Şair, alim və
rəssam Sadiq bəy Əfşar məktubları:
tariximizə dair mühüm
ştrixlər
(Əvvəli ötən sayımızda)
Sadiqinin məktublarının dili
ərəb-fars söz
və ifadələri
ilə yükləndiyindən,
onları müasir oxucunun oxuyub-başa düşməsi çox
çətindir.
Məktublara müəllifin 14 beytdən
ibarət farsca 6, 24 beytdən ibarət türkcə 9 kiçik şeiri daxil edilib. Sadiqi münşəatının, ümumiyyətlə, nəsrinin
dilini müasir oxucu üçün mürəkkəbləşdirən amillərdən biri də buradakı cığatay sözlərinin
çoxluğudur. Məlum olduğu
kimi, böyük özbək şairi Əlişir Nəvainin
(1441-1501) təsiri ilə
XV-XVII əsrlərdə, hətta
XIX-XX əsrlərdə də
ədəbiyyatımızda cığatayca və ya cığatay dili elementlərindən istifadə etməklə şeirlər yazılmışdır.
XVI-XVII əsrlərdə bu
təsir şairlərimizdən
Sadiqi və Əmaninin yaradıcılığında
özünü daha çox birüzə verir. Dövrün digər sənətkarlarının
əsərlərində bu
təsir ya azdır, ya da heç yoxdur
(Məsələn, Məczub
Təbrizinin şeirlərində).
Cığatay dili elementlərindən
istifadə baxımından
XVI-XVII əsr nəsr
dilində də müxtəliflik müşahidə
olunur. M.Füzulinin "Hədiqətüs-süəda"
əsərində, "Şikayətnamə"
adı ilə məşhur olan məktubunda cığatay
dili elementlərinə
rast gəlmirik. Səfəvilər dövrünün görkəmli
dövlət xadimi, tarixçisi və şairi Məhəmməd Tahir Vəhid Qəzvininin XVII əsrin ortalarının iyirmi iki ilini
(1642-1664) əhatə
edən "Abbasnamə"
adlı tarixi əsərində Azərbaycan
türkcəsində yazılmış
bir neçə rəsmi dövlət sənədi verilmişdir.
Bunlardan II Şah Abbas (1642-1666) zamanında Osmanlılarla Səfəvilər arasında
imzalanmış sülh
müqaviləsinin mətni
dilinin sadəliyi ilə diqqətimizi cəlb edir. Sadiqi münşəatının dili
isə, qeyd etdiyimiz kimi, ərəb, fars,
eləcə də cığatay dili elementlərinin çoxluğu
ilə diqqəti cəlb edir. Məktublardan birində dövrün ədəbi dilindəki müxtəlifliyə
dair maraqlı bir faktla rastlaşırıq.
Başlığı olmayan bu məktubunda şair xəstəliyinin şiddətləndiyi
vaxt ona gələn sifarişdən
danışır. Deyir
ki, həkimlər artıq onu müalicədən imtina etmişdilər: "Hükəma
və ətibba əlacimdən laəlac bolub əl müalicədin
və əyağ tərəddüddin çəkmiş
irdilar". Belə kədərli bir məqamda ona I Şah Abbasdan "qüdvətül-mühəqqiqin və seyyidüs-salikin, dürri-dəryayi-mənəvi" Mövlana Cəlaləddin
Rumi "Məsnəvi"sini
fars dilindən
türk dilinə tərcümə etmək
sifarişi gəlir.
Bu sifariş ruhsuz bədənə can verən
kimi ona qol-qanad verir, dirçəldir. Tapşırığın
çətinliyindən əndişəyə
düşən şair
öz-özünə deyir
ki, əgər Allah istəsə, bu işin öhdəsindən
uğurla gələcəkdir.
Lakin əsəri hansı üslubda tərcümə edəcəyi
barədə qəti qərara gələ bilməyən Sadiq bəy "Məsnəvi"dən
parçaları üç
türk ədəbi dilinə (cığatay, Osmanlı və Azərbaycan türkcəsinə)
tərcümə edib
göndərir, sifarişçinin
hansına üstünlük
verdiyini bilmək istəyir: "Əlməmur
əlmənzur" üzrü
bilə neçə beyt nəzm və
nəsr tərtib beyarıldı. Qansı rəviş məqbul bolsa, ol varida
kəmali-səy məbzul
tutulacaqdır və nə müqərrər bolsa kim, qansı
istilah bilənilsa: cığatay füsəhaları
rəvişda, əmma
Rum büləğaları üslubida, ta qızılbaş mütəkəllimləri
[tövr]ida
əmr olsa kim, katib müqərrər
bolsa kim, bu həqiri hər… müsəvvədə
qılsam, katib kitabət qılsa ziyadə ətnal mövcibi-məhal olmasun deyü dua birlə
ixtisar olundu".
Qeyd etmək istərdik ki, Səfəvilər dövründə Azərbaycanda
anadilli ədəbiyyatın
inkişafına müsbət
təsir edən amillərdən biri də şərqdə-Orta
Asiyada cığatay türkcəsində ədəbiyyatın,
Əlişir Nəvai
məktəbinin, qərbdə
- Osmanlı dövlətində
yerli türkcədə
Osmanlı ədəbiyyatının
tərəqqi etməsi
idi (bu dövrdə
hind-türk dövləti
- Moğollar imperatorluğunda
hakim mövqe farsdilli ədəbiyyata məxsus idi). Türk dilləri arasındakı
fərqləri qeyd edən böyük Füzuli ana dilindəki divanının
dibaçəsində öz
dilini türkcə kimi təqdim etmiş, osmanlı şairlərini "büləğayi-Rum",
Orta Asiya sənətkarlarını isə
"füsəhayi-Tatar" adlandırmışdır. S.Əfşar
osmanlıları eyni cür - "büləğayi-Rum",
Orta Asiya türklərini "füsəhayi-cığatay",
Azərbaycan türkcəsində
yazanları isə
"qızılbaş mütəkəllimləri"
"("qızılbaşca danışanlar") adlandırır. "Qızılbaş dili" ifadəsini XVII əsrdə yaşamış
digər Azərbaycan alimi Əbdülcəmil də işlətmişdir.
Beləliklə, haqqında danışdığımız
məktub əsasında
deyə bilərik ki, S.Əfşar Mövlana "Məsnəvi"sini
hansı türk şivəsinə tərcümə
etmək barədə
qərar verməyi sifarişçinin ixtiyarına
buraxır. Təəssüf ki, C.Rumi əsərinin şair tərəfindən tərcümə
edilib-edilmədiyi barədə
məlumatımız yoxdur.
Orta əsr nəsrinin digər nümunələri kimi, Sadiqinin məktubları da səc`li-daxili qafiyəli nəsrlə yazılıbdır. Məktublarda belə nümunələrə
tez-tez rast gəlirik: "Bu vəfa sərkuçəsinin rüsvası
və həqiqət bərzəxinin şeydasına".
Burada
"rüsvası" və
"şeydası" sözləri
həmqafiyədir. Klassik ədəbiyyatda
"münşiyanə üslub"
ifadəsi vardır.
"İnşa" - məktub və sənədlər, bunlardan
tərtib olunmuş kitab, "münşi"
- katib, yazıçı
deməkdir. "Münşiyanə üslub"
dedikdə klassik Şərq bəlağət
sənətindən bəhrələnən,
müxtəlif bədiiyyat
vasitələrindən geniş
istifadə edilən məktub və əsərlərin dili başa düşülür.
S.Əfşarın məktublarında da poetik fiqurlardan
geniş istifadə edildiyini görürük.
Şairin dostlarından
birinə yazdığı
məktubundan nümunə
gətirək: "…yəni
ol bir gülşənin
sərvnazları və
ol bir aşiyanənin
şəhbazları və
ol bir dumanın
şəm`i-ənvarları və ol bir
sağərnin rahi-ruhpərvərları,
filanlar bu kəminəlarni til qələmin və qələm tilin rəncə qılub bir neçə kəlmə birlə sərəfraz qılmışlar".
Bu mətn parçasının
əvvəlində tərsi
poetik fiqurundan (ritmik-sintaktik parallelizm) istifadə edildiyini görürük. Təkrar edilən həmcins
ifadələrin əvvəlində
gələn "Ol bir" rədif sözü klassik poetika baxımından təkrir, dilçilik baxımından leksik anaforadır. Burada əks bədiiyyat vasitəsindən (sözlərin
düzümündə tərsinə
inversiya) də istifadə edilmişdir:
"Til qələmin
və qələm tilin". Məktublarda "səhra-səhra səna töhfəsi və tağ-tağ dua hədiyyəsi" kimi mübaliğəli təşbihlərin işlədildiyini
görürük. "Müdriki-idrak" kimi ifadələrdə isə
iştiqaq sənətindən
(eyni mənşəli
sözlərin müxtəlif
variantlarda işlədilməsi) istifadəni görürük. Sadiqinin orta
əsrlər epistolyar
irsimizin üslubunun öyrənilməsi baxımından
böyük maraq kəsb edən məktublarından bəzi
nümunələri nəzərdən
keçirək. S.Əfşar
adını çəkmədiyi
şair təbiətli
vəzirə yazdığı
məktubunda tərtib
etdiyi "Məcməül-xəvas"
təzkirəsi üçün
ondan seçmə şeirlərini istədikdən
sonra sözünün
axırında deyir:
"Ta söz bustanı
gülbəninin tazə
gülları şaxsari-barigahida
nəşimən qılur.
Siznin qönçeyi-gövtarınız gün-gün şükuftə
mütəbəssüm bolsun
və ta təkəllüm nəğməsaraları
çəmən bəzmgahida
tərənnüm görküzür.
Siznin bülbüli-əşarınız dəmbədəm mütərənnim
bolsun. Amin". Orta əsrlər Şərq
ədəbiyyatına məxsus
təmtəraqlı dil
göz qabağındadır.
Bu parçada poetik sənətlərdən
daha çox təşbihlər diqqəti
cəlb edir.
Məlum olduğu kimi, izafətlərdən ibarət təşbihlərdə (izafəti-təşbih) bənzətmə qoşması və əlaməti iştirak etmir. Bu cür yığcam təşbihlərə, söz birləşməsində predmetin qeyri-müstəqim əlamətini göstərən təyinə müasir ədəbiyyatşünaslıqda bədii təyin, epitet də deyilir. Bədii təyin vasitəsi ilə müəllif təsvir etdiyi hadisənin və ya şəxsin əsas cizgilərini daha qabarıq, daha əyani verir, yaratdığı obrazı daha yaddaqalan edir. Bu cür söz birləşməsində işlənən mücərrəd anlayışlar konkretlik əldə edir. A.Bombaçinin dediyi kimi, izafəti-təşbih sxemi obraz vasitəsi ilə konkretləşən mücərrəd anlayışlara tətbiq olunur. Nəzərdən keçirilən hissədə şaxsari-barigah, bülbüli-əşar kimi təşbih izafətləri ilə bərabər, türk dili konstruksiyasında yaradılmış söz bustanı gülbəninin tazə güllari, təkəllüm nəğməsaraları, çəmən bəzmgahi kimi yığcam təşbihlər daha böyük maraq kəsb edir. Bunları ətraflı nəzərdən keçirməklə müəllifin orijinal yazı üslubuna dair yeni materiallar əldə edə bilərik.
Adını çəkmədiyi bir xana məktubunda Sadiq bəy deyir ki, sizin xidmətinizə gəlməməyimin səbəbini əsla verdiyiniz maaşın azlığında və ya sizinlə birgə səfərlər etməyin əziyyətindən çəkinməyimdə görməyin. Xidmətçimiz Şənbə adlı qapıçı elə tərs adamdır ki, əgər onun adı, Allah göstərməsin, beytülmüqəddəsin (Qüdsün) qapısında yazılsa, ziyarət etmək istəyənlər oraya gedə bilməzlər: "...Məbada xani-alicahin qullari xatirlarinə xütür edə kim, bu həqir məvacib və mənafe qüsuridin, ya səfər xətri həzəridin mülazimət əyağ çəkmiş ola. Hərgah qapıçi Şənbə atlığ kişi ki, əgər nəuzü-billah bu at ləfzi Beytül-müqəddəs qapusida mərqum bolsa, bir əqli-bavücud daniş tifl yanlığ bu ləfzi-məzkur şamətindin ol qürb civardin evimiz və cəm`i-bikəslardin yəraq bu at əgər mətlubi-müvafiq tilina səhvən cari bolsa talibi-sadiq ümdən tələbi-rəhgüzariğə yüz qoymas...".
Sadiqinin buradakı incə yumorlu dili Füzuli "Şikayətnamə"sini xatırladır. Müəllif bir tərəfdən, məktubda kinayə ilə xanın ona az maaş verdiyini, özü ilə uzun səfərlərə aparıb yorduğunu bildirir, digər tərəfdən, xanın qapıçısını - Şənbə adlı məmuru tənqid edir. Sadiq bəyin bəzi digər əsərlərində də məmurlar ciddi tənqid atəşinə tutulmuşlar .
Sadiq bəy
Əfşarın məktubları orta əsrlər
türkdilli nəsrimizin, epistolyar
ədəbiyyatımızın daha ətraflı
tədqiqi baxımından əvəzedilməz mənbələrdir.
Paşa
ƏLİOĞLU
AMEA
M.Füzuli adına Əlyazmalar İnstitutunun direktor əvəzi
525.ci- qəzet.- 2015.- 21 oktyabr.- S.6.