İşığa çıxasan...
Azərbaycan ədəbiyyatına çox
da bel bağlamıram. Düşünürəm ki, yerli ədəbiyyatda
roman, ümumiyyətlə, böyük ölçülü
əsərlər yazacaq
qələm adamları
hələ yetişməyib.
Qısa mətnlər, yaxud şeirlər gözəl
alınır. Xeyli sayda
nümunə də gətirmək olar. Amma elə ki, iş
böyük mətnə
gəldi, necə deyərlər, atı sürürlər daşlığa.
Oxucunu ədəbiyyat bir qırağa, dildən küsdürürlər.
Xarakter baxımından
idealist-maksimalistəm. Bu, özlüyündə müsbət
xüsusiyyət deyil,
amma adamlarla ünsiyyətdə yaxşı,
ədəbiyyata yönəldiləndəsə
əla nəticələr
verir. Bu tip xarakterə
malik adamlar seçkin ədəbi mətn axtarır, idealist-skeptiklərə nəyisə
bəyəndirmək bir
qədər çətin
məsələdir. Hərdən gündəlik həyatda bunun altını çəkməli olsam da, zövq baxımından
işə yarayır.
Nəzərə alsaq ki, dünyada milyonlarla kitab mövcuddur, təsadüfi seçilmiş
əsərlərə vaxt
itirmək uşaqlıq
olar. Onsuz da indiyədək
kifayət qədər
lazımsız əsər
oxumuşam. Bir məsələni
də önə çəkmək lazımdır.
Yerli ədəbi nümunələri
bərbad mətn hesab ediriksə, o demək deyil ki, belə də
davam etməlidir, yaxud yaxşılığa
doğru dəyişən
heç nə yoxdur.
Məşhur filmdə deyildiyi kimi, "özüvü üzmə, atam. Bu həyatda nə baş verirsə versin, bil ki,
hər şey yaxşılığa doğrudu".
(Belədirmi?) Elə "Qonşu evin işıqları"nın müəllifini
götürək.
Cəmilə Məmmədlinin yazılarında
qəribə aura var. Sanki əhvalatı
görürsən, amma
oyaq deyilsən, yatmısan. Yıxılsan ağrımazsan, vurulsan ölməzsən.
Pambıq döşənmiş bir otaqdasan. Hər şey yumşaqdı, - özünüzdən
söz çıxarmayın,
sizə dəli deyən yoxdu - yavaşdı, bir az da rəngsizdi, lap rəngli filmlər təzə çəkilməyə başlayanda
bir az qırmızıya
çaldıqları kimi,
azacıq da çəhrayı... Və bu
otaqdan başqa otağa baxırsan. Qapıdan, pəncərədən
deyil, açar deşiyindən... Bütün otaq
görünmür, amma
gördüklərin görmədiklərinin
açarıdı. Bir məsələ
də var ki, açar tək deyil, sayısızdı. Azacıq
baş sındırıb,
vaxt sərf edib doğru açarı tapmalısan...
Uşaqlığımda "Vesna 346" televizorları
dəbdəydi. Bir pis cəhəti
var idi ki,
çox işləyəndə
lampaları qızıb
yerindən boşalırdı.
Xüsusən də biri... O lampa tərpənəndə görüntü
tez-tez itirdi, ya da kino
lenti kimi aşağı düşməyə
başlayırdı. Cəmilənin yaratdığı dünya
da belədi. Gərək,
o boşalan lampanı
tapıb sıxasan.
Kukla Teatrındakı
marionetləri oynatmaq üçün olan ipi öz əlinə
alasan, hadisələrin
axarını özün
istədiyin kimi dəyişəsən...
Hekayə başa çatandasa anlayırsan ki, ipi başqasının əlində olan elə sənsən, başqasının barmaq hərəkətinə tərpənmisən,
çaldığına oynamısan. İplər Cəmilənin
əlində deyil.
Bəs bu iplər hara
bağlıdı, kimin
əlindədi? Tanrınınmı, Şeytanınmı? Yoxsa
Vicdanın...
"Aynalar"dakı qadın əslində bizim etdiyimi səhvlərimiz, bu səhvlərə görə
danışdığımız yalanlardı. Ordakı qadın siması
bizim həyatımızdı.
Hər il
o sifətə əlavə
olunan qırış
yeni səhvimiz, hər dəfə artan makiyaj dəsti
bu səhvi düzəltməyə, yaxud
ört-basdır etməyə
çalışanda danışdığımız
yalanlardı...
"Peşəkar", "Axmaq",
"Romanı necə
yazmalı...", yaxud "Nikbin" hekayələri absurdizmə
əla nümunələr
ola bilər. Müəllif hekayələrin hər birində oxucunu güldürməklə
yanaşı, düşündürməyi
də bacarıb.
"Noğul"da müəllif
müharibə dövrü
Azərbaycanına ümumi
nəzər salır. Bir ailənin
fonunda bütövlükdə
ölkədə gedən
prosesləri, o dövrün
maddi-sosial problemlərini
qabardır. Eyni zamanda,
nostalgiyaya da yer ayırır.
"Çiçəklərlə danışan
adam" hekayəsinin ideya xətti, heç şübhəsiz, Cəlil
Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları"ndan götürülüb.
Hər iki əsərdə əhvalat eyni adlı yerdə baş verir. Fərq burasındadır ki, Mirzə Cəlil kənd, Cəmilə qəsəbə deyir.
Bu, fikrimcə, bir az da meydan oxumaqdır. Adlar eyni olsa da
süjet xətti tamamilə fərqlidir.
Hadisələr tamamilə ayrı
zaman kəsiyində cərəyan edir. Amma fabula oxşardır.
Hər iki məntəqənin sakinləri işıq gələn yerə barmaq tıxamaqda israrlıdırlar.
"Dahi ilə görüş" hekayəsinin
adı süjetlə müqayisədə uğursuzdur. Mətnin strukturu
ilə başlıq çox da uyğun
gəlmir. Bir az klişe
təsiri bağışlayır.
Amma hekayənin özünü
oxuyanda bu təəssürat duman kimi dağılır.
Kifayət qədər ciddi
məsələlərə toxunulub. Oxuduqca
"Anna Karenina"dakı -
- İkimizdən biri
axmaqdır. Ancaq özünüz bilirsiniz ki, heç kim özü
haqqında belə deməz.
- Heç kim var-dövlətindən
razı deyil, amma hamı ağlından razıdır,
- dialoqu yada
düşür.
Bundan başqa,
hekayədə önyarqılar,
bütləşdirmək, yaxud
başqalarını xor
görmək kimi məziyyətlər tənqid
edilir. Bədii çalarlarla oxucuya
çatdırılır ki,
belə yanaşmalar kökündən yanlışdır.
"Addım" hekayəsi
mistik janrdadır. Cənnət və Cəhənnəm arasındakı məqamdan
- Ərafdan söz açılır. O biri
dünyanın qapısında
Adəm övladının
etdiyi əməllərə
görə qarşılıq
almasından danışılır.
Əsas qayə hər pisdə yaxşı, hər yaxşıda pis, hər şərdə
xeyir, hər xeyirdə şər olduğunu anlatmaqdır.
Görüntünün əslində illuziya
olduğunu, zahirə deyil, batinə baxmalı olduğumuzu xatırladır.
Kitabın pik nöqtəsi "Qonşu evin işıqları" adlı povestdir. Əsər sondan əvvələ doğru başlayır, daha sonra isə zaman ardıcıllığı bərpa edilir. Süjet boyu qəhrəman öz yeniyetməlik dövründən danışır. Qız bir müddətdən sonra "kəşf edir" ki, qonşuluqdakı evin işıqları gecələr sönmür. O, uşaq marağıyla bu evdə nələr baş verdiyini öyrənməyə çalışır. Amma öyrəndiyi o olur ki, evə yaxınlaşmaq, ümumiyyətlə, gözünün ucuyla baxmaq belə yasaqdır. Qadağalar onu bu sirri çözməyə daha da həvəsləndirir. Qonşu evdə yaşayan öz yaşıdı qızla tanış olur, onunla dostlaşır. Qonşu qızın hər şeyi var, bahalı paltarları, ətirləri, hətta kənddə görünməyən şey olan maqnitofonu... Əsərin qəhrəmanı da qonşu qızın yerində olmaq istəyir.
Hadisələrin axarında qəhrəmanımız məktəbdə, evdə, qonşularda, kənd içərisində danışılan söhbətlər vasitəsilə dəhşətli məsələdən agah olur, qonşu qızın anası fahişədir. Amma digər kənd sakinlərindən fərqli olaraq qızcığaz qonşularını günahlandırmır. Onu anlamağa çalışır, qonşu qadının niyə bu girdaba yuvarlandığının səbəblərini özü üçün aydınlaşdırır. Sakinlərsə onu dinləməyəcək qədər insanlıqdan uzaqdırlar...
Povest kifayət qədər ustalıqla yazılıb. Cəmilə çox gənc və təcrübəsizdir. Hələ sözlə rəftarı da yaxşı öyrənməyib. Amma təhkiyə və əlaqələndirmə bacarığı yetərincə inkişaf edib:
- Sənin yerində olmaq istəyərdim.
Başımı qaldırıb Ləmana baxdım. Ciddiydi. Güləndə kiçilən gözlərində bu dəfə qətiyyət vardı.
- Mən də sənin yerində olmaq istəyərdim...
... Ancaq illər sonra anlaya bildim ki, biz bir-birinin bədbəxtliyinə paxıllıq edən iki səfeh imişik. Onun gülümsəyən anası vardı, mənim də quruca adı olan atam...
Fikrimcə, yaradıcı adam - rəssam, heykəltəraş, bəstəkar, yazıçı - yaşadığı dünya, ətraf aləm ona qeyri-mükəmməl göründüyü, yaxud əksinə hədsiz kamil olduğunu demək istədiyi üçün yaradır. Onların missiyası adi adamların görə bilmədiyi işığı görmək, o işığı böyütmək, qaranlığı nurlandırmaq, hamının içində-ruhunda (ürəyində yox haa, ürəyin işi qan nasoslamaqdı) od yandırmaq, cəmiyyəti işığa çıxarmaqdı...
Yazılarından da göründüyü kimi Cəmilə həyata nikbin baxır. Həmişə öyrənməyə, irəli addımlamağa can atır. Həyat kədərlənməyə, vaxt itirməyə dəyməyəcək qədər qısadır. Uğursuzluğa gülüb, uğurlara sevinmək lazımdır. Onsuz da heç nə düzəlmir, amma ən azından hər şey yaxşı ola bilər.
Cavid QƏDİR
525-ci qəzet.- 2015.- 21 oktyabr.- S.7.