Teatr Xadimləri İttifaqında Ruslan Həsənlinin 70 illiyi
qeyd edilib
Teatr Xadimləri
İttifaqında kukla
sənətinin istedadlı
nümayəndəsi Ruslan
Həsənlinin anadan
olmasının 70 illiyinə
həsr olunmuş anım günü keçirilib.
Teatr Xadimləri
İttifaqının idarə
heyətinin sədri, Xalq artisti Azərpaşa
Nemət kukla ustası haqqında məlumat verib. Bildirib ki,
yüzdən çox
irili-xırdalı kukla
obrazı yaradan Ruslan Həsənli Azərbaycan Dövlət Kukla Teatrında yüksək dərəcəli
aktyor və rejissor köməkçisi
kimi çalışıb.
Uşaqlığında Xalq
artistləri - Süleyman
Ələsgərov, Lütfü
Məmmədbəyovun təşkil
etdikləri xalq teatrlarında, gənclik illərində görkəmli
aktyor, Xalq artisti Adil İsgəndərovun
"kinoaktyor" kursunda
sənətin sirlərini
öyrənən R.Həsənli
sonralar Bakı, Naxçıvan və Sumqayıt teatrlarında çalışıb, gənc
aktyorların yetişməsinə
öz töhfələrini
verib.
Xalq artistləri - Hacı İsmayılov, Cəfər
Namiq Kamal, əməkdar artist Rəhman
Rəhmanov və başqaları onun teatrın tərkibində
dəfələrlə - Yəmən,
Hindistan, Rusiya, Gürcüstan, Özbəkistan
və digər xarici dövlətlərdə
ölkəmizi uğurla
təmsil etdiyini söyləyiblər.
Çıxış edənlər aktyorun radio tamaşalarda, televiziya verilişlərində yaddaqalan
obrazlar yaratdığını,
uşaqların və
böyüklərin sevimlisinə
çevrildiyini bildiriblər. Onun birbaşa iştirak etdiyi "Retro", "Sehrli
xalça", "Pəncərəmə
ay qonub" televiziya tamaşaları, "Göy
qurşağı", "Tumurcuq", "Bəbə",
"Ağ atlı oğlan" və digər radio tamaşalarda
yaratdığı unudulmaz
obrazların indi də xatırlandığını
vurğulayıblar.
Sənətinin yetkin dövründə -
67 yaşında dünyasını
dəyişən aktyorun
xatirələrdə əbədi
yaşayacağı bildirilib.
Tədbirdə çıxış edən Çingiz Ələsgərli yaxın
günlərdə onun
yaradıcılığı haqqında yazdığı
"Kuklaçının nağılı"
kitabının işıq
üzü görəcəyini
söyləyib və burada Ruslan Həsənlinin
yaratdığı obrazlara
geniş yer verildiyini deyib.
Aktyor Vahid Əliyev vaxtilə R.Həsənlinin oynadığı
tamaşalardan fraqmentlər
ifa edib.
Sonda aktyorun oğlu Araz Həsənli atasının
xatirəsinə göstərilən
hörmət və ehtirama görə tədbirin təşkilatçılarına
və iştirakçılarına
minnətdarlığını bildirib.
S.ABDULLAYEVA
525.c- qəzet.-
2015.- 21 oktyabr.- S.7.