Səma mələkləri: AZAL stüardessalarının işinin sirləri  

 

Stüardessaların işi həmişə romantika ilə əhatə olunub, lakin az adam bilir ki, "səma mələyi" (bort baxıcılarını çox vaxt belə adlandırırlar) olmaq üçün xeyli səbr, əzmkar iş və fiziki güc tələb olunur.

 

Bugünkü reportajda romantik görünən, lakin çətin olan bu işin sirlərini üzə çıxarmağa çalışacağıq.

 

Əksər insanların təsəvvüründə bort baxıcılarının əsas vəzifəsi təyyarə sərnişinlərinə gözəl və layiqli xidmət etməkdir. Nigar Qasımzadə ilə söhbətdən sonra bu stereotipin yanlışlığına əmin oldum. Bu, çox zərif və ünsiyyətdə xoş təsir bağışlayan qız "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) bort baxıcılarının rəhbəridir. Xoş görünüşün arxasında güclü və əzmkar xarakter gizlənir - bu keyfiyyət olmadan Azərbaycanın milli aviadaşıyıcısının təqribən 400 bort baxıcısına rəhbərlik etmək mümkün olmazdı.

 

Həqiqətdə isə bort baxıcı həkim, psixoloq, tərbiyəçi olmalı, təhlükəli yüklərin daşınması qaydalarını və bir çox başqa şeyi bilməlidir.

 

Bir sözlə sərnişinlərin həyat və təhlükəsizliyi bu insanlardan asılıdır.

 

Və onlar aşağıdakı tələblərə cavab verməlidirlər:

 

- Qızların boyunun hündürlüyü 165 santimetrdən az və 180 santimetrdən çox olmamalıdır;

 

- Oğlanların boyunun hündürlüyü 175 santimetrdən az olmamalıdır;

 

- Namizədlərin yaşı 18-30 (daxil olmaqla) arasında olmalıdır;

 

- Azərbaycan və rus dil bilikləri mükəmməl, ingilis dili biliyi isə "pre-intermediate" və ya "intermediate" səviyyəsində (digər əcnəbi dil bilikləri alqışlanır) olmalıdır.

 

Bort baxıcı xoş xarici görünüşündən başqa, çətin iş şəraiti nəzərə alınmaqla tam sağlam olmalıdır. Bort baxıcı vəzifəsinə iddia edənin sağlamlıq vəziyyətini xüsusi tibbi komissiya təyin edir. Hətta işə düzəldikdən sonra ildə bir dəfə həmin komissiyadan keçmək lazımdır. Tibbi komissiyadan keçərkən ürək-damar sisteminə, görmə qabiliyyətinə və psixoloji vəziyyətə xüsusi diqqət yetirilir. Bort baxıcıları üçün stresə davamlılıq və adekvatlıq çox vacib keyfiyyətlərdir.

 

Lakin bu da hamısı deyil. AZAL-ın bort baxıcısının işi xüsusi hazırlıq tələb edir. Stajçılar iki aydan 3 ay müddətədək davam edən təlimi Azərbaycan Milli Aviasiya Akademiyasında keçirlər.

 

Təlim nəzəri və praktiki hissələrdən ibarətdir. Təcrübəli mütəxəssislər hava gəmilərinin düzəldilməsi barədə məlumat alırlar, sərnişin salonlarının texniki və məişət avadanlığı, eləcə də aviasiya mətbəxi ilə tanış olurlar, xilasetmə avadanlığından istifadə etməni, münaqişəli vəziyyətləri həll etməyi və ilkin tibbi yardım göstərməyi öyrənirlər.

 

AZAL-ın gələcək bort baxıcıları praktik məşğələləri təyyarə salonlarına və sərnişinlərə bənzədilən müasir trenajorlarda keçirlər.

 

Yuxarıda qeyd edildiyi kimi bort baxıcıları ilkin tibbi yardım göstərməyi bacarmalıdırlar:

 

- Təzyiq ölçmək

 

- Ürək masajı etmək və süni nəfəs vermək

 

- Kəllə-beyin travması zamanı ilkin tibbi yardım göstərmək

 

Diqqət!

 

- Bort baxıcıları doğuş qəbul etməyi və yeni doğulmuş körpəyə ilkin tibbi yardım göstərməyi bacarmalıdırlar.

 

Qəribə olsa da bəzi bort baxıcıları bu standart proseduru məmnuniyyətlə yerinə yetirirlər.

 

Bort baxıcıları işə qəbul edilərkən üzmə bacarığı mütləq hesab edilir.

 

Stajçılar təlim kursunu keçdikdən sonra 50 saat uçuşda olmalıdırlar və yalnız bundan sonra nəhayət bort baxıcı qismində çoxdan gözlənilən uçuşlara çıxış əldə edə bilərlər.

 

Bəs görəsən bu gözəl, ağıllı qızlar bort baxıcı peşəsini niyə seçiblər? Cavab onların sevinc və nikbinliklə dolu gözlərində gizlənir.

 

Onların hekayəsini dinlədikcə başa düşürsən ki, həvəs onları bort baxıcı edib.

 

Sevda Zamanova Buzovna qəsəbəsində anadan olub və uşaqlıqdan inanıb ki, aeroportda işləyəcək. O, beş il əvvəl aeroportun təhlükəsizlik xidmətində işə daxil olub: "Hələ o zaman stüardessa kastinqində özümü yoxlamaq istəyirdim, lakin evdən icazə vermirdilər. Çünki hesab edirdilər ki, bort baxıcı işi təhlükəldir. Təhlükəsizlik sahəsində iş mənə əyani şəkildə göstərdi ki, Azərbaycanın mülki aviasiyasında təhlükəsizlik hansı səviyyədədir. Buna valideynlərim də əmin olduqdan sonra mən nəhayət uşaqlıq arzumu həyata keçirmək qərarına gəldim. Hərçənd mənim peşəm mühəndis-ekoloqdur və hazırda magistraturada oxuyuram, indi buradayam və arzuma doğru ilk və ən vacib addım atdığıma görə çox şadam".

 

İxtisasca ingilis dili müəlliməsi olan Alla Qurşumova keçmiş işində müxtəlif tədbirlərin təşkili ilə məşğul olub: "Belə iş yüksək ünsiyyətcillik və gülərüzlülüyü tələb edir. Bütün bunlar mənim həddən artıq xoşuma gəlirdi. Sözün düzü uşaqlıqdan stüardessa olmağı arzulayırdım, lakin nə isə məni həmişə dayandırırdı. AZAL-ın stüardessa seçimi apardığını öyrənəndə mən qərarımı verdim. Müsahibədən keçdim və budur mən buradayam və buna çox şadam".

 

Gənc stajçıların nikbinliyi başa düşüləndir, lakin indi bu çətin və eyni zamanda çox maraqlı sahədə bir ildən çox işləyənlərlə söhbət etməyin əsl vaxtıdır. Yəni səmanın romantikası o qədər böyükdürmü ki, bort baxıcıları illərlə uçurlar və hətta peşəni dəyişmək fikrini ağıllarından belə keçirmirlər?

 

AZAL-ın bort baxıcı-briqadiri Liliya Lenskaya bütün yeni işçilərə təkrarlamağı sevir: "Əgər uçuşlara başladıqdan sonra il ərzində başqa iş tapmamısınızsa, deməli özünüzü həmişəlik aviasiya ilə bağlamısınız".

 

Bu insanlar işlərini sevirlər, hətta bu ağlasığmaz iş qrafikini sevirlər. Bilmirsən ki, sabah hansı saat qurşağında olacaqsan. Və özləri etiraf edirlər ki, səhər saatlarından axşam saatlarınadək ofis rejimində işləyə bilməzlər.

 

Daha bir stereotip var - belə iş rejimində bort baxıcılarının şəxsi həyat üçün vaxtları qalmır. Lakin AZAL-ın bort baxıcılarının özlərinin etiraf etdiyi kimi istək olsa, şəxsi həyat üçün vaxt həmişə tapılar.

 

AZAL-da bort baxıcılarının uçuş ekipajı və ya yerüstü xidmətinin əməkdaşları ilə ailə qurmaları ilə bağlı çox nümunə var. Bütün bort baxıcıları planlaşdırılmış reysdən iki saat əvvəl işə gəlirlər. Uçuşdan əvvəl brifinq keçirilir, bu, uçuşdan əvvəl qısa iş yığıncağına bənzəyir.

 

Hər bir bort baxıcı özü ilə pasport (onların xidməti pasportu var), bort baxıcının lisenziyasını, tibbi və sanitar sertifikat, iş qol saatı, işə buraxılış və iş fənərini götürməlidir.

 

Uçuşdan əvvəl brifinq zamanı briqadir hər bir bort baxıcıda sənədlər paketinin olub-olmamadığını yoxlayır, bundan sonra bütün komanda qol saatlarında vaxtı tutuşdurur. Brifinq zamanı kabin ekipajının bütün üzvləri əgər əvvəllər birlikdə uçmayıblarsa, öhdəlikləri bölüşdürürlər. Brifinqdən sonra hər bir bort baxıcı uçuşdan əvvəl tibbi baxışdan keçir.

 

Uçuşdan əvvəl tibbi baxış aeroportun tibb məntəqəsi otağında tibb işçiləri tərəfindən fərdi qaydada aparılır. Bu zaman ekipajın digər üzvlərinin və kənar şəxslərin girişi qadağan olunur. Tibbi nəzarətdən keçmə faktı tibb məntəqəsinin həkimi tərəfindən uçuş üçün tapşırığın əks tərəfində ştampla təsdiq edilir. Uçuşdan qabaq tibbi baxışdan keçdikdən sonra bort baxıcı ekipajı təyyarəyə qalxır.

 

Ekipaj havaya qalxmazdan saat yarım əvvəl təyyarəyə qalxır - bort baxıcılarının öz xidməti girişi var.

 

Təyyarəyə daxil olan bort baxıcıları işə başlayırlar. Hər şey çek-list üzrə təyyarənin yoxlanılmasından başlayır - bu nə etməli olduğuna dair xüsusi təlimatdır (siyahı).

 

Bort baxıcıları bütün qəza-xilasetmə vasitələrinə baxır və sərnişinlərin təhlükəsizlik kəmərlərinin qaydasında olub-olmamadığını yoxlayır. Çatışmazlıq olarsa, bu barədə baş bort baxıcıya dərhal məruzə edilir.

 

Uçuşdan əvvəl jurnal və qəzetlər yerbəyer edilir.

 

Bu vaxtadək "Sky Catering" komandası qidanı göyərtiyə gətirir. Bort baxıcı isə menyunu yoxlayır.

 

Əsasən qida reysə gediş-gəliş nəzərə alınmaqla gətirilir, reysin müddəti uzun olarsa, əks istiqamətdə reys üçün qida tranzit aeroport tərəfindən təmin edilir. Bundan başqa vaxtında çay qaynatmaq və içkilər hazırlamaq lazımdır.

 

Həmkarları arasında böyük nüfuza malik olan bort baxıcı-briqadir Liliya Lenskaya bütün bu prosesi diqqətlə müşahidə edir.

 

Budur, ilk sərnişinlər artıq təyyarəyə daxil olur, onları mütləq təbəssüm dolu sima ilə qarşılamaq lazımdır. Bundan başqa sərnişinləri saymaq, uşaqla olan sərnişinlərin harada oturduğunu yadda saxlamaq, əl yükünü qoymağa kömək etmək və uçuşdan qorxanları sakitləşdirməyə çalışmaq lazımdır.

 

Bort baxıcılarının bir dəqiqəlik istirahəti var, lakin onlara mürgüləmək olmaz. Hər 20 dəqiqədən bir onlar salonu, tualet otaqlarını yoxlamalı, sərnişinlərin səhhəti ilə maraqlanmalıdırlar.

 

Bununla belə, işin bütün çətinliklərinə baxmayaraq, bort baxıcılarının az qismi səmanı yerə dəyişməyə razı olar.

 

Mülki aviasiyanın istənilən təyyarəsində ən birinci və əsas insan - göyərtədə baş verən hər şeyə şəxsən məsuliyyət daşıyan hava gəmisinin komandiridir (kapitan). Təyyarənin salonunda sizin üçün başda baş bort baxıcı olmaqla bort baxıcılarından ibarət komanda işləyir. Baş bort baxıcı təyyarənin göyərtəsində hava gəmisinin komandirinin müavinidir. Sən demə, hər reys üçün heyəti xüsusi kompüter proqramı müəyyənləşdirir. Proqramda bütün bort baxıcıları üçün böyük məlumat bazası var.

 

Yekdil işləyən və dərhal ümumi dil tapan komanda var, lakin təəssüf ki, istisnalar da olur. İstənilən halda burada baş bort baxıcılarının təkrarlamağı sevdiyi kimi "bütün problemlərinizi və şəxsi münasibətlərinizi şlaqbaum arxasında qoymalısınız".

 

AZAL-ı fərqləndirən xüsusiyyət burada nəsillərin bir-birini əvəz etməsidir. Aviaşirkətin bort baxıcıları da istisna təşkil etmir.

 

Valentina Əlizadə təqribən 1 ildir bort baxıcı kimi çalışır, bu yaxınlarda bort baxıcı-briqadir vəzifəsinə təyin edilib. Aviasiyaya təsadüfən gəlməyib - onun anası AZAL-da bort baxıcı kimi uçub, analar isə pis şeyi məsləhət etməzlər.

 

Yuliya Mustafayeva valideynlərinin yolu ilə gedən daha bir varisdir. Onun atası indiyədək helikopter pilotudur, anası isə bort baxıcı işləyib.

 

Valentina və Yuliya ailəlidir və gözəl uşaqları var.

 

Ramina Mahmudova aviasiyaya yeni gəlib, lakin artıq həyatını təyyarələrsiz təsəvvür etmir. Gözəl və bacarıqlı qız elan üzrə aviasiyaya gəlib. Rəhbərlik tərəfindən yaxşı işinə görə dəfələrlə qeyd edilib.

 

Görüşdə iştirak edən həmkarlarından fərqli olaraq İradə Məmmədova hələ ailə həyatı qurmayıb və görüşdüyü biri də yoxdur. Lakin hələ hər şey qabaqdadır, axı onun cəmi 21 yaşı var. İradənin atası uzun müddət onu bort baxıcı olmaq fikrindən daşındırmağa çalışıb, axı o, aviasiyada bütün çətinlikləri və işin məsuliyyətini başqalarından daha yaxşı bilir. İradənin atası yük aviaşirkətində hava gəmisinin komandiridir. Atasının sözlərinə baxmayaraq, möhkəm xarakterə malik olan İradə arzusuna çatıb. Azərbaycan, ingilis və rus dillərini mükəmməl bilir, qarşısına heç şübhəsiz nail olacağı məqsədlər qoyur.

 

Bort baxıcılarının yüksək uçuş intensivliyi var. Bir çox reyslər dönüşlüdür, yəni bir gün ərzində təyinat məntəqəsinə və dərhal geriyə uçurlar. Lakin ABŞ və ya Çinə (estafet reysləri) uçanda onların istirahət üçün vaxtı var. Kabin ekipajı mehmanxanada yerləşir, onların şəhərə çıxmağa, görməli yerlərə baxmağa, gəzməyə, alış-veriş etməyə vaxtı olur.

 

Düzdür, aviaşirkətin daxili nizamnaməsinə əsasən, onlara bəzi məhdudiyyətlər də var, məsələn, uçuşdan əvvəl istirahət məcburidir, şəhərin olması tövsiyə edilən bir sıra rayonları konkret cızılır, oteldən çıxarkən ekipajın hər bir üzvü mütləq qaydada briqadiri gedəcəyi yer barədə məlumatlandırmalıdır. Yerli vaxtla saat 21:00-dan sonra komandadan ayrılmaq arzu edilən deyil.

 

Bort baxıcıları göyərtədə qeyri-ştat vəziyyətində köməyə gəlməyə, qəza halında isə həyatınızı xilas etməyə hazırdırlar. Onların stresslə bol çətin işləri var, lakin istənilən şəraitdə mehriban davranmalı və üzlərində təbəssüm olmalıdır. Bort baxıcıların çətin işlərinin olduğuna əmin olduqdan sonra şəxsən mən gələcəkdə onların həyatını maksimum yüngülləşdirməyə və təyyarənin göyərtəsində ştatdan kənar vəziyyətlər yaratmamağa çalışacağam. Əminəm ki, siz də həmçinin.

 

Nara NURƏLİYEVA

Trend

525-ci qəzet.- 2015.- 22 oktyabr.- S.8.