“Anar dünyası”na elmi-publisistik səyahət
Azərbaycan və eləcə də dünya ədəbiyyatının
klassik nümayəndələri sırasına qoyula biləcək
yazıçı Anarın yaradıcılıq
dünyası polifonik formatda olub təkcə bədii sözə
marağı olan kəslər üçün deyil, habelə
elm adamları, filosoflar və digər elitar zümrə
üçün də ciddi əhəmiyyət kəsb edir.
1960-cı
illərdə ədəbi-bədii aləmə gəlişi
ilə elə ilk hekayələrindən orijinal sənətkar imici vəd edən
Anar tezliklə ədəbiyyatşünaslığın, ədəbi
tənqidin obyektinə çevrildi və mənim tələbəlik
illərimə düşən o dövrün qabaqcıl ziyalıları
- Sovet ideoloji kanonlarını qırmaq, demokratik dəyərləri
formalaşdırmaq arzusunda olanları, məxsusi olaraq bu
keyfiyyətləri bədii ədəbiyyatda ifadə edən
yazıçı və şairləri
“altmışıncılar” adlandırdılar. Onu
da ayrıca qeyd edim ki, “altmışıncılar” anlayışı
yeni bir termin deyildi. Qəribə
orasıdır ki, rus ədəbi-ictimai mühitində hələ
1760-cı illərin ziyalılarına, bir əsr ötəndən
sonra 1860-cı illərin yazıçı-tənqidçi,
filosof ziyalılarına, daha bir əsrdən sonra 1960-cı
illərin yazıçı və şairlərinə “altmışıncılar”
adı verilmişdi. Rus ədəbi tənqidinin və ədəbiyyatşünaslığının
demokratik qanadı üç əsrin hər birində spontan
şəklində özünü göstərən
“altmışıncıları” xeyli dərəcədə təhlil
etmiş, bir sıra qanunauyğunluqları barədə tədqiqatlar
aparmışdır.
Etiraf edək ki, rus ədəbi tarixinin 1760 və
1860-cı illərindəki demokratik düşüncəli
ziyalılarının öz fikirlərini ifadə etmək təhlükəsi,
Sovet dövründəki müstəqil fikrin ifadəsindən
xeyli dərəcədə asan olmuşdur. Doğrudur,
1956-cı ildə Sov. İKP XX
qurultayında şəxsiyyətə pərəstişin
ifşası və Baş katib N.Xruşşovun qurultaydakı
demokratik məruzəsi Sovet ziyalısında bir ümid
qığılcımı yaratmışdı. Ancaq nəzərə
alsaq ki, N.Xruşşovun həmin məruzəsi mətbuatda
düz 36 il sonra - 1992-ci ildə
işıq üzü gördü, onda “altmışıncılar”ın
çəkdyi zilləti də başa düşmək olar.
Çətin idi. Lakin nə qədər çətin olsa
da, rus-Sovet ədəbiyyatında, habelə milli respublikalarda
demokratik enerjili yazıçı və şairlər meydana gəldi.
Bu meydanda istər Azərbaycan mətbuatında,
istərsə də “ümumittifaq” mətbuatında cəsarətli
çıxışları ilə bugünki müstəqilliyin
simptomlarını yaradan Anar adlı bir ziyalı
çıxdı ortaya. Azərbaycan ədəbi
tənqidinin və ədəbiyyatşünaslığının
diqqətini cəlb edən bu yazıçı indiyə qədər
keçdiyi yaradıcılıq yolunda çox səmərəli
və məhsuldar bir sənətkar kimi tanınır. Mən
bu yazının ilk cümləsindən Anarı “Azərbaycan
və eləcə də dünya ədəbiyyatının
klassik nümayəndələri sırasına qoyula biləcək
yazıçı” kimi təqdim etdim və bu fikrimin səmimi olmasına
hər kəsin inanmağını istərdim. Əlbəttə,
bu fikir məndə hələ Anarın 1990-cı illərə
qədərki əsərlərini oxuduğum o zamandan
formalaşmışdı. Ancaq etiraf edim ki, klassika
anlayışı o qədər məsuliyyətli bir
sözdür ki, adam bəzən bu fikrin təsdiqini
yaradan dəqiq bir fakta da ehtiyac duyur. Yazıçı,
tənqidçi, modern düşüncəli Pərvinin “Anar
dünyası” əsəri bu fikrin tam və tərəddüdsüz
təsdiqində mənə yol göstəricisi oldu. Əlbəttə, mən Anarın bütün əsərlərinə
yaxşı bələdəm, onun haqqında elmi, ədəbi
mühitin fikirlərinə bələdəm. Lakin Pərvinin
əsəri öz sərlövhəsi ilə - “Anar
dünyası” kimi başlığı ilə mənə bu
böyük yazıçının həyatını və
yaradıcılığını kompleks şəkildə təqdim
edəcəyi vədini verdi. Həm də bu vədi
yaradıcılığına, elmi və publisistik qabiliyyətinə
yaxşı bələd olduğum müasir düşüncəli
bir insan verirdi. Elə ilk andan deyim ki, düşüncələrimdə
yanılmadım: Pərvinin “Anar dünyası” kitabı
müasirimiz olan bu böyük sənətkarın
ömür və yaradıcılıq yolunu bütöv şəkildə
meydana qoya bilmişdir. Kitaba ön söz yazan tənqidçi
Vaqif Yusiflinin bir fikri maraqlıdır: “Pərvinin Anar nəsri
ilə bağlı bu məqalələr toplusu (onu monoqrafiya
da adlandırmaq olar!) artıq
Anarşünaslıq (kursiv mənimdir - C.M.) adlandıra biləcəyimiz
bir dövriyyənin maraqlı bir nümunəsidir”. Bu fikirdə
diqqət ediləcək iki məqam var: birincisi -
Anarşünaslıqdır ki, Anar bunu həqiqətən haqq
edir, ikincisi, Vaqif Yusifli bu kitabın dəqiq
tipologiyasını müəyyənləşdirir: monoqrafiya.
Əlbəttə, Pərvin kitabındakı
yazıları özü esse adlandırır. Mən bununla da razılaşıram. Çünki əsərin bütövlükdə
üslubu elmi-publisistik xarakterdədir və tədqiqatçı-publisist
yəqin ki, daha çox geniş oxucuya ünvanlanır. Amma bu elmi-publisistik, esse üslubu həm də
özündə bir monoqrafik süjet ovqatı
daşıyır və ona görə də ön söz
müəllifi ilə də razılaşmaq lazım gəlir.
“Anar dünyası” yazıçının ömür
və yaradıcılıq faktları fonunda bütöv bir
epoxanın təhlili və təsviridir. Bu kitabın
müəllifi həmin epoxanın əvvəlinin şəxsən
şahidi olmasa da, dövrün ədəbi-ictimai hadisələrini
tarixən yaxşı müşahidə etdiyini göstərə
bilir. Burada onun köməyinə gələn
hallardan biri də Pərvinin alimlik işi ilə bağlı
məhz Anar yaradıcılığını özünə
elmi obyekt seçməsidir. Bundan əvvəl
Anarın əsərlərini ancaq oxucu həvəsi ilə
mütaliə edən Pərvin elmi işinə bu
yaradıcılığı mövzu seçəndən
sonra problemə ədəbiyyatşünas kimi baxmalı olur.
Amma bizə təqdim etdiyi kitabda müəllifin
əsas məqsədi ədəbiyyatşünaslıqdan daha
çox publisistik təqdimata üstünlük vermək olub.
Ona görə də, həqiqətən də
hər biri esse təsiri bağışlayan on iki bölmənin
hamısında oxucunu düşündürən,
duyğulandıran məqamlar var. Çünki bir janr kimi, rus
tədqiqatçılarından biri demişkən, “esse qəlbin
harayıdır”. Essenin gözəl
nümunələri Dostoyevskidədir. Esse
müəllifin həm də hansısa zaman fonunda öz
ümumləşdirmələrini ifadə etməsinə imkan
verir. Pərvin üçün essenin məhz
bu keyfiyyəti əsasdır. Onun təqdim
etdiyi esselərin hamısında janrın - publisistik, ədəbi-tənqidi,
sənətşünaslıq, elmi-kütləvi, fəlsəfi
növlərinin sinkretikası özünü göstərməkdədir.
Əlbəttə, bütün məqamlarda Anar
yaradıcılığı, Anarın xalqa, vətənə
bağlı həyat fəlsəfəsi dominant rol
oynamaqdadır.
Pərvin
Anarın həyat və yaradıcılığı barədə
olan bu kitaba Rəsul Rza, Nigar Rəfibəyli və Ənvər
Məmmədxanlı haqqında yazılarını da daxil
edib və bunu elmi şəkildə əsaslandırıb. Lakin mənə elə gəlir ki, burada əsaslandırmağa
da ehtiyac yoxdur, ona görə ki, Anarı Azərbaycan ədəbiyyatına
və mədəniyyətinə böyük töhfələr
vermiş həmin üç sənətkardan kənar təsəvvür
etmək də çətindir.
Mən
haçansa deyəsən Anarın qızı Günelin
teleefirdən belə bir fikrini eşitmişəm: “Bizə ailədə
xüsusi olaraq tərbiyə dərsi keçməyiblər. Atamız, anamız necə həyat
yaşayırlarsa, biz də onlara oxşamağa
çalışırıq”. Əlbəttə,
Pərvinin də həmin sənətkarlara dair esselərindən
görünür ki, Anar da öz sələflərinin - klassikanın,
habelə birbaşa valideynlərinin və
doğmalarının həyat tərzini,
yaradıcılığını özünə nümunə
seçmişdir. Ailəsində Rəsul Rza kimi
dövrünün senzura qadağalarını “Rənglər”
silsiləsi ilə, sovetlərdə dananın insandan vacib
sayıldığını ifadə edən “Sarı dana” və
s. onlarca əsərində ötüb keçən bir
şairin təsiri Anarda bəlkə ondan da cəsarətli
hekayə və povestlərin, publisistik əsərlərin
yaranmasına səbəb olmuşdur. Pərvinin
kitabı bütün bunlara elmi-publisistik yanaşmaları ilə
də maraq doğurur. Əsərdə Rəsul Rza
yaradıcılığı ilə bağlı Pərvinin
belə fikri çox səmimi və elmi həqiqətdir: “Rəsul
Rza poeziyasını bütün mənaları, rəngləri,
ahəngi, melodiyası ilə bütöv anlamaq, duymaq
üçün vaxt lazımdır... Bir də aram
düşüncə! Eyni zamanda həyata yetkin, müdrik
baxış! Üstəgəl həssaslıq! Hələ
poeziyaya fərqli münasibətdən, yeniliyi dərk etmək,
“tutmaq” qabiliyyətindən danışmıram... Və bunları sadaladıqca düşünürəm,
demək, kiminsə intellektini, səviyyəsini də elə Rəsul
Rza şeirinə münasibətinə görə ayırd etmək
mümkündür”. Bu həqiqət
Anarın da yaradıcılığına aiddir və Pərvinin
əsər boyu konsepsiyası bədii sözün bu məqamını
qiymətləndirmək missiyası daşımaqdadır.
Yuxarıda qeyd etdiyim kimi, Pərvinin yazıçı əsərlərinə,
yazıçı yaradıcılığına qiyməti
dövrün, zamanın fonunda verilir. Özünün də
dediyi kimi, “ədəbi tənqidin hadisələrə, yaxud hər
hansı sənətkarın yaradıcılığına
bütöv yanaşmasının əsas açarı
tarixdir. Tarixi - yazıçının,
şairin həyatını, yaşadığı mühiti
öyrənmədən, bilmədən əsərə
obyektiv qiymət vermək mümkün deyil”. Doğru fikirdir. Məsələn,
Anar bədii əsərin Sovet dövründəki missiyası
ilə müstəqillik illərimizdəki vəzifəsini dəqiq
müəyyənləşdirən sənətkardır.
Anarın Sovet dövrü əsərlərində
Azərbaycan oxucusunu müstəqil düşüncəyə,
milli mənliyini qorumağa, milli klassikanı qiymətləndirməyə
çağırışları ona heç də asan
başa gəlmirdi. Cəlil Məmmədquluzadəni
milli mənlik konsepsiyasına görə inkar etmək təşəbbüsləri,
əsərlərinin Sovet rejiminə uyğun gəlməyən
nümunələrinin çapına senzura qadağaları
şəraitində Anar özünün “Anlamaq dərdi” ilə
bu dahi insanın dahiliyi ilə yanaşı, onun ictimai faciələrini
də göstərməklə sənətkara etinasız
münasibətin fəsadlarını cəsarətlə
publisistikaya gətirirdi. O, sənətkar haqqında yalnız
həqiqəti deməyi bacardı. Tədqiqatçı
Pərvini sənətkar ömrünün bu məqamları
daha çox maraqlandırmışdır.
... Amma hər şeyin bir başlanğıcı var.
Anarın da yaradıcılığı hekayələrdən
başlayır. Pərvin Anara keçiddə
onun ilk hekayələrini təhlil edir. Bu
ilk hekayələr sırasında 1960-cı ildə dərc
olunan “Keçən ilin son gecəsi” əsəri də
dayanır. Qəribədir, şəxsən
mən milli-mənəvi dəyərlərimizin, ailə, sevgi
münasibətlərinin dərindən-dərinə bədii
ifadəsini verən bu əsərin ilklərdən olduğuna
təəccüb və heyrətlə baxıram. Amma Pərvin
mənim təəccübümü azaldır: “Anarın əsas
“tədqiqat” obyekti insandır və o, elə ilk hekayələrindən
başlayaraq insana məxsus ən müxtəlif cəhətləri,
cizgiləri qələmə alıb. Yazıçının
sonrakı illərdə yazdığı əsərlərində
daha aydın, daha qabarıq görünən bir çox fərqliliklərin
və fərdi üslubunun əsası, təməli məhz
ilk hekayələrində qoyulub”. Mən artıq təfərrüatlara
varmadan deyə bilərəm ki, Pərvin
yazıçının ilk hekayələrindəki həmin
“fərqliliyi” və “fərdi üslubu” çox maraqlı
illustrativ misallarla bizə göstərə bilir. Həm də bu yerdə ədəbi tənqidin
L.Anninski (Rusiya), Y.Qarayev (Azərbaycan), Andaç (Türkiyə),
Ulusel kimi nümayəndələrinin fikirlərini esseləşdirmək
qabiliyyətilə oxucuya təsir və oxucunu inandırmaq
gücünü artırır.
Pərvinin
kitabında belə bir bölmə var: “Milli dəyərlərin
tərənnümü”. Əlbəttə, burada
söhbət Anarın nəsrində milli dəyərlərə
bədii münasibətdən və yazıçının
bu yöndəki estetik idealından gedir. Amma Pərvin
bölmənin elə ilk səhifəsindəcə bəşəriliyin
millilikdən keçdiyini də belə şərh edir:
“Anarın müraciət etdiyi mövzular ümumbəşəridir,
dünyəvidir, insana aid çeşidli problemlər, insan həyatının
müxtəlif baxış bucaqlarından təsviri -
bütün bunlar milliyyətindən, dilindən, dinindən
asılı olmayaraq, hər kəsə aid edilə bilər. Amma Anar nəsrindəki unikallıq ondan ibarətdir
ki, yazıçı bu problemləri, məsələləri
Azərbaycan insanının, türk insanının
simasında, həyatında, timsalında göstərməyə
çalışır. Bu baxımdan Anar
yaradıcılığı həm də millidir”. Əsərdə yenə də bu milliliyi və bu bəşəriliyi
sübut edən nəsrin nümunələri təhlilə
çəkilir.
Bir də təkrar edirəm ki, Pərvinin əsəri
Anarı zaman və mühitlə vəhdətdə təhlil
edir. Təsadüfi
deyil ki, kitabdakı bölmələrdən biri elə belə
də adlanır: “Zaman, mühit, talelər”. Burada,
əlbəttə, Anarın bir vətəndaş kimi zaman,
mühit və talelər kontekstində göstərilməsi də
var. Lakin Pərvin daha çox Anarın yaratdığı
obrazların zaman, mühit və talelərdə ifadəsinə
önəm verir. Çünki bədii əsərdə
sənətkar mövqeyi və sənətkarlıq keyfiyyətləri
bu üç mühüm anlayışla çox
bağlı olur. Zaman, mühit və talelər XIX əsr
rus ədəbiyyatının dünya şöhrətli
Dostoyevskisində, Gertsenində, Çexovunda, müasir
Türkiyə nəsrinin Nobelçisi Orhan Pamukda, avstriyalı
Sveyqdə və digər məşhurlarda təzahür
etmişdir. Pərvinin Anarı bu aspektdə təhlili
yenidir və onun elmi görümünün təzahürüdür.
Bu yerdə tələbələrimdən birinin “şedevr”
kimi qiymətləndirdiyi “Gürcü familiyası”, “Mən, Sən,
O və telefon” kimi hekayələri Pərvin esse - ədəbi
tənqid janrında, hətta “elmi oxucunu” belə
duyğulandıra biləcək formada bizə təqdim edir.
Kitabın
bəzi məqamlarında mənə elə gəlir ki, Pərvin
bu əsəri yalnız Anarın oxucuları
üçün, Anar yaradıcılığına tam bələd
olanlar üçün, öz aramızda qalsın, lap elə
mənim üçün yazıb.
Çünki
Anara bütöv bələd olmayan adam
üçün onun əsərlərinin böyük bir hissəsinin
orijinal sxemini cızan aşağıdakı abzas aydın
olmayacaq. Və ya Anara yaxşı bələd olan hər kəs
Pərvinin bu abzası ilə həmin əsərlərdən
aldığı duyğuları yenidən yaşayacaq:
“Yay
axşamlarında Qiyas Dilarəylə bulvar səmasındakı
“müftə” ulduzlara baxıb mübahisə edəndə,
Alya ilə Murtuz Zeynallıların süfrəsindən
danışanda, Nemət maqnitafonun dinlənilməkdən
yeyilmiş lentini necə pozmağı düşünəndə,
Mədinə qonşuda çalınan qammalara
qarışmış təyyarə uğultusu dinləyəndə
Təhminəylə Zaur Pirşağıda sahildə
pıçıldaşırlar. Ya da əksinə,
Zaur Təhminənin eşqindən havalanıb göylərdə
uçanda zavallı Feyzulla boyat dolmanı yeyə-yeyə
arvadın tənələrini dinləyir. Hə,
elə bu vaxt Oqtay da uzaq uşaqlıq illərində
qalmış Əsməri düşünür. Fuad isə macal tapıb sabahkı tədbirdə onu
bir addım daha qabağa çəkəcək məruzəsinin
mətnini hazırlayır. Bu cür həm
eyni, həm də müxtəlif zamanlarda baş vermiş hadisələri
sadaladıqca sadalamaq olar. Və əsas
qeyri-adilik ondadı ki, bu adamların hamısının bir
ümumi dərdi var - mühit. O mühit ki, orda sevgi az
qala ayıb sayılır, qeybət əsas atributlardan biridir”.
1960-1970-ci
illərdə dünya ədəbi-bədii prosesində iki
mühüm istiqamət - daha doğrusu, mövzu aləmi
özünü göstərdi: şəhər nəsri, kənd
nəsri. Hər iki istiqamətdə çox
güclü nəsr əsərləri ortaya
çıxdı. Azərbaycan bədii
mühitində Anarın şəhər həyatından
alınan hekayə, povest, roman və hətta dram əsərləri
bu sırada ədəbi tənqidin obyektinə çevrildi.
Xüsusilə, “altmışıncılar” - o
cümlədən, Anar və Elçin kimi ustad
yazıçılar adi insanların adi
qayğılarını qələmə almaqla bütöv
bir dünya yaratdılar. Anarın ən
maraqlı povest, hekayə roman yaradıcılığı
şəhər həyatı ilə, adi insanların taleyi ilə
bağlı oldu. Tədqiqatçı Pərvin “Anar
dünyası”nda bu insanların taleyinə bağlı “Ağ
liman” povestini və “Beşmərtəbəli evin
altıncı mərtəbəsi” romanının mahiyyətini
açmaqla bizi o mühitə, o zamana, o talelərə
qaytarır.
Əlbəttə,
Anarın insanı şəhər məişətində təsvir
edən hekayələri, povestləri birdən-birə
qavranılan bəsit bir dünya deyil. Bunlarda
palitra rəngarəngliyi var və bu rəngləri seçmək
üçün, məsələn, “Dantenin yubileyi”,
“Gürcü familiyası” kimi hekayələrə dəfələrlə
qayıtmalı olursan. M.Prişvin
demişkən, həm də “ədəbiyyatın hamıya
eyni cür, hər kəsə müxtəlif cür” prinsipi də
var axı. Pərvini Anar
yaradıcılığında maraqlandıran bir də bu cəhətdir.
“Kamikadze” kimi bir sözün assosiasiyasından yaranan “Gürcü
familiya”sını ancaq Anar qələmə ala bilərdi. Belə əsərlərin təhlilini isə Pərvində
daha aydın görürük.
Pərvinin kitabında maraqlı süjet və kompozisiya
var. Bu süjet Anarın təkamül xəttini izləyir və
ona görə də həqiqi bir “Anar dünyası”
yaranır.
Pərvinin kitabında Anarın Türkiyədəki
yaradıcılığı ilə bağlı maraqlı bir
fəsil var. Həqiqətən də Anar qısa müddətli
Türkiyə həyatında bir tərəfdən “bir millət,
iki dövlət”in (H.Əliyev) qardaşlıq münasibətini
gücləndirməyə xidmət etdi, digər tərəfdən
yaradıcılığının yeni məhsullarını
ortaya qoydu. Amma Anar Türkiyəyə gedəndə mətbuat
onun qarasına da danışdı. Onda mən
“525-ci qəzet”də “Durnalar qayıdacaq” adlı bir yazımla
Anarın Türkiyədən yeni əsərlərlə
qayıdacağını proqnozlaşdırmışdım.
İndi Pərvinin kitabındakı “Türkiyə
- ikinci vətən” bölməsini oxuyuram və Anarın
orada da necə səmərəli fəaliyyət göstərməsinin
şahidi oluram. Ədibin təkcə
“Muhakkak görüşürüz” hekayəsinin və “Otel
otağı” povestinin təhlili ilə Pərvin bu fəaliyyətin
bir çox məqamlarını
işıqlandırmışdır.
Anar heç vaxt tükənən yazıçı
deyil. Hətta informasiya texnologiyasının, internet
dünyasının bədii sözə yaratdığı
etinasızlıq çağında belə
yazıçı “Ağ qoç, qara qoç”
romanını yazmaqla bu etinasızlığa meydan oxudu.
Qələminə, bədii və publisistik
düşüncəsinə güvəndiyim Rəşad Məcidin
bu əsərə yazdığı qəzet
önsözündən Pərvin bir misal gətirir. R.Məcid
yazır: “Ziyalılarımızı biganəlikdə,
laqeydlikdə ittihamlayanların günü-gündən artıb
çoxaldığı bir vaxtda Anar müəllim bir hücrəyə
çəkilib vaxtını məhz bu əsəri yazmağa
həsr eləyib. Fikrimcə, bu elə ən
böyük vətəndaşlıq mövqeyi, ən ciddi
ziyalı missiyasıdır”. Pərvin
akademik İsa Həbibbəylinin bu əsəri “Azərbaycan ədəbiyyatının
müstəqillik dərsi” kimi qiymətləndirməsini
xüsusi vurğulayır.
Rəşad
Məcid yada düşmüşkən... “Anar
dünyası” kitabındakı bir bölmədə Pərvinin
Anar yaradıcılığı ətrafında Rəşad
Məcidlə söhbəti yer alıb. Bu müsahibənin
özü də “Anar dünyası”nı
duymağa xidmət edir. Çünki zamanımızın Rəşad
Məcidi, ən azı “525-ci qəzet” kimi hamımızın
sevdiyimiz bir mətbuat orqanının yaradıcısı Rəşad
Məcid özü də bir sənətkar kimi yaradıcı
şəxsiyyətlərə obyektiv qiymət verən
insandır.
Pərvinin bu müsahibəsi 2011-ci ildə Anarın
“Türk dünyasında ilin ədəbiyyat adamı”
ödülünə layiq görülməsi ilə
bağlı olaraq Türkiyənin “Qardaş qələmlər”
dərgisinin Anara həsr olunmuş nömrəsində dərc
olunub. Pərvinin həmin müsahibəsindən bircə
abzası nəzərə çatdırıram.
Müsahibədə Rəşad Məcid deyir: “Bir neçə
nəsil Azərbaycan insanının yetişməsində
Anarın əsərlərinin, kitablarının, filmlərinin
rolu olmuşdur. Bizim nəsil, bizim valideynlərimiz və bizim
övladlarımızın da yetişməsində Anar
yaradıcılığının böyük əhəmiyyəti
var. Onun filmləri - Mirzə Cəlil, Üzeyir Hacıbəyli,
Hüseyn Cavid haqqında yazdığı ssenariləri bizim
bu dahi sənətkarların tanıdılmasında təkrarsız
rol oynayıb...
Anar müəllim həm vaxtilə işlədiyi “Qobustan” jurnalında və başqa mətbuat orqanlarında çap etdirdiyi məqalələrlə, həm də ictimai-siyasi proseslərdə öz nüfuzlu sözüylə ictimai fikrin formalaşmasına böyük təsir göstərib. Onun həm dramaturgiyada, həm kinoda, həm nəsr, həm də ictimai həyatda əvəzolunmaz fəaliyyəti vardır. Anar Azərbaycan xalqının həyatında mühüm rol oynayan və ədəbiyyatımızın inkişafında müstəsna xidmətləri olan bir ziyalıdı”.
“Anar dünyası” kitabı barədə
çox şeyləri deyə bilmədim. Qəzet səhifəsi buna
imkan vermir. Amma kitabdakı “Pərvinin dünyası” adlı bu
kiçik esseni də Anar özü yazıb və mən bunu
mütləq xatırlatmalıyam. Bu yazıya
marağı artıran səbəblərdən biri də,
sanki əsərin finalı kimi səslənməsidir. Pərvin
bütöv bir kitabda “Anar dünyası”nı,
Anar da bir neçə səhifədə “Pərvinin
dünyası”nı qələmə alıb və Anarın
ilk sətirlərində belə bir yer var: “Gənc nasir Pərvinin
də öz dünyası var. Bu dünyanı bir sözlə
səciyyələndirmək olsaydı, mən
“işıqlı” sözünü seçərdim. Pərvinin dünyası işıqlı
dünyadır, nurlu duyğularla dopdolu dünyadır, bu
dünyada bütün personajlar - yaxşı, xeyirxah, həssas
insanlardır, bu dünyada kinə-küdurətə, paxıllığa,
həsədə, nifrətə yer yoxdur”. Dəqiq
müşahidədir. Pərvinin bədii
yazılarına və qəzet layihələrinə
yaxından bələd olan bir oxucu kimi bu sözlərin səmimiyyətinə
inanıram. Bir də ona görə ki, “Anar
dünyası”
kitabı Anarın Pərvin dünyası
haqqında bu sözlərini təsdiq edən bir ədəbi
abidədir.
“Anar
dünyası”nın vacib və qiymətli
bir komponenti də bu kitabın poliqrafiyanın ən yeni texniki
imkanları ilə çap edilməsidir. Təkcə
Azərbaycanda deyil, Avropada da öz məhsulları ilə
kitab sərgilərinin möhtəşəm ödüllərinə
layiq görülmüş “Təhsil” nəşriyyatı bu
kitabın da dizayn yeniliyinə, nəfis redaktorluq və
korrektorluq işinə görə oxucu hörmətinə
layiqdir.
Və
sonda: Yaradıcı adamı cəmiyyətə geniş
diapozonda təqdim edən ən imkanlı vasitə hələlik
ki, mətbuatdır, bütövlükdə media sistemidir.
Lakin bu sistemin özündə də fərqli qurumlar var.
“525-ci qəzet” - Azərbaycan ziyalılığının 23
ildən bəri üz tutduğu bu qəzet Pərvinin də
populyarlığını təmin edib. Mən
Pərvini bu ləyaqətli, müstəqil qəzetin fəal
yazarlarından biri kimi qəbul edirəm. “Anar
dünyası” kitabındakı esselərin əksəriyyəti
əvvəlcə bu qəzetdə işıq üzü
görüb. Pərvin kimi ziyalı
ziyalıları millətə ləyaqətlə təqdim edən
bu doğma qəzetə də min təşəkkür
düşür.
Cahangir MƏMMƏDLİ
525-ci qəzet.-2015.- 17 oktyabr.-
S14;22.