Təkrarolunmaz bir görüşün
zövqü
Azərbaycan Müəllimlər İnstitutunun
qarşısında tıxac olduğundan tələsdiyim tədbirə
vaxtında çatmaq üçün bir xeyli aralıda taksidən
enməli oldum.
İnstituta
tərəf addımlaya-addımlaya günəşli
havanın yaratdığı yüksək əhval-ruhiyyənin
təsiri altında düşündüm ki, görəsən,
indiyədək neçə-neçə gəncə,
yaşlıya verdiyi dəstəyə, göstərdiyi
qayğıya görə heç bir əvəz gözləməyən
bu əvəzsiz insanın bəzən rəhbərlik, bəzən
iştirak etdiyi, bəzən də sadəcə qonaq olduğu
neçə tədbirdə iştirak etmiş olaram? Və
indiyədək işdə, tədbirlərdə, məclislərdə, ziyafətlərdə azından
neçə yüz dəfə rastlaşdığım,
söhbətləşdiyim, məsləhətləşdiyim,
güvəndiyim və bir neçə dəfə də ərk
eləyib küsdüyüm bu adamın hər
qarşılaşmadan sonra özüm üçün
hansısa daha yeni bir tərəfinin, xarakterinin növbəti
maraqlı bir qatının açılmasına tanıq
olmuşam. “525-ci qəzet”in baş redaktoru, şair, publisist Rəşad
Məcidlə bu dəfə Azərbaycan Müəllimlər
İnstitutunda tələbələrlə keçirilən
növbəti görüşünün də bu baxımdan
istisna olmayacağına əmin idim...
lll
Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondunun informasiya təminatı
sektorunun “İlboyu bilik” proqramının “İmzalı
görüş” layihəsi çərçivəsində təşkil
edilən bu tədbir yazıçı Aqil Abbasla keçirilən
görüşdən sonra sayca ikinci
idi. Fondun nümayəndələri Xatirə
Hüseynova, Ramilə Qurbanlı, Ceyhun Musaoğlu, Müəllimlər
İnstitutunun prorektoru Razim Məmmədov, tənqidçi,
publisist Nərgiz Cabbarlı hər biri öz
çıxışında tələbələrə Rəşad
Məcidi fərqli rakursdan təqdim elədi.
Ramilə
Qurbanlının tədbirdə səsləndirdiyi
yarızarafat təbirincə desək, Nərgiz Cabbarlı Rəşad
Məcidin yaradıcılığını “sökərkən”
daha çox poeziyası üzərində dayandı
: “Rəşad Məcidi bir şair kimi, demək olar ki,
yeni kəşf eləmişəm. Əminəm
ki, təkcə mən yox, bir çoxları onu yeni kəşf
eləyib. Son bir neçə ildə onun şairlik
yaradıcılığında elə qəribə bir
sıçrayış baş verdi ki, əvvəlki
yaradıcılığına baxdıqda bunu söyləmək
mümkün deyil. Mənim üçün Rəşad
Məcidin şeirləri məhz oxuyub təəssüratında
qaldığım, ruha yaxın olan şeirlərdəndir.
Səbəb ondadır ki, bu şeirlərdə çox
güclü bir məhəbbətin ifadəsi var. Sevgi
bütün çalarları, bütün incəlikləri ilə necə duyulub, necə
yaşanıbsa bütün mərtəbəsi ilə bu
şeirlərdə öz əksini tapıb.
Nərgiz Cabbarlının özünün də
vurğuladığı kimi - bəlkə də qadın
mövqeyindən çıxış edərək - Rəşad
Məcidin şeirlərində qadına ilahi varlıq kimi
yanaşma tendensiyasının öz əksini
tapdığından danışdı. Onun bu şeirlərdəki
obrazın saçları, ağ dişləri,
görünüşü ilə real insan olmasına baxmayaraq
ilahi varlıq kimi təsviri haqqında fikirlərini maraqla,
sakitcə dinləyən gəncləri müşahidə elədikcə
bu tələbələrinmi, yoxsa Nərgiz xanımın
çıxışından sonra həmişəki coşqu
və böyük vəcdlə “Bir də gəlməyəcək”
şeirini səsinin titrəyişi, gözünün
parıltısı ilə birgə dinləyənlərə
çatdıran Rəşad Məcidinmi əslində ruhən,
cismən daha gənc olması sualı dolandı beynimdə...
Çıxışının
sonunda Nərgiz Cabbarlı Rəşad Məcidin istedadlı,
savadlı gənclərə dəstəyindən,
qayğısından da söz açmağı
unutmadı: “Rəşad Məcid
rəhbərlik etdiyi Gənc Ədiblər Məktəbi ilə
indiki istedadlı gənclərə özlərini,
imzalarını təsdiq etmək üçün çox
böyük imkanlar yaradır”.
lll
Xoş
sözlərə görə
çıxışçılara minnətdarlığını
bildirən Rəşad Məcid görüşdə jurnalist,
publisist, yazıçı, şairlik fəaliyyəti ilə
bağlı ən müxtəlif mövzular barəsində tələbələrə
məlumat verdi:
“İndiki gənclərdə ən bəyənmədiyim
xüsusiyyətlərdən biri də iddia, istək və
coşqularının olmamasıdır. İlk gəncliyimdən
inadla arzularıma doğru getdim. 1992-ci ilin
17 noyabrında “525-ci qəzet”i açdıq. O vaxt aylarla
gözləyirdik ki, ya “Ulduz” jurnalında, ya da hansısa qəzetin
küncündə bir şeirimiz çap olunacaq. Yəqin ki, indiki
dövrdən baxanda təsəvvürünüzə gətirə
bilməyəcəyiniz bir zaman idi. Qəzeti
təsis eləyəndə ad üzərində çox fikirləşdik.
Türkiyədə çıxan “Sabah” qəzeti kimi
adının “Sabah” olmasını da istədim, “2 X 2” ( “iki vur iki”) də, “555” də... Nazirlikdən maraqlananda məlum oldu ki, bütün
gözəl adları ya götürüblər, ya da
xoşladığımız ad üçün bir neçə
ay gözləməliyik. Sonra maraqlandıq ki, indiyədək
ölkədə 519 qəzet qeydiyyatdan keçib, qərara
aldıq ki, açacağımız qəzetin adı qeydiyyat
nömrəsinə uyğun- “525-ci qəzet” olsun. Sonralar dünyanın ən müxtəlif ölkələrində
olanda o adın mənası ilə maraqlanırdılar. Görünür ki, adı uğurlu
seçmişik. O vaxtdan üzübəri “525-ci qəzet”
ölkənin öndə gedən mətbu orqanlarının
sırasında olub. Əvvəllər daha çox siyasətə
yer ayıran
“525-ci qəzet”də sonralar - 90-cı illərin 2-ci
yarısından ədəbiyyata yer verməyə başladım.
Onda dostlarımızdan bəziləri cəmiyyətin
siyasiləşdiyini əsas gətirərək ədəbiyyatın
oxunmayacağını deyirdilər. Amma
zaman göstərdi ki, baş redaktor olaraq düz yol
seçmişəm. Və “525-ci qəzet”
ziyalıların, ədəbiyyat, mədəniyyət
adamlarının tribunasına çevrildi. Burada Anar,
Elçin, Əkrəm Əylisli, Afaq Məsud kimi Azərbaycanın
klassik yazıçıları ilə bərabər gənc
yazarların ilk qələm təcrübələri çap
olundu və olunur. “525-ci qəzet”in bəzi şənbə
saylarını oxuyanda zövq alıram. Fikirləşirəm
ki, Azərbaycanın hər bir ziyalısı, intellektualı
bu qəzetin şənbə sayını oxumalıdır.
Məsələn, orda gözəl ədəbiyyatşünas
alim Vilayət Quliyevin Azərbaycan tarixi ilə bağlı
çıxan gözəl yazılarını oxumaq, hesab edirəm
ki, hər bir azərbaycanlıya vacibdir”.
“...Təxminən
10 ildi ki, mən Yazıçılar Birliyində gənclərlə
işləyirəm. Bilənlər bilir ki, mənim
üçün istedadlı və savadlı bir gənci
görmək dünyanın ən xoşbəxt
anlarını yaşamaq kimidir, belə gənclərə həmişə
dəstək verirəm, çalışıram ki, daha
çox öyrənsin, eşitsin. Düzdür,
onlar tənbəl olanda, mütaliə eləməyəndə
ruhdan düşürəm. Amma ümumiyyətlə,
istedadlı gənclərimiz çoxdur, Azərbaycan ədəbiyyatının
gələcəyi barədə pessimist deyiləm. İndi aktiv və savadlı gənc istədiyi
uğuru əldə edə bilər. Ən
çətin dövrdə də bir insan sevdiyi işiylə əzmlə,
inadla, zəhmətlə məşğul olursa, mütləq
qiymətini alır. Şikayətlənmək
lazım deyil. İstedadlı, savadlı, əzmkar və
zəhmətkeş gəncin qarşısını heç kim ala bilməz”.
“...Şeir
təbiət hadisəsidir. Son 15 ildi şeir
yazmırdım. 1996-cı “Roman” silsilə
şeirlərimi yazmışdım, 2011-dən sonra bu silsiləni
“Dastan” adlandırdım. Keçən il
50 yaşım bitəndə haqqımda ən müxtəlif
insanlar fikir söylədilər, həmin yazıların
toplandığı “Cığıraçan” kitabı mənim
üçün ən yaxşı yubiley hədiyyəsi oldu.
Şeirlərimə özüm də gözləmədən
mahnılar bəstələndi. Xumar Qədimova,
Tünzalə, Ayan və başqaları o şeirlərə
yazılan mahnıları oxudular. Düşünürəm
ki, şeir insanın anormal vəziyyətidir. Ola bilər
ki, 15 il şeir yazmayıb bir ildə
yüzlərlə şeir yazım. Bundan sonra davam eləyəcək,
yoxsa susqunluq olacaq, bilmirəm...”
“Məlum 11 sentyabr terror hadisəsi ilə bağlı
“10 sentyabr” hekayəm çox məşhur oldu, 20-dən
artıq dilə tərcümə edildi. Ədəbiyyatın
gücünə fövqəlinamım var. O hekayəni yazanda
mən hətta bununla pisliyin, terrorun qarşısını ala
biləcəyimə inanırdım. Nəsr yazmaqla
bağlı danışanda tez-tez Orxan Pamukun sözünü
xatırladıram: “Nəsr yazmaq iynə ilə quyu qazmaq kimi
bir şeydir”. İndi mənim iynə ilə
quyu qazmağa vaxtım, imkanım yoxdur. Ona
görə nəsr yazmağı saxlamışam. Amma beynimdə hazır nəsr süjetləri var,
haçansa yazmağı düşünürəm”.
lll
Çıxışlardan sonra bayaqdan lal-dinməz oturub susqunca seyr edən tələbələrin sual yağmuru başladı. Görünür, Rəşad müəllimin coşqusu, vəcdi gənclərə sirayət eləmişdi. Onun gah ironiya, gah yumorla verdiyi cavablar gəncləri həm güldürürdü, həm düşündürürdü: “ Mən 15 yaşımda bilirdim ki, həyatdan istəyim nədir, kim olacağam. Bütün gələcək həyatıma Cek Londonun “Martin İden” əsəri təsir edib. Orada əsərin qəhrəmanının inadkarlığı, əzmi, mübarizliyi məni valeh edir. Uşaq yaşlarından şeir yazırdım, jurnalistikaya həvəsim vardı. Valideynlərim iqtisadçı olmağımı istəyirdilər. İqtisad Universitetinə imtahan verəndə qəsdən elə yazdım ki, kəsilim. Növbəti il Jurnalistika fakültəsinə qəbul oldum. Atamı inandırmaq, öz arzumun arxasınca getmək üçün Bakıdan Yevlaxacan 3 saat dayanmadan şeir demişəm. Axırda dedilər ki, bildik, sənə mane olmayacağıq. İlk şeirimi 7-8 yaşımda dağlara, yaşıllığa qoşmuşam. Sonra ibtidai sinif müəllimim Fəridə xanıma şeirlər qoşurdum. “Rəşad Məcidi ədəbiyyata, jurnalistikaya kim qazandırıb?” sualınıza cavab olaraq deyim ki, bu baxımdan həyatımda ən mühüm rolu Xalq şairi Hüseyn Arif oynayıb. Şeirlərimi dinləyəndən sonra atamın dostuna dedi ki, bu kişi şairdi, imkan verin şeirini yazsın, nə iqtisadiyyat? Onda 500 yüz min tirajla çap olunan “Azərbaycan gəncləri” qəzetinin 1981-ci ilin 12 sentyabr sayında Hüseyn Arifin uğurlu yolu ilə şeirlərim işıq üzü gördü.Və günlərin bir günü gözümü açıb gördüm ki, həmişə əlçatmaz bildiyim yazıçıların, jurnalistlərin əhatəsindəyəm və gənclik arzularıma çatmışam...”
Rəşad Məcidin sevgi şeirlərinin qəhrəmanı ilə bağlı verilən suallara şairin məhz gənclərin marağına, dünyagörüşünə və zövqünə hesablanmış zarafatyana, dumanlı və ikibaşlı yumoristik cavabları görüşə xüsusi şux ovqat bəxş elədi:
“ - Rəşad müəllim, çox maraqlıdır, bu şeirlərin qəhrəmanı indi haradadır?
- (gülür) Dumanlı Albionda... Mütləq real qəhrəman olmalıdır ki? Elə isə sizin qəhrəmanınız hardadır, institutun o biri mərtəbəsində?”
Görüşün sonunda, yeni yazıb hələ çap etdirmədiyi, “Təzə bəla” ilə tələbələrlə sağollaşan Rəşad Məcidin növbəti günü yarılanmışdı...
Hər adamın sığınmağa,
Bir qalası olsun gərək.
Bu qaynaşan pis gözlərdən,
Bir xilası olsun gərək...
Nicat yoxdu
bolca vardan,
Hündür divar, dik hasardan.
Adamı
daş adamlardan,
Qala adam
alsın gərək..
Bu gələn
gözəl əladı,
Yeriyən,
gəzən qaladı...
Bəlkə
də təzə bəladı,
Dinsin
görək, gəlsin görək...
lll
Sonda ətrafına
yığılan tələbələrlə deyə-gülə
danışıb onlara kitab imzalayan, gənclərlə
keçirdiyi hər ədəbi görüşdən sonra
xarakterinin bütün ziddiyyətli, maraqlı, ironik və
sevimli tərəfləri ilə qəbul edilib sevildiyinə
bir daha şahid olduğum, “Əlvida və salam”a “Hələ
ki vaxt var” deyib 15 illik fasilədən sonra “Dəlicəsinə”
“Roman”, “Dastan” yazan, “10 sentyabr”la
“Cığıraçan”ı seyr elədikcə
düşündüm ki, özünəməxsus istedadı
olan bütün yaradıcı adamlar kimi bu dünyaya ondan “Bir
də gəlməyəcək”...
Sevinc
MÜRVƏTQIZI
525-ci qəzet.-
2015.- 17 oktyabr.- S.15.