Rəqiblər - (nağılvari)

 

 

 

- Gəlin qardaş olaq!

 

- Kim deyib bunu?

 

- Bilmirəm...

 

- Mən demiş olsam, sözümə kim qulaq asacaq ki?..

 

... İş bundadır ki, Kərimi , Nadiri isti ocaqlarından didərgin edən ermənilər oldusa da, axır ki, birtəhər sığınacaq tapdığı yuvasından Kərimi aralı salan isə Nadir oldu...

 

İkisi həmyaş idi. Hətta bir-iki sinif bir yerdə oxumuşdular. İkisi dərslərinə elə çalışırdılar ki, müəllimlər hər ikisinin cavablarına eyni qiymətləri yazırdılar. Kərimin Nadirə, Nadirin məktəbdə Kərimə paxıllıq etməyinə elə bir səbəb yox idi. Elə əyin-başları da eyni idi. Kərim böyük qardaşının nimdaş pəncəyini geyindiyindən qolları ona uzun gəlirdi. Nadirin şalvarı isə əyninə gödək idi. Nadir Kərimin pəncəyinə lağ edib gülürdü, Kərim Nadirin şalvarına.

 

Boyda-buxunda, gücdə-qüvvətdə bir-birinə tay idilər. İşdi, arada dava-şava düşsəydi, Kərim Nadiri qatdayıb dizinin altına qoya bilərdi, Nadir Kərimi... Bu səbəbdən aralarında inciklik, umu-küsü ola bilməzdi.

 

Yaxın qonşu olmasalar da demə, anaları bacılıq imiş...

 

Anası, çölə-bayıra oynamağa gedəndə Kərimin heybəsinə iki yumurta qoyardı ki, birini Nadirə verərsən. Nadirin anası evdən çıxanda oğlunun cibinə iki ovuc qoz-fındıq ləpəsi qoyardı ki, bax, bir ovucunu hökmən Nadirin cibinə boşaldarsan.

 

Ancaq Kərim çöldən evə dönəndə yumurtalardan birini evə qaytarardı. Nadirin cibində bir ovuc qoz-fındıq ləpəsi qalardı.

 

Hər ikisinin atası gözətçi idi...

 

lll

 

... Bəs hər ikisi üzə vurmasa da, aralarındakı gizli kin-küdurətin səbəbi idi? Niyə bir-biriləri ilə rastlaşanda hər ikisi üzlərini yana çevirir, hətta yollarını dəyişdirirdilər.

 

Niyə kinoda, toy mağarlarında Səmayə də olan zaman bir-birilərinə gözaltı çəp-çəp, bəzən lap qanlılar kimi, düşməncəsinə baxırdılar?!

 

lll

 

Səmayə zalım qızı da hər dəfə oğrun-oğrun hər ikisinə baxsa da, nə Kərimə mehr salırdı, nə də Nadirə... Oğlanlar da gözləyə-gözləyə qalmışdı və beləcə də illər keçdikcə bir-birləri üçün rəqibə çevrilmişdilər...

 

Kərimin bacısı bulaq başında Səmayəni yanlayıb ağzını aramışdı. Qız da nə "hə" demişdi, nə də "yox"...

 

Nadirin bacısı da bir gün Səmayənin qabağını kəsib bir qırağa çəkmişdi, nə demişdi, nə deməmişdi... Bu dəfə də nə "hə", nə "yox"...

 

lll

 

Beləcə cavanların eşqləri başına vuran vaxtlarda ermənilər də Kərimgilin, Nadirgilin kəndlərini topa-tüfəngə tutdular. Kərim də, Nadir də silahlanıb bir səngərdə vuruşdu. Və bir gün səngərə düşüb partlayan mərmi həmin gün Kərimlə kürək-kürəyə söykənən Nadirin bir qolunu havaya qaldırdı...

 

Qan Nadiri apardı huşunu itirdi...

 

lll

 

Aradan neçə gün keçirdi, bilmədi. Bir gözünü açanda başının üstündə Kərimi gördü. Kərim ona təsəlli üçün heç bir söz demədi. Təkcə göz yaşları içində boğula-boğula:

 

- Kəndimiz ermənilərin əlinə keçdi, - dedi, - hamımız yurd-yuvamızdan didərgin düşdük...

 

lll

 

... Nadir sağalıb hospitaldan çıxmışdı. Kəndlərindən didərgin düşənlərin elə hamısı bir yataqxanada yerləşmişdi.

 

Nadir pəncərədən küçəyə hər dəfə boylanıb Səmayəni görən kimi gözünü yayındırardı belə vaxtlarda kəsilmiş qolunun yeri göyüm-göyüm göynəyirdi...

 

... Nadir bir gün eşitdi ki, Kərim yığışıb Urusetə gedib.

 

Bir gün bacısı evdə Səmayədən söz salanda Nadir elə bil qəfil yuxudan ayılmışdı. Hətta barmaqları ilə gözlərini ovuşdurmuş və nədənsə barmaqları da nəmlənmişdi...

 

"Yox, yox! Onu geri qaytarmalıyam! Onu geri qaytarmalıyam. Amma necə?"

 

Əvvəlcə Nadirin ağlına heç gəlmədi. ...

 

Necə?.. Nadir özünə yer tapa bilmirdi. Qolunun göynəltisi heç ona aman vermirdi. Səmayəni görəndə qolunun belə sızıldadığı heç olmamışdı.

 

Kərimi tapmalı idi... Ürəyini boşaldıb sözlərini ona deməli idi. Bu tək qolu ilə görən ona gücü çatacaqdımı? Fikirləşmək yeri deyildi.

 

Nadir arayıb-axtarıb Kərimin sorağını bazardan aldı.

 

lll

 

Nadir bazara tez çatmaq, həm soyuqdan qorunmaq üçün qədər iti, yeyin yerisə , köhnə daş binalardan birinin tinində ayaq üstdə dura bilməyib valay vuran, gözünün gildir-gildir axan yaşı burnunun suyuna qarışan cantaraq bir rus balasını görən kimi, diksinib ayaq saxladı. Zülüm-zülüm ağlayan həmyaşıdı olan bu oğlanın halına acıya-acıya özlüyündə burasını da fikirləşdi ki, əlbəttə, bu rus balasını da belə ağladan, sıtqadan yalnız yalnız daşa toxunmuş məhəbbəti ola bilər...

 

Nadirin bir balaca söz qoşmağı da var var idi indi bu sentimental səhnəyə baxa-baxa qoşduğu misraları dodaqaltı öz-özünə pıqqıldayırdı.

 

Bu soyuğu, bu qarı,

heç vecinə almayan,

daş binanın tinində

sakit-fağır dayanan,

amma birdən vurub

sonra şivən qoparan

sentimental sərxoşa

gəlib keçən, yol ötən

başın bular, baxıb söyər...

Dərdindən ağlamağa,

Bəlkə, bəlkə...

Dəyər sərxoş olmağa...

 

lll

 

Tək qoluna güc hardan gəlmişdi heç özübilmirdi. Səsi haylı-küylü bazarı başına götürmüş, az qala bütün səsləri batırmışdı.

 

- Qabağıma düşüb mənimlə geri qayıdacaqsan! Eşidirsən?..

 

İki həmyerlinin səs-küyünə ətrafa toplaşanlardan kimisinin təəccüblə, kimisinin ikrahla, kimisinin də sadəcə olaraq maraqla baxdıqlarını görsə də, bunları heç vecinə almayan Kərim Nadiri sakitləşdirməyə çalışır, onu dilə tuturdu:

 

- Sus, sus,-deyirdi, - indi mənim burada ailəm var. Bir parça çörəyimə mane olma... Elə oradakılar da məndən yardım gözləyir. Sən geri qayıt...

 

Birdən Kərimin səsi titrədi:

 

- Qayıdacağam, özü tək yox... Sən elə bu gün mənimlə qayıdacaqsan!

 

... Ancaq... Bir neçə gündən sonra Urusetdən qayıdan qatarların birində bir qolsuz cavan sərnişin var idi...

 

23 mart 2015-ci il

Aydın Tağıyev

525-ci qəzet.- 2015.- 23 oktyabr.- S.8.