Ülvi duyğular, nəcib
ideallar şairi Yusif Nəğməkar
Tanınmış istedadlı və sevilən şair
Yusif Nəğməkar yaradıcılığı barədə
ara-sıra yazılarım olub. 60 illiyi ərəfəsində onun
kitablarını yenidən vərəqlədim və məmnuniyyətlə
təsir gücündən yaxa qurtara bilmədiyim yazılara,
mövzulara bir də qayıdası oldum... Həqiqətən
də kitabdan-kitaba daha da püxtələşən,
müdrikləşən, ilhamı ovxarlı bir şairin
oxuduğum əsərləri məni dərindən-dərinə
düşündürdü. Əslində isə tək
məni yox...
İllər
öncə Yusifin şeirləri, ümumən ədəbi
yaradıcılığı, şəxsiyyəti haqqında
mötəbər müəlliflərin yazdıqları, dedikləri
də bir kino lenti kimi yaddaşımın gözləri
önündən keçdi...
Yusif Nəğməkar
ədəbiyyata keçən əsrin 70-ci illərində yalnız sıravi
oxucuların deyil, həm də “ədəbiyyat
generalları”nın diqqətini
cəlb edən şeirlərilə qədəm
basmışdır. Xalq yazıçısı Mirzə
İbrahimov gənc şairi dinlədikdən sonra “şairlik
Yusifin genində, damarlarındakı qanında, sümüyündə, iliyindədir”
demişdi. Hər şeiri, hər şairi bəyənməyən
Xalq şairi Rəsul Rza isə onun poetik təfəkküründəki
novatorluğu görüb “Təsadüf”
adlı məqaləsində (“Ədəbiyyat və incəsənət”
qəzeti, 30 may 1977-ci il) təqdir etmişdi.
Ustadların xeyir-duasını almaq, əlbəttə, gənc
şair üçün nə qədər böyük
xoşbəxtlik idisə, ondan da qat- qat böyük məsuliyyət
idi. Və
Yusifin 70- ci, 80- ci illərdə
nəşr olunan “Sazın
işığında”, “Bilsəydim ayrılıqdı”
şeir kitabları da göstərdi ki, o, ədəbiyyata,
poeziyaya təsadüfən yox, xüsusi missiya ilə gəlmişdir...
Həmin
missiyanın ideya- estetik məzmununu gənc şair
özünəməxsus sadəlövh bir iddia ilə belə
ifadə edirdi ki,
Mən
inadam,
Yanar odam.
Yanma desən,
yanacağam,
Unut desən,
Hər vaxt səni anacağam.
Gəlmə
desən, gələcəyəm,
Görmə
desən, görəcəyəm,
Sevmə desən, sevəcəyəm.
Görmək
- inad,
Sevmək
- inad,
Getmək
- inad
Bir məqsədə yetmək - inad.
İnad -
uca bir zirvəyə
Uçmaq üçün qanadımdır.
Hər qələbəm,
hər zəfərim,
Elə mənim inadımdır.
Özünün bu dünyadakı yerini, tarixi
missiyasını öncədən duymaq peyğəmbərlərdən
sonra şairlərə verilmiş ilahi bir hissiyyatdır. Və
ona görə də şairlər əllərinə qələm
alandan, nə qədər böyük maneələrlə
qarşılaşsalar da, çiyinlərində nə vaxtsa
asılacaqları dar ağacını daşısalar da, sinələrində
güllə yerinin giziltisini hər an hiss etsələr də
inadla irəli gedirlər.
Yusifin
inadı da belə bir inad idi... Lakin onun iddiası, qüruru ilə
yanaşı səmimi (və məsuliyyətli!) bir təvazökarlığı
da vardı...
Bir xəyal
atımla min dağ aşıram,
Dağlar sırasında dağ olmaq üçün.
Gecələr
ulduzla ulduzlaşıram,
Səhərlər səhərlə doğulmaq
üçün.
Qınayan
dostlar da var məni tək- tək...
Arzudan
doğulur hər təzə meyil;
“Nəğməkar”
sözünü təxəllüs etmək,
Özümdən
müştəbeh olmağım deyil...
70- ci, 80- ci illərdə Yusif Nəğməkarın
qələmindən (qəlbindən!)
süzülmüş elə
şeirlər var ki, ya ayrı- ayrı misraları, ya da
bütöv məzmun- mündərəcəsi ilə, həqiqətən,
bədii tapıntı sayıla bilər... Məsələn,
“Bu evə oğul gərək” şeiri kimi...
Otaqlar
bürünüb ipəyə, ala,
Divarlar alışıb qız gülüşünə.
Bacılar
min təbə düşür az qala,
Qardaş yox, “qarışa şəxsi işinə”.
...Dibçəkdə
çiçəyin, torpaqda şivin,
Hər fəsil nəfəsi yazxasiyyətdir.
Qızları
qoynuna alan bu evin,
Həyət- bacası da qızxasiyyətdir.
Şeirdə
oğul həsrətində olan ailənin ovqatı o qədər dəqiq
obrazlarla təsvir edilir ki, onun gənc bir şairin qələminin
məhsulu olduğuna inana bilmirsən. Burada təbii- insani
hisslərin bir- birindən doğan bütöv bir kompleksi, üzvü vəhdətdə
olan mükəmməl polifoniyası - möhnət, təəssüf, nisgil, ehtiyat, ümid, inam...
mövcuddur ki, bütün
bunları bir yerə yığmaq, oğulsuz evin mənəvi-
psixoloji mənzərəsini canlandırmaq üçün
dahi Lütfi- zadənin “qeyri- səlis məntiq”ilə hərəkət
etməyi bacaran bir rəssam
fırçası lazım gəlir...
Subay
oğlanların söz xəzəlləri
Yağar pəncərəyə, yağar qış-
bahar.
Fəqət
niyyətində şux gözəllərin
Bu evin nə adı, nə ünvanı var.
...Ana
gözlərinə dolan möhnəti
Vaxt olur,
bir istək silib itirər;
Tanrı
gətirməyən bir səadəti
Bu evə elçilər müjdə gətirər.
Ev də əzizləyər
pilləkənini
Kişi ayağına asmaqdan ötrü.
Ata
qız köçürər,
kürəkənini
Oğultək bağına basmaqdan ötrü.
Yusifin
yaradıcılığının hələ “təcrübəsiz”
dövründə yazılmış “Narlı gecə”
şeiri də kifayət qədər təcrübəli,
sözün ən gözəlini arayıb axtaran (və tapan!)
bir qələmin məhsuludur...
Deyəsən,
kölgəmiz düşüb irəli,
Ürək sözümüzdə yatıb bu dünya.
Əlləri
şirəli, dili şirəli,
Nar şirinliyinə batıb bu dünya.
Deyəsən,
bu gecə dünya başqadır,
Bir
gözəl ayılıb bal yuxusundan.
Deyəsən,
bu gecə dünya nar dadır,
Məstəm
çiçəklərin nar qoxusundan...
Yusifin 70-
ci, 80- ci illər şeirlərində Nəriman Həsənzadə,
Əli Kərim, Nüsrət Kəsəmənli poeziyası
ilə səsləşən məqamlara təsadüf
olunduğu kimi bilavasitə Rəsul Rzadan gələn poetik təəssüratlar,
ideyalar, intonasiyalar da var...
Dünyada
ad nə çox,
Amma
Adın
adamı yox,
Adamın adı gərək.
Adların
rəngsizi,
rənglisi,
Asanı,
cənglisi
olur.
Adları
ananda
bahar-bahar
göyərir,
Anmayanda
payız-
payız solur...
Yaxud,
müəllifin “Qanun” şeirindəki təzadların
döyüşü axarında uğurla nəticələnən
poetik fikir, yeni bədii nəfəs çalarları, qeyri-adi
duyğu, düşüncə, orijinal müqayisə predmetlərinin
(tikan, yaşıl, sığallı yarpaq) tapılması
(tapıntısı), cavabı yalnız ana təbiətin
sirrində olan sualabənzər nəqli misra sonluğu və
bu məcmuun dəruni idrakı dünyaya, həyata
müdriklik güzgüsündən boylana bilmək qismətidir:
Qızılgülün
budağında
tikan
bitib,
Qaratikan
kolunda
yaşıl, sığallı yarpaq.
Zərifliyi
qoruyan sərtliyə,
Sərtliyi
gizlədən
zərifliyə bax!..
Heç
də təsadüfi deyildir ki,
Yusifin adi bir təbiət hadisəsinə belə fəlsəfi
yanaşması bir vaxtlar görkəmli filosof-şairimiz Bəxtiyar
Vahabzadənin də diqqətini cəlb etmiş, onu, necə
deyərlər, heyrətləndirib, vəcdəyə gətirmişdir.
Bununla belə
Yusif Nəğməkarın istər 70- ci, 80- ci illərdə
istərsə də xüsusilə
yaradıcılığının 90- cı, 2000-ci, 2010-cu illəri
əhatə edən kamil dövründə elə bir
şeirinə, poemasına rast gəlmək mümkün deyil
ki, ümumən təqlid, yaxud kimdənsə gəlmə olsun... Çünki
onun orijinal, özünəməxsus (və daim
axtarışda olan, narahat!) poetik təfəkkürü ilk qələm təcrübələrindən
öz dastanını (üslubunu!) yaradır.
XX əsrin
sonu XXI əsrin əvvəllərində - Azərbaycan (və
dünya) tarixinin təbəddülatlarla
zəngin bir dövründə
Yusif Nəğməkar, elə bilirik ki, taleyinə
yazılmış şairlik missiyasını həm istedadla,
həm məhsuldarlıqla, həm də ləyaqətlə
davam etdirmişdir. Və davam etdirməkdədir... “Mənə
azadlıq verin”, “Alın yazım”, “Zal ağacı”, “Vəslin
edamı”, “Çingiz çini”, “Sevgim- mələklər
yuxusu”, “Bəsirət gözəli”, “Qələm səsi” və
s. şeir və poema kitablarında
şair üçün mövzu məhdudluğu olmasa
da, tamamilə təbiidir ki,
milli bir şair olaraq əsasən, xalqı düşündürən,
narahat edən, ağrıdan, eyni zamanda qürurlandıran,
ruhunu yüksəldən mövzulardan yazır... Və təsadüfi deyil ki, Yusif Nəğməkarın
lirik şeirləri ilə yanaşı, vətənpərvər
mövzularda yazdığı əsərlərin bir qismi də
bəstəkarlarımız tərəfindən nəğmələşdirilərək
nota alınmış, həmin nəğmələr sevilən
səs sənətçilərimizin - müğənni və
xanəndələrimizin ifasında xalqın bədii
yaddaşına köçürülmüşdür.
Nəzərə
alsaq ki, bu gün bəsit, tutarsız söz
yığınından ibarət, dinləyiciləri təngə
gətirən mahnı mətnləri də az
deyil, onda Yusifin aydın, duru, məntiqli, örnək ola biləcək
şeirlərinə daha çox ehtiyac hiss olunur.
Hər
bir böyük şairdə daxildən, içdən, ruhdan gələn
bir Vətən sevgisi olur... Səməd Vurğun, Məhəmmədhüseyn
Şəhriyar, Süleyman Rüstəm, Rəsul Rza, Hüseyn
Arif, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Nəriman Həsənzadə
kimi böyük sələflərindən dərs
almış Yusif Nəğməkar da vətənpərvər
və bu mənada böyük, nəcib ideallarla yaşayan, həm
də narahat bir şairdir. Və onun poeziyasının baş qəhrəmanı
Vətəndir desək səhv etmərik...
“Can”
söyləyib verməsək can,
“Can”dan Azərbaycan
olmaz.
Qovuşmasa
nəfəslə qan,
Qandan Azərbaycan olmaz.
...Qüdrət
yoğrulsun cürətdən,
Vətən baxmasın qürbətdən.
Əsli
yox, quru şöhrətdən,
Şandan Azərbaycan olmaz.
Araz
xalı- ulduzla Ay,
Qoşa
Nura arama tay.
Birləşməsə
o tay, bu tay,
Ondan Azərbaycan olmaz.
Azərbaycanın çətin,
ağrılı-acılı günlərində şair Vətənin
tərcümeyi- halını öz tərcümeyi-halı
kimi yaşayır. Və yazır:
Dostlarımla
şərtimiz var,
Mənə nəğməkar deməyin.
Nəğmədən
çox dərdimiz var,
Mənə nəğməkar deməyin.
...Bəla
bəhri-qəm daşlarım,
Hələ fikir savaşlarım.
Qurumayıb
göz yaşlarım,
Mənə nəğməkar deməyin.
Bilsin
haqqı düzənləyən,
Yaralıyam, hüznlüyəm.
Ey qazilər,
sizinləyəm,
Mənə nəğməkar deməyin.
Şair yuxarıdakı misralarla açıq-aydın
bildirir ki, o, həm də ağrının, həsrətin, kədərin,
göz yaşlarının, düzlüyün, gerçəyin,
haqqın, ədalətin nəğməkarıdır.
80-ci illərin
sonu 90-cı illərin əvvəllərində - Azərbaycan
xalqının taleyinin həll olunduğu fövqəladə
dərəcədə məsuliyyətli (və tarixi!) günlərdə
millətin bütövlüyünü, mükəmməlliyini pozan, onu
çaşbaş salan, mənhus təfriqələr, daxili
qarşıdurmalar, mənəm- mənəmlik Vətən təəssübü
çəkən şairi düşündürməyə, həyəcanlandırmaya
bilməzdi… Odur ki, Yusif Nəğməkar hisslərini (və
mövqeyini) gizlətməmişdi...
Özgələrdən
nə qorxu var, nə qınaq,
Allah bizi
özümüzdən saxlasın!
Düşmənimiz
nə qıraxdı, nə qonaq,
Allah bizi
özümüzdən saxlasın!
...Bir-
birindən artığımız az deyil,
Hazıryeyən
ortağımız az deyil,
Yalağımız,
yaltağımız az deyil,
Allah bizi
özümüzdən saxlasın!
Özgəsini
nə güdək, nə izləyək,
Özümüzə qənimik, nə gizləyək?!
Özümüzü
özümüzdən gözləyək,
Allah bizi
özümüzdən saxlasın!
Bu misralar dahi Sabirin məşhur “öz
qövmümüzün başına əngəl kələfiz
biz” deyim- etirafını yada salır. Ancaq dahi sələfi
kimi “Allah bizi özümüzdən saxlasın” şeirinin
müəllifi də bədbinliyə qapılmır.
Əksinə, “daxili problemimizi” cəsarətlə
açıb göstərməklə sağlam, iradəli,
inamlı bir mənəvi ab- hava, güc təbliğ edir... Və bunun üçün özündə qüdrət
(səlahiyyət!) duyur. Ona görə ki...
Gözlərimdən
həsrət baxır,
Mən Vətənə oxşayıram.
İçimdən
qara qan axır,
Mən Vətənə oxşayıram.
...Ağ
günüm qara bağlanıb,
Gümanım hara bağlanıb?!
Vücudum
Qarabağlanıb,
Mən Vətənə oxşayıram.
...Qızıl
hikkəm, göy cəngim var,
Yaşıl
məslək ahəngim var,-
Bayrağımtək
üç rəngim var,
Mən Vətənə oxşayıram.
Vətənin,
xalqın, el-obanın ruhu nun tərcümanı olmaq, onun dərdiylə
dərdlənib,
şadlığıyla şadlanmaq, qüruruyla
qürurlanmaq hər bir Şairin xoşbəxtliyi, daxili, mənəvi
zənginliyidir. Yusif Nəğməkar da vətənimizin
bu cür xoşbəxt, daxilən, mənən zəngin
şairlərimizdən biridir. Və onun “mən bu elin nəğməkarıyam”
deməyə haqqı vardır...
Müstəqillik
dövrü yaradıcılığında Yusifin əsas qəhrəmanı
azadlıq, bütövlük, özgürlük uğrunda
mübarizə aparan Vətən olsa da, onun mövzuları,
ideya- estetik maraq dairəsi, ilhamının cövlan meydanı
genişdir.
“Yanıq
Kərəmi”yə oynama, “Sən şeir yazmağı tərgit,
Füzuli”, “Ay qatar!..”, “Səndən özgəsini sevə
bilmirəm”, “Xudafərin körpüsü”, “Kişilər
aldanır göz yaşlarına”, “Gözəllik müsabiqəsi”,
“Qıpçağım- Oğuzum”, “Ata- Ana dilimiz”, “Araz” və s. onlarla lirik şeirlərində
şair yalnız yeni mövzu- motivlər kəşf etmir,
eyni zamanda dəfələrlə
müraciət olunmuş, işlənmiş mövzulara
bugünkü düşüncə, zövq səviyyəsindən
baxır...
Məsələn,
“Sən şeir yazmağı tərgit, Füzuli” şeirindəki
kimi...
Məlumdur ki, Azərbaycan xalqı duyğusal, həssas,
emosional xalqdır. Və xalqımızın nəzərində şair, bəlkə
də, dünyanın ən böyük adamıdır. Tarix boyu biz
Nizamilərin, Nəsimilərin, Füzulilərin, Vaqiflərin,
Aşıq Ələsgərlərin, Cavidlərin, Səməd
Vurğunların hörmətini (şöhrətini!) istənilən
ən böyük dövlət və ya din xadiminin nüfuzundan yüksək
tutmuşuq... ancaq zaman- zaman şairlərin şöhrətinə
şərik çıxmaq istəyən şeir dələduzları
da olmuşdur ki, belələri barəsində dahi Füzuli təxminən
belə demişdi: çoxları məni təqlid etməyə
çalışa-çalışa həm də mənimlə
yarışmaq istəyirlər; gərək unutmasınlar ki,
mindikləri at qamışdandır...
Qamış
at minib şeir meydanına çıxmış “şairlər”
Azərbaycanda tarix boyu olduğu kimi bu gün də kifayət
qədərdir... Və bu cür “şairlər”in həm
artdığını, həm də səslərinin çox
müxtəlif mövqelərdən gəldiyini görən
Yusif Nəğməkar dahi
sələfinə müraciət edir:
Kimsəyə
haqqım yox yazma deməyə,
Sən şeir yazmağı tərgit, Füzuli.
Ulu
yaradanı çağır köməyə,
Sən şeir yazmağı tərgit, Füzuli.
Alim də,
fəhlə də şeir azarında...
Təbii
löyün- löyün hər yazarın da...
Elə
ucuzluqdu söz bazarında...
Sən şeir yazmağı tərgit, Füzuli.
...Kimi sərsəm
yazır, əlüstü yazır,
Öz kor aləmində “səlist”də yazır.
Prokuror
yazır, polis də yazır,
Sən şeir yazmağı tərgit, Füzuli.
Heç
də təsadüfi deyildir ki, şairin vaxtında (və bədii
sözün təəssübünü çəkmək
missiyasını cəsarətlə öz üzərinə
götürüb!) yazdığı bu şeiri böyük ədəbiyyatşünas,
akademik Bəkir Nəbiyevin “Ədəbiyyat və incəsənət”
qəzetində çap olunmuş “Nəcib missiya” məqaləsində
təqdir etmişdi.
Qətiyyətlə deməliyik ki, Yusif Nəğməkar
xalq yaradıcılığından, folklorumuzdan, klassik ədəbiyyatımızdan
bəhrələnən müasir şairdir. Həmçinin
onun Ana dilimizin doğmalığına, zənginliyinə bələd
orijinal üslublu ülvü duyğular şairi olması
şəksizdir. Bundan başqa, Yusifin istər
lirik sevgi şeirlərində, istər təbiət
mövzularında, istərsə də fəlsəfi-psixoloji əsərlərində
(uşaqlar üçün yazdığı şeirlərində
belə) dil, ifadə aydınlığı, xəyal, idrak-məntiq
dərinliyi bərqərardır.
“Qələm
səsi” kitabının açılış vərəqində
yazdığı dörd misraya nəzər salaq:
Səslər
işığıdır ürək deyənin,
Onsuz gözlər görən çinlənə bilməz.
Qələmin
səsini eşitməyənin,
Könlünün sədası dinlənə bilməz.
Atalar sözü təsiri bağışlayan bu misralar
Yusifin yaradıcılıq kredosudur. Müəllif təkidlə bəyan
edir ki, əlində tutduğu qələmin səsi var və
qələmin səsini eşitməyi bacaranlar şair ola bilər yalnız. Bu poetik
hökmə (həm də səmimi) sözə oxucu necə
inanmasın?!
Bircə
bəndlik “Lövhə” şeiri isə şair təsəvvürünün,
təxəyyülünün yaratdığı mükəmməl
rəsmdir:
Yağışa
dönübdür göyün qolları...
Min dastan
bəs etməz belə çağlara;
Şimşək
qələmiylə yazıb yalları,
Bulud avtoqraf verir dağlara.
Yusifin
şeirlərini yaddaqalan edən və yaşadan onun fərqli
obrazlı düşüncə və ifadə tərzidir:
Təkcə
zəfər dilində
Qan
dadı şirin olur...
(“Qan dadı”)
Başqa
bir misal:
Sənə
həsrət gileyimi
xatirənə büküb saxla,
Sevgimiztək itirmə.
Şərti,
məcazi, fəlsəfi deyim:
Bu yer mənə
yer vermədi,
Məkansız məkana düşdüm.
(“Məkansız məkanım”)
Müəllif bu misralarla Yerin yersizliyinə yox, Yerdə
məkanın, məkandakı “mən”in yerdə yer
aramasına işarə edir.
Yaxud:
Gözlərə
səpilən elə bir ovuc
torpaq
görkəmində işıqdır insan.
(“Bir ovuc”)
Yəni ölən insanın gözlərinə səpilən
torpaq insan qəlbinin nuruna bələndiyindən torpaq adilikdən
çıxıb bir ovuc işığa çevrilir. Ona görə
də şair insanın bir ovuc torpaq, bir əlçim
işıq olduğuna özü inandığı qədər
bizi də inandıra bilir.
Yaxud:
Sözün
sahilinə çıxdım,
Bu sahilin
sözü bitib...
Ardınca:
Ayağıma
cığır geydim,
Bitməyən sözüm ölçüdə.
(“Bitməz
ölçü”)
Bu misralarda isə şair bitmək və bitməmək,
son hədlə bitməzlik əksiliklərində sonsuz
ölçüsüzlükdə səfərə
çıxan təxəyyülünün sanki
qanaqlarını çırpır.
Yaxud:
Sözündən
şəhid olmayan
şairi
torpaq götürməz.
(“Götürməz”)
Yenə
başqa bir misal:
Qalxan,
özünə yer tapar,
Düşənlər özündən
düşüb...
Qərib ayrılıq nəğməsi
Durna boğazından düşüb.
(“Düşüb”)
Lirik
şeirlərdən də bəzi parçalar maraq doğurur:
Eşqimizdən
gücsüzdür ruzigarlar;
Bizi titrədə
bilmir...
Yaxud,
müəllifin lirik “mən”inin sevgilisini aparan qatara söylədiklərindən:
Gedirsən,
ay qatar, qəlbimi dinlə,
Ürəyim atəşlə, ahla doludur.
Qayıtmaq
istəsən qollarımda gəl,
Uzalı qollarım dəmir yoludur...
Və son müraciət:
Nə
olar, qurbanın olum, ay qatar,
Sərnişin qəlbimi özümə qaytar.
(“Ay qatar”)
Yaxud:
Göz
qapaqları kimi
gecələr görüşürük...
Və son
olaraq:
Hicranın
qəm yükündən
Qorxuram qəlbim
sına;
Bürünüb
həsrətinə
Üşüyəm yana-yana.
(“Sevgi şeiri”)
Bu və
buna bənzər saysız poetik nümunələr
bucağından baxanda bir daha yəqin edirik ki, artıq bu
gün
Yusif Nəğməkarın
Azərbaycan poeziyasında (ədəbiyyatında) özünəməxsus,
xüsusi əhəmiyyətli yerinin olduğu tamamilə
inkaredilməzdir!..
Yusif Azərbaycan şeirinin bütün vəznlərində
şeirlər yazır, hər vəznin də tələblərinə
uyğun qanunları, qanunlar içərisində öz
üslubi keyfiyyətlərini qoruyub saxlamağı bacarır.
Onun çoxcəhətli yaradıcılığında
ənənəvi formada yazdığı bir sıra fərqli
cəhətləri ilə seçilib yadda qalan yeni ruhlu
qoşma, gəraylı, təcnis və qəzəlləri də
xüsusi yer tutur və ayrı-ayrılıqda onların hər
birindən çoxlu sayda nümunələr gətirmək
mümkündür.
Yusif Nəğməkarın yalnız şeirləri
deyil, poemaları da mövzusundan, həcmcə kiçik və
ya böyüklüyündən asılı olmayaraq bir nəğmə
kimi oxunur. Hər şeydən əvvəl ona görə ki,
xalq ədəbiyyatının, xüsusilə
poeziyasının ruhunu dərindən mənimsəmiş
şairin daxilindən gələn poetik ritmlər, intonasiya, bədii
sintaksis, təhkiyə məharəti (və mədəniyyəti!) janrın
(poemanın) miqyasına da yüksələ bilir. “Sizli”, “Ah-
naz- Şahnaz”, “Şər şənbə”, “Zal ağacı”,
“Vəslin edamı”, “Çingiz çini”, “Çanaqqala”,
“Qurbannamə” və “Bəxtiyar” poemalarının kifayət qədər
aktual olan ideya- mövzularını bir tərəfə qoyub təkcə
sənətkarlıq məziyyətlərinə
diqqət yetirsək görərik ki, Yusif Nəğməkar
poema
yaradıcılığı sahəsində nə qədər
yenilikçi, nə qədər müasirdir. Onun hər
bir poemasının ümumi
janrından başqa “xüsusi” janrı da var: poema- anım,
poema- elegiya, poema- esse və s. Bu isə o deməkdir ki,
şair ənənəvi janr
modelinin tələblərini
gözləməklə yanaşı ideya- mövzunu
daha optimal poetik texnologiyalarla təqdim
etməyin üsullarını, formalarını axtarır və
özünəməxsus yaradıcı üslub nümayiş
etdirir.
O,
poemalarında ənənəvi olaraq “proloq”, “epiloq”
adlandırılan giriş və sonluq əvəzinə ilk dəfə
olaraq “ən ön ün”, “ön ün”, “ünləmə”,
“sonlama”, “son ün” və “ən son ün”-lər
yaratmışdır. Bunlar da həm məzmun, həm
də quruluş (struktur) baxımından təqdir olunmalı
yeniliklərdir.
Onun bu yenilikləri özündə əks etdirən
“Çanaqqala” adlı poeması tarixi Çanaqqala zəfərinin
yüz illiyi münasibətilə keçirilən ədəbi
müsabiqənin qalibi oldu. Bu əsər də
müəllifinə sağlam ideyası, yeni bədii mündəricəsi
ilə geniş oxucu auditoriyası qazandırdı.
Türkün şanlı zəfərinin uca tərənnümü
Yusifi həm də ümumtürk dünyasının
öyümlü, sevimli nəğməkarına çevirdi!
Əsərin
maraq doğuran təqdirəlayiq bir cəhəti də müəllifin
Çanaqqala savaşı ilə Qarabağ dərdimiz
arasında bədii paralellik yaratmağa can atmasıdır:
Dərdli
Odlar yurdum sərdar qaladır,
Neçə döyüş burda, neçə iz burda.
Bu gün
Qarabağım Çanaqqaladır;
Seyid
Onbaşıyla Mübariz burda...
Son məntiq
isə “ən ön ün” də ifadə olunmuş haqlı
bir tənənin nidasıdır:
Həyat
ki şirindir, acı bəs olmaz;
Dünyanın bir ovuc noğulu yoxdur?!
Oğlu
şəhid olan torpaq basılmaz,
Torpaq
şəhiddirsə, oğulu yoxdur!..
Xalq
şairi, milli mücahid, böyük mütəfəkkir Bəxtiyar
Vahabzadəyə həsr olunmuş
irihəcmli “Bəxtiyar” poeması Yusif Nəğməkarın,
həm də müasir Azərbaycan ədəbiyyatının
bu mövzudakı ən mükəmməl əsərlərindən
biri, hətta demək olar ki, birincisidir.
Əsərin
ən azı üç mühüm məziyyətini qeyd etmək
mümkündür:
birincisi,
müəllif, şair-mücahidin həyatının,
yaradıcılığının və milli istiqlal uğrunda mübarizəsinin
ictimaiyyətə məlum tərəflərilə
yanaşı naməlum tərəflərini də təsvir
etmiş, onun kamil bədii
obrazını yarada bilmişdir;
ikincisi,
böyük tarixi şəxsiyyətin obrazı təcrid
olunmuş şəkildə yox, müasir Azərbaycan tarixinin
mürəkkəb hadisələrlə zəngin kontekstində
təqdim edilmişdir;
nəhayət üçüncüsü, ustad- şagird münasibətlərinə
həmişə müqəddəs baxan müəllif ustada
öz şagirdlik borcunu verməyə
çalışmışdır.
Özü də aşağıdakı ehtiram ifadə edən poetik misraların dili ilə:
Göytürk Səməndəri, məslək qanında,
Turan zirvələnər zirvə sanında,
Qartal xəritəmin yurd dəhanında,
Azərbaycan adlı dildi Bəxtiyar.
Səksən dörd daş hördü bir ömür qəsrə,
Səksən
dörd can qoydu zamana, ərzə,
Səksən
dördü vurub səksən dörd əsrə,
Xalqın
arzusuna böldü Bəxtiyar!..
Müşahidələrimdən belə qənaətə
gəlirəm ki, bir xeyli müddətdir, Yusif Nəğməkarın
yaradıcılığı barədə mətbuat səhifələrində
silsilə elmi-analitik məqalələr çap olunur. Bu da onun əsərlərinin
elmi-ədəbi araşdırmalar üçün öz tədqiqatçılarını
gözləyən yeni mühüm ideyalar ünvanı
olduğunu göstərir...
Yusif Nəğməkarın
poeziyası neçə on illərdir ki, həm oxucuların
zövqünü oxşayır, cəmiyyətə humanizm,
milli-mənəvi dəyərlər, vətənpərvərlik
təbliğ edir, həm də ədəbi-ictimai mühitdə
böyük rəğbətlə qarşılanır... Onun
yaradıcılığını hələ gənclik illərindən
başlayaraq əgər Mirzə İbrahimov, Rəsul Rza, Bəxtiyar
Vahabzadə, Bəkir Nəbiyev, Teymur Bünyadov, Anar,
Elçin, Ramiz Rövşən, Nizaməddin Şəmsizadə,
Nizami Cəfərov, Vaqif Yusifli, Asif Rüstəmli, Əsəd
Cahangir... kimi müxtəlif nəsillərdən olan ədəbiyyat
adamları təqdir etmişlərsə, deməli, Yusif Nəğməkar
öz dərin məzmunlu insanpərvər, vətənpərvər
nəğmələrini hələ uzun illər istedadla,
inamla, eşqlə oxuya bilər…
Beləliklə, qələminin səsinin
qəlbdən, bəsirətdən süzülüb gəlməsi
bizə bir daha onu deməyə inam və əsas verir ki, hələ
Yusif Nəğməkar yaradıcılığına dönə-dönə
müraciət edəcəyik.
Nizami Cəfərov
525-ci qəzet.- 2015.- 17 oktyabr.- S25;30