Bir ömür var söz içində
ŞAİR-PUBLİSİST VAQİF BƏHMƏNLİNİN YARADICILIĞI HAQQINDA DÜŞÜNCƏLƏR
Yaxşı
təbi və incə zövqü olan istedadlı şair ədəbiyyat
hadisəsi, dürüst və vicdanlı adam
isə mənəviyyat hadisəsidir. Amma bir adamda həm parlaq
ədəbi istedadın, həm də yüksək insani
keyfiyyətlərin birləşməsi bizim günlərdə
az qala qeyri-adilik sayılır. Bu mənada təpədən-dırnağacan ruh
adamı olan şair Vaqif Bəhmənli
yaradıcılığı və şəxsiyyəti ilə
qeyri-adi şəxsiyyətlərdən sayıla bilər.
Kimsə yaxşı deyib ki, söz adamının
tanınması üçün onun öz bədii kəşfləri
kifayət deyil, gərək bu yaradıcı şəxsin
özünü də kəşf edənlər olsun. Bu mənada
Vaqif Bəhmənli ədəbiyyatımız,
publisistikamız, mənəvi mühitimiz və cəmiyyətimiz
üçün kəşf edilmiş yaradıcı
simalarındandır. Ona böyük ictimai
sevgi var, hər yerdə qiymətləndirir, əziz tutur, dəyər
verirlər. Əlbəttə, hər bir
insan öz sevgisi qədərdir, heç kimi sevməyəni
sevməzlər. Vaqif həm də
insanları, üstündə gəzdiyi torpağı, Vətəni,
mənsub olduğu xalqı, dostlarını sevdiyi
üçün bu qədər doğmadır adamlara.
Yaradıcılığın
od başlanğıcı
Əsl şair ruh adamıdır, seçilmişdir,
Allaha yaxındır. Ona görə də belə hesab edirlər
ki, şair xalqının yaradıcı gücünün ifadəçisi,
ruh aləmində baş verənləri düşüncə
dünyasına, bu dünyada olanları isə bilik xəzinəsinə
toplayan bələdçidir. Amma hər
şairin də ədəbi yaradıcılığa gedən
yolunun bir bələdçisi olur.
V.Bəhmənlinin ciddi yazı-pozuya, böyük ədəbiyyata
gedən yolu, sözün həqiqi mənasında, oddan
keçir. Hələ orta məktəbdə oxuyarkən kəndlərinin
taxıl zəmisinə yanğın düşməsi barədə
Füzuli rayon qəzetinə bir xəbər yazır. Yazıda kənd camaatının yanğını
necə söndürməsi barədə dramatik epizodlara da yer
verir. "Araz" qəzeti Bəhmənli kənd orta məktəbinin
8-ci sinif şagirdinin bu informasiyasını çap etməklə
təkcə bir yeniyetməni sevindirmir, həm də
böyük savab iş görərək indi 35 kitabın
müəllifi olan bir şairi qələmi yerə
qoymamağa ruhlandırır...
Bu epizodu həm də ona görə xatırladım ki,
Vaqif öz keçmişinə çox bağlı olan
adamdır, əlçatmaz uşaqlığı haqqında
yorulmadan danışan dostumuzdur. Bizim ədəbiyyatımızda
çox az qələm sahibi var ki, unudulmaz
uşaqlıq illərini Vaqif qədər sevgi və xiffətlə
nəzmə çəksin, o illərin az qala hər bir
anını lirik nəğmə kimi şeirlərə
hopdursun. Şair tez-tez xatirələrə
"bir yolsuz körpəyəm, yapış əlimdən"
deyir, "Tut ağacı" şeirində əlçatmaz
uşaqlıq illərinin poetik mənzərəsini çox
incə və kövrək boyalarla yaradır. Bu şeirdə tut ağacı şairin
doğulduğu məkanın simvoludur, uşaqlığın
unudulmaz nişanəsi, ildırımı özünə
çəkib insanları fəlakətdən xilas edən
ilahi rəmzdir. Həmin rəmzi tamamlayan,
xəyalları qanadlandıran başqa rənglər də var
- yaşıllıq içində bir kənd, boy-boya verən
ağaclar, göz işlədikcə uzanıb gedən çəmənliklər,
suyu şırıltılı arxlar, meyvə bağları,
tağları ayağa dolaşan bostanlar. Və
bir də bu mənzərəyə ruh verən müdrik Qabil
baba ilə Məşədi Səfəralının
qızı, hökmlü və zabitəli Dilbər nənə.
Vaqifin
şeirlərinə insan nəfəsi hopduran, onu ətə-qana
gətirən, isidən, bütün poetik
yaradıcılığına rəng qatan, ona təbiilik və
səmimilik gətirən bu solmaz mənzərələrdir,
bir də ətrini şeirlərinə qatdığı ana
torpaqdır:
Torpaq altda
ölülər də oyaqdı...
Dərə dağa, dağ dərəyə dayaqdı.
Nəki
dik var, səcdə yeri ayaqdı -
Ayağına bağlanan baş qurumaz.
Bir şair kimi Vaqifin ruhu, xəyalı göylərdə
olsa da, ayağı yerdən üzülmür. İnsan torpağın
gücünü ona bağlı olanda hiss edir. Bir şair kimi
ayağı torpaqda olduğu üçündür ki, Vaqifin
poeziyasında elə-obaya, yurda bu qədər
bağlılıq, tükənməyən məhəbbət
var. Onun ilk kitabı olan "Bahar-payız arası"ndan
(1979) tutmuş, hələlik sonuncu olan "Beş
damla"yadək (2015) bütün kitablarında bu məhəbbətin
sayrışan nişanələri var.
Mən
sözün içində ömür sürürəm...
Bu ömrün sevinci və nəşəsi də, kədəri
və əzabı da var. Amma bütün hallarda V.Bəhmənli
bu ömrü vicdanla yaşayır. Özünün mənəvi ərazisi,
öz yaradıcılıq üslubu, daimi mövzuları, təbii
ki, həm də öz dəst-xətti var. Onun zəngin
yaradıcılığı üçün yalnız
şeiriyyət - sözdən şair kimi istifadə eləmək,
sözə "ehya vermək" qabiliyyəti yox, həm də
zəngin ovqat, fikir-təfəkkür materialının
bolluğu xarakterikdir (N.Cəfərov). Ən zəngin
dünyaların hopduğu bu söz materialı bir şair kimi
V.Bəhmənlinin həyatının
yaşantılarını güzgü kimi əks etdirir.
Onun baxtı da, taxtı da bu ömür boyu
qalayladığı şeirlərdədir:
Ovcumun
içindən oxunmaz baxtım,
Qanundan kənaram qaraçı kimi.
Sənətim,
sirlərin üstün açmaqdı,
Sürtgəcli, səbirli qalayçı kimi.
Hələ 70-ci illərin əvvəllərində V.Bəhmənlinin
qələmindən çıxan bir çox şeirlər gənclərin,
xüsusən tələbələrin dillər əzbəri
idi. Onun
"Mənim nənəm sizdədi", "Qızlar bulaq
üstə gələr", "Sən tərəfdən əsən
külək", "Bu qızlar nə yaman gözəlləşiblər",
"Üzlük", "Payız məhəbbətim",
"Arazım", "Bir kənd qoyub gəlmişəm"
adlı şeirləri ədəbiyyatımıza yeni bir nəfəsin
gəlişindən xəbər verirdi. Bu poetik
nümunələrdəki yeni ruh, obrazlı düşüncə
və maraqlı ifadə tərzi Vaqif haqqında bir şair
kimi inamla danışmağa əsas verirdi. 23 yaşında ikən nüfuzlu "Azərbaycan"
jurnalının onu ədəbi ictimaiyyətə təqdim etməsi,
artıq Vaqifin müəyyən estetik idealı olan bir söz
sahibi kimi ədəbi üfüqlərdə
parlamasının ciddi göstəricisi idi.
Bəxtəvər
doğulmuşam - Günəşin özü kimi,
Ulduzun
işartısı, Ayın ziyası təndə,
Əbədi
yük çəkirəm, canım yelkənli gəmi,
Dünyanı daşıyıram girdə, yumru bədəndə.
Ədəbiyyata gəldiyi enerji ilə də uzun illər davam etmək çox az-az yaradıcı şəxsə nəsib olur. Çox az şair tapılar ki, ilk poetik nümunələrindəki sevgi və səmimiyyəti getdikcə şaxələnən yaradıcılığında da təravətli saxlasın, sözünü bu enerji və təbiiliklə qidalandırmış olsun. Tükənməz ilham sahibi olan V.Bəhmənlinin şairliyinin hikməti istedad, zəhmət və səmimiyyətdir. "İndi yazdıqlarımla 30 il əvvəl yazdıqlarımın ürəyinin döyüntüsünün eyni olduğunu hiss eləyirəm. Ruh eynidi, amma sonrakı şeirlərin daha ağıllı, daha düşüncəli olduğunu da görürəm. Mənim həyat devizim belədir: "İstedad+zəhmət +bilik". Bunlar vacib şərtlərdir. Yaradıcılıq həm də elmdir. Ədəbiyyatda daimi dinamika var. Başqa elmlərdən fərqli olaraq ədəbiyyatda kəşflər hər an baş verə bilər, tapıntı gözlə-qaş arasındadır..." - bunlar altmış yaşını qeyd edən şairin ədəbi yaradıcılıq düsturudur. Məhz bu düstura sadiq qaldığı üçündür ki, Vaqifin bu gün də yazdığı hər bir şeir 30-40 il əvvəl olduğu kimi müəyyən ruhi həyəcandan, ürək döyüntüsündən, hissi təbəddülatlardan və çarpazlaşan duyğulardan qaynaqlanır.
Yalandı, günahdan yaranır,
yalandı, min ahdan yaranır,
Bir uca
taxtdan yaranır,
göydəki Allahdan yaranır -
Heç
nədən,
heç
nədən yaranır şeir!
Ruhi çırpıntılardan, düşüncənin
dərin qatlarından süzülüb gələn bu misralar,
şairin dediyi kimi heç də "heç nədən"
yaranmır.
Bunun üçün dərin hisslər, insan şüurunun
alt qatındakı duyğu burulğanları, ali
düşüncənin özü daim ayıq
olmalıdır. Axı əbəs yerə
deyilmir ki, ədəbiyyat xalqın ruhudur, onun şüuru,
düşüncəsi, mənəvi həyatının
diriliyidir. Böyük H.Cavidə görə,
həm də millətin əhval-ruhiyyəsinin,
ovqatının ifadəsidir. Bu mənada
V.Bəhmənli mənim üçün poeziyamızda milli
psixologiyanı, düşüncə tərzini və milli
ovqatı dürüst ifadə edən ən gözəl
şairlərdən biridir.
Sərbəst
şeirin qanadlarında
Bir də gözümüzü açdıq ki, Vaqif də
məşhur adaşları kimi bir çox şeirlərini sərbəst
vəzndə yazır, könül rübabını bu
şeir formasında da dilləndirir. Düzdür, onun şeirləri
Vaqif İbrahimin sevgi nəğmələrindəki mücərrəd
tənhalıq havasında, Vaqif Səmədoğludakı kimi
ekzistensialist ruhda, yaxud da Vaqif Bayatlının sərbəst
şeirlərindəki bir az düşkün poetik ovqatda
deyildi, obrazlar sisteminə və deyim tərzinə görə
xeyli fərqliydi. V.Bəhmənli sərbəst
şeirə tamamilə yeni nəfəs, yeni ruh, yalnız onun
özünə xas olan yeni ifadə tərzi və cazibədar
bir təbiilik gətirmişdi. Hələ ötən əsrin
80-ci illərinin əvvəllərində sərbəst
üslubda yazdığı "Yaxşılıq" (1982),
"Gülər üz" (1983) kimi fəlsəfi məzmun
daşıyan şeirlərində Vaqifin deyim tərzindəki
yenilik çoxlarının diqqətini cəlb edirdi:
Çəkildim
ilhamın
sərxoş kölgəsinə,
Gözümdən
bir damla
yaş düşdü
şeirimin
sonuncu kəlməsinə...
Ədəbi
formanın dəyişməsinə baxmayaraq, ruh etibarilə bu
şeir, 5-10 il əvvəl
"Küçələrdən keçirəm,
küçə mənə dar gəlir" yazan Vaqif Bəhmənlidir,
amma daha bişmiş, cilalanmış və daha yetkin bir
ampluada. O, heca vəzninin poetik sərhədlərini keçib
müxtəlif şeir ölçü-biçilərinin fəzasında
rahat qanad çalmaqla bir daha sübut etdi ki, həqiqi istedad
üçün forma şərtidir, önəmli olan
şairin duyumu, bədii düşüncənin miqyası,
fikrin poetik tərzi və bədii düşüncəni ana
dilinin ifadə imkanları ilə əks etdirmək məharətidir.
Düzdür, V.Bəhmənli şair kimi tanınanda
artıq sərbəst şeir ətrafında mübahisələr
səngimişdi. Nazim Hikmətdən, Rəsul Rzadan qaynaqlanan bədii
formanın klassik şeir ölçüləri ilə əlaqəsi,
xüsusən bu forma ilə dilin ifadə imkanları
arasında münasibətlər məsələsi arxa plana
keçmişdi. Amma bununla yanaşı sərbəst
üslubda yazılan poetik nümunələrə yanaşmada
müəyyən psixoloji əngəllər hələ də
qalırdı. O dövrdə poeziyamızın bir
çox qüdrətli nümayəndələri ilə
yanaşı, V.Bəhmənli kimi gənc istedadların da bu
üslubda qələm çalması yeni bədii forma kimi sərbəst
şeirin mövqelərini xeyli möhkəmləndirirdi. Çox aydın şəkildə
görünürdü ki, yaradıcılığının
ilk illərində heca vəznində bənzərsiz şeir
nümunələri yaratmış Vaqifin ilham pərisi sərbəst
şeirin sətirləri arasında da gözəl pərvaz
edir. Bu formada yazdığı poetik misralarda onun fikirləri
yeni, sözləri dipdiri, cızdığı poetik mənzərələr
isə dupdurudur:
Dünyanı
duysan, yaşasan
Bir də
görəcəksən ki,
Sinəndən
işıq süzülür,
nur
daşır.
Ürək
də torpaq kimidir -
yaxşılıq bitirmədikcə
itirir
münbitliyini,
şoranlaşır...
Namərd
bilməz dərd çəkməyi...
Poeziyanın bütün incəliklərinə bələd
olan, mayası sözlə, təbii bir ilhamla yoğrulan
"yazıçının bir işi var - yazmaqdır"
deyən V.Bəhmənlinin ədəbiyyata, ədəbi
yaradıcılığa fərqli baxışı var. Onun
fikrincə, "...şairliyin də əsasında fövqəltəbii
enerji dayanır. Bu, birinci şərtdir və izahına
ehtiyac yoxdur. İkinci şərt bilikdir.
Cahillər üçün şairlik bir
yelbeyinin qismətinə düşən gözəl kimidir və
o gözəlin pis yola düşməyi istisna deyil. Yaxşı şair olmağın
üçüncü şərti məharətdir. Bütün şərtlərin birlikdə mövcud
olduğu müstəvi, dördüncü şərt - zəhmətdir.
Bu dörd şərti birləşdirməyə
fürsət tapan şairin qüdrəti önündə qəzavü-qədər
də acizdir". Vaqif üçün şeir, həm də
Allaha qovuşmaq, ona pənah aparmaqdır:
Peşəm
can hərləmək, boş xəlbirəm ki,
Dəftərim, qələmim, dilim - Allahın.
Sözlərdən
nərdivan düzəldirəm ki,
Yetsin ətəyinə əlim Allahın.
Allaha can
atmaq özünüdərkin, yetkinlik və kamilliyin son pilləsidir.
Bu pillə şairə dünyaya sevgi ilə
baxmağı, haqsızlığa, ədalətsizliyə
göz yummamağı təlqin edir. Məhz
bir çox klassik şairlərimizdə olduğu kimi, bu mərhələdə
V.Bəhmənli yaradıcılığında ictimai motivlər
güclənir, şairin şərə qarşı
müqaviməti artır. Bu baxımdan onun
"Sağlığında qiymət verin insanlara" deyən
C.Novruz üslubunda yazdığı "Cəza" şeiri
çox ibrətamizdir:
Namərd
bilməz dərd çəkməyi,
nə dərd
varsa, mərdə verin,
Qoyun yeyib
qoyunlaşdıq,
qoyunları qurda
verin,
Ac ölənə
yağlı aşı nə xeyri var, gorda
verin,
Axirətə
saxlamayın,
hər
fərmanı burda verin -
Demirəm
ki, nəsə alın, nəsə verin insanlara,
Sağlığında,
diri-diri cəza verin insanlara!
Əlbəttə, adətən, şairin
özünün dediyi kimi, "insanı qanadlandıran bir
duyğu, ruhi vəziyyəti yüksəldən sevgi"
şeirləri ilə yanaşı, belə poetik nümunələrin
də meydana çıxması V.Bəhmənli
yaradıcılığının mövzu rəngarəngliyini
göstərməklə yanaşı, həm də onun həyat
kredosunu oxucuya bildirir. Təbii ki, bu prosesdə diqqətli oxucu şairi
böyük bir yanğı ilə insanları
yaxşılıq etməyə çağıran səsinə
də biganə qalmır:
Təzədən
gəlmək istəyiriksə, dünyaya
İçimizdəki
bütün xırdalıqları boğmalıyıq.
Anamız
bizi doğub,
Biz
yaxşılıqları doğmalıyıq.
Poeziya
dilin varlıq formasıdır
V.Bəhmənli yaradıcılığının bir
üstün keyfiyyəti də, şəffaf, büllur kimi
aydın olan dil və üslubla bağlıdır, onun
poeziyası Azərbaycan dilinin yeni ifadə imkanlarının
daha bir xarakterik nümunəsidir. Əslində əlinə qələm
alan hər kəs bilməlidir ki, poeziya ən
yaxşı sözlərin ən yaxşı şəkildə
düzümü deyil (İ.Brodski), poeziya ilk növbədə,
dilin varlıq formasıdır. Ona görə də şair bədii
dilə, üsluba və cazibədar ifadə tərzinə
estetik kateqoriya kimi yanaşaraq işlətdiyi hər
sözün üstündə əsir:
Mən
sözün içində ömür sürürəm -
Həyatım baxtıma bağlıdır mənim.
Söz
var ki,
başına corab hörürəm,
Söz də
var,
anamı
ağladır mənim...
Təbii ki, sözə münasibətdə bu
"iztirabları" yaşamasa, zaman-zaman bu sözün
tozunu silməsə, şair parlaq poetik nümunələr
yarada bilməz. Dil şairin əsas silahıdır, ondan
ağılla istifadə şöhrətə aparan yoldur.
Bu mənada Vaqif heç vaxt sözün əlində
aciz qalmır, bədii mətləbi, emosional ovqatı müəyyən
bir harmoniya içərisində tutarlı mənaya çevirərək
oxucuya çatdıra bilir.
V.Bəhmənlinin düşüncəsinə görə,
yaxşı şair Azərbaycan dilinin orfoqrafiya lüğətindən
alınmış mincə sözlə möcüzə və
sehr yarada bilər. Zəngin, koloritli və müdrik dil
mühitində dünyaya göz açıb böyümək
yazıçı üçün bəxtiyarlıqdır.
Amma o sərvətdən ardıcıl şəkildə
istifadə olunmasa və daim yeni axtarışlarla zənginləşməsə
itib-batar, özündəşey olaraq qalar. Dil yaddaşdır, donuq yox, hərəkətdə
olan yaddaşdır. Məhz bu yaddaş
yazıçının istinad nöqtəsidir. Ona görə də Vaqif öz
yaradıcılığında, həm də ona dilimizi qorumağa
çağırır. Bu baxımdan onun
"Dil" şeiri həm məzmunca, həm də strukturuna
görə ən gözəl şeirlərdən biridir.
Bugünkü dünyada gedən dil proseslərindən
yazılmış yüzlərlə məqalədə
qaldırılmış problemləri V.Bəhmənli bir
şeirində ehtiva edə bilmir, bəşəriliyin
ağuşunda məhv olmaqda olan milliliyin faciəsini bizlərə
çatdırır:
...Ad
günü yetişir, ata qoçağım
"Barbi qız" kəl desə, kəl alır ona.
İngilis
dilində öpüb uşağı
"Həpi bööz" oxuyub əl çalır
ana.
Nə
olur bəs bunun nəticəsində;
Londondan ərməğan güllər ağlayır.
Ölür
bala dili ana dilində,
nakam
laylalara dillər ağlayır!
Ancaq
bu
hır-hırda,
bu
zır-zırda,
bu
qar-qurda,
bu
qur-qurda...
Ümumiyyətlə, ana dilinə tükənməz
sevgi, sözün üstündə əsmək, sözə əbədi
bir sitayiş V.Bəhmənli yaradıcılığından
qırmızı xətlə keçir. O, xalq dili, ədəbi dil məsələsində
çox güzəştsizdir.
Publisist
sözünün gücü
Vaqifin böyük poeziyaya gedən yolu jurnalistikadan
keçir. Biz tələbə yoldaşı olmuşuq və
onun hələ birinci kursda ikən necə səlist məqalələr
yazmasının şahidiyəm.
Hələ birinci kursda ikən üçümüz -
Vaqif Bəhmənli, Çingiz Aslan və mən
"Şuşa" qəzetində istehsalat təcrübəsində
idik. Çingizlə biz yazmağı təzə öyrənirdik,
Vaqif isə bizə yazmaqla bağlı əməlli-başlı
dərs keçirdi. O, nədən yazırdısa
gözəl alınırdı, fikirlərini rahat və səlis
ifadə edirdi, arada hirslənsə də, deyinə-deyinə
bizim yazılarımızı da redaktə edirdi. Onun duyumuna, müşahidəsinə, gerçəyi
dəqiq cümlələrlə ifadə etməsinə heyran
qalmamaq mümkün deyildi.
Sonra Vaqif iri həcmli oçerkləri, bir-birindən
maraqlı reportajları ilə əvvəlcə tələbə
dostlarını, sonra müəllimlərini təəccübləndirdi. Biz beşinci
kursu qurtarhaqurtarda sevimli müəllimimiz Nəriman Zeynalov
artıq püxtələşmiş şair və publisisti
Vaqifi "Sovet kəndi" qəzetinə mədəniyyət
şöbəsinin müdiri vəzifəsinə dəvət
etmişdi. Vaqif bu qəzetdə on il
bir-birindən maraqlı yazıları ilə oxucuları
sevindirə bildi. Daha sonra o, "Kommunist" qəzetində
şöbə müdiri oldu, sonra da "Odlar Yurdu" və
"Həyat" qəzetlərinə baş redaktorluq etdi.
Bir müddət "Ədalət" və
"Humanitar" qəzetlərində də
çalışdı.
Vaqif həmişə
işi yarıdan, quru qəzet səhifələrinə və
cansıxıcı redaksiya otaqlarına həyat gətirməyi
bacaran, dizayn incəliklərindən tutmuş,
çap-poliqrafiya işlərinədək hər şeyi beş barmağı kimi bilən redaktordur,
bunlarla yanaşı, həm də istənilən yerdə
riyakarlığa üsyan edən jurnalistdir.
V.Bəhmənli mətbu sözün ayaqlar altına salındığı indiki vaxtda hər kəlməni zərif bənövşə kimi əzizləyən qələm sahibi, həyatın dolaşıq gərdişləri və mürəkkəb insan mənzərələri barədə anlaşıqlı dillə və bir ustad məharəti ilə danışmağı bacaran publisistdir. Mənim fikrimcə, onun neçə illərdir publisistika sahəsindəki uğurlarını ötən əsrin 70-80-ci illərində Səyavuş Sərxanlı və Məmməd Aslan kimi qüdrətli qələm sahiblərinin uğurları ilə müqayisə etmək olar.
Mayası səmimiliklə yoğrulmuş insan
İndiki media vasitələri və piar texnologiyalarının bolluğu şəraitində bəzən cəmiyyətə təqdim edilən adamların özlərini yox, onların haqqında yaradılan müsbət obrazları tanıyırıq. Bir himlə dağılmağa məhkum olan bu "obrazlar" adamlarla canlı ünsiyyətdən qaçır, süni buzun əriməsindən qorxurlar. Adamlar da var ki, öz obrazlarını zəhmət və istedadları ilə gilə-gilə, addım-addım yaradır və cəmiyyətin yaddaşına hopdururlar. Uzun illərdir, tanıdığım böyük şair və bənzərsiz publisist V.Bəhmənli insanların yaddaşında özünün heykəlini yaradıb. Bu heykəlin əsas materialı dürüstlük, əxlaq və xeyirxahlıqdır.
Mən Vaqifin insani keyfiyyətləri, onun təpədən-dırnağadək təbiiliyini, sadəliyini, təvazökarlığını, iliyinədək işləmiş səmimiliyini qabartmaq istərdim. Biz indi çox istedadlı, amma gözü ayağının altını görməyən, müəyyən qədər intellektual, amma qanacaqsız, Qərb bədii təfəkkürünü alababat qavramış, amma milli ənənəyə xor baxan, bir-iki babat şeir yazdıqdan sonra iddiası yerə-göyə sığmayan qələm sahiblərini tez-tez görürük. Vaqifin böyüklüyü ondadır ki, o, bədii zirvələri fəth etdikcə daha da müdrikləşir, kamilləşir. Neçə-neçə populyar şeirin, kitabların müəllifi olan Vaqifin təvazökarlığına heyran qalmaya bilmirsən. Mən onun poeziyasının və şəxsiyyətinin gücünü həm də bu təvazökarlıqda, haqqa bağlılığında və halallığında görürəm. Bu illərdə onun bir dəfə də haqsız söz danışdığını, ədalətsiz addım atdığını görməmişəm.
Vaqifin poeziyasının və şəxsiyyətinin mayası təbiiliklə, səmimiyyətlə və haqq ilə yoğrulub. Haqq onun üz tutduğu qiblədir. "Haqdan üzülənin izi qalmaz" - deyən şairin ədəbiyyatda və oxucu ürəyində ona görə xüsusi yeri var ki, o, yaradıcılıqda və həyatda seçdiyi meyarlara həmişə sadiqdir, çünki bu meyarlar insanı həmişə işığa doğru aparır.
Qulu Məhərrəmli
525-ci qəzet.-
2015.- 22 oktyabr.- S.7.