söz işlətsə, cəriməsini
oraya salmalı idi. Yığılan pula sonra həmin
ziyançəkən dostlarla
birgə kafeyə gedərdik. Onun dəftərində Məhəmmədhüseyn
Şəhriyarın "Heydərbabaya
salam" poemasının
mətni... Poemanı əzbər bilirdi.
Mənim
kiçik bloknotumda Bəxtiyar Vahabzadənin
"Gülüstan" poemasının
mətni... O vaxt həmin əsərlərin
çapı qadağan
idi və bunun səbəbini hamı bilirdi.
Moskvadakı tələbəlik illərimiz:
Stolunun üstündə
"Azərbaycan" albomu...
Sovet respublikalarına
həsr edilmiş tədbirlərdə Azərbaycanın
tarixindən və çağdaş həyatından
bəhs edən slaydları böyük həvəslə öz şərhi ilə təhsil aldığımız
Moskva Dövlət Universitetinin Sovet və əcnəbi tələbələrinə nümayiş
etdirməsi... İndi
Qırğızıstanın məşhur jurnalisti olan bir şəxsin
milli mənsubiyyətini
gürcü tələbələrin
aşağılamasına sərt
cavabı, Çingiz Aytmatovu, "Manas" eposunu misal çəkməsi...
Ulu öndər Heydər Əliyevin həmin illərdə Moskvaya gəlməsini imkanımız
daxilində bayram etdik. İkimiz də təzəcə aldığımız təqaüdləri
bir yerə qoyduq, üstünü də düzəldib yataqxanada yaşayan yaxın münasibətlərimiz
olan rus, ukraynalı, qazax, gürcü, belorus, latış və s. tələbələri də
süfrəyə çağırdıq.
SSRİ kimi dünyanın
təxminən yarısını
xəritələyən bir
dövlətin sükanını
hərləyənlərdən birinin də azərbaycanlı olacağını
dərk etdiyimizdən
qəlbimizi milli qürur hissi sarmışdı, sevincimizin
həddi-hüdudu yox idi. Çoxları bizə qibtə
edirdilər.
Sonralar:
Dünyadan vaxtsız getmiş bir tələbə yoldaşımızın
balasına maddi və mənəvi havadarlıq etməsinin, onun təhsili ilə məşğul olmasının şahidi oldum. Məcburi köçkünlərə təmənnasız köməyinin,
illərlə kirədə
yaşayan istedadlı
jurnalistləri öz səlahiyyəti daxilində
mənzillə təmin
etməsinin şahidi oldum. Moskvada beynəlxalq media forumlarda onun Azərbaycanın dövlətçiliyini şəstlə
mühafizə etdiyinin,
Qarabağla bağlı
tarixi həqiqətləri
dünyaya çatdırmaq
cəhdlərinin şahidi
oldum...
Beləcə taleyin süzgəcində
hər şey süzüldü, illər
sapa düzüldü
və gördüm ki, insan mələk
deyil. Amma...Əflatunun insanlığı,
istiqanlılığı, vicdanlılığı, mərdliyi,
dostluğa sədaqəti
onun adına
bağladığım şeirə
çevrildi:
İki zəvvar
Əziz
dostum, qardaşım Əflatun Amaşova
Ey könül həmdəmim,
ürək sirdaşım,
İlahi nurudur qəlbində sevgin.
Zirvəyə ucalan ömürüm, yaşım,
Adınla məğrurdur, ününlə öygün!
Səninlə keçən ilk gənclik günlərim,
Şirin duyğulara qəlbimi bələr.
Qoy ötən illərə məktub göndərim,
Bəlkə uzaqlardan dönüb gələlər.
Bəlkə tarix dönə, qaytara geri,
Neçə-neçə itən səsi, avazı...
Atalar dünyadan köçəndən bəri,
Solğun güllər açır illərin yazı.
Zaman sınağından keçirdi bizi,
Qara qasırğalar ötdü aradan.
Məmləkət ağrılı ürəyimizi,
Bizə çox görməsin ulu Yaradan.
Tanrı
bizi özü imtahan edir,
Bu dünya sədəfdir,
saf incisi sən.
Bir cüt zəvvar haqqa doğru yol gedir,
Birincisi sənsən, ikincisi mən.
12.07.2006,
Moskva
Bu günlərdə Əflatun
müəllimin 62 saylı
Saatlı seçki dairəsindən millət
vəkilliyinə namizədliyinin
irəli sürülməsini
internetdə oxudum. Sevindim:
Allah köməyi olsun!
Bilirəm ki, bu istək şəxsi ehtirasdan yox, hər şeydən əvvəl, onun Milli Məclisdə xalqın layiqli elçisi olmaq arzusundan doğub. Əflatun Amaşov Millətimizi, Vətənimizi, dilimizi, dinimizi və mədəniyyətimizi sevən
insandır. O, görkəmli
ictimai xadim və jurnalist kmi bu sevginin
yolunda az
işlər görməyib.
Onun lehinə və səsinə səs verənlər yanılmayacaqlar!
Bu yazını özümün
özümə monoloqum
kimi yazdım. Bu mənim layiqli bir Vətən oğlunu, bir şəxsiyyəti necə
tanıdığımı bildirmək, daha da tanıtdırmaq istəyimdir. Allah hər
kəsə öz fikrindən haqqa, həqiqətə zərərsiz
və qərəzsiz xeyir versin!
Əliş ƏVƏZ
Azərbaycan və Rusiya Yazıçılar və
Jurnalistlər irliklərinin
üzvü
Moskva
525-ci qəzet.- 2015.- 16 oktyabr.- S.4.