Məhəmməd ağa
Şahtaxtlı və onun "Şərqi-Rus"
qəzeti haqqında yeni bilgilər
(Əvvəli ötən sayımızda)
Böyük demokrat yazıçı
Cəlil Məmmədquluzadə
"Xatiratım"da yazır:
"... mənə, Məhəmməd
ağanın vətəninin
övladına bu məlumdur ki, o vaxtlar ədibimiz qəzet məşqinə
düşəndə, mən
eşitdim ki, Məhəmməd ağa atadanqalma mülkünün
öz hissəsini satıb on səkkiz min manata və bu pulu alıb
getsin Tiflisdə qəzet nəşr etsin.
Mən Tiflisdə
Məhəmməd ağanın
qəzetinin idarəsinə
daxil olanda bildim ki, Naxçıvanda
danışılan bu
söhbət əsl həqiqətdir. Və o vaxt mən
gördüm ki, bu on səkkiz min manat qəzet üçün xüsusi
bir mətbəə saxlamağa sərf olunur.
Və bir az vaxtda
mətbəə də
düzəldi..."
"Şərqi-Rus" qəzetinin mətbəəsi əvvəlcə Çitanov karvansarasında kirayə edilmiş bir neçə otaqdan ibarət olsa da, sonralar Məhəmməd ağa onu daha münasib yerə - Baryatinski küçəsində Aleksandr bağının qarşısında yerləşən binaya köçürtmüşdü. Bu bina "Qafqaz" hərbi muzeyinin yaxınlığında yerləşirdi. İndi də o bina durmaqdadır. Məhəmməd ağanın məslək və əməl dostu Ömər Faiq Nemanzadənin yazdığından məlum olur ki, bu mətbəə "o vaxt üçün lazımi qədər gözəl hərflər, hərf kassaları, böyük çap makinəsi" və sair avadanlıqla təchiz edilmişdi. Qeyd edək ki, 69 səhifəlik qovluqda Məhəmməd ağanın yazdığı rəsmi məktublarda və ərizələrdə bu haqda məlumatlar vardır.
Bir məsələni də hökmən xatırlamaq lazımdır. Məhəmməd ağa "Şərqi-Rus"un nəşri üçün poliqrafiya kursu açmışdı ki, mətbəə işini bilən milli kadrlar hazırlasın. Vaxtı ilə Avropa ölkələrində yaşayarkən öyrəndiyi poliqrafiya bilgiləri indi onun çox köməyinə çatırdı. Məhəmməd ağa təşkil etdiyi mətbəədə belə işçilər hazırlaya bildi: İsmayıl Həqqi Həsənzadə, Hüseyn dayı, Allahverdi və Əbülqasım. Onlar bacarıqlı mürəttiblər idi. Onların bəzisi sonralar "Molla Nəsrəddin" jurnalında da mürəttib işləmişdi. Bunlardan İsmayıl Həqqi Həsənzadənin adını xüsusilə qeyd etmək ədalətli olardı. Mən Tiflisdə olarkən "Şərqi-Rus" qəzetinə və "Molla Nəsrəddin" jurnalına axıradək sədaqətli olan bu mürəttibin varislərini axtarıb tapdım... "Şərqi-Rus" qəzetinin bütün nəşri (cəmi 392 nömrə) Baryatinski küçəsindəki "Məhəmməd ağa Şahtaxtinski" mətbəəsində işıq üzü görmüşdü. Bunlardan 45 nömrənin redaktoru Mirzə Cəlil Məmmədquluzadə olmuşdur. Tapılan sənədlərdə bu mətbəə ilə də bağlı maraqlı məlumatlara rast gəlinir.
Məhəmməd ağa Şahtaxtlıya hələ qəzet nəşrindən əvvəl Bakıda vaxtilə işlədiyi "Kaspi" qəzetinin redaktoru Əlimərdan bəy Topçubaşov maddi yardım edəcəyinə söz vermişdi. Amma sonralar o, bu vədini yerinə yetirmədi. Bu haqda bir az sonra.
Məhəmməd ağa Şahtaxtlı Naxçıvanda yaşayan ziyalı dostları olan M.T.Sidqini və Qurbanəli Şərifzadəni XX əsrin ilk Azərbaycan qəzetinin redaksiyasında işləməyə dəvət edirdi. O, Sidqiyə yazırdı: "Mənə inanınız və Tiflisə gəliniz. Cəhalətin xanımanını dağıtmaq üçün bir yerdə çalışaq!". Amma çox təəssüflər olsun ki, ziyalı dostları onun bu çağrışına səs vermədilər. Buna əsas səbəb Məhəmməd ağa Şahtaxtlının "Kaspi" qəzetinin sahibi və jurnalistləri ilə olan ciddi münaqişəsi idi. Bu münaqişə haqqında Əziz Şərif "Molla Nəsrəddin" necə yarandı" (Bakı-1986) kitabında məlumat vermişdir.
Biz bu yazımızda yuxarıda qeyd etdiyimiz münaqişənin dərinliyinə getmirik. Çünki bu həssas və dərin mətləbli məsələdir. Bu münaqişədə olan milyonçu H.Z.Tağıyevin, Ə.Topçubaşovun, Əhməd bəy Ağayevin və Məhəmməd ağa Şahtaxtlının Azərbaycanın ədəbiyyat və mədəniyyət tarixində böyük xidmətləri vardır. Amma bu ciddi münaqişə olub və həllini doğru-dürüst tapmalıdır. Məsələn, Sovet hakimiyyəti illərində "Kaspi" qəzetinin jurnalistlərini daha çox günahlandırırdılar. Buna əsas səbəb onların mühacirət etmələri idi.
Tapdığımız sənədlərdə Məhəmməd ağa bu məsələyə aydınlıq gətirir. Onun yazdıqlarından məlum olur ki, onlar Məhəmməd ağanın nasirlik hüququnu ondan satın almaq məqsədində imişlər. Məhəmməd ağa isə 1001 əziyyətlə nəşrinə icazə aldığı qəzeti heç kimə satmaq istəmir.
"Kaspi" və "Tərcüman" qəzetləri "Şərqi-Rus"u boykot etmək üçün var qüvvəsi ilə hücuma keçmişdilər. İş o yerə çatmışdı ki, Naxçıvan ziyalıları, "Tərcüman" qəzetini almaqdan imtina etmişdilər.
1904-cü il iyunun 8-dən etibarən "Şərqi-Rus" qəzeti həftədə 7 dəfə nəşr olunduğundan Məhəmməd ağa müflisləşdi. O, çox təcrübəli bir naşir idi. Bilirdi ki, maddi dayaq tapmasa, qəzet nəşrini dayandıracaq. Sənədlər qovluğunda Məhəmməd ağanın Tiflisdə Mülki işlər üzrə Baş Rəislik Dəftərxanasının müdirinə və Knyaz Qolitsinə yazdığı xahiş ərizələrindən məlum olur ki, o, "Şərqi-Rus"u xilas etmək üçün var gücü ilə maddi kömək arayıb.
Belə bir məqamda o, Qafqaz Mülki İşlər üzrə Baş İdarəsinə də müraciət etdi ki, mənə borc pul verin, əvəzində mətbəəmi girova qoyum. Ancaq Qafqaz Senzor Komitəsinin sədri M.Qakkel Məhəmməd ağaya müsbət cavab vermədi. M.Qakkel məğrur, cəsarətli və həddindən artıq savadlı olan Məhəmməd ağadan intiqam almaq istəyirdi. M.Qakkel öz ağalarına yazırdı: "Ölkənin rus mənafei üçün xidmət göstərməyən "Şərqi-Rus"a yardım üçün tutarlı bir münasibət görmürəm".
"Şərqi-Rus"u boykot etmək üçün hər cür iftira atan jurnalistlərə və məmurlara qarşı qətiyyətli mübarizə aparan Məhəmməd ağanın yazdıqlarından yan keçmək olmur.
"Şərqi-Rus" qəzetinin naşirinin dərin iqtisadi böhran keçirməsi onun Bakıda olan rəqiblərini sevindirdi. Onlar qəzetin naşirlik hüququnu ələ keçirmək üçün fəaliyyətə başladılar. Əhməd bəy Ağayevi Tiflisə Məhəmməd ağanın yanına göndərdilər ki, qəzetin nəşrinə imtiyazlı şərik olsunlar.
Məhəmməd ağa "Şərqi-Rus" qəzetinin nəşrinə küllü miqdarda pul, gərgin zəhmət, yuxusuz gecələr sərf etmişdi. İstəmirdi ki, oxucularına ləyaqətlə xidmət edən qəzet bağlansın. Ona görə də Əhməd bəy Ağayevin yardım təklifinə razılıq verdi.
Beləliklə, Əhməd bəy Ağayev qəzet imtiyazına şərik oldu. Həmin gündən etibarən qəzetdə tamamilə ayrı mövzular görünməyə başladı.
Məhəmməd ağanın Əhməd bəy Ağayevlə bağladığı müqaviləyə görə "Şərqi-Rus" qəzeti Bakıya köçürülməli idi. Amma Qafqaz Senzor Komitəsi buna icazə vermədi. Ona görə də Məhəmməd ağa Peterburqa getməli oldu. O, 1904-cü il noyabrın 23-də əvvəlcə Bakıya, sonra Peterburqa yola düşdü. Onun bu tarixi səfəri bir ay yaxın davam etdiyindən, qəzetin müvəqqəti redaktorluğunu sədaqətli dostu Mirzə Cəlil Məmmədquluzadəyə həvalə etmişdi. Arxiv sənədlərindən məlum olur ki, Məhəmməd ağa Petrburqda Mətbuat İşləri üzrə Baş İdarə rəsindən icazə ala bilib.
1905-ci il yanvar ayının 15-də Mətbuat İşlər üzrə 520 №-li əmr də 69 səhifəlik qovluqdakı sənədlərin içərisindədir. Bax, beləcə "Şərqi-Rus" öz fəaliyyətini dayandırdı. Məhəmməd ağa sərəncam verdi ki, bütün mətbəə ləvazimatı, avadanlığı, arxivi ilə Bakıya köçürülsün. Köçmək üçün hər şey hazırlansa da bu köç baş tutmadı. "Şərqi-Rus" qəzeti nə Bakıya köçdü, nə də Tiflisdə qaldı. Əbədi olaraq tarixdə qaldı.
Qəzetin nəşrində böyük xidmətləri olan Mirzə Cəlil Məmmədquluzadə "Xatıratım" adlı əsərində yazır: "Dünyada, "Hikmətə inanan adam olsaydım, mən deyə bilərdim ki, "Şərqi-Rus" qəzetinin yox olmağında bir "hikmət" var..."
Əgər Məhəmməd ağanın fəaliyyəti ilə bağlı dərindən araşdırılma aparılarsa, tapılan arxiv sənədləri bu "hikmət"in sirrini açacaq.
Ən əsası bu "hikməti" Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixinə orijinal səhifələr yazmış ilk azərbaycanlı poliqlot, elmi məqalələrini, publisist, siyasi və fəlsəfi xarakterli əsərlərinin resenziyalarını Şərq və Qərb dillərində yazan və "Şərqi-Rus"un ilk nömrəsini görəndə sevincindən ağlayan cəsur, mərd və dəmir iradəli Məhəmməd ağa Şahtaxtlının xarakterində axtarmaq lazımdır.
Tiflisdə qalan bu mətbəə sonralar məşhur "Molla Nəsrəddin" jurnalının nəşrinə xidmət etdi və "Qeyrət" mətbəəsi adı ilə mətbuat tariximizdə yaşadı.
Musa QULİYEV
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2015.- 23 oktyabr.- S.6..