Bacardığınla başlayanda...
ABİD TAHİRLİNİN 60 İLLİYİ MÜNASİBƏTİLƏ
Abid Tahirlinin 60 yaşı
ərəfəsində 1988-ci ilin əvvəlindən bəri, demək olar ki, hər gün gördüyüm, salamlaşdığım, həmsöhbət, bəzən həmdərd olduğum, 2-3 gündən bir mətbuatda imzasına rast gəldiyim,
bu müddət ərzində
"Əzizim
Əkrəmə" ilə
başlayan
avtoqraflarla ard-arda kitablarını (15 kitab!)
aldığım, ayda bir-iki dəfə şair-publisist Dilsuzla birlikdə gah Pirallahıya, gah Qubaya,
gah da Qəbələyə səfərlərə çıxdığım dostumuz haqqında söz demək istədim. Xatirələrin içində
itib batdım, nədən, necə başlayım, bilmədim...
Tale elə gətirmişdi ki, Abid müəllimlə "Vətən" Cəmiyyəti yarananda - elə ikimizin də yeni iş yerində tanış oldum. Perestroyka, yenidənqurma dövrü idi. Bir müddət sonra Azadlıq hərəkatı başlandı. Bax, o zaman - mənfur ermənilərin Azərbaycana torpaq iddiası qaldıranda, Dağlıq Qarabağda separatçı qüvvələr nümayişlər keçirəndə Abid Tahirlinin əsl vətəndaş-jurnalist mövqeyi bəlli oldu. İndi də onun “Azadlıq” meydanında milyonların qarşısında imperiyanı lənətləyən çıxışı qulaqlarımdadır: "Moskva, SSRİ mətbuatı, televiziyası Xəzərdə neft quyusu fontan vuranda bar-bar bağırır. İndi günlərlə meydanda haqqını tələb edən xalqımızın səsini isə eşitmir, sanki qulaqlarına pambıq tıxanıb. Bizə belə İttifaq lazım deyil...".
Sonralar Abid Tahirlinin səsi gah Ağdamdan, gah Şuşadan, gah Qazaxdan gəldi. "Odlar yurdu" qəzetinin, demək olar ki, hər nömrəsində onun qaynar nöqtələrdən məqalələri verilirdi... Sovet qoşunları Bakıya yeridiləndə - 1990-cı ilin 19 yanvarından 20-nə keçən gecə paytaxtın küçələrində Ramiz Əskərlə birlikdə hadisələrin ən gərgin yerlərində olan Abid Tahirli Sovet əsgərlərinin şəhərdə törətdikləri vəhşilikləri videoya köçürdü, daha sonra "Vətən" Cəmiyyəti Rəyasət Heyətinin sədri, Xalq yazıçısı Elçin müəllimin tapşırığı ilə həmin kasetlər xarici ölkələrdəki Azərbaycan mədəniyyət cəmiyyətlərinə göndərildi. Bu dövrdə A.Tahirlinin Sovet imperiyası əleyhinə yazdığı, Cənub mövzusunda qələmə aldığı məqalələr böyük əks-səda yaradırdı.
Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin həyatı, fəaliyyəti, onların xalqımızdan gizli saxlanılmış irsi Abid Tahirlini daim düşündürürdü. Bunun nəticəsi kimi o, mühacirlərin xarici ölkələrdə nəşr etdikləri mətbu orqanların, kitabların izinə düşdü, onları topladı və araşdırmağa başladı. Adı xalqımızın tarixində və taleyində mühüm xidmətlər göstərmiş xadimlərlə bir cərgədə çəkilən görkəmli dövlət xadimi, diplomat, yazıçı-publisist, tərcüməçi, naşir, redaktor Ceyhun Hacıbəylinin həyat, yaradıcılığından namizədlik, mühacirət publisistikasından doktorluq dissertasiyalarını uğurla müdafiə etdi...
Dostumuzun yaradıcılıq uğurları çoxdur və bu barədə ölkəmizin adlı-sanlı elm adamları - akademiklər, professorlar kifayət qədər yazıblar. Mən Abid Tahirlinin bir uğurunu da qeyd etmək istərdim. O, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 iyun tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.
Hərdən Abid Tahirlinin gecə-gündüz, dayanmadan məhsuldar və faydalı fəaliyyəti barədə düşünəndə, böyük İsmayıl Qaspiralının (yeri gəlmişkən, ölkəmizdə və ondan kənarda da onun irsinin ən yaxşı tədqiqatçılarından biri də elə Abid Tahirlidir) bir kəlamı yadıma düşür: Xidmət etmək istəyirsənsə, bacardığın işlə başla!
Əkrəm Qaflanoğlu
525-ci qəzet.- 2015.- 23 oktyabr.- S.7.