Yerdən
göyə bir baxış...
ÜMUMTÜRK POEZİYASININ SÖNMƏZ ULDUZU BƏXTİYAR VAHABZADƏNİN ƏZİZ XATİRƏSİNƏ
Bəxtiyar Vahabzadədən söz düşəndə
dəfələrlə təkrar-təkrar oxuduğum şeirlərinin
bütün sətirləri gözlərim önündən
keçir. Bu
keçid o qədər sürətli, o qədər uzun və
o qədər dərindir ki, leysan yağışından sonra
nərilti ilə üzüaşağı çağlayan bol
və gur sulu dağ çayını
xatırladır.
Bu
axının içində dəyəri heç bir meyarla
ölçülə bilməyən o qədər qiymətli incilər var ki,
onları seçib ayırmaq və ən başlıcası,
onların dəyərini bir yazıda ifadə etmək bir
ümmanı bir göldə şığışdırmaq
qədər çətin görünür. Buna
baxmayaraq, Bəxtiyar Vahabzadə haqqında yazmamaq da
mümkün deyil. O hələ
sağlığındaikən hər bir oxucunun qəlbində
öz heykəlini yaratmış bənzərsiz bir söz sənətkarıdır.
Vətənini sevən hər bir azərbaycanlının
ürəyində bir Bəxtiyar dünyası var. Milyonların
qəlbində özünə yuva qurmuş bu
“dünyaların” vəhdətindən mütəfəkkir
şairin, böyük söz ustadının, vicdanlı bir
müəllimin, əxlaqlı bir vətəndaşın,
mübariz bir ziyalının, üsyankar bir dissidentin müdrik
və kamil obrazı doğulur. Hər birimizin qəlbindəki
Bəxtiyar Vahabzadə bu obrazın monumental surətini
yaradaraq, onu bütöv Azərbaycanın Bəxtiyar Vahabzadə
abidəsi timsalında canlandırır. O, qranitdən
deyil. Dünənədək bizimlə birlikdə nəfəs
alan, nəfəslərimizi birləşdirib
gurlandıran, iradəmizi toplayıb milli iradəyə
çevirən canlı bir ruhdur: Azərbaycan
torpağının şair obrazında zühur edən ruhu. Dünyasını dəyişməsindən
qısa zaman keçsə də, sanki Nizami ilə
yaşıddır və elə Nizami qədər də əbədidir.
İllər ötdükcə də,
yaratdığı sənətinə nə qədər
ehtiyacımız olduğunu daha aydın dərk edirik. Həm də bir həqiqəti dərk edirik ki,
zaman-zaman belə böyük şəxsiyyətləri
yetişdirən Azərbaycan öz yenilməzliyini hər bir
tarixi dövrdə daha qətiyyətlə təsdiq etmək
qüdrətindədir.
Bəxtiyar Vahabzadə
yaradıcılığının mahiyyətinə
vardıqca, şairin poeziya dünyasının incəliklərini
aradıqca, bu ulu sənətkarı yetişdirən milli təməlin
nə qədər qüdrətli olduğunu da
görürük. Görürük ki, milli mədəniyyətimizin sanki
bütün dalğaları gəlib Bəxtiyar Vahabzadə
yaradıcılığında birləşir, burada
okeanlaşaraq və külçələşərək,
xalqın milli mənəviyyatına və yaddaşına
tamamilə yeni poetik biçimdə, yeni məzmun
qapsamında, yeni ideya tutumunda, yeni bədii-estetik dəyərdə
qayıdır. Bəxtiyar Vahabzadə
dünyasında milli varlığımızın bu dərəcədə
harmonik əks-səda verməsi - milli ədəbiyyatımızın
öz zənginliyini saxlaya-saxlaya, daim yeniləşə bilməsi
deməkdir. Belə bir cəhəti zəmanəmizin
görkəmli yazıçısı, türk
dünyasının böyük oğlu Çingiz Aytmatov dəqiqliklə
göstərib: “Bəxtiyar Vahabzadənin poetik təfəkkür
mədəniyyəti təbiətcə millidir. Bu,
müstəsna dərəcədə zəruri haldır ki, sən
övladı olduğun xalqın nitq hissəsində fel
olmağı bacarasan, xalqın canlı dil
memarlığına öz töhfəni verə biləsən”. Bəxtiyar Vahabzadə isə öz
yaradıcılığı ilə təkcə ana dilimizin
memarlığına deyil, həm də vətən sevgisindən,
millət qayğısından, Azadlıq, İstiqlal
amallarından yoğrulmuş müasir milli düşüncə
memarlığımıza əvəzsiz töhfələr verdi.
XIX əsr milli mədəniyyət düşüncəmizə
Mirzə Fətəli Axundzadənin verdiyi təkandan sonra davam
edən hərəkat XX əsrin ikinci yarısında Bəxtiyar
Vahabzadə ilə özünün ən güclü “poetik
rezonansını” yaradır.
Təsadüfi
deyil ki, altmış-səksəninci illərdə Mirzə Fətəli
Axundzadəyə həsr etdiyi iki şerində Bəxtiyar
Vahabzadə məhz ictimai-milli şüur
oyanışını diqqət mərkəzinə gətirir,
“sarayların zülmətinə daxmasından nur saçan”,
“Şərqi cəhalət yuxusundan oyadan” Mirzə Fətəlinin
mübarizə yolunu özünə örnək
seçir.
Milli mədəniyyət, milli əxlaq və milli mənəviyyatımıza
bu dərəcədə sadiq qalaraq, onların irəliyə doğru
hərəkətində daha dərin ictimailəşdirici
xüsusiyyətləri, müasirləşdirici
tendensiyaları tapıb qabartmaq - Bəxtiyar Vahabzadə
sözünün başlıca missiyasıdır. Buna görə
də Bəxtiyar Vahabzadənin arxasında dayanan milli klassika
sanki “zamanlara səpələnmiş” ayrı-ayrı fraqmentlər
deyil, bütün enerjisini bir nöqtəyə toplayan gur
işıqdır. Bu işıq - Dədə
Qorquddan zəmanəmizə qədər saçılaraq,
bütün mədəniyyət tariximizin yaradıcı
gücünü səfərbər edir və məhz Bəxtiyar
Vahabzadə yaradıcılığında özünün ən
yüksək parlaqlığına çatır.
Bəxtiyar Vahabzadə bir mütəfəkkir sənətkar
olaraq, öz arxasında belə bir möhtəşəm irsin
qüdrətini bütün varlığı ilə, qələminin
gücü ilə hiss etdiyindəndir ki, onun poetik sözü
bu qədər sərrast, qətiyyətli, özünə
inamlı və həqiqətə sadiqdir. Belə bir sarsılmaz təməl
üzərində yüksəldiyindəndir ki, Bəxtiyar
Vahabzadə Azərbaycan mədəniyyətinin
yaradıcılarına, Azərbaycan tarixinin həlledici hadisələrinə,
milli varlığımızın təlatümlərinə
bu qədər doğma, həssas, ərkyana, həm də yeri
gəldikcə, tənqidi münasibətini bildirən əsərlər
yazır.
Bəxtiyar
Vahabzadə müdrikliyində Dədə Qorquda, monumental epik
təsvirlərində Nizamiyə, incə, hüznlü
lirikasında Füzuliyə, dünyanın ilahi mahiyyətinə
varmasında, müqəddəs hissləri dilləndirməsində
Nəsimiyə, Sözü Fatehlik qüdrətinə
çatdırmasında Şah İsmayıl Xətaiyə,
varlığımızı didən cəhalətə,
idraksızlığa qarşı üsyan etməsində Mirzə
Fətəli Axundzadəyə, Mirzə Ələkbər Sabirə,
Cəlil Məmmədquluzadəyə, romantik duyğuların
qanadlandırılmasında Hüseyn Cavidə, Məhəmməd
Hadiyə, milli ideologiyanın poetik-fəlsəfi
laylarını açmasında Əli bəy Hüseynzadəyə,
Məhəmməd Əmin Rəsulzadəyə, mənəviyyatımızı
musiqi ladlarında duymasında və publisistik kəsərində
Üzeyir bəy Hacıbəyliyə, Vətən
torpağının ülviyyətini real cizgilərlə
canlandırmasında Səməd Vurğuna bənzəyir. Amma, əlbəttə ki, bütün bunlarla
yanaşı, Bəxtiyar Vahabzadə hər yerdə
özüdür və öz Sözünün
Ustadıdır.
Bəxtiyar
Vahabzadə Azərbaycanı - onun dünəni, bugünü
və sabahının bütövlüyündə
görür. Keçmişimizdən gələcəyimizə
uzanan yolda milli-ictimai ideallarımızın varisliyinə
ehtiramı vətəndaş əxlaqının ən
yüksək örnəyi sanır. Hamıdan
öncə o özünü - Vətəninin şair
oğlunu bu əxlaqın daşıyıcısı
missiyasında təqdim edir.
“Şair kimdir?” - sualına da ustadın cavabı belədir:
Şair -
fikirlərin çırpınan seli,
Şair - həqiqətin müğənnisidir.
Şair -
təbiətin danışan dili,
Şair - cəmiyyətin üsyan səsidir.
Şair -
zəmanənin, əsrin vicdanı,
Şair - tarixlərin şərəfi, şanı.
Şair -
bu dünyada zamanın sözü,
Şair -
həqiqətin, haqqın güzgüsü!
Məhz belə bir həqiqətsevərlik mövqeyinin
getdikcə dərinləşməsi - Bəxtiyar Vahabzadə
yaradıcılığında fəlsəfi poeziya
janrını ön plana çıxarır. Azərbaycan
poeziyasının elə bir janrı yoxdur ki, Bəxtiyar
Vahabzadə həmin janrda yazmasın və o janrı öz dəst-xətti
ilə təzələməsin. Bəxtiyarın
sənət dünyasında söz də, fikir də, janr da,
bədii formanın bütün komponentləri də yeni və
orijinaldır. Əlbəttə, mahiyyətcə,
bu poeziya - ən kiçik janrlarından ən böyük
janrlarına qədər ideyalı poeziyadır. Milli-ideoloji başlanğıcı həmişə
qüvvətli olmuş Bəxtiyar Vahabzadə
yaradıcılığı yüksək poetik sənətkarlıq
keyfiyyətlərinə malik olmaqla yanaşı, həm də
ideya-məzmun dərinliyi ilə seçilir. Bəxtiyar
yaradıcılığına məxsus seçkin poetik
xüsusiyyətlərdən başlıcası isə budur: əsərin
əvvəlindən sonuna doğru ideya “hərəkət
edir”, bu ideyanın sözbəsöz, sətirbəsətir
inkişafı son bənddə tam dolğunluğunda, həm də
çox zaman paradoksal poetik nəticə ilə başa
çatır. Buludlar arasından şəfəqləri
süzülən günəşin birdən bütün
parlaqlığı və əzəməti ilə
görünməsi kimi! Oxucunu ehtizaza gətirən
də elə budur. Əsərin son
akkordunun novellaya xas gözlənilməz və cazibədar
şəkildə bitməsi güclü poetik effekt yaradır
və onun ideya-tapıntısı oxucu yaddaşında
özünə əbədi “psixoloji yuva” qurur. Məsələn,
ustadın böyük Azərbaycan şairi Məhəmməd
Füzuliyə həsr etdiyi, romantik duyğuların selində
yaradılmış “Şəbi-hicran” poemasının “hərəkət
edən” ideyası günəş parlaqlığında
yalnız son bənddə belə açılır:
“...Gələndə Məhəmməd gəldin cahana,
Gedəndə: Füzuli getdi - dedilər”.
Bəxtiyar Vahabzadə yaradıcılığında
orijinallığı yaradan digər xüsusiyyət - poetik təzadlardan
bir sənətkar məharəti ilə istifadə edilməsidir
(Müəllifin “Təzadlar” adlı ayrıca poeması da
var). Şair sanki zidd dünyaları “toqquşdurur” ki, bu
toqquşmadan qopan “qığılcımları” - “ideya
toxumlarını” yığıb-toplaya bilsin. Ona görə də Bəxtiyar poeziyasının
ümumi arxitektonikasına gərilmiş bir ruh - dramatizm ruhu
hakimdir. Bu dramatizm onun süjetli lirik
şeirlərində də, epik-monumental poemalarında da kifayət
qədər qabarıqdır. “Əbədi heykəl”,
“İztirabın sonu”, “Gülüstan”, “Etiraf”, “Ağlar
güləyən”, “Həyat - Ölüm”, “Qəm içində
sevinc”, “Dörd yüz on altı”, “”Vətən mənəm,
mən Vətənəm”, “Muğam”, “Atılmışlar”, “Ləyaqət”,
“İki qorxu”, “İstiqlal”, “Şəhidlər” kimi əsərləri
bu dramatizmi bütün ağırlığı ilə
oxucuya çox uğurlu bir şəkildə təlqin edə
bilir. Ancaq ümumiyyətlə, şairin
yaradıcılığında lirizmdən dramatizmə,
dramatizmdən lirizmə keçid də çox ahəngdar və
yumşaqdır. Ustadın lirik
poeziyasında dil o qədər axıcı, üslub o qədər
bənzərsiz, duyğu o qədər əlvandır ki, bu
biçimdə olan əsərlərə zaman-zaman musiqi bəstələnməsi
də Azərbaycan incəsənətinə yeni ifadə tərzi,
yeni ifaçılıq maneraları gətirə bilmişdir.
Bu gün artıq Azərbaycan musiqisini Bəxtiyar
lirikası, Bəxtiyar qəzəlləri olmadan təsəvvür
etmək mümkün deyil. Şair elə
“Muğam” poemasını da sadəcə Azərbaycan klassik
musiqi mədəniyyətinin dəyərlərinə ehtiram bəsləməyin
gərək olduğunu göstərmək üçün qələmə
almamış, həm də muğam sənətini dünya mədəniyyətinin
zirvə qatına yüksəltmək məramı ilə
yazmışdır.
Ümumiyyətlə, Azərbaycanın tarixinin və mədəniyyətinin
elə bir mühüm hadisəsi yoxdur ki, Bəxtiyar Vahabzadə
ona öz münasibətini orijinal bir refleksiyada bildirməsin.
Azərbaycanın
böyük ictimai xadimi Bəxtiyar Vahabzadə
xalqımızın ən dar günlərində onun
varlığını qoruyan bir mücahid olduğu
üçün, qələmindən çıxanlarla dilindən
çıxanlar üst-üstə düşdüyü
üçün, ədəbi şəxsiyyəti əməli
fəaliyyətindən ayrılmaz olduğu üçün, ən
kiçik şerləri belə həqiqət saçır,
dolğun bir poetik ideyanın təcəssümü olur.
Bəxtiyar Vahabzadənin son dövr
yaradıcılığı, bir filosof-sənətkar olaraq, zəmanəsinin
hadisələrinə onun daha miqyaslı vətəndaş
münasibətini əks etdirən mükəmməl və
cilalı əsərlər yazması ilə səciyyələnir. Bütün yaradıcılığının
əvvəli ilə sonunu birləşdirən bir sönməz
amal isə hər zaman - Azərbaycan və onun istiqlalı
olaraq qalır. Bəxtiyarın
özündən sonrakı dövrlərə
baxışlarında da Vətənin İstiqlalı
başlıca qayə kimi görünür. Babaların
milli müstəqilliyə qovuşan yolunu nəvələr -
istiqlal çağında doğulan və doğulacaq yeni-yeni
nəsillər davam etdirir:
Nəvəm
beşiyində mışhamış yatır,
Yatır çəkdiyimiz dərddən bixəbər.
Birimiz əvvəlik,
birimiz axır,
Mən batan günəşəm, o, doğan səhər.
Nəvəm yavaş-yavaş böyüyür hələ.
Bizim istiqlalın həmyaşıdır o.
Bizim
ay-ulduzlu bayrağımızla
Mənim
nəzərimdə yanaşıdır o...
...Oğullar,
nəvələr qoruyar, yəqin,
Babalar qazanan bu istiqlalı.
Bu bayraq
altında böyüyənlərin
Ruhu da özü tək azad
olmalı!
Azərbaycanın
müstəqillik dövrünün “poetik tarixini” yaradan Bəxtiyar
Vahabzadənin poeziyası bu mərhələdə yetərincə
müdrikləşir, həm də əzəl mahiyyətinin
yeni görsənişləri kimi, daha da inqilabiləşir,
misraları qığılcım saçır...
Çünki Azərbaycan torpağının Qarabağ
ürəyi düşmənin caynağındadır!.. Ona görə də ölkəmizin
müstəqilləşməsi ilə Qarabağın
işğal edilməsi - bir-birini inkar edən iki tarixi fakt kimi
Bəxtiyar poeziyasında Azərbaycanın tarixi taleyinin ən
böyük təzadı olaraq təqdim edilir. Bu dramatik situasiyanı şair ürək
yanğısı ilə təsvir edir. Vətən
torpağının bir parçasını itirmiş azərbaycanlının
ürəyində, yaddaşında tufan qoparır! Onu bu fikrin
həqiqətinə inandırır ki, müstəqillik
ideallarının tam qələbəsi - yalnız
Qarabağın azad edilməsi ilə, ölkəmizin ərazi
bütövlüyünün tam təmin edilməsi ilə
öz təntənəsinə çatır.
Bəxtiyar
Vahabzadənin təqribən 60 ili əhatə
edən zəngin yaradıcılığı Azərbaycanda və
xaricdə, xüsusilə Türkiyədə çox geniş
şəkildə öyrənilib, haqqında yüzlərlə
dəyərli tədqiqat əsərləri yazılıb. Müasir Azərbaycan mədəniyyətinin
öncül yaradıcılarından, demək olar, bir kimsə
yoxdur ki, Bəxtiyar Vahabzadə haqqında söz deməsin.
Bəxtiyar Vahabzadənin poeziyası,
dramaturgiyası, ədəbi-siyasi publisistikası, ədəbiyyat
tariximiz haqqında tədqiqatları müasir Azərbaycan mədəniyyətinin
daim öyrənilməyə layiq olan zəngin irsidir.
Onun hər bir əsəri bu möhtəşəm irsin
ulduzlar kimi çox uzaqlardan belə görünən çox kiçik,
lakin elə o ulduzlar qədər də parlaq zərrələridir.
İnsanlığın beşiyi olan Yerdən dayanıb
göy üzünün dərinliklərində
sayrışan ulduzları seyr etdikcə onların əlçatmaz
olduğunu anlayırsan. Bəxtiyar Vahabzadə
ulduzunun müstəsnalığı isə ondadır ki, o nə
qədər əlçatmaz görünsə də, onun
parlaq zərrələri hər bir oxucunun qəlbinə
asanlıqla yol tapıb onun Vətən və millət
sevgisini, milli və bəşəri dəyərlərə
sayğı hisslərini alovlandırmağa qadirdir.
Cavanşir Feyziyev
525-ci qəzet.-
2015.- 24 oktyabr.- S.30