Şahzadə Qreys
O, qar
altındakı vulkandı...
Alfred
Hiçkok
Nağıl
həyat...
Qreys
Kellinin həyatı nağıla bənzəyir! Monako knyazı III Renyenin xanımı, şahzadə
Qreys. Kim bilir, bəlkə imkanlı ailənin əzizxələf
qızı Qreys uşaqlıqda ağ
atlı şahzadəsini xəyal da edirmiş?! Çox
güman ki, ilk gənclik illərində fotomodel kimi obyektiv
önünə keçəndə də özünü
hansısa anlarda knyaqinya təsəvvür edib... Yaxud da
artıq filmlərə çəkilib aktrisa kimi məşhurlaşanda,
böyük rejissor Hiçkokun ekran əsərlərini bəzəyəndə
və ən nəhayət Oskara layiq görüləndə də
o günü, o adamı düşünürmüş...
Əlindən tutub dənizlərin o tayına qaçıra biləcək “cəngavər”i
arzulayırmış... Ola da bilsin, heç
bunları ağlına da gətirmirmiş?! Amma axı
Qreysin həyatı doğrudan da nağıla bənzəyir!
lll
Qreysin naxışı doğulandan gətirib. O, Amerikada varlı iş adamı Cek Kellinin ailəsində
dünyaya göz açıb. Uşaqlıqdan
Filadelfiyada möhtəşəm villalada yaşayıb, cəmiyyətin
üst təbəqəsinin üzvü olub, bu cür
mühitdə böyüyüb. Və
görünür, ölçülü-biçili, protokollu
həyat tərzindən sıxılan gənc qız tamam əks
sahəyə, çərçivəsiz, qayda-qanunsuz, azad, sərbəst
yaradıcı mühitə meyl göstərib.
Axı Qreys gözəl idi... Çox gözəl! Gözəllik isə “diktator”du! Gözəl qadının həyatını, taleyini xarici görünüşü diktə edir... Ya gözəlliyindən imtina edib, ondan üz döndərib ayrı yolla getməlisən, ya da ömrün boyu Allahın lütvü olan görkəmin xidmətində durmalısan, ona qulluq eləməlisən. Bu isə xüsusi həyat tərzi, ayrı növ yaşayışdı. Qreysin həyatı kimi...
Fotomodel və aktrisa kimi qısamüddətli fəaliyyətində Qreys kifayət qədər uğur əldə etmişdi. Onun özünün çəkildiyi və haqqında çəkilmiş filmlərə, televiziya verilişlərinə baxanda az vaxtda böyük nailiyyətlər qazanmasının səbəbini anladım. Gənc və gözəl xanım, həm də zəhmətkeş, işgüzar idi. Məsələn, o fotomodel kimi gərgin və fasiləsiz işlədiyi dönəmdə, həm də Amerika Dram Sənəti Akademiyasında təhsil alırdı. Model kimi qazandığı pullarla təhsil xərclərini ödəyir, hələ üstəlik doğmalarına da hədiyyələr göndərirdi. Nə qədər təsirlidir, deyilmi? Zərif, balaca qız pul qazanmaq haqqında düşünür... Sonralar Qreys öz gündəliklərində yazırdı:
“Əgər mənim real həyat hekayəm nə zamansa açılsa, adamlar başa düşəcəklər ki, mən sadəcə canlı insan kimi yaşamışam, nağıl qəhrəmanı kimi yox...”
Həqiqətən, həyatı rahat, uğurlu, problemsiz görünən insanların əslində necə yaşamasını, hansı çətinliklərdən keçməsini təsəvvür belə eləmirik. Özgələri yandıran “çöl”ün içindəkilərdən xəbərimiz də olmur. Ancaq Qreys kimi qadının elə belə görünməsi yaxşıydı. Zərif, incə, qayğısız... Bir az da uşaq kimi sadəlövh, bəzən də çox soyuq, təmkinli! Bu cür görünən qadının ən uğurlu “tərif”ini isə rejissor Alfred Hiçkok vermişdi:
“O, qar altındakı vulkandı. ...buz kimi soyuq görkəmi altında təsəvvürolunmaz ehtiras gizlənir...”
O “təsəvvürolunmaz ehtiras”ın ilk “qurbanı” Qreysin müəllimi, Don Riçardson olur. Aralarındakı yaş fərqindən çəkinən müəllim eşqini uzun müddət gizli saxlayır. Amma nəhayət bir gün Qreysi evinə qonaq çağırır və ... Sonralar Riçardson öz xatirələrində yazırdı: “Mən sobanı alışdırıb kofe dəmləməyə getdim... Qayıdanda Qreys məni gözləyirdi..........” Qreys aşiq olduğu, yaşca ondan böyük müəllimini yataqda gözləyirmiş. Bu cəsarəti, özünə inamı bütün həyatı boyu Qreysin taleyinə təsir etdi. Modellikdən aktrisalığa keçidi də, Klark Qeyblla filmə çəkilməsi də (hələ onu özünə aşiq etməsini demirəm), Oskar kimi nüfuzlu bir mükafata iddiası və qələbəsi də və ən nəhayət bütün bunları atıb, karyerasından imtina edib Monako knyazı III Renyenin evlənmək təklifinə “hə” cavabı verməsi də... hamısı böyük cəsarətin göstəricisi idi. Heç şübhəsiz ki, bu qeyri-adi cəsarətin arxasında da qadın kimi istedadı dururdu. Amerikan modelyer Tommi Hilfiger onun qadınlığını, eleqantlığını çox dəqiq ifadə edirdi:
“O, özüylə təkbətək qalanda da daim eleqant, qlamur, zərif Qadındı...”
Qreys nə qədər sirli, qapalı olsa da, qadın xarakterindəki şıltaqlıq bəzən publika qarşısında da özünü göstərirdi. “Kənd qızı” filmində yaratdığı obraza görə “Oskar” mükafatına layiq görüləndə səhnəyə çıxan aktrisa aparıcının “təklif”inə iti reaksiyası ilə tamaşaçıları təəccübləndirmişdi. Aparıcı Qreysə Marlon Brandonu öpməlisiz - deyəndə, xanım heç düşünmədən - məncə, əksinə o məni öpməlidir - söyləmişdi. Və bu məqam, yəni hamının sakit mələk kimi tanıdığı qızcığazın maraqlı reaksiyası manşetlərə çıxarılmışdı.
... Amma Renye ilə tanışlıqdan sonra bütün bunlar arxada qalırdı: 1951-1956-cı illərdə Qari Kuperlə birlikdə çəkildiyi “Günorta çağı” filmi daxil olmaqla 11 ekran əsərində rolları. Hiçkokun sevimli aktrisası kimi onun bir neçə filmində - “Moqambo” (1953-cü il) və “Qətl üçün M-i yığın”, “Arxa pəncərə”, “Oğrunu tutmalı” (1955-ci il) adlı ekran əsərlərində baş rollar. Artıq vurğuladığım kimi “Kənd qızı” filmində yaratdığı obraza görə “Oskar”, həmçinin iki dəfə “Qızıl qlobus” mükafatı.
Qreys bütün bu uğurlarını Nyu-Yorkda, okeanın o tayında qoydu, sadəcə bioqrafiyasına, tarixə yazdı, davam etdirmək istəmədi. Hətta şahzadə olandan sonra da filmlərə çəkilmək təklifləri alanda rədd cavabı verdi. Müsahibələrində bu məqamı özünəməxsus şərh edirdi:
“Bilirsiz, Amerikada aktyorlar ictimai və karyera həyatlarını şəxsi həyatlarından ayrı yaşaya bilirlər. Monakoda bu mümkün deyil. Knyaz Renyenin həyat yoldaşı kimi mən yalnız bir rolu oynaya bilərəm: Onun Şahzadəsi rolunu!”
Qreys bu rolunun da öhdəsindən gözəl gəlirdi. Yerli əhali öz şahzadəsini səmimi qəlbdən sevir, ona pərəstiş edirdi. Qreysin mehriban, gülərüz, xoş xasiyyəti, tədbirlərdə, yığıncaqlarda sadə adamlarla rəftarı, daha çox da xeyriyyəçiliyi buna səbəb olmuşdu.
Doğrusu, Qreysin Hollivuddakı açıq, rahat, qlamur həyatını buraxıb qapalı, kiçik, müəyyən qanunları olan Monako mühitində yaşamağa razılaşmasını tam da yozmaq, anlamaq olmur. Daha dəqiq desəm, bunun hansı səbəbdən olmasını tam, dürüst bilmək çətindir. Qreys Renyeni sevdiyi üçün etmişdimi bunu? Yoxsa doğrudan da yazımın əvvəlində vurğuladığım kimi şahzadə olmaq arzusumu vardı? Bilmirəm! Çünki Qreys ilə Renyenin həyat hekayəsinə aid ən xırda detallardan, hər halda məlum olan ən sadə məqamlardan onlar arasında böyük məhəbbət, yaxud ilahi bir münasibət hiss edilmir. Bəlkə bilərəkdən gizlədilib bu incəliklər, bilmirəm... Renye hətta ilk vaxtlarda, hələ evlənməzdən öncə Qreysə olan münasibətini danırdı da... Müsahibələrindən birində bu qadınla heç bir əlaqəsinin olmadığını da demişdi!
Ancaq hər halda bu izdivac baş tutdu və Qreys ərinə üç gözəl övlad bəxş etdi: iki qız və varis, hazırkı knyaz Alber! Övladları dünyaya gələndən sonra Qreysin “rolu” da dəyişilmişdi. İndi o ana rolunda idi. Və hazırda internetdə yerləşdirilmiş video-müsahibələrə, kadrlara baxanda onun bu rolu da sevə-sevə canlandırdığını açıq-aydın müşahidə etmək olur.
Amma!!! Təbiət öz sözünü deyirdi... Xanım Kellinin həyatı getdikcə qəlizləşirdi. Övladlarının tərbiyəsindən tutmuş, ərinin münasibətinə kimi hər şey onun üçün məşəqqətə çevrilmişdi. Üsyankar, ərköyün övladlarının öhdəsindən gəlmək, biganə, soyuq ərinin kaprizlərinə dözmək sadə deyildi. Hələ üstəlik hormonal problemlər: Qreys sürətlə kökəlirdi!
Qreys Kelli Bakıdadır...
Əşyaların sahibinə aid hansısa energetikanı qoruyub
saxlamasına inanıram. Çox güman ki, Bakıda, Heydər
Əliyev Mərkəzinin üçüncü mərtəbəsindəki
sərgidə də bu havanı yaradan elə Qreysin şəxsi
əşyalarıdır. Təxminən yay aylarından Heydər
Əliyev Mərkəzində dünyanın məşhur sərgilərindən
olan və ziyarətçilər tərəfindən
böyük maraqla qarşılanan “Qreys Kelli: şahzadə və
stil ikonası” sərgisi açılıb. Burdakı
eksponatlar xanım Kellinin kinoaktrisalıq karyerası, eləcə
də həyatının Monako knyazı III Renye ilə evləndikdən
sonrakı dövrünü əks etdirir. Qreysin həyat hekayəsini
nəql edən bu sərgi ilk dəfə 2007-ci ildə Monakoda
açılıb və onu 135 min tamaşaçı izləyib.
Bundan sonra
ekspozisiya Paris, Moskva, Roma, San-Paulo, Toronto, Bendiqo, Astana, Monreal,
Doylestaun və Apeldorn şəhərlərində təqdim
olunub.
Elə liftdən enib sağa dönən kimi Qreysin
gözəl gözləriylə üz-üzə gəlirsən. Şərti
olaraq “aktrisa” və “şahzadə” adlandırılmış
otaqların, guşələrin hər biri ayrıca söhbət,
təhlil mövzusudu. Ən böyük
“mövzu” isə Qreysin özünə sadiqliyidir. Bu xanımın qeyri-adi istedadı, maraqlı taleyi,
həyat yolu ilə yanaşı fərqli zövqü, geyim
stili də tez-tez müzakirə olunur. Hal-hazırda
da Avropada bir çox modelyerlər Qreys stilindən bəhrələnirlər.
Rusiyada Qreysi təqliddə ittiham olunan gənc aktrisalar,
müğənnilər də az deyil. Sərgidən
öncə bütün bunları oxuduğum, bildiyim
üçün qarşımda duran böyük sual işarəsi
məhz bu idi: axı Qreysin qeyri-adi zövqünün, geyim
stilinin açarı nədədir? Bütün nümayiş
olunan eksponatlara -
libaslara, zinət əşyalarına, məktublara,
fotoşəkillərə bircə-bircə baxandan, onların
hər biri haqda məlumatları az qala lupayla, diqqətlə
oxuyandan sonra o açarı tapdım. Sirr nə qədər
qəribə səslənsə də, Qreysin özünə
inamında idi. Bilirdi ki, ən sadə və çox
sevdiyi ciddi, ağ köynək də geyinsə
gözəldi, cazibədardı. Geyimlərində
daha çox pastel tonlarına üstünlük verən
xanım zər-ziba həvəskarı deyildi. Axı təbiət
özü onun “zər-zibası”yla məşğul
olmuşdu... Əlavə parıltıya, şit
bəzək-düzəyə nə ehtiyac?! Qreys aktrisa olduğu vaxtlarda necə zövqlə,
amma həm də sadə, getdiyi tədbirə, günə
uyğun geyinirdisə, şahzadəyə çevriləndən
sonra da beləydi. O, at yarışlarına baxmağa gedəndə
gecə qiyafəsi geyinə bilməzdi, sadə ağ
şalvar-pencək geyinirdi. Doğrusu, sərgidə əsl
şahzadələrə yaraşan dəbdəbəli geyimlərlə
yanaşı bu cür sadə, hətta bir az
da adi kostyumları görəndə əvvəl təəccübləndim.
Amma sonra onun aləminə bir az da daxil
olduqca çox şeyi dərk elədim. Elə
onun sevdiyi brendlərdən, işlədiyi modelyerlərdən
bəzi məsələləri başa düşmək olar.
Qreys Kristian Dior, İv Sen Loran həvəskarı idi. Hermesin çantalarını, aksessuarlarını
sevirdi. Ən çox istifadə etdiyi geyim
aksessuarları isə şlyapalar və əlcəklər
idi... Bunlara baxdıqca qəhrəmanımı
qadın kimi də anlamağa, daha doğrusu bu simvollarla onun
xarakterinin müəyyən tərəflərini duymağa
çalışıram. Heç bir
geyimində açıq-saçıqlıq görmürəm.
Yalnız “gizlənmək”, daha doğrusu
Hiçkokun söylədiyi kimi - “vulkan”ı “qarlarla”
ört-basdır etmək istəyən qadın bu cür geyinə
bilər. Sonra oxuyuram ki, həqiqətən də belə
düşünürmüş və bunu müsahibələrində
söyləyirmiş: qadın diqqət cəlb etmək istəyirsə,
açıq geyinməməlidir, sadəcə parça hərdən
təbii şəkildə yuxarı, ya aşağı
sürüşüb gözəl yerləri azca göstərə
bilər!
Hə, çoxlarının yuxusunu
qaçırmış aktrisa belə deyirmiş. Elə
şahzadə olanda da fikrini dəyişmədi.
Sərgidə onu da öyrəndim ki, ilk dəfə Kann
festivalı zamanı Renyenin görüşünə gedən
aktrisa düşündüyünün,
planlaşdırdığının tamam əksini geyinməli
olub. Oteldə işıqlar söndüyündən
seçdiyi paltarı yox (ütüsüz olduğu
üçün), sadə güllü donunu geyinib.
İndi həmin günü əks etdirən fotoya baxanda isti,
ilıq hisslər keçirir adam. Qreys adi, hansısa şablon əsasında
tikilmiş paltarda da şahzadədir. Hələ Renye ilə
ailə qurmazdan öncə belə!!!
Burada Qreysin məşhur, 1956-cı ilin aprelin 12-də
Nyu-Yorkdan Monakoya səkkiz günlük dəniz səyahəti
zamanı özüylə götürdüyü qarderob da
nümayiş etdirilir. Qreys onu salamlamaq üçün əlli
min insanın gözlədiyi limanda gəmidən enəndə
ilk öncə görünüşüylə müzakirələrə
səbəb olmuşdu. O, Nyu-Yorkdan mağazadan
alınmış sadə palto ilə ağ
rəngli aksesuarlar və mirvari taxmışdı. Ən çox etiraz doğuran isə onun
şlyapası oldu. Pərəstişkarları
bu böyük şlyapanın qadının üzünü
gizlətdiyindən şikayət etmişdilər. Görünür, Qreys hələ yeni daxil olduğu
mühitdə, yepyeni statusunda, şahzadə olaraq birdən
açılmaq, görünmək, göz qamaşdırmaq
istəmirdi.
Qreys Kellinin sadə, amma həm də harmonik, zəngin zövqü ən çox avtomobil məsələsində təsirləndirir məni. Onu da deyim ki, avtomobil bu sərgi çərçivəsində izləyicilərə ilk dəfə məhz Heydər Əliyev Mərkəzində təqdim edilir. Özü kimi “balaca”, zərif avtomobil indiki eni-uzunu bilinməyən maşınların yanında oyuncağa bənzəyir lap. Muzeyin əməkdaşı burda foto çəkdirməyin yasaq olmadığını söyləyir. Mənsə, avtomobilə toxunmağa belə çəkinirəm. Qreysin ruhunu incitmək istəmirəm... Axı qadınlar qısqanc olurlar... Gözəl qadınlar isə həm də “sahibkar”dırlar. Onlara məxsus olana hətta yüz il sonra da toxunmaq qadağandı!
Kədərli sonluq...
Daha çox heyvanlarla vaxtını keçirən soyuq, biganə Renyenin çətin xasiyyəti, bəzən cəmiyyət içərisində də Qreysi acılaması, aşağılaması xanımı depressiyaya salmışdı. O darıxırdı. Və bu boşluğu iki şeylə doldururdu: əl kamerasıyla videolar çəkirdi. “Rejissorluq” edərək daha çox uşaqlarını müxtəlif vəziyyətlərdə çəkib bir növ gözünün qurdunu öldürürdü. Bir də... Nə qədər kədərli olsa da vaxtını gənc heyranlarıyla keçirirdi. Onları “yumşaq oyuncaqlarım” adlandırırdı. Görünür, bu da qayğısız uşaqlığa qayıtmaq cəhdi idi! Ancaq bütün depressiyalar, dərdlər öz işini görmüşdü. Qreys xəstə idi.
... 1982-ci ildə 52 yaşlı şahzadə kiçik qızı Stefani ilə avtomobil gəzintisinə çıxır. Qızı ilə ciddi söhbət etmək istədiyini bildirib, özü sükan arxasına keçir. On dəqiqədən sonra avtomobil yoldan çıxıb uçuruma yuvarlanır. Xəstəxanaya sağ çatdırılan Qreysin insult keçirdiyini söyləyir həkimlər. Bütün cəhdlərə baxmayaraq şahzadəni xilas etmək mümkün olmur. Qızı Stefani yüngül yaralansa da, tezliklə sağalır. Qreys isə!!!
... Renye
Qreysdən sonra 20 il yaşadı. Amma heç zaman evlənmədi. Qreys illər
öncə vəfat etməsinə baxmayaraq, bu gün də
sevilir. Modelyerlər geyimlərindən, aktrisalar rollarından,
ağ atlı oğlan gözləyən
qızlar taleyindən təsirlənirlər. Hə, bir də...
bir də... Qadınlığından! Özüylə təkbətək
qalanda belə Qadın olan Qreys Kelli
qadınlığından!
PƏRVİN
525-ci qəzet.-2015.- 17 oktyabr.- S.20-21