Rafiq Yusifoğlunun sənət dünyası

 

 

Müstəqillik illəri Azərbaycan ədəbiyyatının inkişafında xüsusi xidmətləri olan qələm sahiblərindən biri də tanınmış şair, ədəbiyyatşünas, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, ədəbi mükafatlar laureatı, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğludur.

 

Rafiq Yusifoğlu ədəbi fəaliyyətə hələ orta məktəbdə oxuyarkən başlayıb, 1966-cı ildən şeirləri, məqalələri ilə mətbuatda çıxış edib. Gənc şairin ilk yaradıcılıq nümunələri nüfuzlu qələm sahiblərindən Süleyman Rüstəm, Əli Vəliyev, İsmayıl Şıxlı, Hüseyn Abbaszadə, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Qasım Qasımzadə, Qabil, Nəriman Həsənzadə, Məmməd Araz, Tofiq Bayram, Fikrət Sadıq, Hikmət Ziya, Tofiq Mahmud, İlyas Tapdıq, Zahid Xəlil və başqaları tərəfindən yüksək qiymətləndirilib.

 

Rafiq Yusifoğlunun yaradıcılığında ən önəmli yeri tutan sahə poeziyadır.  Müstəqillik illərində onun "Aylı cığır", "Qəm karvanı", "Həsrət köçü", "Təzə sevdalara doğru", "Ayrılığın qəm hasarı", "Həsrət sazağı", "Sevdalı sabahlar", "Eşqin qarlı yollarında", "Dəniz, sən və mən", "Könül səltənəti", "Arzular kəhkəşanı" adlı sanballı şeir kitabları nəşr olunub, bu kitabların hər biri haqda mətbuatda  mütəxəssislər: ədəbiyyatşünas və dilçi alimlər, şair və yazıçılar tərəfindən xoş sözlər söylənilib, Rafiq Yusifoğlunun poeziyası müasir Azərbaycan ədəbiyyatının səciyyəvi, istər mövzu və problematikası, istərsə də sənətkarlıq xüsusiyyətləri ilə diqqəti cəlb edən nümunələri kimi dəyərləndirilib.

 

Xalqın taleyüklü problemlərinin bədii əksi müstəqillik illəri Azərbaycan poeziyasının, o cümlədən də onun tanınmış, istedadlı nümayəndələrindən biri olan Rafiq Yusifoğlunun yaradıcılığı üçün xüsusi əhəmiyyət kəsb edir. Hələ Sovet hakimiyyəti illərində belə müstəqillik, azadlıq ideyası şairi daim düşündürən problemlər olub. Onun hələ 60-70-ci illərdə yazıb mətbuatda çap etdirdiyi "Nə var, nə yoxdur", "Araz haqqında düşüncələr", "Avrora", "Düz-əyri" və s. bu kimi şeirlərinin sətiraltı mənasında etiraz motivləri güclü idi.

 

"Mənim imzam" şeiri xalqımızın tarixini, onun mədəniyyətini dananlara şairin etirazı idi. "Mənim imzam məni danan nadanın həkk olunub ocağının daşında", "Məni görmək istəməyən gözlərə mənim imzam bıçaq olub sancılar" deyən şair şeirini nikbin bir sonluqla bitirirdi:

 

Bir gün tarix yapışacaq yaxamdan,

Kim salacaq bu işləri nizama?

Övladımın damarında axan qan,

Təmizdisə, zaval yoxdu imzama.

 

Xalqımızın  müstəqillik  uğrunda apardığı mübarizənin, onun başına gətirilən müsibətlərin bədii əksi onun 20 Yanvar, eləcə də Qarabağ hadisələri ilə bağlı yazdığı "Azadlıq", "Yanvar rübailəri", "Qərənfilə dəyən güllə", "Tərəzinmi xarab olub, Pərvərdigar", "Çağadır hələ", "Yuxular görürmüşük", "Laqeydlik ulu xalqın belini büküb", "Qaçqın heykəllər" və onlarca bu kimi şeirlərdə mübarizəyə çağırış, motivləri güclüdür. 

 

Şairin hərbi vətənpərvərlik mövzusunda yazdığı silsilə şeirlər əsasında hazırlanan "Bütün Azərbaycan əsgər olmalı" adlı televiziya tamaşası böyük rəğbətlə qarşılanıb.

 

Rafiq Yusifoğlunun rəngarəng mövzulu şeirlərində hadisələrə xalqın mənəvi-əxlaqi dəyərləri prizmasından nəzər salınır. Bu baxımdan onun "Vətən uğrunda", "Qarabağ əlili", "Bəsdir təriflədik bu boz sərçəni", "Haqqın yolu", "Azadlıq labirintində", "Tıxac", "Canavarlar" və başqa şeirləri diqqəti cəlb edir.

 

Fikri ümumi sözlərlə yox, bədii detallarla vermək bacarığı Rafiq Yusifoğlunun poetik üslubu üçün səciyyəvidir.  Məsələn, "Vətən uğrunda" şeirində Qarabağ döyüşlərində şəhid  olan keçmiş şagirdi haqqında şairin yazdığı bu misralar oxucunu düşündürür: "Vətən" şeirini əzbərləyə bilməmişdin, ancaq vətən uğrunda ölməyi bacardın". Yaxud "Boşalmış kənddə tək qalan köpəyin nəğməsi" adlı şeirdə zəncir evindən qaçarkən iti açıb buraxmağı unutduğu üçün əzab çəkən soydaşımızın həyəcanlarını, eləcə də düşmənlə üz-üzə qalan tənha köpəyin bədii obrazını yaratmaq vasitəsinə çevrilib:

 

Ev soyuyub, ocaq sönüb,

Durmuşam bir küncə sinib.

Bu həyətə sədaqətim

Boynumda zəncirə dönüb...

 

Rafiq Yusifoğlu poeziyasının mövzu və problematikası çox zəngindir. Onun ulu yaradan, həyat, ölüm, təbiət və cəmiyyət hadisələri ilə bağlı fəlsəfi düşüncələri, vətən təbiətinin gözəlliyinə həsr elədiyi, müqəddəs sevgi duyğularının bədii əksini verən şeirləri öz həyatiliyi, emosionallığı, hadisələri yeni şəkildə mənalandırmaq bacarığı ilə diqqəti cəlb edir. Şeirlərin hamısında həyat hadisələrindən doğan yeni orijinal fikirlər adamı düşündürür, onu həyəcanlandırır. Poetik düşüncə tərzinin bənzərsizliyi Rafiq Yusifoğlu poeziyasının ən aparıcı cəhətlərindəndir.

 

Xalq şairi Nəriman Həsənzadə "Azərbaycan gəncləri" qəzetinin 10 avqust 1971-ci il tarixli nömrəsində gənc qələm dostu haqqında çap olunan "Uğurlu yol" adlı məqaləsində yazırdı: "Rafiq Yusifoğlunun şeirlərində mənim xoşuma gələn təfəkkür aydınlığıdır. Fikri çılpaq şəkildə yox, poetik ifadələrlə, obrazlı dil ilə, həm də asan başa düşüləcək bir şəkildə oxucuya çatdırmaq onun şeir yaradıcılığının məziyyətləri kimi yadda qalır".

Filologiya elmlər doktoru, professor Məhərrəm Qasımlı isə Rafiq Yusifoğlu poeziyasının digər bir məziyyəti haqqında söhbət açırdı: "Rafiq Yusifoğlunun poetik axtarışlarında əşya və hadisələrin, eləcə də təsvirə cəlb olunmuş mənzərənin üzdə olmayan, ilkin müşahidədən yayına bilən içəri cizgilərini əyaniləşdirməyə meyl güclüdür. Özü də bu səpkili şeirlərdə yığcamlıq və lakoniklik aparıcıdır" ("Ədəbiyyat və incəsənət", 3 noyabr 1989).

 

Doğrudan da, şairin poeziyası ilə tanışlıq göstərir ki, Rafiq Yusifoğlu dilin incəliklərinə yaxından bələd olan, sözün üstündə zərgər dəqiqliyi ilə işləməyi bacaran bir qələm sahibidir. Onun şeirlərindəki poetizmlər adamı heyrətləndirir, düşündürür.

 

Müraciət etdiyi hər bir mövzuda rəngarəng poetik fiqurlardan istifadə etməyi bacaran Rafiq Yusifoğlu gözəl peyzajlar, portretlər yaratmaq ustasıdır. Özünün Azərbaycanın dilbər guşələrindən birində - Qubadlıda dünyaya göz açması, yurdumuzun mənzərəli yerlərini qarış-qarış gəzməsi, əlli ilə yaxın bir müddətdə hər səhər Xəzər dənizinin sahillərinə getməsi onun peyzaj  lirikasına həyatilik gətirən amilə çevrilmişdir.

 

Şeirləri göstərir ki, Rafiqin peyzaj lirikası seyrçi təsvirlərdən çox uzaqdır. Həssas şair müşahidəsi, təbiət cisimlərinə, hadisələrə yeni gözlə baxıb onu dəyərləndirmək bacarığı  təkcə bənzərsiz təbiət lövhələri yaratmağa deyil, predmetləri bədii obraz səviyyəsinə qaldırmağa da yardımçı olur.  Şair hər fəslin özünəməxsus poetik elementlərini tapa bildiyi üçün yaratdığı lövhələr canlı, sirayətedicidir.  Rafiqin hələ ilk şeirlərini oxuyub ona xeyir-dua verən Məmməd Araz yazırdı: "Rafiq Yusifoğlunun "qış" şeiri maraqlıdır.

 

Müəllif özünəməxsus boyalarla, səmimi yumorla qışın portretini yaratmağa çalışır. Yaşından asılı olaraq hər kəsin qışı necə qəbul etdiyini poetik dillə təsvir edir, əsasən də buna nail olur: Qış da bir qocadır, ancaq nədənsə Onun qocalarla söhbəti tutmur" ("Sovet kəndi" qəzeti, 3 aprel 1969).

 

"İndicə yağacaq bahar yağışı, Göylərdə bir qərib bulud kişnədi" misraları ilə başlayan şeirdə "çiçəyi çırtlayan budaqlar", "göylərə baş çəkən dağlar", "çiçəyin gözündən öpən meh" və sair maraqlı peyzaj cizgiləridir.

 

Bu necə cığırdı, bu necə yoldu,

Yarır toranlığı durnanın döşü.

Qardaş, bir başını yuxarı qaldır,

Ayın danışdığı nağılı eşit.

 

Yeri gəlmişkən onu da qeyd edək ki, şairin poeziyasında maraqlı yağış, ay, yarpaq, çiçək obrazları yaradılmışdır.

 

Rafiq Yusifoğlu ənənəyə yaradıcı münasibət bəsləyən şairlərimizdəndir. Onun şeir və poemalarında folklor, klassik və dünya ədəbiyyatı ənənələrinin yaradıcı şəkildə davamı və inkişafını görürük. Şair əsrlərin sınağından çıxmış bayatı, gəraylı, qoşma janrının yeni maraqlı nümunələrini yaratmış, istər heca, istər əruz vəznindən, istərsə də sərbəst şeirin zəngin poetik imkanlarından məharətlə istifadə etməyi bacarmışdır. Həm folkloru, klassik və dünya ədəbiyyatını, həm də ədəbiyyatın nəzəri əsaslarını mükəmməl bilməsi Rafiq Yusifoğlunun əsərlərinin mövzu və problematikasına, eləcə də poetik strukturuna əhəmiyyətli dərəcədə öz müsbət təsirini göstərə bilmişdir. Şairin yaradıcılığına təsir edən ən əsas amillərdən biri də onun ədəbiyyata həyatın qaynar burulğanları içərisindən gəlməsi, görüb duyduğu, yaşadığı, qəlbini həyəcanlandıran, mütəəssir edən, daim düşüncəsinə hakim kəsilən hadisələri təsvir etməsi ilə əlaqəlidir.

 

Uşaq ədəbiyyatı Rafiq Yusifoğlu yaradıcılığının ən aparıcı qollarından biridir. Təkcə bir faktı xatırlatmaq kifayətdir ki, onun indiyədək orta məktəb dərsliklərinə düşən əsərlərinin biblioqrafik göstəricisi üç yüzü adlayıb. Şairin uşaq psixologiyasına yaxından bələdliyi, daim uşaqlarla ünsiyyətdə olması, uzun müddət uşaq mətbuatında - "Göyərçin" jurnalında şöbə müdiri, məsul katib, baş redaktor vəzifələrində çalışması, uşaq ədəbiyyatı ilə bağlı bir sıra beynəlxalq tədbirlərdə iştirakı Rafiq Yusifoğlunun bu sahədə daha ardıcıl fəaliyyət göstərməsinə, uğurlar qazanmasına səbəb olmuşdur. Onun uşaq şeirləri təkcə respublikamızda deyil, digər ölkələrdə də çap olunub rəğbətlə qarşılanmışdır. Böyük rus şairi, akademik Sergey Mixalkovun SSRİ-nin süqut elədiyi bir vaxtda Rafiq Yusifoğluya ünvanladığı məktub bu cümlə ilə başlayırdı: "Siz bütün həyatınızı uşaq ədəbiyyatına həsr etdiyiniz üçün qarşınızda baş əyirəm". - Bu cümlələr böyük yazıçının təvazökarlığını, eyni zamanda Rafiq Yusifoğlu yaradıcılığına münasibətini öyrənmək baxımından maraq doğurur.

 

İndiyədək Rafiq Yusifoğlunun uşaqlar üçün "Yurdum-yuvam", "Ətirli düymələr", "Aylı cığır", "Şirin yağış" (rus dilində), "Böyük arzuya gedən yol", "Çiçək yağışı", "Söz çəməni", "Günlərimiz, aylarımız", "Zamanın qatarı", "Yollar", "Daha uşaq deyiləm", "Ana dilim", "Quşlar dünyası", "Qızılı məktublar" adlı şeir,  "Bahar qatarı", "Şirin yuva", "Dəniz səviyyəsi", "Elm və helm", "Tapmacalar ölkəsi" adlı nəsr, "Kitabi-Dədə Qorqud"  adlı komikslər, "Ulu yurd yerlərimiz", "Qoruq və yasaqlıqlarımız" adlı məqalələr kitabları nəşr olunmuş və bu əsərlərin hər birinin məziyyətləri  haqqında mətbuatda xeyli yazılar dərc edilmişdir. Bu məqalələrdən çıxardığımız ümumi nəticə bundan ibarətdir ki, Rafiq Yusifoğlu bənzərsiz uşaq yazıçısıdır.

Şairin böyüklər üçün şeirlərində olduğu kimi, onun uşaqlar üçün yazdığı əsərlərdə də adicə ot, çiçək, böcək, yarpaq, budaq bədii obraz səviyyəsinə qaldırılır. Bu baxımdan onun "Çəməndən ayrılan çiçək", "Balaca qarışqa və buğda ilə dolu zənbil", "Pəncərədən baxan budaq","Çiçəyin xahişi", "Meşədə yarış", "Qayğıkeş qonşular" və digər şeirləri xüsusilə seçilir.

 

Rafiq Yusifoğlunun uşaq şeirləri yığcamlığı, aydınlığı, məna tutumu, obrazlılığı ilə digər şairlərin əsərlərindən əhəmiyyətli dərəcədə fərqlənir. Onun əsərlərində uşaq dünyasının rəngarəng lövhələri məharətlə öz əksini tapıb. Məsələn, balaca bir şeirə nəzər salaq:

 

Barmağımı kəsmişəm,

Ağrısına dözmüşəm.

Tez ol sarı, anacan,

Niyə ufuldayırsan?

Mənim yaram ağrıyır,

Sənin haran ağrıyır?

 

Şair hər hansı təbiət hadisəsini uşaq gözü ilə görüb dəyərləndirməyi bacarması onun poetik üslubu üçün çox səciyyəvi cəhətdir. Məsələn, büllurtək şəffaf suyun şəlaləyə çatanda ağarmasını uşaq belə mənalandırır: "Qayadan atılanda qorxusundan ağarır" (Qayadan atılan su"). Yay uzunu gün altında qalan, payızda saralan yarpaqlara baxan uşaq sərçəyə deyir ki, ağaca qonma ha, yoxsa közərmiş yarpaqlardan qanadın od alar ("Közərən yarpaqlar"). Uşağın zirvəsi il uzunu qarlı olan dağa "sən başı soyuq dağsan" deməsi,  "Canlı ütü" şeirində  çayın parçaya, onun üstündə üzən ördəyin ütüyə bənzədilməsi, digər bir şeirində uşağın dilindən "meşənin qapısını döyürdü ağacdələn" söylənilməsi və başqa bu kimi fikirlər təbəssüm doğurur. "Ağ bayraq" şeirində dalğaları dənizin əlində ağ bayrağa bənzədən şair yazır:

 

Dəniz yaman hirslənib,

Nərə çəkir, bəs demir.

Ağ bayraq qaldırsa da,

Təslim olmaq istəmir.

 

"Zamanın qatarı" kitabında R.Yusifoğlu maraqlı bir bədii forma ilə uşaqlara fəsillər haqqında söhbət açır. İli qatara, hər fəsli bir vaqona, hər ayı bir kupeyə bənzədən şair fəsillər haqqında rəngarəng, bənzərsiz şeirlərini balaca oxuculara təqdim edir. Bir-birini tamamlayan şeirlər silsiləsi öz əlvanlığı, rəngarəngliyi, poetizmi ilə seçilir, maraq doğurur.

 

Rafiq Yusifoğlunun uşaqlar, valideynlər və müəllimlər tərəfindən maraqla qarşılanan "Yollar" kitabında yolların nə məqsədlə və necə yaranması,  ilk nəqliyyat vasitələrindən - arabalardan, faytonlardan müasir maşınlara qədər keçilən inkişaf yolu, hava və su yollarından istifadə zərurəti haqqında maraqlı, cazibədar  bir dillə söhbət açılır. Kitabda yol hərəkəti qaydalarının poetik dillə öyrədilməsi təşəbbüsü də təqdirəlayiqdir.

 

"Söz çəməni" kitabını biz şeirlə yazılan əyləncəli bir qrammatika da hesab edə bilərik. Çünki burada saitlər, samitlər, nitq hissələri, durğu işarələri, cümlə üzvləri haqqında öyrədici səciyyəli yumoristik, bənzərsiz, bir-birindən gözəl şeirlər toplanmışdır. "Günlərimiz, aylarımız" kitabı da son dərəcə faydalı bir poetik məcmuədir. Burada şairin təqvim şeirləri toplanmışdır. İlin ilk günündən tutmuş son gününədək olan əsas tarixi hadisələrin heç biri şairin diqqətindən yayınmamışdır. Ən yaxşı cəhət ondan ibarətdir ki, bu şeirlərin də hamısı obrazlı, poetik səciyyəli olduğu üçün yorucu təsir bağışlamır.

 

Əsərlərini küll halında oxuyandan sonra bu qənaətə gəlmək olar ki, Rafiq Yusifoğlunun yaradıcılıq nümunələrinin dərsliklərə salınması da, onun özünün dərslik hazırlanması kimi məsul bir işə cəlb edilməsi də təsadüfi deyildir.

 

Görkəmli bir şair, nasir, publisist, tərcüməçi kimi tanınan və sevilən Rafiq Yusifoğlu həm də həyatını ədəbiyyatın tədqiqinə, təbliğinə həsr edən zəhmətkeş bir alimdir. Onun "Azərbaycan poeması: axtarışlar, perspektivlər", "Ədəbiyyatşünaslığın əsasları", "Müasir ədəbi proses və ədəbi tənqid", "XX əsr Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri", "Ədəbi-nəzəri fikrin inkişaf mərhələləri" kitabları sanballı elmi tədqiqat əsərləridir. Ümumiyyətlə, istedadlı şair, ədəbiyyatşünas Rafiq Yusifoğlunun sənət dünyası çoxşaxəli,  zəngin və cazibədardır. Onun əsərləri həm ideya-məzmununun yeniliyi, həm də bədii sənətkarlığı ilə diqqəti cəlb edir.

 

Məmməd ƏLİYEV

filologiya elmləri doktoru, professor

 

525-ci qəzet.- 2015.- 23 oktyabr.- S.8.