Görkəmli aktyor Süleyman Ələsgərovun 100 illiyi qeyd edilib
Dövlət Gənc Tamaşaçılar
Teatrında Xalq artisti, tanınmış teatr və kino
aktyoru Süleyman Ələsgərovun anadan
olmasının 100 illiyinə
həsr edilmiş xatirə gecəsi keçirilib.
Əvvəlcə yubiley iştirakçıları
unudulmaz sənətkarın
zəngin yaradıcılığını
əks etdirən fotosərgi ilə tanış olublar.
Tədbirdə çıxış edən
Xalq artistləri Tariyel Qasımov, Yasin Qarayev, Əməkdar artist Almaz Mustafayeva və başqaları sənətkarın
həyat və yaradıcılığından geniş söz açıblar.
Vurğulanıb ki, aktyorun yaradıcılığının düz 63 ili
Gənc Tamaşaçılar
Teatrı ilə bağlı olub. Onun bir növ ömür
yolunun bələdçisi
olan bu teatr
S.Ələsgərovu xalqa
sevdirib, burada fəxri adlara, mükafatlara layiq görülüb. Onun bu teatrda yaratdığı rolları saymaqla qurtaran deyil. Polad (“Qızıl quş”, Mirmehdi Seyidzadə), Fərzəli
bəy (“Nəsrəddin”,
Yusif Əzimzadə), Aqşin (“Babək”, Əbil Yusifov), Müşavir (“Qarlar Kraliçası” , Yevgeni Şvarts) və digər rolları ona böyük şöhrət
qazandırıb. Süleyman Ələsgərov
təkcə Azərbaycan
dramaturqlarının əsərlərində
deyil, Avropa və rus klassiklərinin
əsərlərində də
maraqlı rollar yaradıb. Onun maraqla baxılan
rolları sırasında
Eldostu (“Çiçəkli
dağ”, M.Təhmasib),
Hacı Nuru və Molla Salman
(“Molla İbrahimxəlil
kimyagər”, M.F.Axundzadə),
Molla Səfi və Hacı Qəmbər (“Hacı Qəmbər”, Nəcəf
bəy Vəzirov), Lorenso (“Romeo və Cülyetta”, U.Şekspir), Yaşar (“Yaşar”, C.Cabbarlı) və digər qəhrəmanları
da var.
Onun yaradıcılığının
özəyi, mayası
əsasən realist aktyor
məktəbinin estetik
prinsipləri ilə yoğrulmuşdur. Personajların ifası psixoloji
dramatizmi, komik və satirik rolların təbiiliyi, koloritli gülüşü,
estetik zərifliyi ilə səciyyəvi idi.
Diqqətə çatdırılıb ki,
S.Ələsgərov “Azərbaycanfilm”
kinostudiyasında istehsal
olunan bir çox filmlərdə epizodik rollarda çəkilib. “Yenilməz batalyon”, “Babamızın babasının babası”
“Bakıda küləklər
əsir”, “Bəxtiyar”,
“Bir ailəlik bağ evi”, “Bir cənub şəhərində”, “Xatirələr
sahili”, “İnsan məskən salır”, “İstintaq davam edir “, “Torpaq. Dəniz.
Od. Səma” və
digər filmlərdə
o, epizodik rollar yaratsa da, onları
sevdirə bilib. Həmçinin S.Ələsgərov bir neçə televiziya tamaşasında,
televiziyanın müxtəlif
əyləncə proqramlarında
özünəməxsus obrazlar
yaradıb.
Xüsusi olaraq qeyd edilib
ki, Süleyman Ələsgərovun oynadığı
“Bizim Cəbiş müəllim” filmindəki
əsas qəhrəman
olan Cəbiş müəllim rolu ekran yaradıcılığında
parlaq nümunədir. Doğrudan da,
Cəbiş müəllim
çətin, məsuliyyət
tələb edən bir obraz idi.
Lakin bütün bunlara baxmayaraq Xalq artisti Süleyman Ələsgərov bu rolu tamaşaçılara
sevdirə bildi.
Sonda görkəmli
sənətkarın çəkildiyi
filmlərdən kadrlar
nümayiş olunub.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 17 oktyabr.- S.16.