Müasir Azərbaycanın sürətli
inkişaf modeli
VÜQAR BAYRAMOV: "PREZİDENTİN REALLAŞDIRDIĞI SON İQTİSADİ İSLAHATLAR MULTİ-EFFEKTLƏRƏ MALİKDİR"
Prezident
İlham Əliyevin təşəbbüsü ilə
sahibkarlıq sahəsində yoxlamaların 2 il müddətinə
dayandırılması, lisenziyaların sadələşdirilməsi
və "ASAN xidmət" mərkəzlərinə verilməsini
nəzərdə tutan yeni qaydaların müəyyənləşməsi
ilə bağlı İqtisadi və Sosial İnkişaf Mərkəzinin
sədri, iqtisadçı alim Vüqar Bayramov "525"ə
müsahibə verib.
-Vüqar
müəllim, sahibkarlıq sahəsində yoxlamaların
dayandırılması və lisenziyaların sadələşdirilməsi
iqtisadiyyatımıza, sahibkarlığın inkişafına
necə təsir edəcək?
- Müasir Azərbaycanın sürətli inkişaf
modelinin yaradıcısı olan İlham Əliyevin rəhbərliyi
ilə ölkəmizdə sahibkarlığın
inkişafı ilə bağlı hər zaman nümayiş
etdirdiyi siyasi iradəyə uyğun olaraq özəl sektorunun
inkişafını strateji anlamda dəstəkləyən yeni
islahatlar məhz dövlət başçısının
adı ilə bağlıdır. Bu islahatlar Azərbaycan
iqtisadiyyatında şaxələnməsini genişləndirməklə
yanaşı, 2020-ci ilədək olan hədəflərin
reallaşmasında mühüm mərhələ olacaq. Bu mənada, Prezident İlham Əliyevin Nazirlər
Kabinetinin 2015-ci ilin doqquz ayının yekunlarına dair
iclasındakı çıxışından çox
qısa zaman sonra sahibkarlığın inkişafı ilə
bağlı real və strateji addımlar atılmaqdadır.
Dövlət başçısı sahibkarlıq fəaliyyətinin
xüsusi razılıq (lisenziya) tələb olunan
bütün növləri üzrə (dövlət təhlükəsizliyindən
irəli gələn hallar istisna olmaqla) xüsusi
razılıq (lisenziya) verilməsi İqtisadiyyat və Sənaye
Nazirliyinə həvalə etməklə yanaşı vergi yoxlamaları
istisna edilməklə bütün növ yoxlamaların 2 il
müddətində dayandırılması ilə
bağlı qanun layihəsini parlamentə təqdim edib. Beləliklə, dövlət
başçısının bir neçə gün öncə
tezisləri ilə anonsu verilən sahibkarlığın
inkişafındakı yeni mərhələ
reallaşmaqdadır. İqtisadiyyatın
tam liberallaşması, qeyri-neft sektorunun
dayanıqlığının təmin edilməsi və
dövlət büdcəsində vergili daxilolmaların
artırılması və nəhayət iqtisadi diversifikasiya
ilə bağlı hədəflərə nail olunması
istiqamətində ciddi addımlar atılmaqdadır.
- Qlobal
iqtisadi böhran fonunda, ilin 9 ayı ərzində Azərbaycanda
sosial-iqtisadi inkişafla bağlı əldə olunan nəticələri
necə qiymətləndirirsiz?
- Qlobal və
regonal çətinliklərin müşahidə edildiyi bir
dövrdə bu ilin 9 ayının iqtisadi və sosial nəticələri
bir daha təsdiq edib ki, Azərbaycanda həyata keçirilən
düzgün iqtisadi siyasət öz real töhfələrini
verməkdədir. İqtisadiyyatdakı artım tempi qorunub
saxlanılmaqla yanaşı iqtisadi inkişaf neft sektorundan
qeyri-neft sektoruna transfer edilir. İki rəqəmli
iqtisadi inkişafa malik olan qeyri-neft sektorunun inkişafı
birbaşa sahibkarlığın dəstəklənməsi nəticəsində
özəl sektorun genişlənməsi ilə əlaqədardır.
Bu inkişafın dayanıqlığı isə
birbaşa sahibkarlığın dəstəklənməsi ilə
bağlı həyata keçiriləcək islahatlar ilə
bağlıdır. Məhz dövlət
başçısının hər zaman nümayiş etdirilən
siyasi iradəsi ilə reallaşan son islahatlar da
iqtisadiyyatın dayanıqlığını möhkəmləndirəcək.
Qlobal iqtisadi durum çətinləşməkdədir.
Böhran hətta inkişaf etmiş ölkələrdə
belə müşahidə olunur. Belə
bir şəraitdə Azərbaycan dövləti
sahibkarlığın inkişafına hər cür dəstək
həyata keçirir. Azərbaycan regionda
sahibkarlığın inkişafına ən çox
birbaşa maliyyə yardımı göstərən ölkədir.
Artıq maliyyə yardımı ilə
yanaşı, sahibkarları narahat edən bütün
bürokratik problemlər aradan qaldırılmaqdadır. Hər zaman sahibkarların yanında olan və onlara
öz siyasi dəstəyini nümayiş etdirən dövlət
başçısının imzaladığı son sənədlər
isə sahibkarlığın inkişafında yeni mərhələnin
başlaması barədə anonsunun reallaşması kimi də
qiymətləndirmək olar. Bu islahatlar
sahibkarlığın inkişafında kifayət qədər
müsbət radikal dəyişikliklərə gətirib
çıxaracaq. Bu, sahibkarlarla dövlət
qurumları arasında ünsiyyətin
minimumlaşdırılmasına və yersiz müdaxilələrin
tamam aradan qaldırılmasına səbəb olacaq. Elektronlaşma yolu ilə sahibkarlarla dövlət
qurumları arasında əlaqə məhdudlaşdırılacaq.
- Yeni
qaydalarla sahibkarlığın inkişafına mane olan amilləri
tamamilə aradan qaldırmaq mümkün olacaqmı?
-
Prezidentin reallaşdırdığı son iqtisadi islahatlar
sahibkarlığın inkişafını
stimullaşdırmaqla yanaşı, sosial təsirlər də
daxil olmaqla multi-effektlərə malikdir. Son iki sənəd
dövlət başçısının
sahibkarlığın inkişafı ilə bağlı siyasi
iradəsini bir daha nümayiş etdirməklə
yanaşı, eyni zamanda özəl sektorunun inkişafında
yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir.
Azərbaycanda sahibkarlıq sferası liberal
münasibətlərə və məmur-sahibkar birbaşa
ünsiyyətinin məhdudlaşdırıldığı mərhələyə
qədəm qoyur. Bu artıq özəl
sektorun inkişafında yeni mərhələnin
açılmasına səbəb olmaqla yanaşı, Azərbaycanın
makro-iqtisadi göstəricilərinə də birbaşa pozitiv
təsir göstərəcək. Sənədlərdə
sahibkarlara göstərilən bütün xidmətlərdə
şəffaflığın gücləndirilməsi, səmərəliliyin
artırılması kimi məsələlərin öz əksini
tapması da məhz ondan xəbər verir ki, həm dövlət
qurumları, həm də sahibkarların özləri şəffaf
şəkildə fəaliyyət göstərəcəklər.
Dövlət qurumlarının müdaxiləsinin
azalması sahibkarların da şəffaf şəkildə
öz fəaliyyətlərini qurmalarına səbəb
olmalıdır. Bu sahibkarlıq sferasında
artıq yeni, liberal və sivil münasibətlərin
formalaşması deməkdir.
Bu mənada, lisenziyaların "ASAN xidmət"ə həvalə
edilməsi sahibkarlara heç bir süründürməçilik
və əlavə xərclər olmadan bütün növ
lisenziyaları almaq imkanı verəcək. Monitorinqlər
göstərir ki, əksər hallarda sahibkarlar tək
lisenziyaya görə ödəniş etmirlər, bunun
üçün əlavə pul verməli olurlar. Lisenziyaların sayının azaldılması,
elektronlaşdırılması və sadələşdirilməsinə
ehtiyac var idi. Lisenziyaların sektoral
olması da olduqca vacib idi. Məsələn,
qida sənayesində fəaliyyət göstərən
sahibkarlar istər-istəməz qida növlərinə
uyğun olaraq ayrı-ayrı lisenziyalar almalı olurdular.
Təbii ki, buna ehtiyac yox idi. Sektoral sistemin tətbiqi
iman verəcək ki, sahibkar yalnız bir lisenziya almaqla eyni
sektorda fəaliyyət göstərmək imanları əldə
etsin. Yeni qaydaların tətbiqindən sonra həm
lisenziyaların sayının azaldılması, həm də
onların verilməsi bütün bürokratik əngəllərin
aradan qaldırılması üçün müşahidə
ediləcək. Hamı razılaşır
ki, "ASAN xidmət"in səlahiyyətinə daxil edilən
bütün xidmətlərdə korrupsiya, rüşvət,
süründürməçilik kimi neqativ hallar tamamilə
aradan qaldırılır. Bu o deməkdir
ki, artıq sahibkar lisenziya almaq üçün nə növbəyə
durmalı, nə də "vasitəçi" axtarmalı
olacaq, o sadəcə dövlət rüsumunu ödəməklə
qısa zamanda lisenziyaya sahib olacaq. Bu isə
inkişaf etmiş ölkələrdəki təcrübəyə
tətbiq edilən islahat deməkdir. Lisenziyaların
sayının azaldılması eyni zamanda sahibkarların xərclərini
azaldacaq. Bu həm leqal xərclərin
azaldılması, həm də qeyri-leqal xərclərin birdəfəlik
ləğv edilməsi deməkdir. Eyni zamanda,
İqtisadiyyat və Sənaye Nazirliyi həmçinin Prezident
yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə
sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi
üçün tələb olunan xüsusi razılıq
(lisenziya), sertifikat, şəhadətnamə və digər sənədlərin
elektron qaydada verilməsini təmin edən "Elektron
lisenziya" portalının yaradılması istiqamətində
işləri sürətləndirəcək. Bu
lisenziyalar ilə yanaşı digər sənədlər
üçün də elektron müraciət və əldə
etmək imkanları deməkdir.
Yoxlamaların
sayının azaldılması sahibkarlara öz fəaliyyətlərini
tam planlaşdırma, iş rejimində hər
hansı inzibati fasilələrin baş verməməsi, xərclərə
qənaət və ən əsası özəl sektorun genişlənməsi
deməkdir. Aparılan monitorinqlər də göstərir ki,
sahibkarların fəaliyyətini daha çox yoxlama hüququ
olmayan bir sıra dövlət orqanları yoxlayırlar və bu,
heç də sahibkarlara xoş niyyətdən irəli gəlmir.
Yoxlama hüququ olan dövlət
orqanlarının fəaliyyətinin də tənzimlənməsi,
yoxlamaların elektron qeydiyyatının aparılması zəruri
idi. Artıq sözügedən qurumlar
növbəti 2 ildə sahibkarların fəaliyyətini
yoxlamaq və eləcə də müdaxilə etmək
imkanına malik olmayacaqlar. Aydındır
ki, elektron mexanizmlər tam formalaşdırıldıqdan sonra
sözügedən müddət limitsiz uzadılacaq. Yeni sistem məmurların, sahibkarların fəaliyyətinə
yersiz müdaxilələrə heç bir halda imkan verməyəcək.
Sahibkar sadəcə dövlət
qarşısında məcburi öhdəliklərini, o
cümlədən, dəqiq hesablanmış vergiləri
vaxtında ödəməklə öz işlərini azad
şəkildə qura biləcəklər.
- Ölkədə
bəzi iş yerlərinin bağlanmasında sahibkarların fəaliyyətinə
edilən qanunsuz müdaxilələrin təsiri varmı?
-
Sahibkarlığın inkişafına dövlət dəstəyinin
genişləndirilməsi eyni zamanda sosial əhəmiyyət
daşıyır. İnkişaf etmiş özəl sektor daha
çox yeni iş yeri deməkdir. Bu ilin 9 ayında 30 min
iş yeri bağlansa da 67 min yeni iş yeri yaradılıb. Təbii
ki, dayanıqlı inkişafa malik olan ölkəmizdə
iş yerlərinin bağlanması heç bir halda arzuolunan
deyil. Aparılan tədqiqatlar göstərir ki,
iş yerlərinin bağlanmasında sahibkarların fəaliyyətinə
yersiz müdaxilələrin təsiri az deyildi. Belə
müdaxilələr sahibkar üçün əlavə xərc
və iş fəaliyyətində fasilələr ilə nəticələnirdi.
Yersiz müdaxilələrin tamamilə aradan
qaldırılması sahibkarlara vəsaitlərə qənaət
etməyə imkan verməklə yeni iş yerlərinin
sayını artırmağa şərait yaradacaq. Bu baxımdan, son islahatlar eyni zamanda məşğulluğun
tam təmin baxımdan böyük təsirlərə malik
olacaq. Bu bilavasitə əmək qabiliyyətli
əhalinin daha yüksək maaşlı və
dayanıqlı işlə təmin olunması imkanları deməkdir.
Deməli, son islahatlar eyni zamanda yeni iş yerlərinin
yaradılması və biznes mühitinin daha da
canlandırılmasına səbəb olacaq.
Sahibkarlığın inkişafı maliyyə və məzənnə stabilliyi baxımından da olduqca vacibdir. Belə ki, sahibkarlığın inkişafı idxaldan asılılığın aradan qaldırılmasında ciddi rol oynayır. Xüsusən də ərzaq və gündəlik istehlak mallarının yerli istehsal hesabına təmin edilməsi ölkədən valyuta axınının qarşısını alır. Aydındır ki, idxal ölkədən valyuta aparır. İdxalın həcminin yerli istehsalın genişləndirilməsi hesabına azaldılması isə valyutanın ölkədə qalmasına səbəb olur. Bu baxımından, sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi eyni zamanda maliyyə və məzənnə stabilliyi baxımından olduqca əhəmiyyətlidir. Özəl sahibkarlığın inkişafı milli valyutaya iqtisadi və psixoloji təzyiqin ciddi azaldılmasına gətirib çıxara bilər.
- Prezident İlham Əliyevin vurğuladığı kimi, 2016-cı il ölkəmiz üçün asan il olmayacaq. Bu mənada, dövlətin iqtisadi sahədə, xüsusilə sahibkarlığın inkişafı baxımından atdığı son addımlar Azərbaycanı iqtisadi problemlərdən qoruyacaqmı?
- Son islahatlar ölkəmizdə dayanıqlı iqtisadi artım tempinin qorunub saxlanılmasına imkan verəcək. 2016-cı ildə 1,8 faiz artım proqnozlaşdırılan ölkəmizdə ümumi daxili məhsuldakı artım Avropa üçün orta göstəricidən də çox olacaq. 2016-cı il də daxil olmaqla növbəti illərdə dayanıqlı iqtisadi inkişaf tempi birbaşa sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi hesabına baş verəcək. Artıq qeyri-neft sektoru iqtisadiyyatın lokomotivinə çevrilib. Bu isə o deməkdir ki, növbəti illərdə də Azərbaycan qlobal və regional çətinliklərin, o cümlədən, neftin dünya bazar qiyməti aşağı səviyyədə qalmasının təsirlərindən sığortalana biləcək.
Sahibkarlığın inkişafında yeni mərhələnin başlaması həmçinin dövlət rezervlərimizin həcminin qorunub saxlanılması baxımından əhəmiyyətlidir. Dünya bazarında strateji məhsulların qiyməti qənaət rejiminə uyğun olaraq xarici valyuta aktivlərinin həcminin qorunub saxlanılması strategiyasının reallaşmasına səbəb olub. Göründüyü kimi, artıq sahibkarlığın inkişafında yeni və olduqca mühüm mərhələ başlayır. Liberal iqtisadiyyat və azad bazarı əsas iqtisadi prinsiplər elan edən ölkəmizdə sahibkarlığın inkişafında başlanan yeni mərhələ xarici faktorların milli iqtisadiyyata təsirlərini minimumlaşdıra biləcək. Bu isə dayanıqlı iqtisadiyyatın möhkəm təməllər üzərində formalaşmasına imkan verəcək.
Ceyhun ABASOV
525-ci
qəzet.- 2015.- 21 oktyabr.- S.4.