Durna adam
...
Yaddaşını küləklər daradıqca sümüyü sürmə
olmuş anasının həzin laylasını eşidir, iki
yaddaşın arasında nə edəcəyini bilmirdi...
Əlif kişi payızda sümüklərini
şaqqıldada-şaqqıldada evdən həyətə
çıxar, köhnə kötüklərdən birinin
üstündə oturub özünü guya günə verərdi.
Belə vaxtlarda hardansa bir durna qatarı
qaqqıldaşa-qaqqıldaşa kəndin, həm də elə
payızın üstündən ötüb keçərdi.
Əlif kişi başını qaldırıb pıçılğanlı
gözləriylə göydə durna qatarını axtarar,
koruş gözləri qara kölgələrdən başqa
bir şey seçməzdi. Dişsiz ağzını marçıldadıb
“Allahın altında dönüb durna olaydım. Qoşulaydım bu qatara, gedəydim dünyanın
axırına. Ax, ax...” - deyib
uzun-uzadı ah çəkərdi.
Bu sözləri hər payız deyərdi,
papağını fırlatmamış payız
özünü yetirərdi.
Bu dəfə də payız qapının
ağzını kəsdirib alabəzək qanadını kəndin
üstünə sərmişdi. Əlif kişi
kötüyün üstündə oturub cani-dildən, ürəyinin
lap dərinliyində insanlıqdan üz döndərib durna
olmaq istəyirdi. Çox istəyirdi, lap çox istəyirdi
eyyy....
Bu dəfə
möcüzə baş verdi, əvvəl ruhu titrədi,
yer-göy birləşdi, qoca, heysiz bədəni qayış kimi
bərkidi, uzunboyun, uzunayaq, uzundimdik ağbaş durnaya
çevrildi. Bircə yaddaşı özündə qaldı,
üstünə bir az
da durna yaddaşı artırıldı.
Kötüyə söykəli əl ağacı
sürüşüb yerə düşəndə
başı dən yeməyə qarışmış
toyuq-cücə həyətdəki yad quşu görüb səs-səsə
verdi.
Əlif
kişinin gəlini Firəngiz həyətə
çıxıb nə baş verdiyini öyrənmək istədi.
Kötüyün üstündəki durnanı görəndə
elə pilləkənlərdəcə əlini ağzına
aparıb qıyya çəkdi:
- Boooyyy,
bu durna hardan gəlib?
- dedi.
Arvadının səsi evdə mürgü döyən ərini
diksindirdi. Nəcəf arvadının keçmiş-keçəcəyini
söyə-söyə eşiyə çıxdı.
- Az,
noolub, ay naxırçı Güləhmədin qızı,
dünyamı dağılıb?
- Ə, noolajaq, durniyə, bax, durniyə. Dimdiyinin
uzunluğuna bax, ayaxlarına bax, dədənin evi
yıxılsın, durna yeyəsi.
Nəcəfin gözləri çalağan ov görən
kimi parıldadı. Pıçıltıyla:
Az, səs
salma, ürkütmə - deyib dalı-dalı evə keçdi. Yan
otağın pəncərəsini açıb eşiyə
çıxdı,odunluğa gedib
oduncaqların arasından əlinə keçəni
götürüb ehtiyatla durnaya
yaxınlaşırdı ki, nəvəsi Nəriman hardansa
peyda olub quşun qənşərində dimdik dayandı.
Uşaq durnaya maraqla baxıb:
- Nətəhər
də babama oxşayır, - deməyi ilə Nəcəfin
salvanı qolazlamağı bir oldu. Salva
durnanın başının üstündən
vıyıltıyla keçib qızılgül koluna
ilişdi.
Durna diksinib qanadlarını çaldı, göz
qırpımında göyə qalxdı.
Nəcəf durnanın dalınca gücü gəldikcə
bağırıb, yağlı bir söyüş
söydü. Nəvəsi gözlərini
qıyıb mırıq dişlərinin arasından:
- Getdi -
dedi.
Firəngiz əlini-əlinə vurub:
-Yediyiz!!!
- deyib şaqqanaq çəkdi:
Nəcəf
donquldana-donquldana evə keçdi, Nəriman gördüklərinin
üstünə beşini də qoyub danışmaq
üçün qonşugilə yüyürdü.
Qısa payız günü dağın
dalına keçib itdi, axşam düşdü. Evin külfəti
malı-qoyunu, toyuq-cücəni, iti-pişiyi rahatlayandan sonra evə
yığışdı.
Əlif kişinin yoxluğu da onda üzə
çıxdı. Əlif kişinin taxtın üstündəki
bomboş yeri, söykəndiyi ipək mütəkkəsi, kəhrəba
təsbehi, yay-qış üstündən düşməyən
dama-dama şalı elektrik işığında birtəhər
göründü.
Birdən-birə
hamı narahat oldu, Firəngizin rəngi qaçdı.
Günahkarcasına:
- Hara
getmiş olar bu kişi? - deyib
çiyinlərini çəkdi.
Nəcəf
gözünü oğlunun, gəlininin, sonda nəvəsinin
üzündə gəzdirib dilxor-dilxor:
-
Düzünü deyin, bəlkə, kimsə kişinin xətrinə
dəyib? - deyə səsini
qaldırdı.
Evdəkilərin ağızlarına su alıb
durmaları onu təbdən çıxardı.
- O boyda kişi iynə olub yoxa çıxmadı ki?!
Firəngiz kəkələdi.
Nəriman
həyətə qaçdı, bir azdan Əlif kişinin əl
ağacı ilə qayıdanda kişinin başında qəzavü-qədər
olduğuna hamı inandı...
...Əlif
kişi iynə olmamışdı, amma
quş olub göyə uçmuşdu. Göylərin
genişliyi, rahatlığı, azadlığı
ağlını başından almışdı. Qocalıqdan canı qurtarmış,
işıqsız gözlərinə haradansa işıq
axmış, nəfəsinin yeri genəlmış,
ayaqları, qolları quş kimi yüngülləşmişdi.
Uzun qanadları enib-qalxdıqca, ürəyində
“İlahi, kərəminə şükür, bəxtimdə
durna olmaq da varmış” - deyib Yaradandan dualarını əsirgəmirdi.
Göylərdə süzdükcə ovuc boyda kənddə
doğulub, yaşayıb, ölməyin necə kasad
olduğunu düşünürdü. Pambıq
tayaları kimi yumşaq buludlara baş vurduqca lələkləri
dincəlir, tər-təmiz havanı ciyərlərinə
çəkdikcə yaşamaq, yaşamaq istəyirdi.
Yuxarıdan yer üzü ovuc içi kimi aydın
görünürdü. Göllər güzgüyə, çaylar mavi rəngli
lentə, dağlar yumru qayalara bənzəyirdi.
Hansısa
hiss, hansısa yaddaşı onu elə hey səsləyirdi.
Əlif kişi nə qədər uçduğunu, nə
qədər qanad çaldığını
xatırlamır. Bircə onu xatırlayır ki,
ay işığında ağ-qara səslər eşidib yerə
endi. Çayın kənarında
köç salmış durna ailəsinə
yaxınlaşdı.
Onun gəlişi köçə
qarışıqlıq saldı. Durnalar ona ögey, yad
gözlə baxdı, durnabaşı
açıqdan-açığa üstünə yeriyib
dimdiyi ilə onu qovmağa çalışdı.
Əlif kişi bir ayağı üstə dayanıb dəstəsindən ayrı
düşmüş qərib durna kimi davrandı.
Durna köçü dalğalandı, durnalar
pıçıldaşdı, deyəsən, nəşələrini
pozmaq istəməyib Ağbaş durnanı başına
buraxdılar.
Əlif kişi çaya enib göz yaşı kimi dupduru,
aydın suda yuyunub-darandı, çayın
qırağındakı
körpə otlardan,qum dənələrindən çinədanına
atıb, sal daşın üstünə qonub mürgü
döydü. Sən demə, durnalar da yuxu
görürmüş. Əlif kişi
durna yuxusunda gördü ki, müdrik bir durna qanadının
ucuyla torpağın üstündə xətt çəkib
durnalardan soruşdu:
- Kim deyər, xəttin o üzündə nə var?
Durnalardan
biri:
Xəttin o üzündə torpaq var.
Bu cavab müdrik durnanı qane etmədi.
Başqa
bir durna:
- Xəttin
o üzündə yadlıq var. Ora sərhəddin o
üzüdür, ora mənə yaddır, ora təhlükəli
yerdi, - dedi.
Müdrik durna razılıqla başını tərpətdi.
Sonra müdrik durna həmcinslərinə son tövsiyəsini verdi:
- Yaddaşınıza yazın, durna üç iqlim, üç sərhəd keçə bilər. Dördüncü sərhəddi keçən, geri dönməyəcək.
Sonra durnalar yox oldu, Əlif kişiyə bərk-bərk tapşırıldı ki, keçmişini yaddaşından silib atsın, durna olduğunu unutmasın.
Əlif kişinin yuxusunu durnaların səsi qırdı.
Durnabaşı uçub Əlif kişinin daşına qondu, onu dimdiklədi, gözlərinin içinə baxdı, dəstəsindən ayrı düşmüş durnaya nədənsə qanı qaynamadı, ağbaş durnaya inanmadı. Bunu Əlif kişi də duydu, amma neyləyə bilərdi. Dünyanı görmək, ölkələrin üstündən keçmək üçün nələrdən keçməmişdi?
Durnabaşı
sonda Ağbaş durnaya dəstəsinin sonunda yer verdi.
Əlif kişi sevindiyindən rəqs etdi, durna rəqsi...
Ağ
işığını yer üzündən çəkəndə
dəstə havaya qalxdı...
Uçuş
zolağında
Əlif kişinin insan yaddaşıyla durna
yaddaşı toqquşdu. İnsan yaddaşı
onu keçmişə, durna yaddaşı gələcəyə
səsləyirdi. Bu qarışıq hisslər
ona dinclik vermir, iki yaddaşın arasında nə edəcəyini
bilmirdi. Gün yarı olanda
Durnabaşı sərt əmrini eşitdi. Bir azdan sərhədi keçəcəyik. Sərhədi keçəndə
yaddaşımız itəcək, köhnə
yaddaşımız silinəcək, yeni yaddaş, yeni yol
başlayacaq. Bu sirri bircə durnalar bilir.
Hazırlaşın, bir azdan keçmiş
bütün sevinci, kədəri ilə heç olmamış
kimi unudulacaq. Sərhədi keçən
kimi yeni yaddaş yazılacaq. Əlif kişi
eşitdiklərinə mat qalmışdı. O,
keçmişi unutmaq istəmirdi, keçmiş onun
içində ürək kimi döyünürdü. Sərhəd həmişə incə bir duyğu
kimi qəlbini titrətmişdi. İndi günəşli
havaya, dadlı
otlara, giləmeyvələrə görə yaddaşından
keçəcək? Kəndini, evini, ona doğma
olan nə varsa hamısının üstündən xətt
çəkəcək? İnsan
yaddaşını durna yaddaşına təslim edəcək?
Əlif
kişi ağ zolaqda -
sərhədin sərhədində dayandı. Bütün qəlbi titrəyirdi, bütün
vücudu əsirdi, keçmişindən qaçmaq,
keçmişindən ayrılmaq, keçmişini unutmaq ona
ağır gəlirdi. Dəstə sərhəddən
keçirdi, dəstə yaddaşını itirirdi, Əlif kişi öz sərhəddini keçsə də,
Vətənin sərhədini keçə bilmədi. Yaddaşları silinən durnaların arxasınca
uzun-uzadı, qanadları yorulanacan baxıb geri döndü.
Uçduğu yollar, keçdiyi sular, toxunduğu buludlar, dincəldiyi, nəfəsini dərdiyi torpaqlar ona nəğmə deyirdi. Əlif kişinin insan yaddaşını küləklər daradıqca çox-çox uzaqlardan sümüyü sürmə olmuş anasının həzin laylasını eşidir, göz açdığı kənd, gəzdiyi torpaq, yaşadığı vaxt onun yolunu gözləyirdi.
Günlərlə uçub öz yurduna yağışlı, küləkli bir gündə qayıtdı.
Əlif kişinin yoxa çıxmasından yeddi gün keçirdi. Yağışın altında evlər hüznlü, kədərli görünürdü. Əlif kişi uzun yoldan sonra ürəyi döyünə-döyünə köhnə kötüyün üstünə qondu. Möcüzə baş vermədi, Əlif kişi dönüb adam olmadı. Səhərəcən köhnə kötüyün üstündə büzüşüb, bir ayağını götürüb, o biri ayağını qoydu.
Səhəri gün ev sahibləri dəstəsindən ayrı düşmüş durnanı kötüyün üstündə görəndə çaşıb qaldılar. Üzünü tük basmış Nəcəf durnaya doğması kimi baxdı, Firəngiz qərib durnanı görüb ağlamsındı, Hikmət babasına oxşatdığı durnanın boynuna sarılmaq istədi.
Əlif kişi əzizlərinin ürəyindən keçənləri anladı, kötüyün üstündən yerə enib dən yeyən toyuq-cücəyə qarışdı.
Nəcəf:
- Ona toxunmayın, madam ki, bu qapıya pənah gətirib, qoyun kefi istədiyi qədər burda yaşasın, - dedi.
Bir vaxtlar sahibi olduğu həyətdə durna kimi yaşamaq çətin olsa da, Durna Adam hər şeyə razı idi, təki keçmiş xatirələrinin həzinliyi, yaşadığı illərin ətri, yaddaşının sərhədləri pozulmasın.
Əlif kişi hər payız köhnə
kötüyün üstünə çıxıb
köç edən durnalara baxır, adam olacağı
günü gözləyirdi...
Təranə
VAHİD
525-ci qəzet.- 2015.- 17 oktyabr.- S.27