Ehtiraslar mozaikası ekranda
YAXUD "QATİL"İN KİNO ÖMRÜ UĞURLA BAŞLADI
Hər qadın məhvinin arxasında bir kişi naqisliyi,
hər kişi qətlində bir qadın kibri rol alır. Və hər xoşbəxtliyin bir nalbahası olur mütləq.
Ən ədalətsiz
qanun da odur ki, xoşbəxtlik,
mənəvi səadət
bir neçə anlıq, ya da uzağı, günlük olur.
Bədbəxtlik isə gələndə sel kimi gəlir. Aylarla, illərlə
getmir ki getmir. Həyat tərzinə çevrilir.
Onunla qaynayıb-qarışırsan. Bədbəxtliyinin içində bəxtəvərlik
qırıntıları axtarırsan.
Bəs harda axtarırsan? Küçədə, evdə ya da başqalarının həyatında? Yox! Özlüyündə, lap dəqiq desək,
özünün özəyində.
Necə yəni? - Nə çox susuruq, dinləyirik, ögey baxışlardan örpəyimizə
bürünürük, qısılırıq
bir küncə. Bir təsirli şeirdə, bir həzin musiqidə, göydən düşən damlaların
hıçqırıqlarında, hətta bir lal ulduzun göz
qırpışında özümüzdən
çıxıb əslimizə
dönürük, hüzur
adlı bir aləmə dalırıq.
Orada dedi-qodu yoxdur, hec kim doğuşdan yetim ürəyini tar-mar etmir, hisslərini tarıma çəkmir və ən əsası, səni qatilə çevirmir. Bu da bir növ bədbəxtlikdə
bəxtəvərlik düsturudur.
Amma bunun da ömrü
azdır.
Dedim axı, faciələr qoşun kimi düzülür. Biri addımlayan kimi digərləri axına qoşulur. Bəlalar, faciələr əllərinə alın yazısı aktını alıb icraya gəlir. Axı hər gəliş bir fərmanın icrasıdır. Heç düşünürükmü hər gün bir parçamızı itiririk? Bəli, itiririk! Gələn hər bəla mütləq bizdən nəyisə ömürlük alıb aparır. Bəzən ürəyimizi, bəzən ağlımızı, insani duyğularımızı, hətta göz yaşlarımızı. Əvvəl bu yoxluğu duymuruq. Çünki yerində istiliyi qalır. İtkinin yeri soyuyanda daha çox göynəyir. Hələ də yerinin heç vaxt dolmayacağını dərk edəndə ikinci böyük çarəsizlik girdabına düşür insan. Bu da növbəti bədbəxtlik! Və zəncirvari şəkildə bu məhv olma prosesi - bədbəxtlik davam edir. Yeri gəlmişkən, deməliyəm ki, İnsanın ruhunu üç nəsnə məhvərindən qopara bilir: Saflıq, sevgi və sızıltı (iztirab). Yəni insanın bədbəxtliyinin də, xoşbəxtliyinin də kök altında saflıqdan başlayıb sevgiyə doğru yol alan, oradan da sızıltıya- ruhi iztirablara keçib tamamlanan üçguşəli bir yaşam formulu var. Saf ya da saflaşmış insan sevə bilər ancaq. Başqa cür ola bilməz. Çünki sevgi saflıqdan yaranıb. Saflıq ruhun laylasıdır. Sevgi isə ən şaqraq rəqsidir. Bu iki varoluşun məhvi çatanda yəni saflığa və sevgiyə ləkə düşəndə sızıltı baş qaldırır və bir an içində ruhunun təlatümü insanı ən böyük günahkara, qatilə və həm də məzluma çevirir. Bəs onda kimdir qatil?
Uzun zamandır ki, qatili axtarırdım. Nəhayət, tapdım. İzdiham böyük idi. Amma qatil gizlənə bilmədi. Çünki "ürək cinayəti axtarışlarının ən güclü detektivi" - Xalq yazıçısı Elçin onu aşkara çıxardı. Söhbət onun "Qatil" pyesindən gedir. Dram əsəri kimi uğurları dünyanı dolaşan, festival tamaşası olaraq bir çox ölkələrdə sevilərək izlənilib uğur qazanan bu pyes, dramaturji məna tutumu, təsir imkanları ilə film tarixinə də nüfuz etdi. Oktyabrın 21-də "Nizami" Kino Mərkəzində Elçinin "Qatil" əsərinin ekran ömrü ilk dəfə işıqlandırıldı. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən "Qatil" filminə rejissor Kamran Şahmərdan quruluş verib. "Azərbaycanfilm" kinostudiyasında Finlandiyanın "Black and White Studio", Gürcüstanın "Studio 33A", və "Vars studio" şirkətlərinin iştirakı ilə istehsal olunan "Qatil"in çəkilişləri bir ilə yaxın davam edib . Bu film Azərbaycanla Gürcüstan arasında müştərək sənət layihəsidir.
Psixoloji dram janrında çəkilən ekran əsərinin ssenari müəllifi Elçin, quruluşçu operatoru Mixail Maqalaşvili, quruluşçu rəssamı Rəşad Mehdiyev, icraçı prodüseri Azər Quliyev, prodüseri Müşfiq Hətəmovdur. Baş rolları Eka Çxeidze və Apollon Kublaşvili canlandırırlar. Film dublyaj olunaraq, Azərbaycan tamaşaçısına doğma dildə təqdim edildi. Təqdimatda filmin rejissoru, Finlandiyada yaşayan həmvətənlimiz Kamran Şahmərdan düz 30 ildən bəri bu günü gözlədiyini qürurla bəyan etdi.
Filmin təqdimatından sonra Xalq yazıçısı Elçinin münasibətini, fikirlərini öyrənmək istədim. Lakin gözlərindəki məmnunluq, üzündəki sevinc hissi bütün suallara cavab idi: filmi bəyənmişdi. Ona görə yox ki, ssenari müəllifi özüdür. Ona görə ki, filmin geniş əksetdirmə imkanları ssenariyə ikinci nəfəs verib və bu nəfəsin əbədi olacağına şübhə yeri yoxdur. Əsərin məzmunluluğu, mövzu baxımından bəşəri duyğuların assosiativliyinin psixoloji aspektlərinin seçilib bədii tərzdə şərh olunması filmin estetik təsirini mükəmməlləşdirib. Rejissorun da işinə "ömrünün məhsulu" kimi yanaşması keyfiyyəti təminat altına alıb.
Filmdə bir az əvvəl oxuduqlarınızın sosial, mənəvi-əxlaqi təzahürlərini iki obrazın fonunda görürsünüz. Dostoyevski və Svetayevadan sitatlar gətirməklə "başını dolandıran" oğlan qeyri-müəyyən şəkildə bir müəllimənin həyatına bədbəxtlik və adekvat anlamda xoşbəxtlik mücrüsü kimi daxil olur... Yağışlı bir gecəydi o gün. Şimşək məhrəm arzuları yıxarcasına, təkliyin ulartısını boğarcasına əsib-coşurdu. Yağış saflığımı yuyurdu, yoxsa gələn bədbəxtliyin müjdəçisiydimi? Müəllimə gecənin məşumluğunu hiss etmişdi. Amma o bu yağışla monoton, "Naftalin iyi" verən ömrün burulğanından qurtulacaqdımı? Deməli, 20 ildən sonra yağışlı bir gecədə müəlliməsinə eşq elan edən Oğlan başqasını incitməkdən və öz-özünə yazığı gəlməkdən həzz alan sadomazoxistdirmi əslində? Müəllif qəhrəmanına uşaqlığının məhrumiyyətləri, körpə arzularının çiliklənməsi fonunda bəraət qazandırırmı? O hər addımda mikrob yayır ətrafına. Amma yenə də onun yalnızlığına, mənəvi təkliyinə görə dramaturq ona güzəştə gedirmi? Bəs qadın? O safdırmı? Kitablar arasında itən ömrünün, yoxsa yalnızlığının qurbanıdır? Kim yaşanan "dəli" ehtirasların qatilinə çevrilir? Kim qadının qadağalar qəfəsini dağıdır? Mənəvi ölümün baisi kimdir? Cismani qatil həqiqi qatildirmi? Filmdə heç nə birmənalı yozulmur, birmənalı cavab tapmaq da çətindir...
İnanıram ki, sevgimiz bizim qatilimiz olmayacaq. Və yazıçı insan ruhunun yeni halını yağışlı bir gecədə deyil, ulduzların dövrə vurduğu aylı bir gecədə həm oxucularına, həm də - ekranlaşdırılmış şəkildə - seyrçilərə təqdim edəcək.
Rübabə SAHİB
525-ci qəzet.- 2015.- 23 oktyabr.- S.7.