Xalça Muzeyində elmi-praktik seminar

 

 

Azərbaycan Xalça Muzeyində xalça sənəti ilə bağlı təşkil olunan elmi praktik seminarda xalça sənətində mövcud olan problemlərin araşdırılması və onların həlli yolları, qədim və müasir xalça nümunələrinin qorunub saxlanması, öyrənilməsi, təbliği və inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunub. İştirakçılara elmi- praktik seminarın mövzusu barədə ətraflı məlumat verilib.

 

Azərbaycan Xalça Muzeyinin direktoru Röya Tağıyeva deyib: "İndi milli sərvətimiz qloballaşmauniversallaşma həqiqətləri qarşısındadır. Milli mədəniyyəti öz axarında əridə biləcək və dünyanın kütləvi mədəniyyətinə pozitiv hadisə kimi daxil olan unversallaşdırma milli şüurlara da sirayət edir. Universallaşmaq - mədəni irs üçün sos həyəcandır. Qeyd etmək lazımdır ki, qloballaşma prosesi Azərbaycan xalça sənəti ənənələrinin zəifləməsinə gətirib çıxara bilər".

 

Seminarda iştirak edən Azərbaycanın müxtəlif regionlarından olan peşəkar xalça mütəxəssisləri, xalça rəssamları bildirdilər ki, təəssüf ki, Azərbaycan xalçaları Pakistan və Çində "konveyer" üsulu ilə keyfiyyətsiz şəkildə istehsal edilərək dünyada, o cümlədən, ölkəmizdə satışa çıxarılır. Bu, Azərbaycan xalçaçılıq sənətinin tənəzzülə uğramasına səbəb olur, imicinə xələl gətirir, xalq ustalarının fəaliyyətində maneələr yaradır.

 

Seminarda "Azərbaycan xalçalarının xüsusiyyətləri hansı yolla qorunub saxlanılmalıdır", "Azərbaycan xalçalarının keyfiyyətli göstəricilərinin fərqli cəhətlərinin izahı", "Azərbaycan xalça sənətinin təhsil sistemində təkminləşdirilməsi məsələləri" və "Xaricə ixrac olunan Azərbaycan xalçalarının milli xüsusiyyətlərinin, yüksək keyfiyyətinin üstünlüklərinin araşdırılması" mövzuları müzakirə olunub.

 

Tədbirin sonunda seminar iştirakçıları sözü gedən problemlərin həlli istiqamətində bir sıra konkret təkliflər irəli sürüb, o cümlədən, 16 noyabr -Azərbaycan xalçası gününün qeyd olunması qərara alınıb.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 20 oktyabr.- S.7.