Mədəniyyətşünaslıq
üzrə Elmi-Metodiki Mərkəz yeni metodiki vəsaitlər
təqdim edib
Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi tərəfindən hazırlanmış 30 adda müxtəlif tədris proqramları və metodiki vəsaitlərin təqdimat mərasimi keçirilib.
Mərkəzin direktoru Asif Usubəliyev çıxış edərkən proqram və metodiki vəsaitlərin əhəmiyyətindən söz açıb. Bildirib ki, nazirliyin rəhbərliyi tərəfindən müəyyən olunmuş strateji fəaliyyət istiqamətləri nəzərə alaraq, mədəniyyət müəssisələrinin metodiki təminatı - mərkəzin prioritet vəzifəsidir. Bu səbəbdən mövcud istiqamətdə mərkəzin gələcək fəaliyyətinin ünvanlı şəkildə təşkili, yəni hər növ mədəniyyət müəssisələri ilə xüsusi əməkdaşlıq əlaqələrinin yaradılması olduqca vacibdir.
Milli və klassik musiqinin təbliğində, uşaq və yeniyetmələr arasında estetik zövqün formalaşmasında, habelə respublikada bədii təhsilin inkişafında musiqi məktəblərin əvəzolunmaz rolunu bildirən Asif Usubəliyev vurğulayıb ki, birgə səylər nəticəsində mədəniyyət müəssisələrin, xüsusilə uşaq musiqi məktəblərinin cəmiyyətdə populyarlığının artırılması sahənin qarşısında duran strateji vəzifələrdəndir. Bu səbəbdən mədəniyyət müəssisələrin birgə və əlaqəli şəkildə əməkdaşlığı qaçılmazdır.
Daha sonra mərkəzin şöbə müdiri Natiq Mustafayev hazırlanmış vəsaitlər haqqında tədbir iştirakçılarına məlumat verib və vəsaitlərin təqdimatı keçirilib.
Tədbir çərçivəsində mərkəzin baş metodisti Rauf İmanovun tanınmış bəstəkar, Xalq artisti Oqtay Rəcəbova həsr etdiyi "Oqtay Rəcəbov" kitabının da təqdimat mərasimi təşkil olunub.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 22 oktyabr.- S.2.