"Azərbaycan və dünya incəsənətində soyqırım" mövzusunda tədbir keçirildi

 

TƏDBİRDƏ XOCALI, XOLOKOST, XİROSİMA FACİƏLƏRİNƏ DAİR İNCƏSƏNƏT NÜMUNƏLƏRİ TƏQDİM OLUNDU

 

 

Dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Memarlıq İncəsənət İnstitutu tərəfindən "Azərbaycan dünya incəsənətində soyqırım" mövzusunda beynəlxalq elmi seminar keçirilib.

 

AMEA-dan verilən məlumata görə,  institutun direktoru, AMEA-nın müxbir üzvü  Ərtegin Salamzadə bildirib ki, bu tədbir azərbaycanlılara qarşı həyata keçirilən soyqırım cinayətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir: "Ötən il rəyasət heyətinin iclasında akademiyada azərbaycanlılara qarşı törədilən soyqırımlarla bağlı tədqiqat işlərinin daha geniş şəkildə işıqlandırılmasına dair qərar qəbul edilib". Bununla bağlı AMEA-da "Azərbaycanlılara qarşı soyqırımların tədqiqi" Komissiyasının yaradıldığını xatırladan Ə.Salamzadə burada fəaliyyət göstərən tədqiqatçı alimlərin qarşısında duran vəzifələrdən danışıb. O, seminarın mövzusunun xarici alimlərin diqqətini daha çox cəlb etdiyini söyləyib.

 

İnstitutun direktoru qeyd edib ki, bu gün yerlixarici alimlərin yaradıcılığında soyqırım mövzusu çox aktualdır və xarici həmkarlarımız beynəlxalq seminara xüsusi diqqət və maraq göstəriblər.

 

Ötən il akademiyada soyqırım tədqiqatlarının təşkili məqsədilə AMEA prezidenti, akademik Akif Əlizadənin sədrliyi ilə "Azərbaycanlılara qarşı soyqırım tədqiqatları Komissiyası"nın yaradıldığını söyləyən Ə.Salamzadə komissiya tərəfindən həyata keçirilən tədbirlərin böyük tarixi əhəmiyyət kəsb etdiyini bildirib. O, əlavə edib ki, komissiya tərəfindən soyqırım mövzusunda bir sıra tədbirlər həyata keçirilib, zəruri tarixi sənədlər aşkara çıxarılıb kitab halında nəşr edilib, bu sahədə elmi-tədqiqat işləri genişləndirilib.

 

Tədbirdə institutun direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Zeynalovun "İncəsənətdə Xirosima faciəsinin bədii təcəssümü", sənətşünaslıq üzrə fəlsəfə doktoru Aidə Sadıqovanın "Soyqırımı tarixi hadisə kimi", Marina Genkinanın (İsrail) "Xolokost mövzusu İsrail incəsənəti", Səid Qalimjanovun (Qazaxıstan) "XX əsrin 30-cu illərində Qazaxıstana deportasiya olunmuş alman rəssamlarının yaradıcılığına dair", Marina Şelestin (İsrail)  "Yerusəlimin "Skitsa" qaleriyasının layihələrində Xolokost mövzusu", Rəna Abdullayevanın "Xolokost İ.Kleynerin yaradıcılığında" və Ərtegin Salamzadənin "Azərbaycan incəsənətində soyqırım" mövzusunda məruzələr dinlənilib.

 

Məruzələrdə Xocalı, Xolokost, Xirosima faciələrinin Azərbaycan və dünya incəsənətində müxtəlif formada işıqlandırılmasına dair fakt və nümunələr slaydlar vasitəsilə diqqətə çatdırılıb.

 

Ceyhun ABASOV

525-ci qəzet.- 2015.- 20 oktyabr.- S.3.