Koreyada Azərbaycan filmləri
festivalı keçirilir
SEBA Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi
Assosiasiyası Koreya Respublikasında növbəti
layihəyə imza atıb. Belə ki, SEBA Assosiasiyasının
təşkilatçılığı ilə Azərbaycan filmləri festivalı başlayıb.
“Mirospase” kinoteatrında
keçirilən festivalın
açılış mərasimdə
Koreya Fondunun vitse-prezidenti Kim Kvanq Keun çıxış edərək Azərbaycandan
gələn qonaqlara xüsusi təşəkkürünü
bildirib.
SEBA Assosiasiyası ilə sıx mədəni əməkdaşlıq münasibətlərindən
danışan vitse-prezident
Azərbaycanda böyük
uğurla keçirilmiş
“Koreya filmləri festivalı”nın əhəmiyyətini
qeyd edib: “ Festival çərçivəsində,
ümumilikdə Azərbaycanda
14 Koreya filmi nümayiş olunub. Bu isə minlərlə
tamaşaçıya Koreya
kinematoqrafiyasının dəyərli
ekran əsərləri
ilə yanaşı, xalqımızın qədim
tarixi, mədəniyyəti,
adət-ənənələri, məişəti ilə də tanışlıq imkanı qazandırıb”.
Sonra
SEBA Azərbaycan-Koreya Mədəniyyət
Mübadiləsi Assosiasiyasının
sədri Ruhəngiz Heydərovanın “Azərbaycan
filmləri festivalı”nın açılış
mərasiminin iştirakçılarına
ünvanladığı təbrik
məktubu oxunub. Məktubu iştirakçılara assosiasiyanın
sədr müavini İrina Zeynalova çatdırıb.
Məktubda SEBA Assosiasiyasının iki ölkə arasındakı mədəni
əlaqələrin inkişafına
verdiyi töhfələrdən,
həyata keçirdiyi
layihələrdən söz
açılıb: “ Əsas məqsədi
gündən-günə inkişaf
edən Azərbaycan-Koreya
mədəni əlaqələrinə
sanballı töhfə
verməkdən ibarət
olan SEBA-nın həyata keçirdiyi bu layihə də mədəni istiqamətdəki münasibətlərin
tarixində yeni mərhələ olacaq”.
Açılış mərasimində tanınmış
aktyor, Azərbaycanın
Xalq artisti Rasim Balayev çıxış
edərək festivalın
təşkilini yüksək
qiymətləndirib, gələcəkdə
iki ölkə kinorejissorlarinin birgə filmi çəkmək arzusunu dilə gətirib. Rejissor İlqar Nəcəf
isə festivalın təşkilatçılarına minnətdarlıq edib, kino mədəniyyətinin
inkişafı və təbliğində bu cür festivalların mühüm rol oynadığını bildirib.
Sonra tədbirdə
rejissor İlqar Nəcəfin “Buta” filmi nümayiş etdirilib.
Ümumilikdə, “Azərbaycan filmləri
festivalı”nda “Buta” da daxil olmaqla
6 ekran əsəri: Azərbaycan kino sənətinin əvəzsiz
incilərindən biri
olan “Arşın mal alan” (rejissorlar
Rza Təhmasib, Nikolay Leşşenko), “Axınla aşağı”
(rejissor Asif Rüstəmov), “Dərvişin
qeydləri” (rejissor Eldar Quliyev), “Aktrisa” (rejissor Rövşən İsax) və “Girov” (rejissor Eldar Quliyev) koreyalı sənətsevərlərə təqdim
olunacaq.
Qeyd edək
ki, festivalın ilk günündə qonaqlara kinorejissor Ayaz Salayevin məşhur “Yarasa” filminin diskləri paylanılıb.
Festivalın açılış mərasimində
Mədəniyyət və
Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin
müdiri Cahangir Məmmədov, Əməkdar
İncəsənət xadimi
Ayaz Salayev də iştirak ediblər.
Azərbaycan Mədəniyyət Fondu,
SEBA Assosiasiyası və
Koreya Fondunun təşkilatçılığı, Azərbaycan Respublikası
Mədəniyyət və
Turizm Nazirliyinin, ölkəmizin Koreyadakı
səfirliyinin dəstəyi
ilə keçirilən
festival oktyabrın 18-dək davam edəcək.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 17 oktyabr.- S.17.