Bir cüt papuş

 (Gerçək əhvalat)

 

 

 

"Güzəran ən böyük bəladır; o, hər kəsi ayaqlarından asaraq edam edir".

 

Homer

 

Kiçik Qafqaz sıra dağlarının ətəyində yerləşən, dağlar qoynunda bir dağ kimi dayanan qədim şəhər yorğunluqdan sonra qoynunda yatmış sakinləriylə könülsüz, yavaş-yavaş yuxudan oyanırdı. Sübh tezdən, obaşdan, dan yeri söküləndə insanların bir qismini ipəkçiliklə məşğul olan zavodların aramsız və amiranə fitləri işə səsləyir (bu, o dövrdə evlərin əksəriyyətində saatların olmaması ilə izah oluna bilər), məscidlərin - Giləhli, Yuxarıbaş məscidlərinin, Yanıx məscidin, Sürməligöz Əfəndinin və Gödək minarə məscidlərinin minarələrindən şəhərin hər tərəfinə yayılan canlı əzan səsləri isə dindarları ibadətə, sübh namazına çağırırdı. Sənətkarlar, cürbəcür peşə adamları da bir parça çörək, ruzi dalınca yollanırdılar. Corabları, xüsusən də təbii boyalarla rənglənmiş, yun iplərlə toxunmuş əlvan corabları bazara çıxaranların əl işləri sözün həqiqi mənasında tətbiqi sənətin gözəl nümunələri sayıla bilərdi. Bu corabları bəzəyən incə naxışlara poetik, mənalı adlar verirdilər: Yar yardan küsdü, Bəndurumu,Vəsiləcorab, Qıyğacı, Qarabağı, Qırxəyax, Qoçbuynuzu, Gülmaşallah, Gülabı, Fındıxca, Xoruzquyryğu, Çəhrayıgül, Şəbpicorab...

 

Böyük Yaradanın bəxş etdiyi ömürlərinin növbəti gününü qarşılayanlar içərisində uşaqlar - müharibə uşaqları da vardı. Bu zavallıların bəzilərinin atalarından "qara kağız" - ölüm xəbəri gəlmişdi, atadan yetim qalmışdılar, bir qismi isə sonralar anasını da itirənlər idi. Onların taleyi fələyin öhdəsində idi. Belə kimsəsizlər üçün şəhərdə bir neçə yerdə uşaq evləri ("detdom"lar) fəaliyyət göstərirdi.

 

Bir neçə yerdə dövlət hesabına "yemək evləri" də açılmışdı. Fiziki cəhətdən zəif, maddi imkanları çox aşağı olan yoxsul ailələrin uşaqlarına, yetimlərə bu evlərdə havayı yemək verilirdi. Həmin yemək evləri 60-cı illərin əvvəllərinə qədər fəaliyyət göstərirdi. Bəzi yetimlərin yaxın qohumları onları uşaq evlərinə verməyə ürək etmirdilər. Belələrinin müqəddəratı əsasən özlərinin əlində idi. Bu uşaqlar çörəkpulu qazanmaq üçün ən müxtəlif ağır və qara işlərın altına girir, təhqir, qorxu və alçaldıcı sözlərə məruz qalırdılar. Lakin onların geri çəkiləsi yerləri yox idi: taleyin amansız hökmünə tabe olmaq, ona sinə gərmək zorunda idilər.

 

Belə müharibə uşaqlarından, müharibə qurbanlarından, ata və anadan yetim qalanlardan biri də mən idim. Orta məktəbdə əla və yaxşı qiymətlərlə oxumağa da vaxt tapmaqla yaşıma görə ən ağır işlərə qatılırdım - babamla dağçılıq edərək odun və çırpı gətirir (o vaxtlar buna da ciddi qadağa qoyulmuşdu, meşəbəyilər rast gəldikləri dağçıları "dara" çəkirdilər), yaxın və uzaq qonşuların 2-3 pud ağırlığında olan dənini 3-4 km uzaqlıqda olan su dəyirmanlarında üyüdür, həmin məsafədə yerləşən dükandan kimlərəsə ağ neft alıb gətirir, ev tikən və ya təmir edən bənnalarının yanında fəhləlik edirdim...

 

Həyat məni sapand daşı kimi hara gəldi atırdı. İndi bel sümüyümdə gəzdirdiyim, mənə daim əziyyət verən yırtıqların da o illərin "yadigarı" olduğunu həkimlər dönə-dönə qeyd edirlər. Hələ bu azmış kimi digər tərəfdən o illərdə onsuz da məşəqqətlə, "daşdan su çıxan kimi" keçən həyatımı daha da ağırlaşdıran mənəvi-psixoloji basqıları və təhqirləri də "udmaq", "həzm" etmək zorunda qalırdım. Oxuculara çatdıracağım bir epizodla fikrimi ifadə etməyə çalışacağam.

 

Yaşadığım Sarıtorpaq məhəlləsinin yuxarı hissəsinin təxminən bir kilometrliyində "domkom" (məhəllə komitəsinin sədri) Böyböy ləqəbli Ələsgər adlı birisi yaşayırdı. O dövrdə domkomların əlində böyük səlahiyyətlər vardı. Onlar insanların hərbi xidmətə səfərbər olunmasında və milisə hər cür yardım (əlaltılıq) etməkdə xüsusən qorxulu sayılırdılar. Atam müharibəyə getsə də bir müddət sonra səhhətinə görə xidmətə yararsız sayılaraq tərxis olunub evə qayıtmışdı. Az sonra onu yenidən müharibəyə göndərdilər və "qara kağızı" gəldi. Böyböy Ələsgər utanmadan, xəcalət çəkmədən, həyasızcasına hamıya deyirmiş ki, Məhərrəmin oğlu Əhmədi (atamı) vayenkoma filan qədər qızıl verərək öz yerimə basdırdım getdi. Babam və nənəm ölənə qədər onun çəkdiyi bu dağdan, alçaqlığından danışırdılar. Nəql edəcəyim bu əhvalat da o məşəqqətli illərimin və günlərimin olsa-olsa kiçik bir epizodu sayıla bilər. Onu qələmə almaqda məqsədim o dövrün bəzi müsbət cəhətləriylə yanaşı, qeyri-humanist qanunlarının insanların başına gətirdiyi yüz cür müsibəti bir yetim gəncin timsalında oxuculara çatdırmaqdır.

 

Yaşayışımızı təmin etmək, "birtəhər çulumuzu sudan çıxarmaq" üçün hər şeyə əl atırdıq. Ancaq bunların hamısı bilavasitə gərgin əməklə, təmiz, alın təri ilə yoğrulmuş zəhmətlə bağlı idi. Ara-sıra xırda alverlə məşğul olmaq həvəsinə də düşürdük, çünki bu, ağır zəhmət tələb etmirdi. Ancaq heç nə alınmırdı. Utancaq təbiətim bu işdə də bütün cəhdlərimi heçə endirirdi. Yaşıdlarım məni şirnikləndirərək dilə tuturdular ki, Şəkidə az tapılan yaxşı parçalardan Ərəşdən (Ağdaşdan) gətirib pul qazanmaq olar.

 

Deyilənlərə inanaraq bir neçə yaşıdımla Ağdaşa getdim. Alverdə səriştəli yoldaşlarım məndən fərqli olaraq dərhal alqı-satqıya girişir, şıdırğı alver edirdilər. Mən isə tərəddüd içərisində, götür-qoyla elə hey fikirləşirdim. Bir parça dükanında (o vaxtlar alqı-satqı obyektlərinə indi dəbdə olan kimi "market" və "supermarket" yox, "dükan" deyərdilər) yaşlı qadınların çarşab (Şəki dialektində "çərşo") adlanan uzun baş örtüyü kimi geniş istifadə etdikləri kərpici naxışları olan parçanı gördüm. Şəkidə az tapılan bu parçadan almağı qət edərək satıcı, mənimlə həmyaşıd ola biləcək gözəl simalı qıza yaxınlaşaraq "bu parçadan çərşo olarmı?"deyə soruşdum. Satıcı qız əvvəlcə təəccüblə üzümə baxdı, cavab vermədən gülümsəyərək sakitcə özü yaşda olan satıcı qıza yaxınlaşaraq məni göstərib nəsə dedi və hər ikisi xəfifcə güldü. (Dərhal fikrimə gəldi ki, onlar "çərşo"sözünə gülür). Canımı sanki tər basdı, qızların nəzərindən yayınmaq üçün özümü birtəhər çölə saldım. Bununla da Ağdaşa "ticarət" səfərim başa çatdı, "qazanc"ım isə gediş-gəliş üçün avtobusa verdiyim pul oldu.

 

Daha bir xatirə başıma gəlmiş müdhiş bir əhvalata, "alver"lə bağlı sərgüzəstimə güzgü tutacaqdır.

 

Alverə qurşanan yaşıdlarım məni yolumdan çıxararaq inandırdılar ki, qonşu Vartaşen (indiki Oğuz) rayonundan Şəkidə az tapılan malları gətirib sataraq əlavə çörəkpulu qazanmaq olar. Alverdə mahir səriştəsiylə fərqlənən həmyaşıdım və sinif yoldaşım Oqtay (əsl adı Fərrux idi) saqqızımı oğurlayaraq məni Vartaşenə alverə getməyə razı saldı. Oqtay yaşıdları arasında saxası, uca boyu, sağlam bədəni ilə fərqlənirdi. Ancaq o, bu anadangəlmə keyfiyyətlərinə arxalanıb qətiyyən gücünü nümayiş etdirməz, bir kimsəyə əl qaldırmaz, əksinə, haqq-ədalətə üstünlik verərdi. Anası Maral xala maral yerişli, duruşlu, baxışlı, uca boylu, ağayana, qadın ismətini və ləyaqətini uca tutan əsl türk qadını idi.Yesir qadın idi, uşaqlarını tək böyüdürdü. Adı sifətiylə, sifəti adıyla üst-üstə düşürdü. Axşamüstü yaşadıqları həyət evinin qapısının qabağında qonşu qadınlarla daim ünsiyyətdə olduğunu yaxşı xatırlayıram; onun kənar aləmlə yeganə ünsiyyət yeri də, görünür, elə bura idi.

 

Oqtayla Vartaşenə "alverə"yola düşdük. Kiçik rayon mərkəzi sayılan Vartaşenin əhalisinin alıcılıq qabiliyyəti şəkililərə nisbətən çox aşağı idi, o üzdən burada hər zaman az tapılan mallar almaq olardı. Bu rayonun əhalisinin özünəməxsus demoqrafik tərkibi də diqqəti cəlb edirdi. Burada türk-azərbaycanlılarla yanaşı udilər, yəhudilər, ermənilər, ləzgilər və başqa millətlərin nümayəndələri də yaşayırdılar. Oqtay Şəkidə hansı malın hansı qiymətə gedəcəyini dərhal müəyyən edir və alırdı. O vaxtlar Hindistan çayı az tapılır və yüksək qiymətə gedirdi. Oqtay həmin çaydan bir qara meşin zənbil doldurdu, başqa mallar da aldı. Nədənsə, mən onun aldığı mallardan almadım (bəlkə pulumun azlığı buna imkan vermədi). Gözüm vitrində qoyulmuş uşaq papuşunda qalmışdı.

 

Papuş ağappaq idi, üstündəki çox zərif , xırda tüklər onu daha cazibədar edirdi. El içərisində "papuş" deyilən bu ayaqqabılar yenicə yeriməyə başlayan, təzə ayaq açan körpələr üçün tikilmişdi, ovucun içinə sığardı. Bilmirəm papuşun yaraşığına valeh olmağım, yoxsa onu sataraq cüzi də olsa çörəkpulu qazanmaq həvəsim məni həmin papuşdan bir neçə cüt almağa vadar etdi. Elə burada qeyd edim ki, ovaxtkı qanunlara görə, hər hansı alverə, hətta evində çörək bişirib bazarda satmağa, öz toyuqlarının yumurtasını, kəsdiyi heyvanın ətini satışa çıxarmağa, kəsilmiş heyvanların dərisini aşılamağa da (dabbağlığa) və s. ciddi qadağa qoyulmuşdu. Bu işlər "qandaravat" ("kontrabanda" sözünün yerli dialektdə təhrif olunmuş variantıdır) sayılırdı.

 

Babamla nənəm təndirdə çörək yaparaq satmaq üçün bazara çıxarırdılar. Mən isə çörəyi zənbilə yığaraq Qurcana çayının sağ sahilindəki nəhəng çinar ağacının dalında, Oxutlu Hüseyn dayının (onun oğlu Tacəddin Xasıyev sonralar şəhər səhiyyə şöbəsinin baş həkimi idi) sandıq sexinin qarşısında gizlənərdim, nənəm çörəyi məndən götürüb bazarda onu gözləyən babama çatdırardı. Çörəyimizi uğurla sata bilsəydik babam mükafat olaraq mənə qəpik-quruş da verər və bu zaman nənəmin "ə, gedəni korlama" kimi daimi iradlarına da məruz qalardı. Mən isə həmin pulları dulusların xüsusi torpaqdan hazırladıqları daxıla salar, bir müddət sonra onu sındıraraq (mənim üçün ən maraqlı məqam bu idi) bu pulların hamısını nənəmə verərdim.

 

Babam bazardan qayıdanadək həyəcandan ürək-göbəyimizi yeyərdik. Onu milislər tez-tez tutur, lakin oğlunun müharibədə həlak olmasına görə yalvarışlarına güzəştə gedərək "humanistlik" göstərib zənbilindəki bütün çörəyini utanmadan əlindən alıb hədə-qorxu gələrək özünü bayıra atardılar. Dəfələrlə belə hadisələrin qurbanı olan babam tab gətirə bilmədi, növbəti dəfə yaxalandıqdan sonra 1952-ci ildə yolda qan qusaraq dünyasını dəyişdi.

 

Bartaşendən qayıdarkən Oqtay peşəkar alverçi kimi məni xəbərdar etdi ki, milisə rast gəlsək qaçma, düz gözünün içinə baxaraq saymazyana ötüb keç. Doğrudan da, Vartaşendən bir az uzaqlaşan kimi sanki yerin altından çıxaraq bir milis qarşımızda peyda oldu. Oqtay əlindəki dolu zənbillərlə düz onun üstünə tərəf getdi və bu, görünür, öz bəhrəsini verdi - milis bizi heç görməmiş kimi yanımızdan ötüb keçdi...

 

Evdə hamı papuşların gözəlliyinə heyran oldu, lakin kiçik yaşlı uşaqlarımız olmadığına görə onları bazarda satmaq qərarına gəldik. Ancaq belə şeyləri bazarda satmaq səriştəm və bacarığım olmadığına görə papuşların bir cütünü bazarda xırda alverçilik edən qonşum Təmraza verərək satmasını xahiş etdim və müqabilində ona da hörmət edəcəyimi bildirdim. Razılaşdıq.

 

Səhəri gün Təmraz papuşları bazara çıxarır. İşin gətirməzliyindən, bu zaman bazarda "oblava" başlayır (bu tədbir o vaxtlar tez-tez keçirilirdi. Bazar hər tərəfdən milis işçiləriylə əhatə olunur, alverçiləri, axtarılan adamları tuturdular. Deyilənlərə görə, müharibə illərində də belə "oblava"lar tez-tez olar, tutulanları ya müharibəyə, ya da Mingəçevirə balığa (məcburi balıq tutmağa) göndərirdilər. Təmraz da "oblava"ya düşərək tutulur.

 

Bu müdhiş xəbəri bizə çatdıran Təmrazın anası Məsumə xala oldu. O, çox əsəbi və sarsılmış vəziyyətdə: "Öydə nə sakit oturmusooz, gədəni tututdular, sizin papuşların dolaşığına düşütdü, gedin qurtardın", - deyə var-gəl edir, özünə yer tapmırdı. Ədalət naminə demək lazımdır ki, onun da bu vəziyyətini başa düşmək olardı. O, yesir qadın idi. Qızı Xatın və oğlu Təmrazla birotaqlı evdə kasıb yaşayırdı, oğlunun tutulması ilə heç cür barışa bilmirdi. O, yaranmış vəziyyətdən çıxış yolunu yalnız bizə aramsız təzyiq göstərməkdə görür, ayağını evimizdən çəkmirdi.

 

Belə gərgin vəziyyətdə Təmrazı milisin əlindən almaq üçün çox vasitələrə əl atdıq, milis və məhkəmə orqanları ilə əlaqəsi olan nüfuzlu adamlara müraciət, yalvar-yaxar etdiksə də bütün səylərimiz nəticəsiz qaldı. Xalq arasında çox ədalətli, haqq adamı kimi tanınan, milisdə xalqın mənafeyini qoruyan bir kişi kimi hörmət qazanmış qonşumuz milisioner Mabuda (Xallı Mabuda, onun üzündə qara xal olduğuna görə həmyerlilərindən bu ləqəbi qazanmışdı) müraciət etdik. Gücü çatmadı.

 

Yadımdadır, Muxtar əmim o vaxtlar şəhərdə böyük nüfuz sahibi, ağsaqqal, xeyirxah insan kimi tanınan, hazırda Milli Məclisin deputatı olan Əli Məsimlinin atası Əhməd dayının (şəkililər ona "Qara dayı" deyirdilər) yanına gedərək köməklik istədi. Qara dayı kolxoz bazarının yanındakı yeməkxananın müdiri idi. O, əlindən gələni edəcəyini vəd etsə də bir neçə gündən sonra heç nə alınmadığını söylədi. Günümüz göy əskiyə bükülmüş, evimizin, ailəmizin sakitliyi pozulmuş, yuxum ərşə çəkilmişdi. Adətən Təmrazgilin evinin qabağından keçərək Nakam küçəsiylə "Motorun aralığı"ndan şəhərə çıxdığım halda, indi yolumu dəyişib əks istiqamətdə -indiki Sarıtorpaq yolu ilə daha uzaqdan hərlənərək gedib-gəlirdim.

 

Məsumə xala səhər açılandan qaş qaralana qədər ayağını həyətimizdən çəkmir, "gedəni buraxdırmağı" təkidlə tələb edir, bizə heç qulaq asmaq belə istəmirdi. Mən evdə heç kimə bildirmədən şəhər milis şöbəsinin rəisi Ərzuman Zülfüqarovun qəbuluna getmək qərarına gəldim. O, xalq arasında ədalətli bir milis rəisi kimi hörmət qazanmışdı. Hamı onun yüksək insani keyfiyyətlərindən, rəhmli və insaflı olmasından ağızdolusu danışırdı. Elə bu söhbətlərdən ürəklənib rəisin yanına getməyə özümdə cürət tapdım.

 

Milis şöbəsi Qurcana çayının sol tərəfində, hazırda Pedaqoji Kollecin yataqxanasının qarşı tərəfində, vaxtilə müsadirə edilmiş ikimərtəbəli köhnə xüsusi yaşayış evində yerləşirdi. Növbətçi milisə rəis Ə.Zülfüqarovun yanına getmək istədiyimi bildirdim. O, heç bir sorğu-sual etmədən məni rəisin yanına buraxdı. Rəis yaraşıqlı, qara, qıvrım saçlı, sifətindən təbəssüm yağan bir insan idi. Məni ədəb-ərkanla qarşıladı.

 

Dahi Lev Tolstoy yazır ki, siz insanlarla görüşəndə ilk təsəvvürə diqqət yetirin; ilk təsəvvür sonralar özünü doğruldur. Doğrudan da o, elə ilk görüşdə mənə doğma gəldi, ürəyimi açıb cürətlə fikrimi, gəlişimin məqsədini danışdım, hadisənin təfərrüatını olduğu kimi söylədim. Müharibənin məni və qardaşımı yetim qoyduğunu, atamın müharibədə həlak olduğunu, anamın faciəli ölümünü söylədim. Təmrazın əlində tutulan papuşu ona mənim verdiyimi bildirərək onu həbsdən azad edib məni həbsə almaq barədə sərəncam verməsini xahiş etdim. Rəis bir an duruxdu, məni başdan-ayağa süzərək dedi: "Oğul, söylədiklərinin səmimiliyinə qətiyyən şübhə etmirəm, ancaq səni həbs etmək üçün mənim əlimdə heç bir dəlil-sübut yoxdur. Papuş Təmrazın əlində tutulmuşdur. Bir də ki, iş artıq xalq məhkəməsinə göndərilmişdir, sən xalq hakiminə müraciət et". Və xeyli ürək-dirək verdi... Rəisdən konkret köməklik görməsəm də insani münasibət gördüm, düşdüyüm vəziyyəti anladığını hiss etdim. Bu, həmin vaxt mənim üçün çox şey demək idi. Elə bil, xeyli yüngülləşdim.

 

Ə.Zülfüqarov haqqında qeydlərimi tamamlayarkən deməliyəm ki, onun sonrakı taleyini araşdıran zaman 1960-cı ildə Şəkidəki vəzifəsindən irəli çəkilərək Azərbaycan SSR Daxili İşlər Nazirliyində SƏDM (Sosialist Əmlakını Dağıdanlarla Mübarizə) Baş İdarəsi rəisinin müavini və rəisi, Cinayət-Axtarış İdarəsinin rəisi, 1981-87-ci illərdə ədliyyə nazirinin birinci müavini vəzifələrində işlədiyini, sonralar respublika Nazirlər Kabineti yanında Xalq Təsərrüfatını İdarəetmə İnstitutunda pedaqoji fəaliyyətlə məşğul olduğunu öyrəndim. Onun qızı Mehparə xanımın dediyinə görə, atası yetim böyümüş, əzmkarlığı, təhsilə son dərəcə ciddi münasibəti, işinə, vəzifəsinə ciddi yanaşması, yüksək ədəb-ərkanı sayəsində mənsəb və mənəviyyat zirvələrini fəth etmişdir. Yadigar qoyub getdiyi iki qız övladı hazırda adlı-sanlı həkim kimi fəaliyyət göstərir.  Ə.Zülfüqarov 2009- cu  ildə 85 yaşında dünyasını dəyişib.

 

Ə.Zülfüqarov həm də yaşadığı uzun və mənalı, çoxlarının qibtə etdiyi ömür yollarında minlərlə  dəyərli folklor nümunələrini toplaya bilmişdir.

 

Burada bir hikmətli kəlamı da yadıma salıram: "Nəzakətlə dünyanı fəth etmək olar". Qətiyyən şübhə etmirəm ki, Ə.Zülfüqarovun yüksək zirvələri fəth etməsində həyatını həsr etdiyi sahəni mükəmməl bilməsi ilə bərabər, yüksək ədəb-ərkanı, nəzakəti və qeyri-adi sadəliyi də əhəmiyyətli rol oynamışdı.

 

 

 

lll

 

Əhvalatın ardını nəql edirəm. Ertəsi gün səhər xalq məhkəməsinin sədri İlyas Sadıqovun  qəbuluna getdim. O vaxtlar məhkəmə indiki Yanıq məscidin aşağı tərəfində, onun təxminən 50 metrliyində idi. İkimərtəbəli köhnə binanın birinci mərtəbəsində dövlət bankı, ikinci mərtəbəsində isə məhkəmə yerləşirdi. Hakim orta boylu, sağlam görünüşlü, enlikürək, gülərüz bir insan idi. Nöqsansız, çox səliqəli (şəkililər demişkən, "sirxo") geyinərdi. Adəti üzrə işə piyada, Motor məhəlləsinin qabağından gedərdi. Mən onu müşahidə edərkən qətiyyətli yerişinə qibtə edər, bir də ki, qorxmazlığına məəttəl qalardım. Axı o, ən qatı cinayətkarlar barəsində hökmlər çıxarırdı. Və şəxsi təhlükəsizliyi barədə qətiyyən narahat olmayan bir qorxmaz insan təsəvvürü bağışlayırdı.

 

Məhkəməyə maneəsiz daxil oldum. Burada mühafizə xidməti yox idi. Katibəsi hakimin kabinetinə girərək qəbuluma razılıq aldı. İçəri daxil oldum. Məni xoş sifətlə qəbul etdikdən sonra diqqətlə dinləyərək o da rəisin dediklərini təkrarladı, məni mühakimə etmək üçün əlində heç bir əsasın olmadığını söylədi və əlavə etdi ki, Hikmət, çox da narahat olma, şərti cəza verərik, gedər, kərpic zavodunda işləyər, amma bu barədə hələlik heç kəsə bir söz demə. Evə qayıtdıqdan sonra rəisin və xalq hakiminin qəbulunda olaraq hər şeyi boynuma aldığımı Məsumə xalaya bildirsəm də o, bunu qətiyyən vecinə almadı, əksinə, bir az da qızışdı, bundan sonra hücumlara böyük qızı Xatın da qoşuldu.

 

Bu arada orduya çağırılmağım barədə hərbi komissarlıqdan məktub gəldi və bu, yaranmış dözülməz durumdan xilas yolu, göydəndüşmə bir xəbər oldu. Qohum-qardaş, qonşu qadınlar məni orduya yola salmaq üçün Hərbi Komissarlığın həyətinə gəlmişdilər. Onların arasında nə Məsumə xalanı, nə də qızı Xatını gördüm...

 

Ordudan evə göndərdiyim elə birinci məktubda Təmrazın müqəddəratı ilə maraqlanırdım. Aldığım cavab məni sakitləşdirdi - Təmraza 6 ay icbari (şərti) iş vermişdilər və o, kərpic zavodunda fəhlə işləməklə cəzasını çəkməli idi. Bu yerdə məşhur kinorejissor L.Qaydayın "Qafqaz əsiri" kinofilmində G.Vitsinin oynadığı rolun qəhrəmanının məhkəmə zalında qışqıraraq dediyi: "Yaşasın dünyada ən hümanist məhkəmə olan Sovet məhkəməsi" sözləri yadıma düşdü...

 

Bəli, ovuc içinə sığan bir cüt papuşa görə Təmraza altı ay icbari iş kəsilmişdi... Bu gün tragikomik görünən əhvalat belə sonluqla başa çatdı. Hər halda, hakim verdiyi sözə sadiq qalmışdı. O dövrün qanunlarının əsassız sərtliyinə və qeyri-humanistliyinə baxmayaraq, bu qanunların keşiyində dayanmaq zorunda qalan milis rəisi Zülfüqarov və məhkəmə hakimi Sadıqovun tanımadıqları bir yetim yeniyetməni necə ədəb-ərkanla qarşıladıqlarına görə ömrüm boyu onlara rəğbət bəsləmişəm.

 

Ordudan qayıdanda bütün qonşular, qohum-əqrəba gözaydınlığına gəldilər. Məsumə xala, Təmraz və Xatını görmədim. Onlar məni bağışlaya bilmədilər. Baş vermiş hadisəyə görə yenə məni günahkar görürdülər.

 

Hadisədən üç ildən artıq bir vaxt keçsə də mən daxildə özümü günahkar sayır, xəcalət yükündən xilas ola bilmir, onlarla üz-üzə gəlməmək üçün yolumu başqa səmtdən salırdım. Əlimi ürəyimin üstünə qoyaraq and içə bilərəm ki, altmış illik tarixi olan o müdhiş hadisəni bu gün, bu saat qələmə alarkən də daxilimdəki əzab hissi məni əzir.

 

Məsumə xalanı təxminən 20 il sonra nənəmin yas mərasimində gördüm. Nənəmin məni və qardaşımı böyüdüb ədəb-ərkana çatmağımızda böyük zəhmətindən danışarkən qəhərlənib ağladım. Bu zaman Məsumə xala mənə təskinlik verərək "ay Hikmət, sən bizim ürəyimizi ağlatdın, kövrəltdin bizi",- deyib gözlərinin yaşını sildi... Bu, bizim sonuncu görüşümüz oldu.

 

Təmraz avtomobil dəstəsində çilingər işləyirdi. Ailə qurmuş, partiya sıralarına qəbul olunmuşdu. Xüsusi minik maşını vardı. Ara-sıra bərkə düşəndə kömək üçün yanıma gələrdi (o vaxtlar Şəki Şəhər Partiya Komitəsində şöbə müdiri işləyirdim).

 

Atalar sözlərinin müdrikliyi, hər zaman aktuallığı və həyatiliyi adamı heyran qoyur. 1990-cı illərin ortalarında tanınmış ictimai-siyasi xadim Sadıq Murtuzayevin sədrlik etdiyi respublika Veteran Kooperativ Birliyində təxminən 40 il əvvəl gördüyüm xeyirxah hakim Sadıqovla rastlaşdım. O, "Mübariz" hüquq şöbəsinin rəisi vəzifəsində işləyirdi. Çox az dəyişmişdi. Qətiyyətli, qürurlu sifətini saxlaya bilmişdi. Atalar doğru deyibmiş ki, dağ dağa rast gəlməsə də, insan insana rast gələr.

 

Yazılanları xatırlayaraq qələmə almaqda məqsədim o dövrün ab-havasını, özünü dünyada ən demokratik quruluş kimi qələmə verən nəhəng bir dövlətin bir cüt körpə papuşuna görə adamların başına müsibət açan qanunlarının mövcudluğunu göstərməkdir. Bu qanunlar məni ömrüm boyu bir ailənin qarşısında xəcalətli, gözükölgəli yaşamağa, indinin özündə də mənəvi əzab çəkməyimə səbəb oldu!

 

May-iyun 2015.

Hikmət ƏBDÜLHƏLİMOV

525.ci- qəzet.- 2015.- 21 oktyabr.- S.8.