“Bir də gördün, görüşünə gəlmişəm...”

 

“Yurdumuzu gəzə-gəzə...”silsiləsindən

 

 

“Dağlarının şiş ucları buludlarla döyüşən”, “ayaqlarında coşqun Xəzər oynayan” (C.Cabbarlı), buz bulaqlarının zümzüməsi quşlarının cəh-cəhinə qarışan əbədi-əzəli yurdumuz-yuvamız Azərbaycanımız!

 

“Əcdadlarımızın mədfəni, övladlarımızın məskəni olan könlümüzün sevgili məhbubi Vətən...” (A.Səhhət)

 

Hələ bir-birindən uca dağlarımız, adı kimi elə özü də Şah dağımız, meşələrimiz, ormanlarımız, dərələrimiz...

 

Uca tanrı məmləkətimizdən heç bir nemətini əsirgəməyib, yaratdığı dünyanın bütün gözəlliklərini yurdumuza bol-bol bəxş edib.

 

İl boyu zirvəsi qarla örtülü çalmalı dağlarla, yaşıl meşələrlə, sərin yaylaqlarla, təkrarolunmaz gözəlliyə malik göllərlə zəngin olan ulu vətənimiz həm də tarixən səyyahların sevə-sevə üz tutduqları bir məkan olub.

 

Torpaqlarımıza həyat verən neçə-neçə çaylarımız - xan Araz, dəli Kür, hələ ki, sularına yağı düşmənlərimizin tilov atdıqları Həkəri...

 

Göllərimiz isə bir özgə aləm, başqa bir tamaşadır!

 

Göygöl, Maralgöl, Ağgöl... və neçə-neçə belə nadir təbiət möcüzəsini zaman-zaman söz-söhbət sahibi şairlər, dili nəğməli ozanlar vəsf ediblər. Rəssamlarsa sevə-sevə min bir rənglə kətana köçürüblər...

 

Böyük şairimiz Əhməd Cavadın misralarıdır:

 

Dumanlı dağların yaşıl qoynunda,

Bulmuş gözəllikdə kamalı Göygöl.

Yaşıl gərdənbəndi gözəl boynunda,

Əks etmiş dağların camalı Göygöl...

 

Nakam şairimiz Mikayıl Müşfiq də Göygölə silsilə şeirlər həsr edib:

 

Ey çocuq ruhu qədər şən Göygöl,

Köksü almas kimi rövşən Göygöl.

Ətəyindən əyilib öpdüm mən,

Kim qaçar sevgilisin öpməkdən?

 

Nizami yurdu Gəncədən üzü yuxarı, ta Göygölə gəlib çatanacan yol boyu adamın ürəyini titrədib uçuran, ruhunu qanadlandıran, həm də keçmişimizdən, ulu tariximizdən, soraq verib ta ki, bu günəcən neçə-neçə dastanlara, nağıllara ünvan olan kənd-kəsəyi keçirsən. Toğanada İncə çayın vadisində haçalanan yol sol tərəfə, zümrüd meşələrin qucağından Göygölə qalxır, sağ tərəfdə isə azman qayaların arası ilə Kəlbəcərə gedir.

 

...Hacıkənddən üzü yuxarı yolu düşənlərin üz-gözünə sığal çəkən həzin dağ mehi Toğana aşırımında küləkləyir. Kürəkçayı keçəndən sonrasa, irəlidə dediyim, zümrüd meşələrin qoynundan ötən yoqquşun başında isə şəninə nəğmələr qoşulan, hüsnünə dastanlar bağlanan günəşgözlü Göygölün gözəl çöhrəsi qonaqlarına qucaq açır.

 

İlk dəfə Göygölə yolum yayda düşmüşdü - 2003-cü ilin yayında... Daha doğrusu, həmişə, arzusunda olduğum, nə vaxtsa ziyarətində bulunacağım, nəhayət, bir gün gedib görəcəyim dağların qoynunda qərar tutan gözəlliyə bu zərif, ecaskar təbiət incisinin görüşünə güzarım həmin il baş tutdu.

 

Göygöllə qucaq-qucağa bu tamaşanın gözəlliyindən doğan heyrətimi mənimlə birlikdə nəvəm - dörd yaşlı Tural da paylaşırdı.

 

Təpənin üstündən üzüaşağı, indi sayı yadımda qalmayan, uzun-uzadı pilləkənləri enib gölün sahilinə düşdük. Qayıdanbaş pilləkənlərin qurtaracağında, nə zamansa uzaqdan gələnlər üçün istirahət yeri, dayanacaq kimi istifadə olunan, yaraşığını hələ də itirməmiş səliqəli, yığcam binanın yanında dayanan əsgərə balaca Turalın “Salam, əsgər!” xitabı hələ də qulaqlarımda cingildəyir. Elə oradaca açdığımız süfrədəki olan-olmazımızı Vətən keşikçisi ilə bölüşməyimizin özü də indi şirin bir xatirədir...

 

Göygölün gözəlliyinin sehrinə daha yaxından dalmaq üçün, dediyim kimi, çoxsaylı pilləkənlərlə üzüaşağı enmək lazım gəlir. Maralgölü görmək üçün isə, əksinə, elə oxşar pillələrlə üzü yuxarı qalxmalısan. O səfərimizdə Maralgölü görə bilməmişdim. İki il sonra bu təbiət incisini də görmək qismətim oldu.

 

Bax, beləcə, o qədər göl görmüşəm ki, irili-xırdalı, bəlkə də minlərlə, amma yaddaşımda yaşayan öz məmləkətimdə gördüyüm, vurğun-vurğun baxdığım su hövzələridir. Onların arasında bapbalaca, bəlkə də eni-uzunu vur-tut on-on iki arşın olanları da var, bir kəndin, bir elin sığınacağı qədər - min arşın olanı da. Doğulduğum kənddən bir az aralıda, qədim yurd yeri olan Arta kəndi var. Ağlım söz kəsəndən o kəndin ayağında guya dibi sonsuz olan bir göl olduğunu eşitmişdim. Ayağım yer tutandan isə gedib gölün seyrinə çox dalmışam. Axarı olmayan, vur-tut bir yurd yeri qədər ərazidə lövbər salmış bu balaca gölə nədən yana neçə-neçə əfsanənin qoşulduğunu özlüyümdə çox götür-qoy etmişəm. Və bütün bu götür-qoylardan sonra da belə su hövzələrinin insanlar üçün dəyərini dərk etmişəm.

 

Dübrar dağı ilə üz-üzə, Gömrü dağı ilə yan-yanaşı, yalın belində bir vaxtlar od-ocağı gur yanan, igidləri bir elə arxa, dayaq olan gen-geniş, qədim kəndin indi uçuq-sökük, baxdıqca ürək dağlayan kalovları yolu buralara düşənin üzünə hüznlə, gileylə baxan, onlarla gölü olan Nohurlarda yeniyetmələrin balıq ovlamasının da tamaşasına dalmışam.

 

Söz vaxtına çəkər.

 

Ötən il elə avqust ayının cırhacırında yolum yenə dağlara düşmüşdü. Qələm dostlarım Elçin Hüseynbəyli və Aydın Tağıyev də bu yolçuluqda mənimlə yoldaş idilər.

 

Yeri gəlmişkən, istedadlı yazıçımız E.Hüseynbəyli sonralar bu səfər təəssüratı ilə bağlı “Köçən yurdlar yetim uşağa bənzəyir” adlı kövrək bir yazı da hazırlayıb mətbuatda çap etdirdi.

 

Ağır-urvatlı ellərin bir zamanlar gur yurd yeri olmuş, sakinləri daha “rahat” yaşamaq üçün tərkivətən düşən, ayaq tutub yeridikləri ev-eşiklərinin kalovları indi köz-köz olub sinə dağlayan, ayda-ildə bu yerlərə yolunu salanlara göz ağrısı sakinsiz kəndlərimiz (Nohurlar, Gönçü, Gömür...) kövrək qələm dostumuzu da əməlli-başlı təsirləndirmişdi və Uqah kəndindəki görüşümüzü o belə təsvir etmişdi: “Kənddə qabağımıza cavanlığını xeyli geridə qoymuş bir adam çıxdı. Hansısa şirkətin köhnə formasını geyinmişdi. Dedi ki, burada üç ailə qalıb, kənddə əvvəllər üç yüz altımış təsərrüfat olub. Kəndin məktəbi, məscidi, varmış, indi heç nə yoxdu. “Maşın səsi gələndə sevinirik”.

 

Bu danışdıqlarım ötənlərin xatirələridir. Yaddaşımın alt qatında özümlə yoldaşlıq edənlərdir. Doğma diyarımızın qədim yurd yerlərindən olan, yaşı əsrlərin o tayından, keçmiş eramızdan gələn Şabranda da irili-xırdalı onlarla təbii və süni göllər vardır.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqəti sayəsində ərsəyə gəlmiş, Şabran şəhəri ilə Çıraqqala arasında geniş dağətəyi ərazini əhatə edən (9 kv.km) 269 milyon kubmetr su tutumu olan Taxtakörpü su anbarı ölkəmizdə layihə əsasında inşa edilən süni göllər arasında həm üçüncüdür, həm də respublika üçün xüsusi əhəmiyyəti olan mühüm sututardır.

 

Xəzər dənizi ilə rayon mərkəzi arasında nadir flora və faunaya malik olan Ağzıbir düzündə laqun göllər qrupuna daxil olan (sahəsi 13,8 kv.km), ölkədə dördüncü böyük göl sayılan “Ağzıbirçala” həm də köçəri quşların qış yatağıdır. Bu su hövzəsində adları Azərbaycan Respublikasının “Qırmızı kitab”ına düşən xeyli quş növü vardır.

 

Bir-biri ilə çox uzun bir zəncirin həlqələri kimi birləşən, elə adı ilə, Nohurlar deyilən gölləri irəlidə qeyd elədim.

 

Bu qədim eldə bir göl də var, Ənbil gölü. Gölün adı ərəb dilindəki əm (camaat, icma), tat dilindəki bil (bataqlıq) və Azərbaycan dilindəki göl sözlərindən ibarət olub “icmaya məxsus göl” anlamındadır. Görənlərdən, bilənlərdən Ənbil gölü haqqında 7 il əvvəl eşitmişdim. Və illər idi ki, Ənbil gölünü görmək arzusu qəlbimdən-zehnimdən çıxmırdı. Elə hey özlüyümdə deyib durmuşdum ki, nədisə, gedib o gölü görüm, şəkdən düşüm...

 

Ancaq...

 

Axır ki, bu yay bu niyyətimə qovuşmaq qismətim oldu. Əgər bu il də gedə bilməsəydim, deməli, 7 ilin tamamından sonra daha Ənbili görməyəcəkdim. Çünki 7 il inanclarımızda müəyyən bir niyyətə çatmaq üçün qoyulan müddət, bir zaman ölçüsüdür.

 

Beləcə bu gün Şahdağın ətəklərində, qədim Şabran ellərinin Zeyvə kəndinin çiyinləri üstə, sərt dağların arasında, sıx meşələrin qoynunda qərar tutmuş Ənbil gölünə doğru yoldayıq.

 

Zeyvənin başı üstündəki zümrüd meşələrin qoynundan çeşməsi neçə yerdən qaynayan, suyu buz kimi soyuq Səməd bulağına qədər yolu maşınla keçib gəldik. Səməd bulaqdan Ənbil gölünə qalxmaq üçün iki yol, daha doğrusu, iki səmt vardır. Təqribən iki kilometr məsafədən sıldırım qayanın yalı ilə, bir də 5-6 kilometr məsafədən dolanbac da olsa, rahat meşə cığırları ilə. Mən və mənim kimi ayağını yerə “toxdaq” qoyanlar gedənbaş gölə xeyli kənardan, nisbətən rahat səmtdən at üstündə yaxınlaşdıq.

 

Dostum Aydın arxadan bir neçə kənd sakini ilə piyada gəlirdi.

 

Mənim: - Sən də bir at minsənə, - təklifimə dostum:

 

- Əşi, qoysana piyada yolumuzu gedək, - sonra da təbəssümlə üzümə baxıb: -At məni yubadar, - deyə mülayim bir zarafat da elədi.

 

Hündür ağacların əhatəsində bitmiş sıx pöhrələri lap kinolardakı kimi elə atın üstündən qamçı ilə aralaya-aralaya keçib gedirdik. Könlümdə, gözümdə bir az intizar olsa da, nəhayət ki, buralara qədər gəlib yetişməyimizə sevinirdim. Ətrafa nəzər yetirir, mənə doğma gələn, ruhumu oxşayan, hisslərimə rahatlıq gətirən dağ havası ilə sanki irəli uçurdum.

 

Köksümdə çarpan ürəyim, çapacaq uçan xəyallarım məndən öncə qaçıb üzünü hələ görmədiyim o gölə yetişmişdi və bəlkə də sərin sularına baş da vurub dincəlmiş, yolumu gözləmək üçün pərilərin qucağına sığınmışdılar.

 

O sərin dağ havasında sərin dağ mehi altından ötüb keçdiyimiz ağacların yarpaqlarını yelpikləyir, yetişməkdə olduğumuz gölün sərinliyi yavaş-yavaş duyulurdu.

 

Yollar, cığırlar dil açıb hövsələsiz qonağına “Xoş gəlmisən” deyirdi. Ya mənə belə gəlir, ya da bunu elə beləcə də hiss edəcək qədər həvəsliydim.

 

Bu da təbiətin o nadir incilərindən biri, sərt qayalardan özünə dayaq, yaşıl meşələrdən üzünə duvaq tutan, ancaq hələ adı, sorağı çox da uzaqlara gedib çatmayan, az adama bəlli olan Ənbil gölü...

 

Dağ belində çiçəkləyən qönçəsən,

Xoş halıma, görüşünə gəlmişəm.

Ənbil gölüm, incələrdən incəsən,

Çıx yoluma, görüşünə gəlmişəm.

 

... Və budur...

 

Dörd bir yanı səma ilə qucaqlaşan, nəhəng, sıx ağaclarla əhatə olunan göl lacəvərd mənzərəsi ilə ən gözəl rəssamın - Ana təbiətin fırçasından elə indicə nəqş olunan görkəmi ilə bizə qucaq açırdı. Yol yoldaşlarımla bu gözəlliyə heyran-heyran baxır, heyrətlənir, heç Şabranın özündə belə kifayət qədər tanınmayan bu gölün sehrindən qurtula bilmirdik.  

 

Yolum Ənbilə düşübdü,

Bəlkə düşüm, qonaq olum?

Bəlkə elə qalım burda,

Odu köz-köz ocaq olum.

 

Ənbil gölü Şabrandan 25 kilometr şimal-qərbdə, axarlı-baxarlı Zeyvə kəndini əhatə edən qoynu çeşməli zümrüd meşələrlə əhatə olunmuş Qafqaz dağlarının sinəsində yerləşir. Suyu bal kimi şirin, göz yaşı kimi duru olan Ənbil gölü dəniz səviyyəsindən təqribən 1300 metr yüksəklikdə qərar tutub. Dörd bir yandan sıx meşələrlə örtülü, sərt yamaclarla əhatə olunan gölün sahəsi 5 hektardan az deyil. Dərinliyi isə hələ ki, öyrənilməyib.

 

Gölün sahili hər tərəfdən sıx meşələrlə örtülü yamaclarla əhatələnib. Nəhəng ağacların kölgəsi bəzi yerlərdə sahilləri addayıb suların üstü ilə az qala gölün ortasınacan gedib çatır. Sanki bu gözəlliyı Ana təbiət özü belə sərhədləyərək qorumağı qərarlaşdırıb.

 

Bəlkə də günəşdən işıq kəsildiyindəndir ki, ağaclar son ümid yeri kimi öz qamətlərini gölün sularına tərəf endirmiş, sanki gölə səcdəyə əyilmişlər. Budaqların ucları gölün üzündən su içir, kökləri isə şəffaf suların dibindən apaydın görünür.

 

Heyran-heyran bu mənzərəyə baxaraq, ürəyimdən keçir ki, bu möcüzəli “tablo”ya bir toxunum. Rəngləri qarışdırmaqdan qorxsam belə, onunla daha yaxından təmasa girim... Axı, həyatda da elə belədir. İnsan sevdiklərinə toxunmaqla onu əzizləməyə çalışır, bəzən bunu etməyə nə qədər cürəti yetməsə də...

 

Hündür palıd, fısdıq, vələs, göyrüş ağaclarının kölgəsi harada bitirsə, oradan günəş mavi suların üzündə bərq vurur.

 

Gölün bu yay mənzərəsini sahilindəki sərin kölgəlikdən seyr etdikcə düşündüm ki, yəqin payızın sonunda, qışda dağların arasından doğan günəşdən göl o qədər işıq, enerji yığır ki, yayın kölgəliyindən heç üşümür. Axı gölün ətrafındakı sal qayaların zirvəsində indi günəşə boy verən ağaclar payızda yarpaqlarını tökür, çılpaqlaşır.

 

Təqribən 4-5 metr dərinliyə qədər suların səthindən gölün dibi görünür, sahildən uzaqlaşdıqca, dərinlik artdıqca gölün dibi görünməz olur. Və yaşıl təbəqə ilə haşiyələnmiş gölün quzey tərəfindən baxanda onu üç tərəfdən əhatələyən sıx meşələr dağın zirvəsini görünməz edir, yalnız şərq tərəfdən, hardan ki, gölün axarı var, bax, oradan üzüaşağı maililik başlayır.

 

Geniş bir ərazini əhatə eləyən gölün kənarlarında heç sısqa bulaq da yoxdur. Gölə nə bir çeşmə, nə də bir arx axıb qarışır. Göz yaşı qədər dupduru suları insanı öz ağuşuna səsləyən gölün çeşməsi yerin dibindən, əslində isə dağın sinəsindən qaynayır. Ancaq ilin bütün fəsillərində göldən bir dəyirman daşını fırlatmaq gücündə olan su qayaların arası ilə üzüaşağı şırhaşırla axıb gedir.

 

Göldən axıb gələn su təqribən üç kilometr aşağıda sərt qayaların üstündə günəşlə üz-üzə, hündürlüyü 20-25 metr olan şəlalədən tökülüb Şabran çayının mənbəyinə qoşulur.

 

Nə vaxtsa yazılarımın birində demişdim, bu gün Ənbildən ayrılanda yenə dilimin ucunda tovlandı:

 

“Əzizlərin hər gəlişi, istəklilərinlə hər görüş sevinc, şadyanalıq,.. ayrılıqlarsa nisgil, nigarançılıqdı.

 

ola nisgillərə, qüssələrə, nigarançılıqlara səbəb olan gedişlərə, ayrılıqlara yer olmaya!”

 

Allaha əmanət ol, Ənbil gölü, hüsnünə bu gözəlliyi verən tanrı sənə heç qıymaz, bu dağlara ayna tutan camalına, zümrüd meşələrin ülkər baxışlı sevgilisinə toxunmaz.

 

Beləcə Ənbilin mavi saf suyundan hərəmiz bir qoşa ovuc üz-gözümüzə vurur, sanki bununla da sağollaşıb, ayrılırıq.

 

lll

 

Ənbildən aşağıda, yolumuz üstdə sərt sıldırım qayanın dibində nəhəng bir daş var,- dedilər. Bax, o daşı görmək marağı gələn baş dolanbac, nisbətən uzaq olsa da at ayağına rahat yolu qoyub dönəcəyimiz yolumuzdan məni də, dostumu da döndərdi. Beləcə, geri qayıdanda daşı görmək həvəsi ilə sərt yamacla geri qayıtmağı seçdik.

 

Bəli, nə qədər çətin olsa da, o bir kilometrdən artıq məsafəsi olan sıldırım qayanı endik. Necə endik? Bunu gərək yaşayasan, görəsən, deməklə, danışmaqla başa gələn iş deyil.

 

Hayıf səndən, əlimin uzalı qaldığı gənclik. O sərt qayanı allah-allahla enib çayın kənarında azı yarım hektar bir sahəni tutan, bəzi yerlərdə yerdən iyirmi-iyirmi beş arşın hündürlükdə olan nəhəng daşın yanında azacıq nəfəs almışdım ki, səfər yoldaşlarımız Emin Mövsümovun, ardınca da bu dağların hər cığırını gözüyumulu tanıyan bələdçimiz Şəmsi quzey tərəfdən pəncəsini rahatca yerə basmış daşın belinə sürətlə qaçıb çıxdılar, sonra da elə o daşın belindən bitmiş səmayla qucaqlaşan hündür ağacların, sıx pöhrələrin arasında görünməz oldular. Munis bir mənzərə idi, bu mənzərəni heyrətli baxışlarla seyr edirdim. Bardaş qurub oturduğum daşın üstündən qalxmaq istədim. Ürəyim atlanmışdı, mən də onlar gedən səmtə can atırdım. Ancaq hayıf, inçəm ürəyimin istəyinə tabe olmadı, ha güc vursam da bir şey çıxmadı, çömbələn oturub boylana-boylana qaldım.

 

Ürəyimdən keçənləri dilimin ucunda asta-asta pıçıldayırdım:

 

Fələk yaramır işimə,

Baxmayım ömrün qışına.

Sığınım bir dağ döşünə,

Pərilərə qucaq olum...

 

Dağlar elə həm də daşlara qucaqdır, irisinə də, xırdasına da. Ancaq Ənbilin ətəyindəki bu gördüyümüz daş çox nəhəng daşdır. Üst səthi yarım hektardan çoxdur. Gövdəsi də ki, yanlarından səmaya millənib, çılçılpaqdı. Daşın üstünə yalnız cənub tərəfdən, Eminlə Şəmsinin qaçaraq çıxdıqları səmtdən qalxmaq mümkündür. Daşın belinə qalxandan sonra da gərək ehtiyatlı olasan, çox irəli getməyəsən, çünki daşın sivri ucları çox hündürdə dayanıb, yan tərəflərə çıxıntısı yoxdur. Ehtiyatsızlıq edib beldəki torpaq qatından bir addım kənara atsan, iyirmi-otuz metr hündürlükdən nəhəng daşın dibinə uça bilərsən.

 

Nəhəng daşın ətrafına üç tərəfdən fırlanıb baxdıqca hiss edirsən ki, hündürlük məsafəsi uzun olduğundan beş-altı metr dairədə daşın dibinə nə bir damcı yağış yağır, nə də bir lopa qar düşür. O dairədə torpağın səthi korşalıb qalıb.

 

Və elə bəlkə də Ənbilin adının anlamındakı “icma yeri” sözünün izahı da bundadır. Bu daşın dibində, çevrəsi boyu azı yüz adam daldalana bilən yerdə. Bəlkə elə ulu əcdadlarımızın daldanacaq məkanlarından biri də elə bura olub.

 

Elə bu daş özü də Ənbil kimi bir möcüzədir, öyrənilsə, bəlkə də zəngin bir yaddaşdır.

 

Bunlar da mənim sözlərimdir:

 

Daş yaddaş, bir də yağış!

İri cüssəli, igid gövdəli, yepyekə daş!

Yaddaş!

Yağış!

Gah öpüb, gah sığallayıb, şumlayıb,

Oyuq-oyuq oyub kürəyini,

sərt rüzgarlar yalayıb sinəsini.

Şüpşümal şümallayıb çöhrəsini,

Çiyinləri yarı işıq, yarı qaranlıq,

Görməyən gözlərin lal duruşu

Daş! “Doğma baxış”.

İllərin sərt üzünün, əzabının,

poza bilmədiyi qeyrət, naxış!

...Daş, lal yaddaş...

 

lll

 

...Ənbildən ikinci gündür qayıtmışam. Ancaq sümüklərimin sızıltısı hələ ötməyib. Əzələlərim səs çəkir. Səsinin-sorağının çıxmamasından, yəqin ki, dostum Aydın məndən də betər haldadır. Axı o sərt yamacı, doxsan dərəcə bucaq altında bir kilometrdən artıq sıldırımı enmək heç günü-güzəranı o dağlarda, qayaların arasında, çay vadilərində keçən adamların da işi deyil. O ki qaldı rahat şəhər küçəsilə asta-asta yeriyib keçən Aydın müəllimin...

 

Ancaq o qayanı yaşımızın bu vədəsində belə cəsarətlə enməyimiz özümüz üçün də bir sınaq idi. Demə, dizimizdə gir varmış. Gir varmış ki, o sərt qayanı enə bildik. Sürüşüb yuvarlanaraq bir daş kovuşunda, ya ağac kəndilində ilişib qalmadıq...    

 

Elə bir güzgü olmaz ki, göz yaşı qədər dumduru Ənbil gölünün suları qədər işıqlı bir ayna tuta gələnlərin, görənlərin camalına.

 

Bilmirəm yenə nə vaxta qaldı, duvaqlı gəlin timsallı bu ürkək, zərif, sakit duruşundan üzərində su damcıları puçur-puçur gilələnən gölə yenə də səfər etmək, gözəlliyinin seyrinə təkrar-təkrar dalmaq, doya-doya baxmaq istəyimin göyərməyinə...

 

... Və...

 

Səni gördüm dərdlərimi unutdum,

Sevda nədir, gec də olsa, bilmişəm.

Bəlkə dönüb yenə geri qayıtdım,

Gözlə məni, bir də gördün, gəlmişəm...

 

Büllur kimi sal sularıyla gözəlliyə ayna tutan Ənbil gölünü görmək üçün səfərə çıxmağa, yol getməyə dəyər.

 

Avqust, 2015

Şabran

Novruz Nəcəfoğlu

525-ci qəzet.- 2015.- 17 oktyabr.- S18-19