Maarif, mədəniyyət və mətbuat
tariximizin unudulmaz səhifəsi
“MƏKTƏB MƏCMUƏSİ”
DƏRGİSİ 90 YAŞINDA
“Məktəb
məcmuəsi” dərgisi
haqqında ilk elmi məqaləm
“Azərbaycan məktəbi”
jurnalının 85 illik
yubileyi ərəfəsində çap olunub (“Azərbaycan məktəbi”
jurnalı, 2009-cu il ,N 4, səh. 108-112). Mövzu oxucular və pedaqoji ictimaiyyət tərəfindən
maraqla qarşılanıb.
Bu mövzuda yazılan digər məqalələrim bir
sıra elmi və dövri nəşrlərdə də
işıq üzü görüb. Türkiyəli əqidə və məslək
dostum Haldun Cezayirlioğlu bu yazılardan birini
“Azerbaycanlı dostumuz ve günümüz pedagoglarından
Sayın Nazım Nasreddinov yeni bir yazısı ile Türk
Eğitim Tarihine ışık tutmaktadır. Onun
yazılarına yer açmakla kendimize de bir tarihi sorumluluk vermekteyiz”
qeydləri ilə türk dünyasına çatdırıb.
(Haldun Cezayirlioğlu Koleksiyonu,10 eylül
2011, “Mektep Mecmuası” Dergisi
1925”). Həmin yazını kiçik əlavələrlə
oxucuların, xüsusən pedaqoji ictimaiyyətin diqqətinə
çatdırmaq istədim.
Türk dünyasının uşaq və pedaqoji mətbuat
tarixində məktəb, təhsil və təlim, təlimin
üsul və qaydaları haqqında XIX əsr türkdilli mətbuat
səhifələrində həm söz içində, həm
də ayrıca müxtəlif fikirlər səslənib. 1875-1877 -ci illərdə
Həsən bəy Məlikzadənin (Zərdabinin)
redaktorluğu ilə Bakıda nəşr olunan
“Əkinçi” qəzetində məktəb və maarif məsələlərinə
böyük diqqət yetirilib. Qəzetin fəal
müxbirlərindən biri Nəcəf bəy Vəzirov məktəb
və mədrəsələrdə müəllim və
şagird münasibətlərinə, tədris edilən fənlərin
seçilməsinə xüsusi yanaşmanın vacibliyindən
söz açaraq, oxucuları fikir mübadiləsinə
çağırırdı: “...məktəbxanada oxunan
“Leyli-Məcnun”, Hafiz və qeyrə uşaq kitabı deyil. Onları ki böyük oxuyanda şura gəlir,
uşaq başına nə kül töksün, onları
oxuyub eşqbaz, cürəkeş olmasın və bir də
bizi oxudanda məhz oxuyub yazmağı öyrədirlər və
dəxi səy edən yoxdur ki, bir xeyri olan şey də
öyrətsin. Məsələn, Məcnun
elədiyi qələti oxudunca elmi-coğrafiya kitabı oxusaq,
həm yazıb oxumağı öyrənnik, həmi dünya
üzündə olan vilayətlərdən xəbərdar
olarıq”.
Müəllifin “avam olduğumuzu gizlətməyib səy
edib, elm, təhsil etmək yaxşı deyilmi?” ritorik sualı
da zəmanın, dövrün sualı idi.
“Əkinçi”dən sonra - 1879-cu il yanvarın
ortalarında Tiflisdə Səid Ünsizadənin rəhbərliyi
ilə Azərbaycan dilində nəşrə başlayan “Ziya”
qəzeti də məktəb və maarif məsələləri
geniş səkildə müzakirəyə
çıxarır, oxucuların” diqqətini bu işin
vacibliyinə yönəldirdi. “Ziya” qəzeti
S.Ünsizadənin pedaqoji fikirlərinin tribunası idi. Qəzetin baş məqalələrindəki fikirlərin
çoxu onun sonralar çap edilmiş dərslik və risalələrində
daha da genişləndirilmişdir. “Ziya”da məktəb
və maarif məsələləri hələ heç bir
elmi tədqiqatda öz həllini tam şəkildə
tapmamışdır. Bu, hər şeydən
əvvəl gənc tədqiqatçılar tərəfindən
ərəb əlifbalı yazıları oxumaqda çətinlik
çəkmələri ilə əlaqədardır.
Türk ədəbiyyatının
ilk çocuk dərgisi olan “Müməyyiz “ (“müməyyiz”-
ayıran,fərq qoyan,yaxşını pisdən seçən-N.N.)
(1869-1870 ) dərgisində məktəb və maarif məsələləri
işıqlandırılsa da, əslində türk
dünyasında bu məsələyə- məktəb və
maarifçilik məsələlərinə ilk dəfə
öz adı ilə geniş yer verən 1891-1897- ci illərdə
İstanbulda nəşr olunan “Məktəb dərgisi”dir. Dərginin
6 ildə 185 nömrəsi çıxıb. 1911-1920-ci illərdə
Bakıda Qafur Rəşad Mirzəzadənin (1884-1943) və
Ə.Əfəndizadənin (1884-1918) redaktorluğu ilə nəşr
olunan “Məktəb” jurnalının
işıqlandırdığı məsələlərin,
irəli sürülən ideyaların çoxu vaxtı ilə
İstanbulda çıxan “Məktəb dərgisi”nin (1891-1897) böyük yaradıcılıq
işinin davamı kimi görünür.
Doktor Cem Şems Tümer Bakıda nəşr olunan “Məktəb”
dərgisindən sonra 1920-ci ildə Batumda da ayda bir dəfə
nəşr olunan dini, ictimai, tərbiyəvi, ədəbi,
elmi, fənni “Məktəb məcmuəsi”ndən söz
açır.
Hörmətli
həmkarım Bakıda nəşr olunan “Məktəb” dərgisinin
son nəşr ilini 1917- ci il kimi göstərir.
Görünür, müəllif sonralar
tapılıb üzə çıxarılan 1918 -ci və
1920-ci illərdəki 6 nömrədən xəbərsizdir.
1925-ci il kanuni-əvvəlin 5-də Bakıda “Məktəb
məcmuəsi” adlı yeni bir dərgi nəşrə
başladı.Yeni nəşr oxuculara “on beş günlük ədəbi,
fənni, elmi məcmuə kimi” təqdim olunmuşdur.
İlk
nömrəsi 2000 nüsxə tirajla çıxan “Məktəb
məcmuəsi”nın birinci səhifəsindəki
“İdarədən” qeydindən məlum olur ki, o, tətil edən
(sonuncu nömrəsi 1920-ci ildə çıxan-N.N.) “Məktəb” dərgisinin
davamçısıdır.
“Məktəb məcmuəsi” dərgisinin fəal
müxbirlərinin cərgəsində 1911-1920- ci illərdə
Bakıda nəşr olunan “Məktəb” jurnalının
redaktorunun adının görünməsi də bunu təsdiq
edir.
“Məktəb
məcmuəsi”nin müxbirləri Abdulla Şaiq, Qafur Rəşad
Mirzəzadə, Hüseyn Nəcdad, Qantemir, Zərbəli
Nafiz, Nasir Quluzadə, Uluqbəyli, Kərim (1890-cı ildə
Zaqafqaziya Müəllimlər Seminariyasını N.Nərimanovla
bir yerdə bitirmiş şəkili Kərim bəy Əsəd
oğlu İsmayılov-N.N.) yaşlı oxucularının “Məktəb”
jurnalından yaxşı tanıdıqları uşaq aləminə,
məktəbli təfəkkürünə, gənc nəslin
psixologiyasına bələd olan ziyalılar idilər.
“Məktəb
məcmuəsi” jurnalının məsul müdiri (redaktoru -
N.N. ) Sürix şəhərində
mühacirət həyatı yaşayarkən V.İ.Leninlə
tanış olan, inqilabdan bir müddət sonra İ.V.Stalinin rəhbərliyi
altında işləyən, Başqırdıstanın
Türkiyədə nümayəndəsi olmuş, daha sonralar
Bakıya Xalq Maarif Komissarlığında işləməyə
dəvət olunmuş Şərif Manatov idi. Şərif
Manatov milliyyətcə başqırd idi. Soyadındakı
“manat” sözü doğulduğu başqırd kəndinin
adı ilə ilgilidir (bu soyad bəzən redaktə olunaraq,
oxuculara səhvən Manafov kimi təqdim olunub).
Şərif Manatov bir müddət Azərbaycan Ali
Pedaqoji İnstitutunda rektor işləyib.
Məktəb
dərgisi”nin “İdarə”dən başlığı
altında verilmiş qeydləri yeni nəşr
orqanının məqsəd və məramını öyrənmək
baxımından çox maraqlıdır: “Sabiq “Məktəb
məcmuəsi” (1911-1920-ci illərdə nəşr olunan-N.N .) tətil edəndən
sonra Azərbaycanımızda çocuklarımıza məxsus
ədəbi və fənni bir məcmuə yox idi. Halbuki məktəblərdə oxuyan məktəblilər
məktəb xaricində də mütaliəyə
alışmalıdırlar. Məktəbdə
oxuyan çocuklar məktəb xaricində öz məlumatlarını
genişləndirməyə çalışmalıdırlar.
Onlara öylə bir məcmuə lazımdır ki, məktəbdə
oxuduqlarını həyatı, yeni həqiqətləri, yeni
fənləri onlar üçün
aydınlaşdırsın.Onların məlumatlarını
genişləndirməyə xidmət edərək,dərslərinin müvəffəqiyyətlə
getməsinə yardım etsin.Təbii, böylə bir məcmuənin
vücubini ( vacibliyini-N.N.) ən əvvəl müəllimlərimiz
düşünürdülər. Daha doğrusu, tələbələrin
hər zaman : “Nə oquyalım? “ deyə
sual və müraciətləri böylə bir məcmuənin
intişarını hər müəllimə
düşündürürdü”.
“İdarədən”
qeydlərində daha sonra yazılır: “Burası məlumdur ki , bizdə çocuqlara məxsus ədəbiyyat
çox azdır. Bu xüsusda şeiriyyat
işlərinə ancaq axır vəqtlərdə iqdam
edilmişdir. Bundan əlavə, kitabın
vəzifəsi başqa, məcmuənin vəzifəsi isə
büsbütün başqadır. Kitablardakı birtərəfli
məlumat uşaqları yora bilməsi ehtimalı ola bildiyi
halda, məcmuədəki hərtərəfli məlumat
onları yoramaz, biləks (əksinə-N.N.) oxumağa meyil və
həvəslərini artırar, bir fənn barəsində məlumat
alandan sonra ikinci bir hekayənin , ibrətli sözlərin,
maraqəngiz məsələlərin həllinə meyil etməklə
yorulmaqsızın vəqtini qaidəli mütaliətə sərf
edər.Bundan əlavə, böylə məcmuələrdə
mütəəllimlər yalniz passivcəsinə mütaliə
deyil, özləri də bu məcmuədə iştirak edər,
məsələlər həll edər, yazı dərslərinə
cavab verməklə aktiv rolu oynayırlar ki, burası daha qaidəlidir”.
Maraqlıdır
ki, jurnalın əməkdaşlarının çoxu Xalq
Maarif Komissarlığının əməkdaşları idi:
Şərif Manatov, Xəlil Fikrət, İsmayıl Hikmət,
Qori Müəllimlər Seminariyasının məzunu Kərim
İsmayılzadə, Abdulla Şaiq, Məhəmməd Kərimzadə...
Onların hamısı nüfuzlu ali məktəb
və mədrəsələrdə təhsil
almışdılar: Şərif Manatov Peterburq Psixonevroloji
Akademiyasında oxumuşdu.
Xəlil Fikrət və İsmayıl Hikmət
İstanbuldan Bakıya pedaqoji fəaliyyətə dəvət
olunmuş türk alimləri idi. Onlar 1923-1926-cı illərdə
Bakıda Ali Pedaqoji İnstitutda babalarımıza dərs
demişlər.
Xəlil
Fikrət Almaniyada ali pedaqoji və
psixologiya təhsili alan alimlərdən biri idi. O, Türkiyənin
bu sahədə ilk elmlər doktorudur. Xəlil
Fikrət Azərbaycan dilində yazdığı və
Bakı və Şəki mətbuatındakı çap
etdirdiyi yazılarının çoxunda “tərbiyə doktoru
Xəlil Fikrət” imzasından istifadə edib. Onun 1926-cı ildə Bakıda hökumət mətbəəsində
çap etdirdiyi iri həcmli “Tərbiyə və tədris
tarixi” monoqrafiyası uzun illər Azərbaycan
pedaqoqlarının stolüstü kitabı olub.
“Məktəb
məcmuəsi”ndə “Azərbaycanlı” imzası ilə
çap olunmuş “Kooperativ nədir?” məqaləsinin
mövzusuna, yazı üslubuna, çevik sintaksisinə
görə Nəriman Nərimanovun arxivindən əldə
edildiyini güman edirik.
Jurnalda məktəblilərin bədii zövqünün
formalaşmasında əhəmiyyətli rol oynayan 10-a qədər
şeir verilib.
Materialların əksəriyyəti dövrün
aparıcı təlim texnologiyalarına əsaslanıb.
“Məktəb məcmuəsi”ndəki atalar sözləri,
klassik ədəbiyyatdan seçilmiş tərbiyəvi məzmunlu
materiallar, ölkəşünaslığa aid elmi- publisistik
yazılar da çox maraqlıdır. Jurnaldakı riyaziyyat əyləncələri,
coğrafiya,tarix və psixologiyaya aid materiallar da şagirdlərin
təfəkkür səvviyyələrini müəyyənləşdirməyə
xidmət edir “Məktəb məcmuəsi” jurnalının həcmi
16 səhifədir.
Jurnalın
son səhifəsində oxuculara ünvanlanmış nikbin
ruhlu bir müraciətdəki ( bildiriş-xatırlamadakı
- N.N.) qeydlər dərginin nəşr tarixini izləmək
baxımından çox maraqlıdır: “Hər on beş
gündə bir müntəzəm surətdə
çıxacaqdır. Məcmuədə ən
dəgərli və biligli müəllimlər ədəbi-elmi
yazılarla iştirak edəcəkdir. Həvəskar
məktəblilərin də yazıları məcmuəmizdə
məmnuniyyətlə dərc ediləcəkdir. Məcmuəmiz məktəblilərin olduğu
üçün bütün məktəblilər almalı və
yazı yazmalıdırlar”.
Çox
təəssüf ki, “Məktəb məcmuəsi”nin ikinci
nömrəsi işıq üzü görmədi:jurnal oxucu və abunəçilərə məlum
olmayan səbəbləri görə öz nəşrini
dayandırdı. Yəqin ki, jurnalın əməkdaşları
redaksiyaya göndərilən yazıları çap olunmaq
üçün inandıqları və güvəndikləri
digər mətbuat orqanlarına ünvanlayıblar. Belə ki jurnalın əməkdaşlarının
anoloji yazıları tezliklə digər mətbuat
orqanlarında görünməyə başlayıb.
Nazim
NƏSRƏDDİNOV
Əməkdar
müəllim, Təhsil Nazirliyinin Elmi-Metodiki
Şurasının bölmə üzvü
525-ci qəzet.-
2015.- 17 oktyabr.- S.24