“Mən səni sevirəm
vəhyə çəkilən peyğəmbər Allahı
sevdiyi kimi”
I. Biz hara
gediriksə
ordan
qayıdır zaman
Ad
günü
Hədiyyə
edirəm özüm özümə,
Dünyanı
özümə bağışlayıram,
Qumu
tullayıram pisin gözünə,
Yaxşını min dəfə alqışlayıram.
Qızımın
saçını tumarlayıram,
Öpürəm oğlumun geniş alnından.
Qalxıb
qəlbi dikə ulduz sayıram,
Keçirəm qürubun eniş altından.
Bayatı
tinindən ehmalca ötüb
Qonuram
qoşmanın haça çiyninə,
Ordan
adlayıram heca çiyninə,
Anamın
rubai əlindən öpüb
Qalxıram
atamın uca çiyninə...
Axır bəbəyimdən
Araz daşqını -
məndə ki, çarəsiz...
əfəl
günündə!
Tikanlı
məftillə çərtib başımı
Dönnəm
xarabama
qətl
günündən!
Söykənib
qismətin
sirli gücünə
duyuram,
nə ilkəm, nə
də axıram,
qısılıb dəftərin dümağ küncünə
qara
günüm üçün
hikmət
yığıram.
Cəza
çəkməlidi günahı olan -
Türməyə basıram yad günlərimi.
Ömrümü
qanunla verirəm yola,
Belə
keçirirəm ad günlərimi...
28.05.15
Özümə
qalsa
Şirə
verib bitənə
Susaram kötük kimi.
Paylaram
yol ötənə
balımı pətək kimi.
Özümə
qalsa çinar,
gavalı
kimi susaram.
Cabbar
oxuyub uçunar -
qavalı
kimi susaram.
Nə
sirdi yaxşı yuxu
mələyimə deyərəm.
Pis
sözümü qurcuxub
bələyimə deyərəm.
Özümə
qalsa burub
hörərəm birçəyimi.
Dilimə
tikiş vurub
udaram
dilçəyimi.
Di gəl
açılan sabah
aralığı qarışdırır.
Allah
dindirir, vallah
məni
Allah danışdırır...
06.06.15
Başqa
Təbrizə
baş çəkdim,
Qarsı dolandım -
qalmağa yer hanı gorumdan başqa?
Dünyada
nə qədər gözəl var;
qandım
hamısı nağıldı...
birindən
başqa!
Baş
vurdum sevdanın sərin dibinə,
Tükəcən
quylandım yerin dibinə,
Can
atdım dəryanın dərin dibinə -
dalğıc nəyi istər dərindən başqa?
Düşdüm
xəyalına Hörmuz dadanın -
elə
buna görə aldım zədəni...
Həvvaya
tamsınan haramzadanın
burnundan
nə gələr irindən başqa?
Günahkar
xilası son ahda bilir,
mən
ki, günahsızam,
günah da bilir!
Cızıqdan
çıxmadım, Allah da bilir -
yad vərə
girmədim vərimdən başqa.
Ha yandan gəlmişdim,
hara ged irəm?
-
Əcəl
yaxmacına sürtürəm şirə...
Həsrətin
qəfəsdi, içində şirəm,
Heç nə eşidilmir nərəmdən başqa.
Boş əmək,
boş ətək...
bəhər, bar
ayı -
küləklə qabarır xurcunun tayı,
Almanı
div qapıb, armudu ayı -
Soymağa
nə qalıb
dərimdən
başqa?..
19.07.15
Hamıya
yaxşılıq
Mənim
hörmətli nazirim Əbülfəs Qarayev bir dəfə
kifayət qədər gərgin keçən iclasda
sözarası belə dedi: “Mən həyatım boyu insanlara o
qədər yaxşılıq eləmişəm ki, innən
sonra nə qədər pislik eləsəm Allah
günahımdan keçər”.
Əbülfəs
müəllim, dilinə qurban,
Tamam
düz deyirsən,
dediyin haqdı -
Yaxşılıq
yolunda can qoymusan, can,
Nə ki yamanlıq var, səndən uzaqdı.
Qəlbini
bir dəfə boşaldıb ildə,
hətta
dil tapırsan iblis adamla.
Bülbültək
ötürsən beş-altı dildə,
Pisliyin dilini bilmirsən amma.
Alova
yaxşılıq...
hisə
yaxşılıq...
Lap yansın çırağı qara evlərin.
Yaxşıya
yaxşılıq,
pisə
yaxşılıq -
Həyat tərzi budur Qarayevlərin.
Əclaf
da, paxıl da unudur kini
-
Nadan fikrə gedir qanmayanda da.
Üzü
işıqlanır, adam sevinir
Qardaş, sən adamı danlayanda da.
Müsbət
rəy...
hər kəsin ərizəsinə
-
Nizamülmülk kimi yaxşı vəzirsən.
Qalxırsan
dirinin lap zirvəsinə
Ölünün içində həyat gəzirsən.
Son hesab
xaliqin həddinə yetsə;
dua var dəryanın
yaş
balığında.
Lap bir
gün
Allah da ziddinə getsə
Yenə usanmazsan yaxşılığından.
Çürük
kötükdə də pöhrə gücü var,
Yaxşılıq suyuna çək iyrəncləri.
Atan əvəzidi
bütün qocalar,
balantək sevirsən bütün gəncləri.
Bəlkə
sənə
görə açılır səhər?
Harda
varsan, orda
xeyir
dolaşır.
Düşəndə
axşamlar,
qarışanda
şər
Qanadın altına xeyir doluşur.
Qalaça
tikirsən daş qalağından -
Adam
çox...
hamıya bu vərdiş
gəlmir.
Qardaş,
bir an qalma yaxşılığından,
Onsuz da əlindən
yaman iş gəlmir!...
gecə,
Mərdəkan, 2015
Altmış
yaşıma
Qırx, əlli
qutuda bitmiş yeriyir
İndi də
bu gəlib...indi də altmış,
Ora bax,
üstünə yetmiş yeriyir -
Sən
hara baxırsan, ay başı batmış?..
17.07.15
Qardaşıma
mesaj
Ay Yadigar,xəbər yolla sərçədən
Bəhmənlidə Günəş çıxıb,
çıxmayıb?
Boş
başıma ağıl qoyur hər yetən
Bəhmənlidə qamış çıxıb,
çıxmayıb?
Xoş
halına,
orda qərar
tutmusan -
Alça, ərik, gavalı, ya tumusan?
Səsin
gəlmir,
bəlkə tuluq
udmusan -
Bəhmənlidə
bir iş çıxıb,
çıxmayıb?
İncidirmi səhər şehi qönçəni?
Kim
qaytarır
ləkə cuman
cöngəni?
Qazon yedi
burda yumşaq yoncanı,
Bəhmənlidə
kalış
çıxıb,
çıxmayıb?
Olan budu,
Qonaq nədən
incisin? -
Yağırmı tut? - məhsulun
birincisi?...
Badımcandı
qapımızın zəncisi -
Bəhmənlidə
qaloş çıxıb,
çıxmayıb?
Mesajımdan
sonra üzün gülümsə
İş
fənadı...
xalaxətrin
gülümsə!
Qarpıza
dil vurarammı, bilməsəm
Bəhmənlidə
yemiş
çıxıb, çıxmayıb...
Allah hanı?
Şeytan ətək düzəldir,
Arı
bala simdən pətək düzəldir
Süd nəmənə...
Bakı inək düzəldir -
Bəhmənlidə
camış çıxıb,
çıxmayıb?
Ay Yadigar,
qulluq elə dərinə
Turp
qızarsın
görüm, sənin
yerinə...
Qızılları
nahaq əkdik dərinə,
Bəhmənlidə
gümüş çıxıb,
çıxmayıb?
17.06.15
Yenə də
zaman
Yenə də
Sultan Səncər,
yenə
şahın divanı
Yenə də
tarix zəncir,
insan...
yenə divanə!
Zaman təkər
kimidi -
dığırlanır, çevrilmir
Paslanır
haqq kilidi,
Yenə zaman devrilmir.
Yetmir o təkin
cövrü,
yenə
Zevs Allah doğur
başa
çatmır döl dövrü
Allahlar günah doğur.
Daş, dəmir
mis hardadı
Hərəsi bir lağımdı.
Yenə də
mismardadı
Prometey Qaf dağında.
Qara
qullar, oynaşlar,
Yenə də
ütük dillər,
Yenə də
kəsik başlar,
Yenə də kötük dinlər.
Yenə,
yenə, yenə də
alov
püskürən zaman
yeddi
baş əjdahadı
Vətən
nədi, Allahdan
yenə
də can bahadı.
Tərləməyib
diki də
çopur qayadır zaman.
Tərpənməyib
tükü də
İndi çıxıb kahadan.
Yaxası
gəlmir ələ
qonur
ayıdır zaman.
Amma
bununla belə
biz hara
gediriksə
ordan
qayıdır zaman.
Nədir bu zaman axı?
Yetmir,
ağlım az, Allah!
Heç
iblis də tarixi
belə
saxlamaz, Allah!
30.06.15
II.
Aşiqlərə yol açıq, doğru yol xəta bilməz...
Tarixi
hadisə
Yer oynayar
yerindən,
bəlkə qopar zəlzələ
səni
sevirəm desəm...
Çünki
sən elə belə
adi sevgi
deyilsən -
Tarixi
hadisəsən!
20.06.2015
Özü
özündən qafiyələr
Sözlərin...
eşitmədiyim!
Gözlərin...
içində
itmədiyim!
Dillərin..
dadmadığım!
Yanaqların...
toxunmadığım!
Ürəyin...
oxumadığım!
Qamətin...
kölgəsizliyim!
Qədəmin...
ölkəsizliyim!
Xəyalın...
unutmadığım!
Gecələrin...
yatmadığım!
Səhərlərin...
qıymadığım
sənə,
Yuxudan
oyatmadığım
səni!
25.06.15
Alçaq
adam
Nadanlar
heç zaman yükünü bilmir,
Əyir tərəzini gizli qəm çünki.
Mən
alçaq adamam -
bunu kim bilmir,
Sənintək ucaya aşiqəm çünki.
07.06.2015
Yeni həyat
Gəlib
yer almısan bağrım başında,
Canımı sarmısan bükümbəbüküm.
İndi mən
neyləyim ahıl yaşında,
Başıma haranın daşını töküm?
Öndə
beş-üç metr yol var uzunu -
gülməli gələcək sualım sənə;
Dalınca
düşümmü bulvar uzunu,
Bəlkə durub gedim su alım sənə?
Məni
günahımın başına çevir -
Boğazın qisməti əcəl ipidi.
At tava
içinə, qəlbimi sivir
Sevginin ən
dadlı yeri - dibidi...
Pozaq
tabuları, savab eləyək
Şahzadə taxtını qurduğu yerdə.
Qəzadı,
qədərdi, hesab eləyək -
Adam işə düşür durduğu yerdə.
Sənə
kəcavədi köhlən həyatım -
Yalansa,
torpaqlar yorğanım olsun!
Qurbanlıq
qoç kimi köhnə həyatım
Təzə
həyatımın qurbanı olsun!
06.06.15
Axşam
Əridi,
ömür bitdi
Fitili sap
şam kimi.
Gün
kükürdlü kibritdi
qaralır axşam kimi.
Sanalı
anım qalıb -
babalı
şama qalsın,
Yüz
qıram canım qalıb
o da
axşama qalsın!..
06.06.15
Div məhəbbət
Sirrin
dağarcığında
Səbrim səfərlər olar,
Kimsəyə söyləmərəm sevdiyimin
adını.
Qaranlıq
duysa əgər
gözləri
müstər olar,
Günə çıxsa Günəşin yanar
qızıl qanadı.
Əlyetməzi
zəqqitum,
əlyetəni
noğultək -
Quranda ayə
yoxdu
yarımın
ismi təndə.
Döşənib
qədəminə
susaram qaraqultək,
Sevdiyimi
sevirəm
Allahın cismi təndə.
Gözümdə
heçdi, vallah,
ömrümün
itməyi də,
Dünya
cəhənnəm olsun,
sevdiyim yar
hayıfdı.
İstəmirəm
mən onun
qalxıb bitməyini
də
Şaxta,
yağış qəhr edər,
külək
vurar, hayıfdı.
O
Tanrıya layiqdi,
Mən ömür
köçündəyəm,
Tanrı
necə desin ki,
qurbandı bu can
ona?
O mənim
içimdədi,
mən onun
içindəyəm
İki
candan savayı
qürbətdi hər
yan ona!
Quru canlar
tum kimi
yol dişində
çırtlandı -
Aşiqlərə
yol açıq,
doğru yol xəta
bilməz.
Saf
eşqimin yanında
dünya
gopçu Cırtdandı,
Divlər
yel olub onun
yanından ötə
bilməz!
05.06.2015
Bir şərt
Yalnız
bir şərtlə durub
itilərəm yurdundan,
Dönüb
şeytan olaram
yek kəlməmi
çevirsən:
Eşitsəm
namərd Allah
divanədi dərdindən,
Bilsəm
ki, məni deyil,
sən
Allahı sevirsən...
17.06.15
Rüsvayçılıq
Səni
xəlvət sevirdim...
nurun
çıxdı üzümə -
Günəş
oldum,
Ay oldum -
Üstü
“içə” çevirdim,
içi
astar üzünə...
cahanda
rüsvay oldum!
24.06.15
Gizli məhəbbət
Bacarsan...
məni sev özündən gizli,
Məni sevdiyini mənə də demə.
Məni
sev əlindən, gözündən gizli
Assalar,
kəssələr -
yenə
də demə...
Meh nədi...
İşıqdan
üşüyən gülsən,
Qanmayan rədd
olsun, qanan bilməsin
Araya qan
düşər qardaşın bilsə,
Ürəyi
partlayar...
anan bilməsin!
Çardaqda
sağaldaq yaralımızı -
Biabır
olarıq; hələ diriyik
Yalnız
Allah bilsin parolumuzu,
Biz arxa cəbhənin əsgərləriyik.
Casus fikir
verər hərəkətinə,
Minalı canımı min dəfə yoxla.
Gizli gir
könlümün məmləkətinə,
Fitili
özündən aralı saxla!
Məcnun
töhmətinə camaat gülür,
Aşkar sevgilərin çəpəri olmur.
Məni
gizlicə sev, necə ki gülün,
Çərənçi bülbüldən xəbəri
olmur.
Şam hanı, mum hanı? -
Fələk
daş etsə
Külünü çırpacaq səməndər bizə.
Ya mən
quş buraxsam, ya sən faş etsən
Lənət
oxuyacaq həndəvər bizə!
Gizlət
ovsunlanmış bir nəlbəkidə,
Qur məni bir uşaq evciyi kimi.
Mənsə
səni sevim vəhyə çəkilən
Peyğəmbər Allahı sevdiyi kimi.
Sirrim
ol...Mən sirsiz çətin olaram -
gizli bir
fikir də gəlir ağlıma,
kölgəndə gizlənib itin olaram,
Bir şərtlə,
boynuma zəncir bağlama...
06.06.15
Məna
Qədəm
basmaq dərgahına
və sənə
toxunmaq...
nə gözəl!
Sığınmaq
sənin pənahına
və səndə
yox olmaq...
nə gözəl!
17.07.15
Fərqli
fəda
Dərdi necə bölüşüm? -
Dərdə
günahım fəda
Gülüşünə
gülüşüm,
Ahına
ahım fəda!
Yol ver
keçim içəri;
Ləki
özüm seçərəm,
Al qoynuna
cücərim -
torpağa toxum fəda.
Sən ey
başımın tacı,
Kəfənim
biçən qayçı!
Hüsnünə
qardaş, bacı,
yad fəda,
qohum fəda!
Bir yol
üzüm gülməsə,
Tanrı
qismət bilməsə,
Tənim ələ
gəlməsə
Canına ruhum fəda.
Vaqifi hərləyir
qan...
Fərqi
yox,
qoca, cavan -
hamıya
canım qurban,
sənə Allahım fəda...
18.07.15
Məni
yaradan
Sahibim,
çək ilməyi -
Nəyim mənim nəyimdi?
Özümə
çəkilməyim
Sənə
çəkilməyimdi...
Əlim
daşa toxunsa
əlindi
elə billəm.
Bağçamda
gül qoxusa
dilindi
elə billəm.
Əlimi
qayçılı san -
ağ kəsirəm
dumanda.
Gözümdə
açılarsan
gözlərimi yumanda.
Atam, anam
olmayıb
məni
yaradan sənsən.
Dörd
yanım boşluq, quyu -
Şükür,
arada sənsən!
Göylərdən
gələn nəfəs
gah dirilər,
gah ölər
Sevənlər
ölə bilməz;
biz
ölsək, Allah ölər...
07.06.15
Xatirələr
Xatirələr...
Xatirələr
yada
düşmür yalnız
can
uçuqları,
bərbad şəklində!
Xatirələr...
əyri
cəliyinə
söykənə-söykənə bir sevimli qız
gəlib
baş-başa durur səninlə -
üzü qırışmış,
saçları
qurumuş,
dişləri
çürümüş,
kədərli arvad şəklində...
xatirələr...
11.11.14
Yolasalma
Gecdi
taa... durum gedim,
Bayır
zülmət, dalan dar!
Qəribəm...
Yalan dedim -
Məni də gözləyən var.
Bağlanacaq
bu saat,
Qapıları türmənin.
Şalını
çiyninə at,
Zindana ötür məni.
17.06.15
Vaqif BƏHMƏNLİ
525-ci qəzet.- 2015.- 17 oktyabr.-
S.28-29