"Mahnıdan-Şarkıya": Türk dünyası konsertlər silsiləsi
başlandı
Oktyabrın 16-da Beynəlxalq Muğam
Mərkəzində Azərbaycan
Bəstəkarlar İttifaqının
və Türkiyə
Elm və Ədəbiyyat
Əsər Sahibləri
Birliyinin (İLESAM) birgə
layihəsi çərçivəsində
təşkil olunan
"Mahnıdan-Şarkıya" adlı konsert keçirildi.
Türk dünyası konsertlər
silsiləsi çərçivəsində
gerçəkləşən tədbirə Türkiyədən
21 nəfərlik qrup qatılmışdı. Tədbiri giriş
sözü ilə
İLESAM-ın Azərbaycandakı
təmsilçisi AYB-nin
mətbuat xidmətinin
rəhbəri Xəyal
Rza açdı.
Sonra qonaqlara konsertin özəlliyi ilə bağlı məlumat verən İLESAM başqanı, şair
Mehmet Nuri Parmaksız "Mahnıdan-Şarkıya"
layihəsinin əhəmiyyətindən
söz açdı.
O bildirdi ki, Azərbaycandan tanınmış
altı şairin şeirinə Türkiyədən
altı bəstəkar
mahnı bəstələyib:
"Eyni zamanda Türkiyənin altı tanınmış şairinin
şeirinə Azərbaycanın
altı bəstəkarı
mahnı yazıb. Hər iki dildə yazılan şeirlər tərcümə edilmədən
oxunacaq. Türk Dünyası
Konsertləri silsiləsi
çərçivəsində tədbirlərimiz davam edəcək. Bunlardan ilki
Bakı konsertidir.
İkinci konsertimiz isə
19 noyabrda Ankarada baş tutacaq. Bu konserti TRT Avaz
kanalı vasitəsilə
canlı yayımlayacaq".
"Mahnıdan-Şarkıya" adlı konsertlər silsiləsinin məqsədi
Türk ölkələri
arasında qardaşlıq
əlaqələrini daha
da möhkəmlətməkdir. Şeirlərin tərcümə edilmədən
bəstələnməsi və
ifa edilməsi də bunun bariz
nümunəsidir.
Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə də bu səpkidə layihələrin Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrimizin inkişafında mühüm rolu olacağını qeyd etdi.
Zaman-zaman azərbaycanlı müğənnilər türk mahnılarını və əksinə türk sənətçiləri Azərbaycan mahnılarını səsləndirirlər. Lakin bu layihədə ilk dəfə olaraq ortaq ədəbi məhsul yaradıldı. Türkiyədən olan ifaçı Çiğdem Gürdal sözləri Durmuş Kaya, Sevim Yakıcı, Sevinc Atan, Nedim Uçar, Ekrem Yalbuz ve Serdar Öncülə məxsus "Yağmur gülüşün", "Beyaz lale", "Yar bahsi", "Kar tanesi", "Koy sinemin üstüne", "Çal udi bu akşam" mahnılarını azərbaycanlı bəstəkarların - Cavanşir Quliyev, Həsənağa Adıgözəlzadə, Sərdar Fərəcov, Cəlal Abbasov, Elza Seyidcahan, Firəngiz Əlizadənin notları əsasında sənətsevərlərə təqdim etdi. Eləcə də Azərbaycan poeziyasının məhşur nümayəndələrindən Nigar Rəfibəylinin "Yenə axşam düşdü, hava qaraldı", Məmməd Arazın "O gözlərə baxmaram", Əhməd Cavadın "Mən hey göyə baxdım, göy mənə baxdı", Rəsul Rzanın "Yamacları yaşıllığı bəzəyən", Səməd Vurğunun "Ey Vətən!", Nəriman Həsənzadənin "Söhbətin şirindi, gülüşün təzə" və Zəlimxan Yaqubun "O yaşıl ağacın altı bizimdir" şeirləri də türk bəstəkarlarının musiqi tərtibatı ilə səsləndi.
Tədbirin sonunda dirijor Şəhla Ələkbərova, solist Oya Ergün, pianoçu Yulduz Aslanova, vokalist Çiğdem Gürdal Bəstəkarlar İttifaqının fəxri diplomu ilə təltif olundular.
Konsertdə diqqət çəkən məqamlardan biri iki qardaş millətin bir-birlərinə çox yaxın olan, eyni tarixi-mədəni köklərdən boy atan musiqilərinin bir bütöv, tam olaraq qaynayıb-qarışması, dil-ifadə özəlliklərinin bir növ aradan çıxması idi. Eləcə də ifaların yazar və bəstəkarlarının bir səhnədə tədbir iştirakçıları ilə qaynayıb-qarışması da diqqətdən yayınmadı. Türkiyəli bəstəkarların bu layihə ilə bağlı fikirləri təxminən eynidir: "Bu konsertlər silsiləsi eyni soydan gələn qardaşlarımızla mədəniyyət, sənət və mənəvi əlaqələrimizi gücləndirərək ortaq dəyərlərimizi inkişaf etdirməkdə xüsusi rol oynayacaq".
Rübabə
SAHİB
525-ci qəzet.-
2015.- 20 oktyabr.- S.8.